525.Az

"Solğun sevgilər" - parlaq cizgilər


 

"Solğun sevgilər" - <b style="color:red">parlaq cizgilər </b>

Şair, dramaturq Cəfər Cabbarlının yaradıcılığından oxudum ilk dram əsərləri "Solğun çiçəklər" və "Vəfalı Səriyyə" olub.

İki əsərin bir-birinə oxşar və bir o qədər də zidd sujet xətti, obrazlar aləmi, ötürdüyü mesaj məni əməllicə heyrətə salmışdı. Xüsusən, "Solğun çiçəklər" faciəsindəki saf məhəbbətin, tərtəmiz duyğuların riyanın, məkrin, nəfsin, pul hərisliyinin qurbanına çevrilməsi o vaxta qədər dünyanı alabazək görən bir azyaşlının qara rənglə də tanışlığı kimi həyatımda iz qoymuş, dünyaya daha aydın nəzərlərlə baxmağıma səbəb olmuşdu. Bədbəxt Saranın məsumluğu, ləkə tanımayan qəlbi, pak hissləri onu nə qədər sevdirməyi bacarmışdısa, Gülnisə və Pərinin məkrləri sayəsində qurduqları oyunlar, Bəhramın pul hərisliyi, nəfsi ucbatından sevgisinə xilaf çıxmağı bir o qədər özünə nifrət oyatmışdı. Onda anlamışdım ki, həyatdakı tək dərd hansısa fəndən aldığın "dörd" deyil. Taleyin imtahanlarından keçməyən nə ömürlər var bu həyatda...

Bəzi əsərlərə zaman-zaman qayıtsam, təkrar oxusam da, "Solğun çiçəklər" əsərinə bir də heç vaxt qayıtmadım. Hər obrazı, hər situasiyası beynimə qazınan ilk oxunuşdakı təəssürat bir ömürlük yetərdi çünki. Bəlkə bundan sonra da qayıtmayacaqdım əgər həmin gün bir zamanlar kitab səhifələrində oxuduğum qəhrəmanları qarşımda görməsəydim...

Bu ilin mart ayının ilk günü Cəfər Cabbarlının "Solğun çiçəklər" faciəsi əsasında hazırlanmış "Solğun sevgilər" tamaşası ilə əlamətdar oldu. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində "Oyun" teatrının hazırladığı, Mədəniyyət Nazirliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan "Solğun sevgilər" tamaşası məni bir daha əsəri ilk dəfə oxuduğum o illərə qaytardı, o hissləri bir daha yaşamağıma səbəb oldu. Səhnə əsəri görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanıb. Əsərin ilk premyerası ötən il dekabrın 6-da nümayiş olunmuşdu. İlk premyerada Mədəniyyət naziri Əbülfəs Qarayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, incəsənət xadimləri iştirak etmişdilər. Fərqli layihə elə ilk dəfədən böyük ictimaiyyətin marağını qazanmış, haqqında yazılar yazılmış, sədası uzun müddət mətbuatdan və incəsənət aləmindən çəkilməmişdi. Bugünlərdə - martın 1-də isə ikinci premyera keçirildi. Bu premyerada da tamaşaçılar arasında incəsənət aləminin tanınmış nümayəndələri vardı.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılov, işıq rəssamı Əliyarov, səs rejissoru Ruslan Axundov və redaktoru Həmidə Rüstəmovadır.

Birhissəli səhnə əsərində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov, Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Məleykə Cəfərova, Zümrüd Qasımova və Günay Əhməd ifa edirdilər.

***

Peşəkar rejissor yozumu ilə müasir dövrə uyğunlaşdırılan klassik əsər öz mövzusu və çatdırdığı mətləblərlə əslində nə qədər orijinal və hər dövr üçün aktual olduğunu bir daha sübut etmiş oldu. Eşq, məhəbbət, onun qarşısını kəsən çirkin xislətlər, pul hərisliyi, oyunbazlıq, acgözlük, məkr, nifrət insanın var olduğu hər dövrdə olmayıbmı? Əsər bir daha göstərir ki, nə qədər oyun, hiylə olsa da, dürüstlük, sədaqət, saf eşq sonda mütləq və mütləq qalib gəlir. Həqiqi eşq heç zaman ölmür. Haqq-ədalət gec, ya tez öz yerini tutur, pislik cəzasız qalmır.

