525.Az

Kəngərli tayfası və Fərəc ağa haqqında 1831-ci il kameral siyahısındakı bilgilər


 

Kəngərli tayfası və Fərəc ağa haqqında 1831-ci il kameral siyahısındakı bilgilər<b style="color:red"></b>

Kəngərlilər qədim türk tayfasıdır. Eramızın I əsrində hunlarla birlikdə Zaqafqaziyaya gələn kəngərlilərin Naxçıvan ərazisində II əsrdən yaşadıqları barədə məlumat vardır.

Cənubi Qafqazda Kəngərlərin adı hələ 193-213-cü illərdə baş verən hadisələrdə çəkilmişdir və antik dövrün tarixi coğrafiyasını yazan II əsr yunan alimi Klavdi Ptolomey Albaniyada Qanqar (Kəngər) şəhəri haqqında məlumat vermişdir. Deməli, kəngərlər II əsrdə artıq Azərbaycanda oturaq həyat sürən bir oğuz tayfası kimi Cənubi Qafqaza daxil olan Naxçıvanda məskunlaşmışlar.

K.Ptolomey Şimali Qafqaz çöllərində yaşayan tayfalar içərisində Xurs adlı türk tayfasının da adını çəkir (Ptolomey, III, p.5, 10). Dərələyəzdə Hors və Naxçıvanın Ordubad rayonunda indi də Xurs kəndi vardır. Əhalisi əsasən kəngərlərdən ibarət olub. Sonralar Naxçıvan xanı I Kalbalı xan Qarabağ xanlığını yağılardan qorumaq üçün Qarabağa göndərdiyi kəngərli süvarilərinin içərisində Xurs kəngərliləri də var idi. Amma tədqiqatçılar yanlış olaraq Xurs adını təhrif edərək "Xoruzlu" kimi yazmışlar.

Peçenəklər mənşə etibarilə Kəngər olmuşlar. Bu barədə ən mükəmməl məlumatı Bizans tarixçisi və imperatoru Konstantin Baqryanarodnı vermişdir. O, dövlət başçısından çox, bir tarixçi kimi də şöhrət qazanmışdı. Konstantin ölərkən (905-959) özündən sonra oğlu Romana taxt-tacı ilə bərabər, "De Administrando İmperio" (imperatorluğun idarə olunması) adlı bir traktat qoyub getmişdir.

Onun yazdığına görə peçenəklərin ən qədim adları kəngər idi (S.Q.Kləştornıy. Drevne-törkskie runiçeskie pamətniki kak istoçnik po istorii Sredney Azii. Moskva:1964, s.163). Konstantin oğluna məsləhət görürdü ki, kəngərlər həddən artıq qüvvətli tayfa olduğuna görə həmişə onlarla sülh şəraitində davransın və hətta peçenək-kəngərlərin hökmdarına göndəriləcək məktubu hörmət əlaməti olaraq iyirmi qızıl möhürlə təsdiqləsin.

Bu peçenək-kəngərlər Naxçıvanda da yaşayırdılar və doğma vətənlərini düşmənlərdən qoruyurdular. Onların ilkin olaraq məskən saldıqları Peçenək (Biçənək) kəndi indi də durmaqdadır.

Bütün yüzilliklərdə Naxçıvanda Kəngərlər söz sahibi olmuşlar. XVIII əsrin ortalarında Naxçıvan xanlığını quraraq Naxçıvanı idarə etmişlər.

İndiyədək yazırdılar ki, Kəngərli tayfası V əsrdən Naxçıvan ərazisində yaşamışdır. Amma türkşünas rus alimi S.Q.Klyaştornı yazdığı tədqiqat əsərində qeyd edir ki, peçenək kəngərliləri Cənubi Qafqaza eramızın I əsrində gəliblər (Kləştornıy S.Q.Drevnetörkskie runiçeskie pamətniki kak istoçnik po istorii Sredney Azii, Moskva, 1964, s.179).

Aparılan araşdırmalar göstərir ki, hələ əvvəllər də yazılan bir çox mənbələrdə peçenək kəngərlilərin oğuz olmaları haqqında maraqlı məlumatlar vardır. Məsələn, Mahmud Kaşqarlı "Divani-lüğəti-türk" əsərində peçeneq kəngərlilər haqqında yazırdı: "Biçənək Rum (Bizans) sahəsinə yaxın bir yerdə yaşayan və oğuz zümrəsinə mənsub türk tayfasıdır".

