525.Az

“Səbəbi sənsən” kitabından yaz ovqatlı şeirlər - Rəşad Məcid


 

“Səbəbi sənsən” kitabından yaz ovqatlı şeirlər - <b style="color:red">Rəşad Məcid </b>

Qala - Adam

Hər adamın sığınmağa
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası olsun gərək.

Nicat yoxdu bolca vardan -
Hündür divar, dik hasardan!
Adamı daş adamlardan
Qala - Adam alsın gərək!

Bu gələn gözəl, əladı
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə bəladı
Dinsin görək, gəlsin görək!!!

BİR DƏ GƏLMƏYƏCƏK...

(Bu şeirə Əməkdar artist Xumar Qədimovanın bəstələdiyi və ifa etdiyi mahnı çox məşhurdur. Qadınların sevimlisidir)

Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
nə bu dünyada.

Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən,
Təpəri yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,
nə bu dünyanın.

Qəfil gəlişinlə suç eləmisən
Sənsiz keçən ömrü puç eləmisən
Vurmayıb heç zaman belə qar-yağış
nə mənim dünyamı,
nə bu dünyanı.

Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.

O

(Bu şeirə Xanım İsmayılqızı mahnı bəstələyib)

Baxma ki, sakit dayanıb,
Qəfildən götürər səni!
Qoparıb dostdan, tanışdan
Evindən itirər səni.

Qaldırıb göyün qatına,
Mindirər şahlıq atına.
Dad gətirib həyatına,
Cənnətə yetirər səni.

Əlində yarağın qalmaz,
Dəftərin, varağın qalmaz,
Heç nəyə marağın qalmaz,
İşini bitirər sənin.

Quruyarsan bulaq kimi,
Bezər, doyar uşaq kimi,
Bir qırıq oyuncaq kimi
Qaytarıb gətirər səni!

GƏL

Nəyə lazım artıq zəhmət, əziyyət? -
Orda onu, burda məni tovla gəl.
Adımızı eyni yerdə qeyd elə,
İkimizə eyni mesaj yolla gəl.

... Fikir vermə, zarafatdı sözlərim,
Yenə gülsün, işıq saçsın gözlərin!
Qayıt yenə əvvəlkitək şipşirin,
Dillərində bir şan təmiz balla gəl.

Olan oldu, keçən keçdi, qəzaydı,
Tanrı gərək elə belə yazaydı.
İndi daha beyin açıq, göz aydın,
Geri boylan, vallah qayıt, vallah, gəl.

NƏ FƏRQİ...

(Bu şeirə Aysel Kərim musiqi bəstələyib. Əməkdar artist Gülüstan Əliyeva ifa edib)

Gedirsənsə, nə fərqi var, ya səssiz,
ya sözümü, baxışımı yozub get.
Nə fərqi var, azad burax, çox inan,
ya da yoxla, addımımı pusub get.

Bu sevginin nənnisində biz uşaq,
bitibdisə ha sarmaşaq, qovuşaq.
Fərqi yoxdu, ya candərdi barışaq,
ya da inci, ya da çığır, küsüb get.

Nə iblisim, nə mələyim deyilsən,
ümid dolu gələcəyim deyilsən.
İndən sonra ta gərəyim deyilsən,
fərqi yoxdu, ağlayıb get, susub get.

YAXIN GƏLMƏRƏM

Sel kimi kökümdən qopartdın məni,
Bir də şırnağına yaxın gəlmərəm.
Cadunu canıma yaydı öpüşün,
Odlu dodağına yaxın gəlmərəm.

Sandım gül qoxulu ilk bahar imiş,
Gördüyüm ilğımmış, yayda qar imiş.
Sehrli qoynunda tilsim var imiş,
Sirli qucağına yaxın gəlmərəm.

Qarışdı saçımın qarası, ağı,
Oldu barmaqların rahat darağım.
Bir də barmağına dəyməz barmağım,
Bir də dırnağına yaxın gəlmərəm.

Atdım yaddaşımı nimdaş çarıqtək,
Soyundum sevgimi boz arxalıqtək,
Çırpınıb əlindən çıxdım balıqtək,
Bir də qarmağına yaxın gəlmərəm.

NƏ İDİ?

Gözlərini döyə-döyə baxarlar,
Anlamazlar bu toxunan nə idi?
Yüz qoxunu qovalayan bu ətir,
Bu təzə dad, təzə xanə nə idi?

İşıq səpdin, nurla doldu dağ, dərə,
Min rəng verdin boz-bulanıq günlərə.
Atlananda qırğı kimi kəhərə
Çaşdılar, bu özgə xına nə idi?

Niyyətini gülüşünlə pərdələ,
Qocasını, cavanını fəth elə.
Qəfil yox ol, hamısını tərk elə,
Mat qalsınlar, bu fırtına nə idi?

