525.Az

Milli dövlətçilik tariximizin təbliği yönündə uğurlu addımlar - Şahanə Müşfiq yazır


 

Milli dövlətçilik tariximizin təbliği yönündə uğurlu addımlar - <b style="color:red">Şahanə Müşfiq yazır</b>

Dövlətin əsas atributlarından biri də bayraq və gerbdir. Bayrağı və gerbi olan dövlət var olmuş sayılır. Daha dəqiqi bir ölkənin dövlətçilik ənənələrinin hardan başladığını və hansı zaman kəsiyində davam etdiyini öyrənmək üçün onun bayrağı (və gerbi) araşdırılır.

Azərbaycanda bu sahədə uğurlu imza olaraq Beynəlxalq Muzeylər Şurasının (İCOM) tərkibində İCOMAM (Hərbi tədqiqatlar yönümlü) Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB-nin sədrinin birinci müavini, İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlovu misal göstərə bilərik. O, artıq uzun müddətdir ki, özünün Azərbaycan tarixinə aid xarici dövlətlərin axrivlərində, fondlarında apardığı elmi tədqiqatları və tutarlı məruzələri ilə ölkəmizi müxtəlif beynəlxalq konfranslarda təmsil edir, Azərbaycan dövlətçilik tarixinin qədimliyini təsdiq edən apardığı araşdırmalar və tarixi faktlarla dünyaya təqdim edir.

Pərvin Gözəlovun qatıldığı son belə beynəlxalq konfrans isə fevralın 20-22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajı muzeyində keçirilib. Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının və Dövlət Ermitajının təşkil etdiyi "Heraldika: Tədqiqat və təcrübə" adlı beynəlxalq elmi konfransda, rəsmi dəvət əsasında bayraqşünaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlovun "Rusiya İmperiyasının tərkibində Azərbaycan şəhərlərinin mahal və quberniyalarının gerbləri" adlı elmi məruzəsi dinlənilib. Tədbirdə nüfuzlu, aparıcı heraldika sahəsi və dövlət rəmzləri üzrə alimlər və mütəxəssislər iştirak etmişlər.                

Keçirilmiş konfrans və məruzəsi ilə bağlı daha geniş bilgi almaq üçün Pərvin Gözəlovla görüşüb söhbət etdik. O, fikir və təəssüratlarını bölüşərək dedi: "Dövlət Ermitaj muzeyi ilə doktorantura təhsilimin birinci ilindən elmi səviyyədə münasibət yaratmışam. Dövlətçilik tariximizin tədqiqində bayraqşünaslıq mövzusu mənim dissertasiyamın əsas hissəsidir. Bu mövzu Azərbaycanda ilk mənim dissertasiya işim olduğundan çalışdım ki, qonşu xarici ölkələrdə də araşdırmalar aparım. Bunun üçün də əsas ünvan bizə ən yaxın olan Rusiya Federasiyasıdır. 2007-ci ildən onlarla əlaqə saxlayıram, Ermitajdakı elmi tədqiqatlarımı öz dissertasiya işimdə də istifadə eləmişəm. Bu günə kimi, demək olar ki, hər il Rusiya Federasiyasının Dövlət Ermitajından rəsmi dəvətlə bir neçə tədbirə qatılmışam. Səfərləri özhesabıma həyata keçirirəm.

Qeyd edim ki, son dövrdə Rusiya Federasiyasında Azərbaycan dövlətçilik tarixinə aid heç bir elmi tədqiqat işi aparılmayıb. Belə ki, axırıncı dəfə Azərbaycan dövlətçilik atributlarına aid belə bir hadisə 1925-ci ildə Tarix Muzeyinin direktoru Davud Şərifov tərəfindən həyata keçirilib. Daha əvvəl Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın tarixi atributlarının öyrənilməsi ilə bağlı qaldırdığı ideya Cümhuriyyət süquta uğrayandan sonra gerçəkləşməmiş qalıb. Azərbaycan Respublikası SSR-nin tərkibinə daxil edildikdən sonra isə Davud Şərifov bu işi davam etdirmiş, Gürcüstandan Azərbaycana 13 xanlığın bayrağını, xana aid tuğ və qala açarları gətirmişdi. 2015-ci ildə isə mən Azərbaycanın Dövlətçilik tarixinin mühüm hissəsi olan Naxçıvan xanlığına aid üç bayrağı Sankt-Peterburq şəhərində yerləşən Artilleriya Hərbi-Tarix, Mühəndis və Rabitə Qoşunları Muzeyinin fondunda aşkara çıxardım".

P.Gözəlovun sözlərinə görə, XIX əsrin əvvəllərində, Rusiya-İran müqavilələrinin ardınca, keçmiş Azərbaycan xanlıqlarının hər biri öz gerbi olan iki bölgənin - "Xəzər" və "Gürcüstan-İmereti"nin bir hissəsinə çevriliblər. 1843-cü ildə I Nikolay Xəzər vilayətinin, 1878-ci ildə II Aleksandr Bakı, İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının gerblərini təsdiqləyiblər: "Məruzəmdə bütün bunlar barədə, eləcə də Sovet hakimiyyəti qurulandan sonra Azərbaycanın qərb torpaqlarında Ermənistan Sovet Respublikası yaradıldığı barədə məlumat verdim. Məruzə zamanı fotoslaydlardan istifadə etdim. Tədbirin müəyyən edilmiş reqlamenti məhdud olduğundan daha çox danışmaq, daha artıq faktları nəzərə çatdırmaq mümkün deyildisə də, ən əsas məqamları qeyd etdim və gördüm ki, məruzəm konfrans iştirakçılarının yüksək marağına səbəb olub. Fikirlərimə qarşı heç bir etiraz olmadı. Çünki tutarlı faktlar əsasında sübut etdim ki, o dövrdə bu ərazilərdə Ermənistan adlı bir dövlət olmayıb. Ermənilər bura köçürülmə siyasəti nəticəsində gəlib və Azərbaycan torpaqları hesabına özlərinə dövlət qurublar. İştirak etdiyim beynəlxalq elmi konfranslarda isbatlamağa çalışıram ki, Azərbaycan bu problemə, Ermənistandan fərqli olaraq, mövcud faktlar əsasında, obyektiv şəkildə yanaşır. Arxiv materialları onsuz da hər şeyi deyir. Konfransdan sonra Rusiyanın dövlət media agentlikləri bu tədqiqatlarla bağlı məndən müsahibə də aldılar. Orda da faktları diqqətə çatdırdım".

Fevralın 21-də isə azərbaycanlı alim Sankt-Peterburq şəhərindəki Artilleriya Hərbi-Tarix, Mühəndis və Rabitə Qoşunları Muzeyində keçirilən, faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr edilmiş "Böyük Qələbənin Silahları" adlı sərgisinə dəvət olunub: "Düşünürəm ki, bu tədqiqatlar sayəsində gələcəkdə ciddi elmi və mədəni layihələr həyata keçirilə, Azərbaycanın dövlətçilik tarixi ilə bağlı tədqiqlər sahəsində müəyyən boşluqlar doldurula bilər. Gələcəkdə savadlı, istedadlı gənclərin bu sahədə ixtisaslaşmalarını istərdim. Bu istiqamətdə əlimdən gələn hər bir işi görməyə hazıram".

 





06.03.2020    çap et  çap et