Əsər çox maraqlı priyomla başlayır. Səhnənin ortasındakı bəyaz pərdə bəmbəyaz qiyafəli, məsum üzlü qız tərəfindən açılır. Pərdənin arxasında bəyaz qiyafəli, ruha bənzər insanlar dayanıblar və qucağında bir dəstə solmuş qızılgüllər tutan gənc adamı qatil olmaqda günahlandırırlar. Gərgin psixoloji sarsıntı keçirtdiyi məzmunsuz hərəkətlərindən bəlli olan oğlan isə bütün bunları rədd etməyə çalışır. O, hər vəchlə bayaq pərdəni açan o qıza, Saraya sevgisini hayqırır, sübut etməyə çalışır. Sara isə səssizcə onu izləyir. Onun bu inkarları getdikcə daha da artır. Ta ki vicdanı ilə üz-üzə gələnə kimi. Vicdanı ona - Bəhrama Saranın qatili olduğunu deyir və ondan Saranı necə öldürdüyünü danışmasını istəyir. Beləcə, sonrakı hadisələrə keçid yaranır... 

Maraqlı səhnə dekorasiyası ilə göz oxşayan əsərdə rejissorun və quruluşçu rəssamın gətirdikləri kiçik ştirixlər tamaşaya ecazkar hava, fərqlilik qatmışdı. Səhnənin ortasındakı, ilk anlarda və sonda da Saranın ruhu tərəfindən açılan bəyaz pərdə obrazların, xüsusən, Bəhramın vicdanındakı pərdə ilə mənalandırıla bilər. Pərinin işvəsi, gözəlliyi, Gülnisənin şirkətlər, var-dövlət vədi Bəhramın gözlərinə bir tor kimi enərək Saranın eşqini görməsinə mane olur. Gülnisə ilə Pərinin oyunlarına, əmisi oğlu və sevgilisi Bəhramın xəyanətinə dözməyən yazıq Sara isə xəstəliyə tutulur, evdən qovulur, sevgilisini görməkdən belə məhrum qalır. Tamaşanın xeyirxah obrazları olan Tamam, Əbdül, Azad və Rəsulun iki gənci qovuşdurmaq, Saraya kömək etmək cəhdləri uğursuzluqla nəticələnir və bütün bunlara dözməyən Sara canını tapşırır. Bu ölümlə Bəhramın vicdanındakı pərdə, gözlərindəki tor qalxır sanki. O, işlədiyi günahın fərqinə varır. Ruhi sarsıntı keçirir. Saranın xəyalı onu bir an belə tərk etmir. O, Saraya bağışlanması üçün yalvarır. Saranın ölümüylə rahatlıq tapsa da, Bəhramın bu halından gərginlik keçirən Pəri isə hər vəchlə onu özünə gətirməyə çalışır. Nəticədə Bəhram suç ortağını - Pərini öz əlləriylə boğub öldürür.    

***

Tamaşanın əsas özəlliyi ondan ibarətdir ki, burada peşəkar aktyorlarla bərabər, fiziki məhdudiyyətli həvəskarlar da rol almışdılar. Nədənsə, həvəskarların ifasına tamaşa etmək həmişə maraqlı olub. Onların aktyorluğu, səhnəni sənətin nəzəriyyəsindən kənar öz qəlbləri, ruhlarıyla necə duyduqlarını müşahidə etmək daha böyük maraq və rəğbət oyadır. Çünki bu ifada öncə ürək, hisslər gəlir.

Bu dəfə də belə oldu. Səidə xanımın yüksək peşəkarlığı ilə hazırlanan tamaşada həvəskarlar peşəkar aktyorlardan heç də geri qalmadılar. Ülviyyə Əliyeva (Gülnisə), Türkay Cəfərli (Bəhram), Günay Ümid (Pəri), Zümrüd Qasımova (vicdan) kimi səhnəyə, sənətə yaxından bələd olan, fərqli rolları ilə sənətdə inamla addımlayan aktyorların da həvəskar tərəf müqabilləriylə yadlıq hiss etmədikləri, əksinə, bundan böyük zövq aldıqları görünürdü.

Türkay Cəfərlinin haldan-hala düşən Bəhramla həmahəng dəyişən, Günay Əhmədin çılğın və cəsarətli, Ülviyyə Əliyevanın fərqli, Zümrüd Qasımovanın dinamik ifaları səhnə əsərini daha baxımlı və yaddaqalan edirdi.