1831-ci il siyahıya almadan əvvəllər də kəngərli tayfasının tirə və qolları, həmçinin, yeni yaranan tirələr haqında fars və ərəb dilli mənbələrdə məlumatlar vardır.

İndinin özündə Bakıda Azərbaycan  Əlyazmalar İnstitutunda saxlanılan və E.Seyidbəylinin kitabında nəşr edilmiş kəngərli arxeoqrafik sənədlərində də həmin dövrdə kəngərli tayfasına aid tirələrin adı çəkilmişdir. Amma çox təəssüf ki, müəllif də bəzi tədqiqatçılar kimi, "qurd" sözünü "kürd" kimi oxumuşdur. Halbuki bu gün də Naxçıvanın ən qədim məhəllələrindən biri "Qurdlar məhəlləsi" mövcuddur. Bu arxeoqrafik sənədlərin çoxu 1700-ci illərə aiddir və biz orada kəngərlilərin Naxçıvani familiyasına rast gəlirik.

Tarixə bir balaca ekskurs etməkdə məqsədimiz odur ki, kəngərli tayfasının kameral siyahıya alınması, yaxud təsvir olunması orta əsrlərə də gedib çıxır. Sənədlər tapılsa, daha əvvəllərdə də belə sənədləşmələrin şahidi olarıq. Çünki kəngərli tayfasının cavanları hamısı döyüşçülər olublar. Siyahıya alma da əsasən gənclərin hərbi mükəlləfiyyətli olması ilə bağlı olub.

Söhbət açdığımız mənbədə - 1831-ci ildə kəngərli tayfasının Naxçıvan şəhərində kameral siyahıya alınmasından (təsvirindən) bəhs edilir.

Bu arxiv işi 337 səhifədən ibarətdir. Quberfniya katibi Zolotnitski tərəfindən tərtib olunmuşdur.

Burada şəhərin adı, şəhər sakinlərinin adları, müsəlmanlar və digər dinlərə mənsub olanlar, onların yaşı və cinslər üzrə sayı, özgə millətlər, məşğul olduqları xüsusi iş yerləri haqqında məlumatlar vardır.

Yan sütunda sağ tərəfdə 2-ci səhifədən başlayaraq Naxçıvan şəhərinin adı  sərhədləri, şəhəri dövrələyən torpaqlar, şəhərin 4 hissəyə bölünməsi (Sarvanlar. Şahab, Əlixan və Qurdlar) haqda, şəhərdə 13 məhəllənin olmasından, suyu, iqlimi, əhalisi, dini ibadətgahları, evləri, bazarı və hamamları haqqında maraqlı məlumatlar vardır.

Naxçıvan şəhərinin 1831-ci il kameral təsvirində şəhərdə yaşayan əhalinin say tərkibi haqqında məlumat cədvəllər də maraqlıdır. Burada Kəngərli tayfası və onun tirələri ayrıca olaraq qeyd edilib: 411 ailə, 879 kişi, 815 qadın, cəmi 1694 nəfər.

Digər tayfalara mənsub azərbaycanlılar: 494 ailə, 1004 kişi, 926 qadın, cəmi 1930 nəfər.

Boşalar (müsəlman qaraçılar - lurlar) 4 ailə, 9 kişi, 8 qadın, cəmi 17 nəfər.

Gürcülər: 1 ev, 2 nəfər kişi, 2 qadın, cəmi 4 nəfər.

Bütünlüklə, şəhərdəki evlərin sayı 1330, 2871 kişi, 2599 qadın, cəmi 5470 əhali göstərilib.

Kameral siyahıya almada 2 xan ailəsi, 45 bəy və sultan ailəsi, 11 nəfər hərbçilər qeyd olunub.

Ali ruhani şəxs 2, axund və mollalar 36, seyidlər 22, 3 dərviş, 6 mirzə kimi göstərilib. Bunların hamısının ailələrinin də cəmi göstərilib: 127

Naxçıvan şəhərində 2 məscidin olması qeyd olunub. Həm də məscidlərin birində məktəbin fəaliyyəti haqda da məlumat var.

Bu arxiv sənədində şəhərdə bir bazarın və 2 karvansaranın fəaliyyəti göstərməsindən də danışılır. Hətta bir karvansaranın 31 dükanı olması haqda qeyd də var. Göstərilib ki, bu karvansaranı köçürülən ermənilər zəbt edib.

