525.Az

Əjdər Olun "Lo"su - Əlisəfdər Hüseynovun yazısı


 

Əjdər Olun "Lo"su - <b style="color:red">Əlisəfdər Hüseynovun yazısı </b>

Şair kimi tanıdığım, şeirlərini maraq və zövqlə oxuduğum Əjdər Olun, əgər belə demək caizdirsə, nəsr texnologiyası ilə qələmə aldığı ilk yazısını nə vaxt oxuduğumu dəqiq xatırlamıram. Amma bir az təəccüb qarışıq sevinclə ona zəng vurmağım, hətta dediyim sözlər də yadımdadır: "Əjdər, mən sənin belə orijinal nəsr hekayəçisi olduğunu bilmirdim. Sən həm də gözəl nasirsənmiş ki!.."

Sonralar Əjdərin imzası ilə çap olunan bütün publisistik yazıları, hekayələri onun nəsr üslubunun özünəməxsusluğundan, fakta yanaşma və onu bədii kontekstdə mənalandırma bacarığından, ən başlıcası isə söyləm tərzinin şirinliyindən zövq ala-ala oxudum və fikirləşdim ki, bu nəsr havası, stixiyası ki Əjdərin ruhunda var, onu mütləq nəsrin daha geniş fəzasına qovuşduracaq, Əjdər təkcə hekayələr yox, povestlər, romanlar da yazıb sözün yaxşı mənasında bizi təəccübləndirməkdə davam edəcək. Buyurun, bu da gümanımın çin olması - Əjdərin adı da, janr təyinatı da oxucu qavrayışnda çeşidli semantik sayrışmalar yaradan 528 səhifəlik "Lo" romanı...

Niyə məhz "Lo"? Nədən xəbər verir bu poetik jest?

