525.Az

Qadın olmağın bədəli... - Türkan Turandan yeni yazı


 

Qadın olmağın bədəli... - <b style="color:red">Türkan Turandan yeni yazı </b>

Hər kəs təlaşlı idi. Polislər, təcili yardım səhərin erkən saatlarında özünü cinayət baş verən əraziyə çatdırmışdılar. Mənim kimi sağlamlıq naminə qaçanlar isə ayaq saxlayıb nə baş verdiyini anlamağa çalışırdılar. Ayrı vaxt olsa, başqaları kimi marağım daha üstün gələrdi, tez qaçıb cəsədə tərəf boylanar, hərədən bir söz soruşaraq nəsə öyrənməyə çalışardım. Artıq o günləri xeyli vaxtdır, geridə qoymağı bacarmışdım. Qərar vermişdim, dibə çəkmə potensialı olan heç bir hadisənin və şəxsin bir addımlığımdan belə keçməyini istəmirdim.

Elə bunu bir daha özümə xatırladaraq həm nəfəsimi dərmək, həm də su içmək üçün cinayət yerindən səkkiz-doqquz metr aralıdakı oturacaqda əyləşdim. Oturacağın o biri ucunda qollarını bir-birinə çarpazlayıb, yayılmış vəziyyətdə arxaya söykənən, donuq üzlü, gümüşü saçlı bir kişi vardı. Gözünü mənimlə eyni istiqamətə - adamların toplandığı nöqtəyə zilləmişdi.

Elə bil, gəlişimi gözləyirdi. Uzaqdan gələn uğultunu onun qulağa xoş gələn səsi pozdu: "Bir çox cinayətlərdə görünən vəziyyətdir. Bəzi qatillər bunu "insanlıq naminə" deyilən səbəblərdən edirlər".

Səsi nə qədər həlim olsa da, danışığı o qədər ürküdücü idi. Baxışları sanki havadan asılı qalmışdı. Göz qapaqlarını belə qırpmırdı.

Suyun qapağını bağlayıb yanıma qoydum, işimin bitdiyini anlayaraq danışmağa davam etdi: "Ölüm döşəyindəki xəstələri öldürən həkimlər, küçədəki dilənçini öldürən güclülər, reabilitasiya mərkəzində fiziki məhdudiyyətli şəxsləri öldürən baxıcılar var. Elə bilirlər ki, onları öldürməklə xilas edirlər, canlarını bu dünyanın əzabından qurtarırlar".

Nə edəcəyimi bilmədim, götürüb suyu yenidən açıb başıma çəkdim. Bu vaxt çaşqınlıqla dərindən nəfəs aldım, suyun boruya getməsindən son anda qurtuldum. Oturacaqdan aşağıya əyilərək ağzımdan, burnumdan su, gözümdən yaş gələnə qədər öskürdüm. Bir az sakitləşdikdən sonra qızarmış halda başımı qaldırıb oturacağın o biri ucundakı müəmmalı kişiyə baxdım. Zərrə qədər narahatlıq keçirmədən, necə vardısa eləcə oturub eyni istiqamətə baxırdı.

"Bir müddət öncə yenə belə bir hadisə olmuşdu", - dedi və davam etdi: "Bilirsən, orada başına toplandıqları qurban ərini tərk edən qadın idi".

Artıq ondan qorxmağa başladığımı hiss edirdim. Bəlkə də həmin an bir qatillə yan-yana oturmuşdum. Bunu düşünmək belə ürəyimin döyüntüsünü getdikcə artırırdı. Qorxumdan qalxıb gedə bilmirdim, bəlkə də şokdadır, birdən hücum edib məni də öldürər, deyə ehtiyat edirdim. Özümdə fərqində olmadan "Ərindən ayrıldığını haradan bilirsiniz" - soruşdum.

"Məndən qorxmaq lazım deyil" - cavab verdi.

Deməli, gərginliyimi çox bəlli etmişdim. Bu dəfə bir az daha sakit şəkildə "qorxmuram" dedim.