Kameral təsvirdə qeyd edilib ki, şəhərin bütün dükanları bazarda və karvansarada yerləşir. Ancaq bir neçə meyvə dükanları şəhərin müxtəlif yerlərində yerləşib. Şəhərdə işləyən dükanların sayı 223 kimi qeyd olunub. Hətta burada bazarda və karvansarada boş olan dükanların da sayı qeyd olunub. Bazarda 25, karvansarada 38.

Naxçıvan şəhərində 3 hamam, 2 körpü və bir meydança olması haqqında da məlumat var.

Həmçinin, maldarlıq, bağçılıq, dəyirmanlar haqqında məlumat qeyd edilib. Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif peşə sahiblərinin (sənətin növü, adı göstərilməklə) sayları də göstərilib. Burada Naxçıvan şəhərində və vergi növləri haqqında da ətraflı məlumat yerləşdirilib.

Burada qeydlərdən aşkar görünür ki, "Naxçıvan əyalətinin statistik təsviri"ni yazan V.N.Qriqoryev bu mənbədən tamamilə istifadə edib. Ona görə də biz   tədqiqatçılar "Naxçıvan xanlığı" haqqında tədqiqat apararkən, kitab yazarkən hökmən 1831-ci ildə tərtib edilən kameral təsvirlər olan sənədlərə söykənməliyik. Çünki bu, ilk rusdilli arxiv sənədidir ki, kəngərli tayfasını və onun tirələrini ətraflı təsvir edib. Qriqoryevin yazdığı kitab (1833) artıq 2-ci mənbə sayılır və burada təhriflər və şərhlər 1831-ci ildəki kameral siyahıya almada (təsvirlərdə) yoxdur. Bu haqda bir az sonra ətraflı söhbət açacağıq. Aşağıdakı məlumatlar Naxçıvan şəhərinin yaranması ilə bağlı əfsanə və rəvayətlərdən söhbət açır. Burada maraqlı tarixi məsələlər də var, ziddiyyətli məsələlər də.

Kameralistika, yaxud dövlətşünaslıq elminin də tarixi çox qədimdir. Rusiya imperiyasında kameral siyahıya alma yaxud təsvirlər məsələsinə 1772-ci ildən başlanılıb. Cənubi Qafqazı işğal edən Rusiya Şimali Qafqazda olduğu kimi, Zaqafqaziyada da yaşayan əhalinin, xalqların, etniklərin kameral siyahıya alınması (təsviri) məsələsinə ciddi yanaşıb və buraxılan səhvlər çox deyil. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində Naxçıvan diyarına aid 43 kameral siyahı (təsvir) saxlanılır. Onlardan 8-i (müxtəlif illərə aid) Naxçıvan şəhərini əhatə edir. Amma ən mükəmməli 1831 və 1843-cü ilə aid olanlardır. 1831-ci ilə aid olan arxiv işində Naxçıvan şəhərində kəngərli tayfasının qədimdən gəlmə tirələri (qolları) geniş tərtib edilib. Qeyd edək ki, burada İrandan köçürülən ermənilərin də arada bir siyahıları yerləşdirilib. Bu kameral siyahı ilə işləyən tədqiqatçı bilməlidir ki, Lazarev tərəfindən Naxçıvan məhəllələrinə köçürülən ermənilərin kəngərli tayfasına qətiyyən aidiyyatı yoxdur.

1831-ci ilə aid arxiv işində kəngərli tayfasının 24 tirəsi qeyd edilib. 1. Bilici. 2. Qurdlar. 3. Qaradolaqlı. 4. Sarbanlar. 5. Xalxallı. 6. Salahı. 7. Gomayıl. 8. Qarabağlar. 9. Ağabəyli. 10. Çağataylı. 11. Qaraxanbəyli. 12. Qəclər (Kəclər). 13. Cəmşidli. 14. Şabanlı (Şahbanlu). 15. Kəlfir. 16. Pirhəsənli. 17. Ərəfsəli. 18. Qızıllı. 19. Qara köçəri. 20. Qaracalı. 21. Yurdçu. 22. Əlixanlı. 23. Əliəkbərlilər. 24. Qızılqışlaqlar.