Mən ilk dəfədir ki, xalq danışığı dilindən gələn və 2 hərfdən ibarət bir sözün bədii əsərin sərlövhəsinə çıxarılması nümunəsi ilə rastlaşıram. Amma həm də fikirləşirəm ki, romanın xronotopunu təşkil edən 1988-1993-cü illərdə Azərbaycanın bir canlı varlıq kimi yaşadıqlarının məntiqini və dramatizmini, o dövrdəki hadisələrdə iştirak edən insanların sevincini və kədərini, qazandıqlarını və itirdiklərini, qələbələrini və məğlubiyyətlərini, başımıza gələn qəzavü-qədəri "cəncəl", "bəla", "çaxnaşma", "qarma-qarışıqlıq" mənaları verən bu söz qədər dəqiq ifadə edə biləcək başqa bir söz tapmaq çətindir, bəlkə heç mümkün də deyil. Mənim bu qənaətim tarixə yalnız qürur mənbəyi kimi baxanlara, onda ancaq şanlı səhifələr axtaranlara bir qədər qəribə görünə bilər. Amma məncə, tarix bizə yalnız qürurlanmaq üçün yox, həm də onu soyuq başla öyrənmək, ondan ibrət götürmək üçün lazımdır. Tarix ilk növbədə cəmiyyətin, toplumun yaddaşıdır. Yaddaş isə heç vaxt bir rəngdə, birmənalı olmur. Yaddaş insanda sevinc, ruh yüksəkliyi ilə yanaşı, təəssüf, utancaqlıq, hətta xəcalət hissləri də yarada bilər. Məncə, "Lo" romanında hadisələrin cərəyan etdiyi 1988-1993-cü illər də bizim ən yeni tariximizin məhz belə - aradan 30 ilə yaxın vaxt keçdikdən sonra yaddaşımıza rəngarəng duyğulardan, düşüncələrdən, qənaətlərdən hörülmüş şəbəkə kimi daxil olmuş səhifələridir və Əjdər hələ romanın təhkiyəsinə "bismillah" eləməmiş ona seçdiyi adda tariximizin bu 5 illik qısa kəsiyinə hansı rakursdan baxacağını şifrələyir, lo sözünü romanın semantik məna qatının kodu kimi önə çıxarır (Deyilənə görə, dünya Yaradanın OL əmri ilə yaranıb, xaosdan ilahi harmoniya doğulub. Məncə, Əjdər şairliyi bu ilahi harmoniyanı möhkəmləndirmək missiyası kimi qavradığına görə bu sözü özünə təxəllüs kimi götürmüşdü. Maraqlıdır ki, harmoniyanın əsasında dayanan bu sözün tərsinə oxunuşu da elə tərs mənanı - antiharmoniyanı bildirir). Əsərin məkan-zaman kordinatlarının, hadisələrin söyləm tipinin vurğulanmasına işarə edən ikinci ipucu isə romanın janr təyinatını bildirən "canlı roman" sözləridir. Düzü, mən bizim ədəbiyyatda nə vaxtsa bu janrda əsər yazıldığını xatırlamıram. Bu mənada, romanın janr təyinatına və bundan irəli gələn bəzi məziyyətlərə də diqqət yetirmək lazım gəlir. Fikrimcə, buradakı "canlı" sözü  yalnız təsvir olunan hadisələrin 100-ə 100 real hadisələr olmasını yox, daha çox bu hadisələri nəql etmək texnologiyasının, söyləm tərzinin, təhkiyə quruluşunun özəlliklərini bildirir. Yəni söhbət nələr barədə danışılması ilə yanaşı, həm də necə danışılmasından, hansı hekayəçilik üslubuna üstünlük verilməsindən gedir. Bu məqamda məşhur qazax şairi O.Süleymenovun tarixə, keçmişə münasibət, onu qiymətləndirmək meyarları barədə söylədiyi bir fikri xatırlamaq istəyirəm. Oljas müsahibələrinin birində demişdi: "Keçmişə müasirlik prizmasından baxmaq müasir tarixşünaslığın ən böyük qüsurudur". Tamamilə doğru qənaətdir. Biz bu ana qədər olanları elə bu anın - indinin məntiqi, meyarları ilə qiymətləndirəndə istər-istəməz keçmişin sosial, psixoloji, mənəvi, siyasi durumunu bir kənara qoyub hər şeyə indiki düşüncəmizin məntiqi ilə yanaşacaq, tarixi təhrif edəcəyik. Tarixi düzgün araşdırıb düzgün qənaətlərə gəlmək üçün özünü mütləq baxdığın proseslərin cərəyan etdiyi  məkan və zaman ölçülərində hiss etməlisən. Yalnız bundan sonra onlara bu günün içindən obyektiv, düzgün qiymət vermək olar. Əjdər də tariximizin həmin o 5 illik dövrünün, lo metaforası ilə səciyyələnən dövrünün tarixi obrazına məhz bu yanaşma üsulu, yazı texnikası, süjet quruluşu ilə çıxır, hadisələri baş verən yerdən və baş verdiyi zaman hüdudlarında izləyən öz obrazını yaradaraq bir növ canlı reportaj üslubunu yada salan üslub seçir, hekayəçi funksiyasını əsasən ona həvalə edir, o, öz gördüklərini, danışdıqlarının təfsirini, qiymətləndirilməsini verməkdə çətinlik çəkəndə isə bunu bir müəllif kimi artıq romanın yazıldığı çağın subyekti olan özünün öhdəsinə götürür. Lakin bu barədə bir az sonra.

