525.Az

Tural Gəncəliyev: "Bütün fəaliyyətimiz, yazdığımız hər status bir güllədir"


 

Tural Gəncəliyev: "Bütün fəaliyyətimiz, yazdığımız hər status bir güllədir"<b style="color:red"></b>

"Dağlıq Qarabağ bölgəsində referendumun keçirilməsindən söhbət gedə bilməz". 

Bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, əsas məqsəd öz torpaqlarımıza qayıtmaqdır:

"Ondan sonra digər məsələlər öz həllini tapacaq. Bəzən düşünürlər ki, orada referendum keçirilsə, ermənilər səs çoxluğu qazanacaq. Bunlar mənası və əsası olmayan söhbətlərdir. Hamı ağlına yazmalıdır ki, Konstitusiyanın 11-ci maddəsinə görə, heç kimsəyə torpağımızdan pay edilmir. Dağlıq Qarabağ bölgəsində ayrıca referendum keçirilə bilməz. Həmin maddəyə əsasən, yalnız Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə bütün Azərbaycan  əhalisi arasında referendum keçirməklə Azərbaycanın ərazisi dəyişdirilə bilər".

T.Gəncəliyev vurğulayıb ki, hazırda hərbi əməliyyatlar davam etməsə də, ancaq biz torpaqların sahibi olaraq münaqişə başlayanda ərazi bütövlüyümüzü bərpa etməyə hazırlıqlı olmalıyıq.

O qeyd edib ki, müharibə bizim istədiyimiz kimi bitəcək:

"Biz istəmədən ermənilər bizə qarşı savaş açdı, torpaqlarımızı işğal etdi. Amma müharibənin sonu bizim istədiyimiz kimi bitəcək. Hazırda bütün fəaliyyətimiz, yazdığımız hər status bir güllədir. Sosial şəbəkələrin gücü bu gün hər kəsə bəllidir. Biz öz torpaqlarımıza qayıtmayanadək sakit dayanmamalıyıq".

S.QARAYEVA

 





04.03.2020    çap et  çap et