1831-ci ilə aid kameral təsvirlərdə Kəngərli tayfasına mənsub tirələrin (qolların, nəsillərin) yaşadıqları məhəllələr də qeyd edilib. Əvvəlcə qeyd edək ki, həmin ildə Naxçıvan şəhərində aşağıdakı məhəllələr qeydə alınıb:

1. Sarvanlar. 2. Oruc məhlə.3. Köhnə Qala. 4. Xoşulu. 5. Əlixan. 6. Çaparxana. 7. Ziyilarxı. 8. Bilici. 9. Şahab. 10. Xoylu. 12. Təzəkənd, yaxud Uzun Divar. 12. Qurdlar.

Bunların hər birində yaşayan kəngərlilərin mənsub olduqları tayfa tirələrinin də adları qeyd edilib. Məsələn, Naxçıvan şəhərinin Sarbanlar hissəsində kəngərli tayfasına mənsub olan aşağıdakı tirələrin (nəsillərin) adlarına rast gəlinir:

1) Yurdçu; 2) Qızıllı; 3) Qardolaqlı; 4) Pirhəsənli; 5) Sarbanlar; 6) Salahılar; 7) Xalxallılar; 8) Gomayıllar; 9) Qarabağlar; 10) Ağabəylilər; 11) Cığataylılar; 12) Qaraxanbəylilər

Əlixanlı məhəlləsində:

1) Ağabəyli; 2) Ərəfsəli; 3) Qızıllı; 4) Əlixanlı; 5) Salahlı; 6) Qəclər (Kəclər).

Sahab və Qurdlar məhəlləsində: Şahbanular, Qurdlar, Bilicilər və s.

Kameral təsvirlərdə kəngərlilərin Bilici tirəsinə (nəslinə) aid olan əsilzadələrin özlərinin və ailələrinin ailə üzvləri və onlara aid mülklərin şəhərin hansı məhəlləsində oması haqda məlumatlar qeyd edilib. Həmin sənəddə məşhur hərbçi Fərəc ağa (Fərəculla xan) haqqında da məlumat vardır. O izahatlardan istifadə edərək məşhur hərbçi Fərəc xan haqqında oxuculara ətraflı məlumat vermək istəyirik.

Fərəculla (Fərəc) xan I Kalbalı xan oğlu (Kəngərli) - Naxçıvanski (1806-1847). kapitan və kavaler, 25 yaşı var. Həyat yoldaşı Pərizad xanım (vəfat edib) 20 yaş, qızı Şirinbəyim (vəfat edib) 3 yaş, anası İmmi Şərəf xanım 50 yaşında

Qeyd edək ki, Fərəculla ağa (Fərəc ağa) 1806-cı ildə Naxçıvanda doğulub. Onun haqqında tədqiqatın azlığını nəzərə alaraq, bu arxiv sənədinin köməyilə Fərəc ağanın fəaliyyəti və varisləri ilə bağlı axtarışlar apardıq.

Fərəc ağa 1827-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra  Rusiya ordusunda hərbi xidmətə qəbul edilmişdir. Abbasabad qalasının hərbi komendantının işlər müdiri vəzifəsində çalışmışdır.

Rusiyanın hərbi xadimi Nikolay Muravyovun xatirələrində belə bir qeyd var: "Ehsan xanın qardaşlarından biri olan Fərəculla bəy 16-17 yaşlarında bir gəncdir. Ona Naxçıvanı idarə etmək tapşırılmışdır..." Bu qeydlərin 1827-ci ildə yazıldığını nəzərə alsaq, onda demək olar ki, Fərəc xan (sənədlərdə Fərəculla xan) təxminən 1810, yaxud 1811-ci ildə Naxçıvan şəhərində I Kalbalı xanın ailəsində anadan olmuşdur. Bu isə 1831-ci ilin kameral siyahısı ilə düz gəlmir. Çünki orada onun 25 yaşı qeyd edilib. Deməli, Muravyov öz xatirələrində onun yaşını düz yazmayıb. Fərəc xanın anası sənədlərdə İmmi Şərəf xanım kimi qeyd edilib. Muravyovun yazdığına görə, Fərəc xan 1827-ci ildə Rusiya imperiyasında xidmətə başlayır. Həmin illərdə hərbi komendantın (Qalabəyinin) qərargahı Abbasabad qalasında yerləşirdi. Fərəc xanın da vəzifəsi hərbi komendanta tabe idi. 1828-1829-cu illərdə Fərəc xan (çox vaxt sənədlərdə o, Fərəc ağa kimi də yazılıb) Rusiya-Türkiyə müharibəsində iştirak edib və orada rus şairi A.S.Puşkinlə də tanış olub. 1831-ci ildə Rusiya ordusunun tərkibində Dağıstana gedən ekspedisiyanın tərkibində vuruşub. Elə həmin ildə ona kapitan hərbi rütbəsi verilib. Sonralar mayor hərbi rütbəsi ilə təltif edilən Fərəc xan 4-cü dərəcəli Müqəddəs Vladimir ordeninin (bantla birlikdə) də sahibi olmuşdur. Rusiya hökuməti ona ildə gümüş pulla 250 rus rublu məbləğində təqaüd də təyin edir. Bir müddət, təxminən 1830-1840-cı illərdə Kəngərli süvarilərinə komandirlik etmişdir. 1840-cı ildən sonra komandirliyi onun böyük qardaşı I Ehsan xan aparmışdır. 1831-ci ilin məlumatına görə, Qoşadizə kəndinin torpaqlarının yarısına sahiblik etmişdir. Sənədlərdəki məlumata görə, onun əkin sahəsi 8 verst, 350 xalvar olmuşdur.