Loya düşmək insanın ruhunu sıxan bir çaxnaşmadır, bu xaosda, çaxnaşmada, nizamsızlıqda dayaq nöqtəsi axtarmaq, öz ruhunu və əməllərini nəyəsə kökləmək, nədənsə enerji almaq üçün yaxşı və pis arasında vurnuxma çabalarıdır. Lakin nizam pozulanda, xaos həyat tərzinə çevriləndə bunu etmək çətin olur - necə ki, Əjdərin üz tutduğu həmin o 5 ildə təkcə ayrı-ayrı fərdlər yox, bütöv toplumlar, uluslar bu xaosda girinc qalmışdı, baş verənləri düzgün qiymətləndirmək üçün obyektiv mizan-tərəzi axtarırdı. Əjdərin də bir yazıçı kimi məqsədi bu hadisələri sadəcə olaraq təsvir etmək yox, həm də anlamaq, dərk etmək cəhdidir. Ona görə də, o, sənədli deyil, canlı yazı tərzinə üstünlük verir - hadisələri sıravi iştirakçı olan  öz obrazının mülahizələri, təəssüratları, duyğu və düşüncələri axarında təqdim edir, 5 ildə az qala bir əsrə bəs edən qarmaqarışıqlığı, bir günün dəfələrlə dəyişən ovqatını, uzun illər ərzində azadlıq, müstəqillik yanğısında qovrulan insanları gah yeni əsrin qəhrəmanlarına çevirən, gah da şübhə və gümanlarla, cavabsız suallarla tək qoyan situasiyaları, öz içindəki  şübhələri, vahimələri yaxınları və biz oxucularla bölüşür - özü də siyasi icmalçılara xas analitik yozum tərzində, yaxud həmin dövr publisistikasına, düşüncə modellərinə yaxın "poetik" vətənpərvərlik, millətçilik ruhunda yox, Vətəninin, xalqını sevən, bu sevgi işığında nə isə xeyirli bir iş görməyə çalışan adi bir vətəndaş kimi. Bəlkə elə buna görə onun yaşantıları ürəyin kardioqramındakı dalğavari xətlər kimi sabit bir ritm tuta bilmir, duyğularının rəngi işığın spektri kimi sözə gəlməyən rəng çalarları arasında "var-gəl" edir. Təkcə cismani şəkildə yox, ruhən də loya düşmək elə budur.

Romanın ən maraqlı məziyyətlərindən biri budur ki, təhkiyə əsasən birinci şəxsin təkinin ("mən"in) mövqeyindən aparılsa da, 528 səhifəlik mətn adamı yormur. Çünki Əjdərin "mən" obrazının baxış bucağından görünənlər hamının gördükləri yox, görmədikləri, yaxud görüb fərqinə varmadıqlarıdır. Bu mənada onun incə müşahidə qabiliyyətinə, müəyyən faktları əlüstü mənalandırmaq, düşünmək üçün informasiyaya çevirmək bacarığına qibtə edirsən. Meydan hərəkatı günlərində həmin meydanda hamıdan biri olan qəhrəmanın diqqətindən yayınmayan bəzi məqamlara birlikdə baxaq:

"Birdən gözüm Leninin heykəlinə sataşdı. Maraqlı mənzərə düzəltmişdilər. Bayaq dəstəyindən yapışdığım üçrəngli bayrağın sapını proletariatın rəhbərinin yuxarı qalxıb gələcəyi göstərən əlinə, həm də əlinin davamı olan qoluna bağlamışdılar. Milli bayrağımızı xəzri əzəmətlə yellədirdi.

Qələbə bayrağı idimi bu bayraq? Onu lazım olan yerə sancmışdıqmı? Türklər Konstantinopolu məngirləyib alanda qala bürcünə dırmaşıb zəfər bayrağını ən uca yerə sancmış, aşağı enərkən oxla vurulub şəhid olmuş Hasan Ulubatlının gördüyü işi təkrar etmək zamanı gəlmişdimi? Fateh Sultan Mehmetdən soruşanda ki, "Sultan olmasaydın, kim olmaq istərdin?" birnəfəsə cavab vermişdi: "Əlbəttə, Hasan Ulubatlı".