QİSAS

Adamı göyə qaldırıb
Sonra ki, yerə vururlar.
Elə bir sıfır artırıb
Sonra sıfıra vururlar.

Gedir, qalmır izi, tozu,
Hər gələn bir yerə yozur,
Adını lap başdan pozub
Lap, lap axıra vururlar.

Kündə kimi ovxalayıb,
Əzib, büküb, buxovlayıb,
Qışda buz üstə tullayıb,
Yay vaxtı qıra vururlar.

VAXTIM QALMADI

Ha çalışdım, ha yenə
Çatmadım sən gedənə,
İncimə, bircə dənəm,
Yenə vaxtım qalmadı.

Ümidlə baxdım göyə,
Kaş əqrəblər əriyə,
Kaş saatlar geriyə
Dönə, vaxtım qalmadı.

Vəhşidilər nədilər,
Dənlədilər, diddilər
Vaxtımı da yedilər,
Sənə vaxtım qalmadı.

QAYIDIR

Yenə nəğmələr qayıdır, -
Hər sətri səs-səs dirilir,
Damarımda qan tərpənir,
Canımda nəfəs dirilir.

Yadırğadığım o sözlər
Yenə geri dönür bir-bir.
Çoxdan unutduğum hisslər
Gizli-gizli boy göstərir.

Yenə hamıdan gizlicə
Çəkdiyim təlaş qayıdır.
Yenə ürəyimə həsrət,
Gözlərimə yaş qayıdır.

Yenə dünya yaşıllaşır,
Payızın düz ortasında.
Yenə uşağa dönürəm
Ömrümün günortasında.

Taledən ən dadlı töhfə,
Ən ləzzətli bar qayıdır.
Tanrı, insafına şükür,
Yenə də bahar qayıdır.

DÖNDÜM

Səndən qıraqda həyat yox,
Desələr də vardı - döndüm.
Qaçdı ağzımın ləzzəti,
Damağımın dadı, döndüm.

Nə cadular, nə ovsunlar,
Gücləri yox, saxlasınlar.
Məni ən gözəl oyunlar,
Əyləncələr yordu, döndüm.

Bir nəfəs qalmadı canda,
Dörd bölündüm darıxanda -
Qol bir yanda, baş bir anda
Mənəm - məğlub ordu, döndüm.

GET

"- Nə olar, qal da bir az
- Burda nə var ki, qalım".

(Bu şeirə Əməkdar artist Tünzalə Ağayeva mahnı bəstələyib, özü də ifa edib)

"Sağ ol" demə, vida etmə,
Zamandısa, vaxtdısa, get.
Getməyinin gərəkliyi
Qalmağından çoxdusa, get.

Bir mən qalım, bir dərd-sərim,
Hədər oldu çəkdiklərim.
Pıçıltıyla dediklərim,
Yaddaşından çıxdısa, get.

Qaysaqlanar yenə yaram,
Sızlamaram, ağlamaram
Səni yoldan saxlamaram -
Soldusa get, sağdısa get.

Bir sözünlə mənalıydı,
Gülüşünlə mənalıydı.
Mənə sənlə mənalıydı
Sənə məna yoxdusa, get.

SƏNƏ GÖRƏDİR - SƏBƏBİ SƏNSƏN

(Bu şeirə Əməkdar artist Xumar Qədimova musiqi bəstələyib, adını da "Səbəbi sənsən" qoydu. Özü də ifa etdi. Mən də kitabın adını şeirin yeni adıyla adlandırdım)

Özümü hamıdan güclü sanmağım,
Durduğum yerdəcə qanadlanmağım,
Mənim sevinməyim, ya şadlanmağım
Hamısı, hamısı sənə görədir.

İndi ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın
Sınıq taleyimin, bağlı baxtımın
Açılan qapısı sənə görədir.

Qalmayıb qəlbimin daha gileyi,
Qəmli çəmənimin açıb çiçəyi
Payızın ortası yazın gəlməyi -
Bu bahar havası sənə görədir.

Ancaq uçulur dam - sən olmayanda
Dərdə dözmür adam sən olmayanda
Hamını sancıram sən olmayanda
Ruhumun davası sənə görədir.

***

Sənsiz qaldım, qəlbimin
Artdı qəmi - darıxdım.
Yanına qayıtmağın
Yetdi dəmi - darıxdım.

İnsafı yox gecənin
Qərib, soyuq gecənin
Oyanaraq gecənin
Bir aləmi - darıxdım.

Yer sıxdı birdən-birə,
Dərd axdı birdən-birə
Darıxdım birdən-birə
Vəhşi kimi darıxdım.

 





07.03.2020    çap et  çap et