Azərbaycan Respublikasının Tarix Arxivində saxlanılan bir sənəddə onun həyat yoldaşının Pərizad xanım (1811-ci ildə doğulub - 1831-ci ildə vəfat edib) olduğu yazılıb. Ancaq Rusiya Dövlət Tarix Arxivinin (Sankt-Peterburqda) fondlarından tapılan sənəddə də onun daha üç həyat yoldaşının da olduğu məlum oldu. Onlar Fatma xanım, Şərəf xanım və Manica xanım kimi qeyd ediliblər. Fərəc xanla adları yuxarıda çəkilən xanımların nikahından Əliqulu xan, Cəlil xan, Kiçik Bəyim xanım, Nəsrulla xan və Əsədulla xan adlı övladları dünyaya gəliblər. Hələlikdə tapılan sənədlərdə onların adları qeyd edilib. Biz Naxçıvan xanlarının şəcərəsini hazırlayanda məlum oldu ki, onun varislərindən hazırda Naxçıvanda və Bakıda yaşayanlar vardır. Əliqulu xanın Zəhra bəyim, Çöhrə bəyim, Həcər bəyim və Şövkət bəyim adlı qızları olub. Hacı Nəsrulla xan Naxçıvan mahalının Qarabağlar kəndində yaşamışdır. O, 1853-1856-cı illərdə baş verən Şərq müharibəsinin (Krım müharibəsi) iştirakçısı olmuşdur. Həmin müharibədə İrəvan dəstəsinin tərkibində olan Bəy drujinasının komandir müavini vəzifəsini daşımışdır. "İgidliyə görə" qızıl medalı ilə mükafatlandırılan Nəsrulla xan Məkkəyə ziyarətə gedəndən sonra Hacı Nəsrulla xan kimi tanınıb. Əshabi - Kəhf mağara ziyarətgahının yaxınlığındakı Haçaparaq kəndində məscid tikdirmişdir. 1865-1867-ci illərdə Naxçıvan Bəy komissiyasının üzvü olmuşdur. Atası Fərəc xanın vəfatından sonra anası, bacısı və qardaşları ilə birlikdə onlara məxsus mülkləri idarə etmişdir. Onlara məxsus kəndlərin adları sənədlərdə aşağıdakı kimi qeydə alınıb (Rusiya Dövlət Tarix Arxivində): Qarabağlar (illik gəlir 100 gümüş rubl), Acı (50 rubl), Qabıllı (50 rubl), Tənənəm (25 rubl) və Qoşadizə kəndinin yarısı. Onun oğlunun da adı Fərəc xan olmuşdur. Sankt-Peterburqdakı arxivdə varislərin tərtib etdikləri şəcərədə adı II Fərəc xan kimi yazılıb. II Fərəc xan oğlu Mustafa xanla birlikdə Makı xanları ilə qohum olduğu üçün, 1934-cü ildə bolşeviklərin təqibindən yaxa qurtarmaq üçün Makıya getmişdir. Sonralar Türkiyədə yaşayıblar.