İndi məsələ tamam başqa cür idi. Söhbət... bir vaxtlar yad əllərə verilmiş öz şəhərimizi, öz ölkəmizi geri almaqdan gedirdi" (səh. 130);

"Əslində, mitinqdəki bütün çıxışlarda  quruluşu sağa-sola sürüyüb, yerli hökuməti abırdan salıb, axırda Moskvadan kömək ummaq sonluğu ürəyimə yatmırdı" (səh. 131);

"Fəallıq göstərən universitet, institut, texnikum tələbələri, müxtəlif zavodların, tikinti təşkilatlarının fəhlələri öz tonqallarını yandırıblar. Ziyalıların xüsusi tonqalı yoxdur. Mənim kimilər gah o ocağın başındadır, gah bu ocağın" (səh.132); 

"Kütləvi tamaşa yavaş-yavaş hökuməti darıxdırmağa başlayırdı" (səh. 133)...

Elə bu nümunələrdən də görünür ki, Əjdərin qəhrəmanı nəql etdiyi hadisələrin içində özünü heç də meydan qəhrəmanı kimi aparmır, bəlkə də əksinə, özünü daha da adiləşdirir, çox vaxt meydan eyforiyasından kənara çıxıb soyuq başla fikirləşmək üçün məqam axtarır. Onun refleksiyaları bəzən təkcə gördüklərinə yox, elə özünə qarşı da ironiya, qara yumor havasına köklənir, bəzi paradoksal situasiyaların mahiyyətini açmaq istəyəndə isə absurda dirənir, hadisələrin məkanında özünü nə qədər sərbəst hiss etsə də,  çox vaxt özü də bu absurd vəziyyətlərin iştirakçısına dönür.

Romanda təhkiyə bayaq qeyd etdiyimiz kimi, birinci şəxsin mövqeyindən aparılsa da, onun strukturunda qarışıq təhkiyə tipi elementlərindən də istifadə olunub. Mətndə bu məqam kursiv şriftlərlə bildirilir və məncə, bu, sadəcə nəşr ənənələrindən irəli gələn texniki jest deyil. Məsələ burasındadır ki, romanın bütöv mətninin verdiyi bədii informasiya məhz bu 2 subyektin birgə işi, daha doğrusu, onların bədii nitqinin dialoqu fonunda çatdırılır. Hadisələrin içində olan söyləmçi hadisə zamanı ilə nəqletmə zamanı üst-üstə düşdüyündən darmacallıq, daha geniş kontekstdə düşünmək üçün vaxt və fakt qıtlığı səbəbindən öz-özünə verdiyi bəzi suallara cavab tapmağa çətinlik çəkəndə müəllif öz obrazının köməyinə yetir, ötən müddət ərzində əldə etdiyi faktlar, baş verən olaylar fonunda onun nitqinin davamını öz öhdəsinə götürür, təkcə öz obrazını yox, bütün oxucuları narahat edən məsələlərə aydınlıq gətirmək istəyir. Həmin dövrdə hamımızin məişətində, ruhunda, taleyində çaxnaşma ilə, xaosla müşayiət olunan, kütləvi şəkildə qürurlandığımız, ruhumuzun oyanışının üverturası kimi anladığımız   hadisələr - meydan hərəkatı, ardınca ruhumuza təcavüzü - 20 Yanvar qətliamı, hakimiyyət böhranları, ardı-arası kəsilməyən tətillər, mitinqlər ona görə belə qarışıq təhkiyə axarında təqdim olunur ki, tarazlıq pozulmasın, obyektivlik təhrif olunmasın. İstinad olunan mənbələrin səhihliyi, mühakimələrin dəmir məntiqi, faktların bir-biri ilə əlaqəli şəkildə təqdim olunması ona həmin illərdə başımıza gələn bəlaların, salındığımız lonun sosial-siyasi səbəblərini açıqlamaq, bədii düşüncənin üfüqlərini genişləndirib faktlara daha geniş panaramda nəzər salmaq imkanı verir,  gəlinən qənaətlər həmin çətin və mürəkkəb dövrdə uğurlarımızla yanaşı, səhvlərimizi, sadəlövhlüyümüz üzündən aldığımız zərbələri də düşüncə predmetinə çevirir. Məsələn, o vaxtlar kimin ağlına gələrdi ki, insanları uzun illər həsrətində olduqları demokratiyanın, aşkarlığın, prüralizmin adına və dadına şirnikdirib məst etmək, Xalq cəbhələri yaradıb fəaliyyətinə rəvac vermək və s. cəmiyyəti xilas etmək üçün yox, 70 illik totalitar bir sistemin ictimai-siyasi ənənələrini sarsıtmaq, hakimiyyəti nüfuzdan salmaq, xalqları bir-birinin üstünə qaldırıb, onları yeni bir siyasi durumun gündəliyə gətirilməsinin vacibliyinə inandırmaq üçün M.Tetçer-R.Reyqan-H.Koll üçlüyünün sifarişi ilə M.Qorbaçovun məqsədli şəkildə həyata keçirdiyi planın tərkib hissəsi, II Dünya müharibəsindən sonra qansız-qadasız yaşayan xalqları qızıl qanına bələmək, bir biri ilə "qan-qan" deyə danışdırmaq üçün qurulmuş oyun imiş? Məgər o vaxt eyforiya, ajiotaj dalğalarının bizi hansı təhlükələrə ürcah edə biləcəyindən xəbərsiz olan bizlər hamılıqla anlayırdıqmı ki, Bakıdakı talanlar, Sumqayıt hadisələri, ardınca 20 Yanvar qətliamı detalları SSRİ DTK-sında hazırlanmış məkrli, iyrənc bir tamaşadır? Bilmirdik, ya da bilməyə gecikirdik, ona görə də bu tamaşanın sadəlövh personajları kimi haqq, ədalət axtarır, onu tapmayanda isə məyus olub depressiyaya qapılırdıq.

