525.Az

Haqq işimizin təbliğində yeni mərhələyə keçid zərurətə çevrilib - Şərh


 

Haqq işimizin təbliğində yeni mərhələyə keçid zərurətə çevrilib - <b style="color:red">Şərh</b>

Sirr deyil ki, xarici ölkələrdə məskunlaşmış həmyerlilərimizin vahid bir diaspor kimi fəaliyyət göstərmədiyi faktı cəmiyyətimizdə uzun illər latent şəkildə müzakirə olunan mövzulardan biri idi.

Tam əksinə olaraq, Azərbaycan haqqında təhrif edilmiş məlumatların xarici ölkələrdə yayımlanması, habelə Avropanın müxtəlif qurumlarında lobbiçilik alətlərindən məharətlə istifadəsində erməni lobbisinin, işğalçı ölkənin diaspor təşkilatlarının fəallığı aşkar gözə çarpırdı. Bu mənzərə bilavasitə Qarabağ münaqişəsi ilə bağlı arzuolunmaz siyasi reallığa çevrilmişdi. Qeyd olunan amil düşmənin bizə qarşı informasiya müharibəsinin əsas səciyyəvi xüsusiyyətlərindəndir.

Vəziyyəti, yəni informasiya mübarizəsini bizim üçün mürəkkəbləşdirən daha bir obyektiv faktor mövcuddur. Bu da dünyada müxtəlif informasiya texnologiyaları vasitəsilə sürətlə tirajlanan islamofobiya tendensiyasıdır. İslam və terror, islam və zülm, islam və avtoritar quruluş kimi söz birləşmələri avropalıların ictimai şüuruna çoxdan həkk olunub. Məhz bunu nəzərə alaraq erməni siyasi texnoloqları tarixən mövcud münaqişəyə həm də xristian-müsəlman mübarizəsi çalarları qatmaq niyyətində olublar. O cümlədən, erməni kilsəsi mövcud münaqişənin tarixən nəinki fəal bəndidir, hətta ideoloji müharibənin aparıcı qüvvəsi və katalizatoru rolunu oynamaqdadır.

Mövcud durumu nəzərə alaraq Azərbaycan ona qarşı aparılan informasiya müharibəsində təkcə erməni yalanları ilə yox, eyni zamanda, dünyada tüğyan edən və islama qarşı yönəlmiş sosial-siyasi stereotiplərlə də mübarizə aparmaq məcburiyyətindədir. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə uğurla aparılan, beynəlxalq münasibətlər sistemində multikultural dəyərlərin fəal təbliğinə yönəlmiş mühüm işlərə də dövrümüzün reallıq müstəvisində yanaşmaq və dəstəkləmək lazımdır.

Bu istiqamətdə fəal təbliğatın ölkəmiz üçün strateji əhəmiyyətini şərtsiz olaraq qəbul etməliyik. Məhz bu baxımdan dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarımızın təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə bu ilin 22 fevralında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Almaniyanın Berlin şəhərində keçirilmiş Ümumavropa Qarabağ mitinqini yada salmağa dəyər. Əminəm ki, Avropanın siyasi mərkəzlərindən biri olan Berlində keçirilmiş bu mitinq möhtəşəm aksiya olaraq milli diaspora hərəkatının tarixində önəmli yer tutacaq.

Qeyd olunan mitinq Azərbaycanın xarici təbliğat tarixində mahiyyət və format etibarı ilə yeni mərhələnin başlanmasından xəbər verir. Dolayısı ilə deyə bilərik ki, ölkəmizdə başlanmış sistemli islahatlar xarici təbliğat mexanizmlərinə də öz müsbət təsirini göstərməkdədir. Fəal və miqyaslı təbliğat aksiyalarının təşkili üçün Avropa məmurları tərəfindən yaradılan rəsmi şərait isə öz növbəsində ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə dəlalət edir. Əminəm ki, yaxın gələcəkdə biz bu cür müsbət tendensiyaların artmasını müşahidə edəcəyik. İllər öncə Azərbaycan diasporunun fəaliyyəti haqqında dövlət başçısı tərəfindən səsləndirilmiş "Bizim təbliğatımız hücum xarakter daşımalıdır" fikri əslində, xarici diplomatiyamızın qarşısında strateji vəzifələr müəyyən etmişdir. Bu gün ölkəmizin beynəlxalq nüfuzu ilə bağlı müşahidə etdiyimiz müsbət tendensiyalar məhz həmin siyasət və strategiyanın məntiqi nəticəsidir.

Bilavasitə adıçəkilən aksiya ilə bağlı xüsusi olaraq iki məqama diqqətinizi cəlb etmək istərdim. Belə ki, aksiyaya səbəb kimi məhz Xocalı soyqırımının seçilməsi olduqca uğurlu, peşəkar və dəqiq texnologiya olaraq qəbul edilməlidir. Bununla Xocalı faciəsi zəminində erməni siyasətinin əsl siması ifşa olunur və beynəlxalq ictimaiyyət insanlığa qarşı törədilmiş ağır cinayəti bir daha xatırlayaraq lənətləyir. Bildiyimiz kimi, beynəlxalq informasiya məkanında terror aktları İslam ilə əlaqələndirildiyi halda, Xocalı faciəsi tam olaraq əksini sübut edir. Burada soyqırım müsəlman əhaliyə qarşı törədilib. Ən azından buna görə mövcud məsələdə biz müsəlman dünyasının fəal dəstəyinə ümid edə bilərik.

Berlində təşkil olunmuş aksiya ilə bağlı diqqətimi cəlb edən daha bir məqamı da vurğulamaq istərdim. Təəssüf ki, Xocalı ilə bağlı mitinqin təbliğinə, bu haqda informasiyaların yayılmasına bir müddət əvvəl seçkilərlə bağlı olduğu qədər diqqət və enerji ayrılmadı. O ərəfədə seçki prosesilə əlaqədar yüzlərlə video yayıldığı halda, Xocalı barədə bir elə virtual fəallıq göstərilmədi. Nəticədə, Xocalı mitinqi, xalqımızın soyqırıma dair haqlı işi gündəmdə istənilən miqyasda yer almadı. Bəs nəyə görə bu cür asan və əlçatan informasiya texnologiyalarından Berlində keçirilmiş aksiyanın təşkili zaman, istifadə olunmadı? Əlbəttə, sual ritorik xarakter daşıyır, ancaq beynəlxalq təcrübəyə müraciət etsək, nəzərə almalıyıq ki, informasiya müharibələrində fasilələr olmur və ölkəni sevən hər bir vətəndaş bu müharibədə fəal, ardıcıl mövqe tutmalıdır.

 





04.03.2020    çap et  çap et