Fərəc xanın oğlu Əsədulla xan Naxçıvan şəhərində yaşamışdır. 1853-1856-cı illərdəki Krım müharibəsində iştirak etmişdir. Müsəlman süvari polkunun naibi olmuşdur. "İgidliyə görə" qızıl medalı ilə təltif edilmişdir. O, Novruz ağa Kəngərlinin qızı ilə ailə qurmuşdur. Onun bu nikahdan Süleyman xan, Məmmədağa xan, Maqsud xan və Xəncər xan adlı övladları dünyaya gəlmişdir. Xəncər xanın Heydər xan, Maqsud xanın Məhbubə xanım, Hacıbəyim xanım, Qonça xanım, Tuba xanım (yazıçı Eynəlı bəy Sultanovun arvadı) adlı qızları və Əsədulla adında oğlu olub. Məmmədağa xanın oğlanlarından Teymur xanın, Nəsrulla xanın, Qəzənfər xanın və Mahmud xanın adları sənədlərdə qeyd edilib. Onu da deyək ki, Qəzənfər xanın oğlanlarından İzzət və Fərəməz Azərbaycanın tanınmış alimləri olublar. Onlar ana babalarının adı ilə bağlı Maqsudov soyadını daşımışlar. Nəsrulla xanın Heydər xan, Əhməd xan, Xəlifəqulu xan və Fərəc xan adlı oğlanları və Fatmanisə bəyim adlı qızı olmuşdur.
 
Onların varislərindən hazırda Naxçıvanda yaşayanlar vardır. Teymur xanın Ənvər xan və Küşvər xanım adlı övladları Sirab kəndində yaşamışlar. Cəlil xanın Əli xan, Xəlifəqulu xan, Məhəmməd xan, Əhməd xan, Heydər xan adlı övladlarının adlarına kameral siyahılarda rast gəldik. Xəlifəqulu xanın oğlu Cəmşid xan 1934-cü ildə Makıya mühacirət edib.

Cəlil xanın oğlu Məhəmməd xan (bəzi sənədlərdə Məmmədqulu xan da yazıblar) Rusiya ordusunda hərbi xidmətdə olmuşdur. O, Əlahəzrətin (yəni Rusiya çarının) mühafizə dəstəsində silahdaşıyan olmuşdur. 1865-ci ilin mayın 6-da yazılan sənəddə onun yaxşı hərbçi olması haqda məlumat var. Həmin ilin 14 sentyabrında yunker hərbi rütbəsini alır. 4 illik hərbi xidmətini başa vurduqdan sonra, yəni 21 avqust 1869-cu ildə polisdə praporşik vəzifəsində xidmətə başlayır. Gümüş medalla təltif edilən Məhəmmədqulu xan 1877-1878-ci illərdəki rus-türk müharibəsində iştirak etmişdir. İrəvan qeyri-nizami süvari polkunda yüzbaşı olmuşdur. Bəyazid qalasında yaxın qohumu İsmayıl xan Naxçıvanski ilə birlikdə 23 gün mühasirədə qalmışdır. Axırıncı hərbi rütbəsi kornet olmuşdur. Yeri gəlmişkən, mayor Fərəc xanın bütün varisləri 1867-ci ildən Kalbalıxanov familiyasını daşımışlar. Onlar uzun illər Qarabağlar kəndində yaşamışlar. Deyilənə görə, bəzi mülkləri indiyədək həmin kənddə qalmaqdadır.

Kalbalıxanovlar hamısı Kəngərlilərdir. Çünki ulu babaları I Kalbalı xan Kəngərlidir. Mayor Fərəc xanın nəsil ağacı ətraflı tədqiq edilmədiyindən onlar haqqında az yazılıb. Bunları nəzərə alaraq azacıq da olsa ətraflı məlumat vermək istədik. Gürcüstan Milli Arxivində onun Gürcüstan-İmerti qubernatoruna yazdığı ərizəni tapdıq. Orada ona məxsus möhürün də təsdiqi vardır. Axtarışlar zamanı I Kalbalı xanın oğlanlarına məxsus (atadan qalma miras kimi) 33 kəndin siyahısına da rast gəldik. Daha doğrusu, bu siyahı hökumət tərəfindən təsdiqlənib. Fərəc xan Kəngərli 1847-ci ildə, 41 yaşında Naxçıvanda vəfat etmiş və İmamzadəyə bitişik Naxçıvan xanlarının məqbərəsində dəfn edilmişdir.

 





05.03.2020    çap et  çap et