Bizim 1988-1993-cü illərdə azadlıq, müstəqillik uğrunda mübarizəmiz böyük bir imperiyanın yuxarıdan (!) başlayan demontajına reaksiyamız idi.

Mən bu sözlərlə o vaxtlar tank üstünə əliyalın gedən insanların nəsillərə nümunə kimi həmişə xatırlayacağımız tarixi şücaətinə, rəşadətinə, Vətən, millət servgisinə alternativ yanaşma sərgiləmirəm. Amma onların ölməz ruhu qarşısında baş əyəndə həm də fikirləşirəm ki, həmin o qanlı-qadalı illərdə böyük siyasətin cikinə də, bikinə də bələd olan, yalnız coşan hisslərin diktəsi altında yox, ağlın məntiqi ilə düşünə bilən güclü liderimiz olsaydı, biz nifrət, hiylə, məkr ladlarında köklənmiş bu iyrənc tamaşalardan az itki ilə çıxa bilərdik, heç bir əməli gücü olmayan pafoslu bəyanatların, ritorik şüarların küyündə mənəvi-psixoloji tarazlığımızı saxlayıb poetik vüsətlə yox, daha çox rassional ağılla düşünər, bizi loya salanları daha təsirli üsullarla ifşa edərdik.

Çox vaxt deyirlər ki, siyasət çirkin oyundur. Məncə, bu, o qədər də uğurlu ifadə deyil. Mənə qalsa, siyasət özünü, xalqı, Vətəni, dövləti zərbələrdən qoruyan, qurulmuş badalaqlardan xilas edən, xəta-bəlalardan hifz edən hiylə sənətidir. Bu söz bizim leksikonumuzda əsasən mənfi mənada işlənir. Halbuki hiylə sözünün mənasında  qalib gəlmək, sənə badalaq vuranı aldadıb çətin vəziyyətə salmaq, sənə qurulan tələni onu quranların özlərinin baş ağrısına çevirmək çalarları da var və bütün dövrlərdə siyasi liderlərin yürütdükləri siyasət, bütün müharibələrdə sərkərdələrin qurduqları qələbə planları hiylənin pozitiv enerjisindən qaynaqlanır. Şahmat oyununda min bir hiylə qurub rəqibini mat edən idmançını dahi zəka sahibi adlandırırıqsa, bunu real həyatdakı siyasi oyunlarda tətbiq etməyi bacaran insanlardan niyə əsirgəməliyik ki? Axı belə oyunların da perspektivini, sonuclarını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil!