"İstəsələr o cinayəti aça bilərəm" - söylədi. Deyəsən, özünə sərf edən sözlərə cavablar verir, digərlərinə isə əhəmiyyətsiz yanaşırdı.

"Birini yaxalamaq istəyirsənsə, əvvəlcə onun nə düşündüyünü öyrənmək lazımdır" - deyə davam etdi.

- Yəni cinayətkarın izini müəyyən edəcəyinizi deməyə çalışırsınız?

- Daha sözüm bitməyib.

Birtəhər dilimi dinc saxlayıb söhbətin gedişatına kökləndim.

- İllər əvvəl səkkiz qadın öldürülmüşdü. Sonra da qeybə çəkilmişdi. Cinayətin necə baş verdiyini nə görən olmuşdu, nə bilən. Bu günün özündə də həmin şəxsin kimliyini ortaya çıxartmaq üçün çalışan xüsusi dedektivlər var. Bir başqa cinayətdə isə qatil 4 ay içərisində beş nəfəri öldürmüşdü.

- Səbəb nə idi?

- Xəyanət!

- Sizcə də, bu, məntiqsiz deyil?

- Ekspertizanın rəyinə əsasən, qadınların hamısının sevişdikdən sonra, özlərini çox xoşbəxt hiss etdikləri anda öldürüldüyü məlum olmuşdu. Uzun araşdırmalardan sonra belə ehtimal etdilər ki, qatil içində olan hirsin, yarımçıqlığın, məğlubiyyətin acığını başqalarından çıxır.

- Niyə ona xəyanət edəndən deyil, məhz başqalarından?

- Çünki onu sevirdi.

- Məncə, bu, axmaq bəhanədir. İndi deyirsiniz ki, altı qadını öldürən adam bir qadının qarşısında acizdir?

- Hər kişi bircə qadının qarşısında aciz, zəif və gücsüzdür!

Birdən içimdəki getmək hissinin yox olduğunu hiss etdim. Beynimdə milyon fikir bir-birini qovurdu. Yenə danışmağa başlayanda bütün diqqətimi onu dinləməyə yönəltdim.

- Əslində, dəhşətli cinayət törədən insanların qatil olduğunu müəyyən etmək mümkün deyil. Onlar hər kəs kimi səhər durub idmanını edən, yeməyini yeyən, qəzetini oxuyan, işinə gedən sadə insanlar olurlar. Çox vaxt onların cinayət törətmək üçün ciddi səbəbləri olmur. Məsələn, gülərək, sığallayaraq, oxşayaraq öldürə bilirlər. Mətbuat isə belə insanlara ən təhlükəli ləqəbləri sırıyıb, necə vahiməli olduqlarını tirajlayır. Dəhşətli bir ab-hava yaradır, bütün qatı cinayətləri onlara yükləyirlər.

- Haqsızdırlar?

- Bəlkə də, yox! Amma cəmiyyəti çaşdırır, həqiqətdən uzaqlaşdırırlar.

- Bəs, nə vaxt dayanırlar?

- Təsadüfən ələ keçənə qədər... Amma bu, çox vaxt mümkün olmur, tezliklə yox olurlar.

- İstədikləri nədir?

- Əslində, heç nə! Onlar üçün ilk cinayət hirs, sonrakılar məşğuliyyətdir.

- Niyə məhz qadınlar?

- Onlardan daha güclü səbəb olmadığına görə...

- O qadını siz öldürmüsünüz?

Bayaqdan bəri ilk dəfə bədənini

hərəkət etdirdi. Yayıldığı yerdən özünü toplayaraq oturdu. Gözlərini gözlərimə dikdi, "yanılırsan" dedi.

Ürəyimə rahatlıq gəldi, bu cür iti zəkası olan adama qarşı şübhələrimin yersiz olduğunu öyrəndiyim üçün bir anlıq dərindən nəfəs aldım.

Yenidən sözünə davam etdi və "Mən sadəcə, onu xilas etdim" - deyib sözünü, cümləsini tamamladı!..

 





07.03.2020    çap et  çap et