525.Az

Zəlimxan Yaqub Kürdəmirdə yad edilib


 

Zəlimxan Yaqub Kürdəmirdə yad edilib<b style="color:red"></b>

Martın 3-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yubiley tədbirini açaraq, görkəmli Azərbaycan şairi Zəlimxan Yaqubun xalqın qəlbindən qopan, içindən gələn, bahar kimi əlvan, oynaq, çılğın, sözə aşiq, saza məcnun ruh şairi olmasından, xalqımıza məxsus mənəvi dəyərləri, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələri qoruyub saxlayan, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edən yaradıcılığından danışıb.

Z.Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli film nümayiş etdirilib.

Tədbirdə Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva "Zəlimxan Yaqub və xalq yaradıcılığı" mövzusunda məruzə edərək şairin əsirlərdən-əsirlərə, nəsillərdən- nəsillərə ötürüb yaşatdığı ruhun - xalq ruhunun daşıyıcısı olmasından, ana dilimizin bitib-tükənməyən imkanlarına dərindən bələd olmasından, ahənginin ulu ozanların, aşıqların sehirli ahənginə bağlı olmasından söz açıb.

Muzeyin əməkdaşı Tofiq Abdullayev, yazıçı-publisist Əlisəfa Azayev, Ağaməhəmməd Hacıyev Zəlimxan Yaqub haqqında xatirələrini məclis iştirakçıları ilə bölüşüblər.

Tədbir boyunca məktəblilər, eləcə də, digər iştirakçılar saz musiqisi sədaları altında şairin şeirlərindən seçmələr söyləyiblər.

 





04.03.2020    çap et  çap et