525.Az

Uşaq yazıçısı Reyhan Yusifqızının şagirdlərlə görüşü keçirilib


 

Uşaq yazıçısı Reyhan Yusifqızının şagirdlərlə görüşü keçirilib<b style="color:red"></b>

Qobu qəsəbəsində Qəzənfər Xalıqov adına 1 saylı tam orta məktəbdə sevimli uşaq yazarı Reyhan Yusifqızı ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir elmi-kütləvi və fantastik povestlərin müəllifi Reyhan Yusifqızının trilogiyası əsasında hazırlanıb. Əvvəlcə məktəbin foyesində uşaqların əl işlərindən ibarət "Kainatın sirləri" adlı sərgi ilə tanışlıq olub.

Tədbirdə yazıçılar Reyhan Yusifqızı, Aygün Bünyadzadə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış ediblər. Çıxışlarda uşaqların intellektual inkişafında mütaliənin rolu vurğulanıb.

Görüşdə "Kainatın sirləri" adlı bədii kompozisiya təqdim olunub: kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qız Leminin Rüstəm və Kənanla dostluğunu əks etdirən səhnəciklər göstərilib. Tədbir hər bir kəsdə xoş ovqat yaradıb.

Qeyd edək ki, müəllifin "Yaşıl gözlü qız" kitabı elmi-fantastika janrında yazılmış birinci əsəridir və kitab 2009-cu ildə Ankarada beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb.

 





04.03.2020    çap et  çap et