525.Az

“Ustad”ın mart sayı


 

“Ustad”ın mart sayı<b style="color:red"></b>

Ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 34-cü sayı dərc olunub. 

Dərginin redaktoru Səbuhi Şahmursoyun “525”ə verdiyi məlumata görə, 34-cü sayda müxtəlif məzmunda araşdırmalar, esselər, hekayə və şeirlər, müsahibələr, eləcə də digər sənət yazıları yer alıb. 

Jurnalın bu sayı baş redaktor Şəmil Sadiqin “Teatrımızın dirilişi” yazısı ilə başlayır. Məqalə İlqar Fəhminin “Mənəm, mən...” mistik-psixoloji dramı əsasında YUĞ teatrının hazırladığı tamaşa haqqındadır. 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə müsahibədə müasir kitabçılıq, mədəni tədbirlər fonunda kitaba maraq, regionlarda kitab oxuma həvəsi və s. haqqında danışılıb.  

Həmçinin filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın Dino Busattinin “Tatar çölü” romanı haqqında yazısı da oxuculara təqdim olunub. 

Şair, tərcüməçi Səlim Babullaoğlunun “Noyabr gündəliyi” də “Ustad”ın bu sayında yer alıb. 

Azərbaycan mühacirətinin ən görkəmli nümayəndələrindən olan Süleyman Təkinərin sovet tənqidi haqqında 1959-cu ildə Almaniyada çap olunmuş məqaləsi Azərbaycan dilinə uyğunlaşdırılaraq dərc edilib. Məqalədə sovet tənqidçilərinin Rəsul Rza yaradıcılığına münasibəti qabardılır.  

Jurnalda müasir türk ədəbiyyatından Hakan Bıçakıçının hekayələrini filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirovanın tərcüməsində tanış olmaq mümkündür. 

Bölgələrdə son illərdə yaranan ədəbiyyatın janr və forma müxtəlifliyi, toxunulan mövzular və s. barədə Nizami Hüseynovun “Bölgələrdə nədən yazılır?” məqaləsində məlumat verilib. 

Pərvinin tərcüməsində Aykut Ərtoğrulun “Dünyanın ən qəzəbli hekayəsi”, Camal Şakarın “Bəzən gələcək gəlməz”, Güray Süngünün “İşıqlı baş”, Nəcib Tosunun isə “Balaca Bərivan”, Ceylan Mumoğlu tərcüməsində isə Səid Faiq Abasıyanıqın “Açıq səma altında otel” hekayələri maraq doğuran mətnlər arasındadır. 

Kinoresenziya rubrikasında Kamran Şeyxzamanlı Con Lennonun ölümündən bəhs edən “27-ci hissə” filmi haqqında yazıb. Filmdəki “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə qəhrəmanın taleyi arasındakı paralellər şərh edilib. 

Şeir rubrikasında Emin Pirinin, Orxan Yaşarın və Vasif Zöhraboğlunun şeirləri dərc olunub. 

Bundan başqa, Fərid Məmmədovun “Uçmağı öyrənmək” və Uraqanın “Qurban” eksperimental hekayələri dərgini bəzəyir.  

Eyyub Məmmədovun “Finişdən o yandak həyat” essesi Salam Sarvan yaradıcılığına həsr olunub. 

Dərginin sənət rubrikasında “Kubizm – inteqrativ sənət” haqqında araşdırma yazı verilib. Rəssamlıqda kubizmin doğuluşu, əsas nümayəndələri və digər sənət sahələrində təzahürü barədə araşdırmanın müəllifi Nizami Hüseynovdur. 

Artıq bir neçə saydır ki, davam edən “Kitabını göstər – kitabla fotosessiya” rubrikasını bu dəfə model Nur Hüseynova təqdim edib.

Cavid QƏDİR

 





05.03.2020    çap et  çap et