1988-1993-cü illərdə bizim lazımi səviyyədə toparlanıb hamılıqla eyni hədəfi vura bilməməyimizin əsas səbəblərindən biri də, məncə, bu idi.

"Lo" romanının dilinə dialoji səciyyə verən yalnız "müəllif obrazı-müəllif" tandemi deyil. Əjdər təcrübəli bir nasir səriştəsi ilə mətnə çoxsəslilik elementləri gətirən digər vasitələrdən də istifadə edir, yaxından tanıdığı insanların - valideynlərinin, qardaşı Qaranın, Babaş, Babayar kimi koloritli insanların, yazıçı Namiq Abdullayevin sənədli portretlərini də yaradır, yeri gələndə sözü onlara verib hadisələrə onların baxış bucağından baxır və beləliklə təkcə özünün yox, cəmiyyətin digər təbəqələrinin, müxtəlif nəsilləri təmsil edən insanların simasında hadisələri daha geniş, əhatəli münasibət müstəvisində qiymətləndirmək imkanını reallaşdırır. Və biz bu kontekstdə Vətən eşqi ilə yaşayıb nümunə göstərən, azadlıq olunda can qoyan şanlı övladlarımızla yanaşı, Vətənin dar günlərindən vəzifəyə gəlmək üçün dəridən-qabıqdan çıxanların, "Azadlıq" meydanına 2 dəfə mitinqə gəlməsinin əvəzi kimi böyük imtiyazlar tələb edənlərin miskin simalarını da görür, onlara nirət edirik.

Çox vaxt ədəbi nümunələrin bədii-estetik dəyəri "Müəllif bu əsərlə nə demək istəmişdir?" ritorik sualına tapılan cavabın nə dərəcədə dolğun olması ilə ölçülür. Məncə, bu, düzgün yanaşma deyil. Bədii əsər auditoriya qarşısında tribunadan söylənilən nitq, yaxud elmi məqalə deyil ki, məramını tezislərlə ifadə edib, sonra onları şərh edəsən, əsaslandırasan. Bədii əsərdə müəllifin mövqeyi, demək istədikləri onun hər epizodunda, hər cümləsində, hətta deyərdim ki, hər sözündədir. Bu baxımdan akademik A.Mirzəcanadənin bir müşahidəsi maraq doğurur. "İxtisasa giriş" kitabında o yazır: "Bir şair uşaqları şeiri öz sözləri ilə ifadə edib danışmağa məcbur edən müəllimin kobud öyrətmə üsuluna qəti etiraz etmişdi. O demişdir ki, şeiri izah etməyin yeganə yolu - həmin şeiri düşünüb yenidən yazmaqdır".

Bədii əsərdə müəllifin ötürdüyü informasiya mətndən hər oxucunun aldığı informasiya qədərdir. Əsər oxucularda nə qədər çox düşüncə refleksiyaları yaradırsa - bir o qədər dolğun və məzmunludur. Fikrimcə, publisistika ilə bədiiliyin sərhədlərinin əriyib iki keyfiyyətin roman formatında bir-birinə qovuşaraq yeni keyfiyyətə çevrildiyi "Lo" romanı da belə əsərlərdəndir. Ona görə də olmuşlardan ibrət götürmək istəyən hər bir kəs bir qədər gözlənilməz, yeni konstruksiyada qələmə alınmış bu romanı oxusa yaxşıdır - mümkün olacaqlardan baş çıxarmaq, hər şeyi öz rəngində görüb, öz adı ilə çağırmaq üçün.

 





04.03.2020    çap et  çap et