Aktyor ifasından danışarkən bir nəfər var ki, onu xüsusi qeyd etməmək olmaz. Bu, premyerada Sara rolunu ifa edən Məleykə Cəfərovadır. Düzü, əsər boyunca Məleykənin ifası heç də digərlərindən geri qalmırdı və biz tamaşaçılar onda irad tutulacaq elə bir ciddi səbəb görmədik. Üzündəki məsumluqla bərabər səhnədəki sərbəstliyi, rolunu hiss etməsi gənc olmasına baxmayaraq, onun bir aktrisa kimi istedadından xəbər verirdi. Hiss olunurdu ki, o, həvəskar deyil, aktrisadır. Amma səhnə əsəri bitdikdən sonrə Günay Əhmədin bir anonsu təəccübümüzə səbəb olmaqla bərabər bu xanıma olan rəğbətimizi də artırdı. Belə ki, ötən premyerada Sara rolunu canlandıran aktrisa bu dəfə səhhətilə bağlı səbəbdən tamaşaya qatıla bilməyib və bunu yaradıcı heyətə yalnız ikinci premyeraya bir gün qalmış xəbər edib. Bir günün içərisində həmin rola ifaçı tapılmalı, sözlər əzbərlənməli və məşq edilməli idi. Müəlliflər bir neçə tanınmış, peşəkar aktrisaya müraciət etsələr də, heç biri bu məsuliyyətli işə qol qoymaq istəməyib, elə təkcə sözlərin əzbərlənməsinə xeyli vaxt lazım olduğunu deyiblər. Nəhayət, Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbəsi, tanınmış rejissor Gümrah Ömərin kursunda təhsil alan Məleykə Cəfərova bu çətin işi öz öhdəsinə götürüb. Aktrisalığa iddialı olan bu gənc xanım elə bu cəsarəti ilə sənət seçimində nə qədər doğru addım atdığını sübut etmiş oldu. O, nəinki əvvəl baxmadığı bir tamaşadakı rolun sözlərini əzbərləmək, hətta obrazının daxili dünyasını duymağı belə bacardı. "Naşı cəsarəti" deyə bir ifadə var. Məncə, Məleykə xanımın cəsarətinin də təməlində əsasən bu dayanırdı. Amma təkcə bununla da iş aşmır. Özünəgüvən və səhnəyə sevgi də onun bu cəsarəti sərgiləməsi və üzərinə götürdüyü çətin, məsuliyyətli və səhnə əsərinin mahiyyətindən çıxış edərək deyə bilərik ki, bu vacib işin öhdəsindən layiqincə gəlməsində rol oynayan əsas qüvvələrdir. Məleykə xanımın timsalında Azərbaycan teatr səhnəsinin hələ də cəsarətli, istedadlı aktyorlardan xali olmadığını gördük. Ona bu cəsarətini, sənət eşqini davam etdirməsini, istedadını nəzəriyyə və praktika ilə möhkəmləndirərək gələcəkdə parlaq aktrisa kimi yetişməsini arzu edib, keçək növbəti obrazların ifaçılarına...

Gülnisənin qardaşı oğlu Azadı (Xəqani Əliyev), Saranın dostu Rəsulu (Ceyhun Mahmudov), Fransada təhsil almaq eşqiylə yaşayan, gözəl səsli Dənizi (Aysel Əlizadə), qulluqçu Tamamı (Nazlı Əliyeva), nökər Əbdülü (Taleh İsmayılov), vəkili (Rəsul Məmmədov), bərbəri (Rüxsarə Məmmədli), tibb bacısını (Səma Məmmədova), Axund Fərəcullanı (Cavid İbrahimov) və ruhları (Şamxal Xələfli, Rafael Mustafayev, Nəsib Şamxalov, Rüfət Şahpələngov) canlandıran həvəskarlar bu sənətə və oynadıqları obraza sevgiləri ilə yadda qaldılar. Aysel Əlizadənin məlahətli səsi, Ceyhun Mahmudovun Zümrüd Qasımova ilə gözoxşayan rəqsi onların bütünlüklə incəsənət yönümlü istedadından, məharətindən xəbər verirdi. Paklon zamanı arasında Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Füzuli Hüseynov, Loğman Kərimov, Münəvvər Əliyeva və digər aktyorlar, rejissorlar, jurnalistlər, teatrşünasların da olduğu tamaşaçıların böyük coşğulu alqışlarından sevinən bu insanların xoşbəxtliyi, fərəhi gözlərindən, gülüşlərindən oxunurdu. Onların timsalında heç bir aktyorluq təhsili olmayan, həyatın müəyyən məhdudiyyətlər qoyduğu insanlara azadlıq, özünüifadə imkanı, xoşbəxt olmaq şəraiti yaradan başda Səidə Haqverdiyeva olmaqla, bu işdə az da olsa zəhməti keçən bütün yaradıcı heyətə sonsuz təşəkkürlər düşür.

"Solğun sevgilər" tamaşası bir daha göstərdi ki, əslində, insan fiziki yox, mənəvi əlil, şikəst olur. Mənəvi əlilliyin isə heç bir çarəsi yoxdur. Mənəviyyatı, ruhu şikəst olanın sonu mütləq faciədir.

Onu da qeyd edək ki, "Oyun" teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur. Bu müqəddəs işdə teatrın yaradıcı heyətinə uğurlar arzulayır, yeni layihələrini həvəslə gözləyirik!

 





05.03.2020    çap et  çap et