525.Az

Tanıyaq və tanıdaq: Ruqəyyə Əbdili (Sazaq)


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Ruqəyyə Əbdili (Sazaq) </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tan
ıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Ruqəyyə ƏBDİLİ (SAZAQ)

1975-ci ildə Maku şəhərinin doğu tərəfində yerləşən Hüseynəli kəndində dünyaya göz açıb. Uşaqlıq çağlarından şeirlə maraqlanmağa, poeziya ilə nəfəs almağa başlayıb.

1995-ci ildən ciddi olaraq ədəbiyyat dünyasına ayaq basıb. "Ürəyimdə qalan boş yeri" adlı ilk şeir kitabı işıq üzü görüb.

"Yağışlı sevgi" adlı ikinci şeir kitabı isə yaxın vaxtlarda nəşr olunacaq.

***

Bu elin ürəyi döyündükcə, mən
Ürəyə dönürəm, elə dönürəm.
Qeyrətlə, namusla öyündükcə mən,
Bir coşqun bulağa, selə dönürəm.

Yoxsulluq əliylə qeyrət öləndə,
Nadanlar aqilə yersiz güləndə,
Yetimin acısı bağrım dələndə,
Qatlanıb bükülmüş belə dönürəm.

Amandır vurmasın namərdin əli,
Ağzımda gəzməsin özgənin dili,
Mürgülü insanı ölüdən ölü,
Görəndə sazağım yelə dönürəm.

***

Tüstüsü burnumdan ötür,
Bu acını udammıram.
Nələr çəkdirir başıma,
Nə yazıq, unudammıram.

Öyüddən keçibdir işim,
Məzarımı verin, deşim.
Od yoxdur - cızhacız bişim,
Düşdüyüm odu danmıram.

Sınmaqdayam budaq-budaq,
Sızıldadır canı sazaq,
Bu yuxunu xeyrə yozaq,
Bundan artıq budanmıram.

***

Ürəyimdə qalan bomboş yerini,
Rəhnə də vermirəm, satıram indi.
Darısqal anlarda, darıxan çağda,
Daha ağlamıram, yatıram indi.

Nə  gündüz günüm ol, nə gecə ayım,
Söyləmə "dünyada yox mənim tayım",
Bəlkə o gözlərdə yox imiş payım,
Həsrəti giləmə qatıram indi.

Bu dodaqlar pıçıldamır adını,
Unudubdur şirin dilin dadını,
Öyrənmədim sevdalıq savadını,
Eşqin batlağına batıram indi.
Körpə yetim kimi çağlamıram mən,
Səni xatırlayıb ağlamıram mən,
Bəxtimin qapısın bağlamıram mən,
Söküb çərçivəsin atıram indi.

Qayıdıb obaya sazağı alma,
Bir də aramıza araçı salma,
Verdiyin çörəyi başıma çalma,
Özüm bişirirəm, satıram indi.

***

Yaşaya bilmirsən, məni yaşama,
Alıbsan canımı, daha boşlama,
İllər sən yaşadın, qəlbim boş amma,
Bu yasaq sevgini bitir, qoy gedim,
Məndən gözlərini götür, qoy gedim.

Nazımdan naz alır ala gözlərin,
Çırpınır gözümdə qala, gözlərin,
Yalvardım ömürlük qala gözlərin,
Qalmadın, sonuna yetir, qoy gedim,
Məndən gözlərini götür, qoy gedim.

Özümdən çıxmışdım, özüm deyildim,
Sevgindən mələyib özüm əyildim,
İçimdə sızlayıb qəmlə yeyildim,
Tuturmu ürəyin? Atır! Qoy gedim,
Məndən gözlərini götür, qoy gedim.

Gözümü yolların əllərindən al,
Ətrimi bağçanın güllərindən al,
Günümü yaşayıb illərindən al,
Sazaqsız izləri itir, qoy gedim,
Məndən gözlərini götür, qoy gedim.

***

Göz dikirəm bu dünyaya,
Hərə gəzir öz içində.
Danışmağa ar eyləyən,
İndi axır söz içində.

Günü gündən qara gələn,
Püşkü dustaq dara gələn,
Sağ-salamat yara gələn,
Girib qalır bez içində.

Bu yollardan kim sovuşub,
Bax kimlərə kim qovuşub,
Kim ağlayıb kim ovuşub,
İz seçilir iz içində.

Gözlər gözə naz baxardı,
Dost əlini dost sıxardı,
Haçan yarı yar yıxardı,
Gözlər qalıb duz içində.

Ruhun səni bəyənmirsə,
Sözlərini deyəmmirsə,
Sənə boyun əyəmmirsə,
Çarə yoxdur, döz içində.

Sevgisinə düz olanlar,
Eşq odunda qovrulanlar,
Sazaq kimi sovrulanlar
Yalqız qalıb yüz içində.

***

Yoxsul evə gedən ayaq,
Əllərini boş aparma,
Yıxılmış o dam üstünə,
Səni, Tanrı, quş aparma.

Yıxılsaq da zaman-zaman,
Yurdumuzu alsa duman,
Könül-könül sevgi uman,
Ürəyində daş aparma.

Əllərin tutsa bir əli,
Qayğı n olsun el təməli,
Pay tutginən yer-yeməli,
Yağı süzmüş aş aparma.

Hər gözəlin bir eybi var,
Nəcabətli yara yalvar,
Yanağında xalı var! Var,
Gözdən iraq qaş aparma.

Ürək dolu usanmışıq,
Varı-yoxu talanmışıq,
İllər boyu aldanmışıq,
Nəmli gözə yaş aparma.

Kəssən əlin, ayaqların,
Sındırsan da dayaqların,
Yatıb sazaq, oyaqların,
Kəsmə dilin çaş aparma...

 





06.03.2020    çap et  çap et