525.Az

"Mələk Səmanın sevdalı dünyası" işıq üzü görüb


 

"Mələk Səmanın sevdalı dünyası" işıq üzü görüb<b style="color:red"></b>

Xalq yazıçısı İsa Muğannanın nəvəsi, orta məktəb şagirdi Səma Muğannanın ilk kitabı işıq üzü görüb.

"Mələk Səmanın sevdalı dünyası" adlanan kitab "Müəllim" nəşriyyatında çap olunub. Kitabda müəllifin müxtəlif məzmunlu esseləri, nağılları yer alıb.

Kitaba ön sözü Bakı Dövlət Universitetinin dosenti Şəlalə Cəlalqızı yazıb. O, Səmanın nağılları haqqında bunları deyir: "Qeyri-adi fikir və düşüncələri ilə fərqlənən, lakin eyni zamanda, bunları paylaşa bilmək cəsarətinə malik ürəkli, cəsur qızcığazın əsl istedadlara xas olan insanlar kimi sadə, açıq, saf həyat tərzi yaşadığı maddi dünya çərçivəsinə sığsa da, mənəvi aləmi bu hüdudlardan çox-çox üstdə duran bir təbəqənin əbədi qeydiyyatına həkk olunmuş insandır.

Dahi babasının açdığı yolla addımlayan bu balaca istedadımız, ən azından adi insanların görüb duya bilmədiklərini müşahidə edib, yaradıcılıqla məşğul olmaq, hiss etdiklərini ağ vərəqlərə, şagird dəftərlərinə köçürə bilmək qabiliyyətinə malik, zəhmətkeş qızdır. "Böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur" - T.Karleylin bu fikrini mən gözəl yazıçımız İsa Muğannaya aid edərdim.

Güman edirəm ki, böyük yazıçının xələfi olan Səma Muğanna da addım-addım öz babasının qoyub getdiyi cığırla addımlayacaq. Əgər bu gün öz qeyri-adi və maraqlı esseləri ilə insanların marağına səbəb olursa, oxucusunu düşündürə bilirsə, zənn edirəm ki, bu "ilk qaranquş" hesab ediləcək kitabı onun yazıçılığının müqəddiməsi olacaq".

Ön sözü İbrahim Bakıxanovun Səma Muğanna haqqında yazdığı "Ürəklərə köklənən sarı sim" yazısı davam etdirir.

"Mələk Səmanın sevdalı dünyası"nda balaca qızcığazın "Əlvida", "Şeytan", "Paramparça olan qəlblər", "Qəlbimdə olan sirr", "Əbədi sevgi", "Haqq dünyası", "Sadəcə xəyallar", "Mələklər dünyası", "Mənim dünyam", "Babamı xatırlarkən", "Təbiəti yaşadan sevgi", "Xəyallarımın sevdası", "Sevdalılar" və "Kabusdan işığa" esseləri toplanıb.

Şahanə MÜŞFİQ

 





09.03.2020    çap et  çap et