525.Az

150-ci ilə az qaldı... - Məqalə


 

150-ci ilə az qaldı... - <b style="color:red">Məqalə </b>

Dünya xalqlarının teatr tarixinin təcrübəsi sübut edir ki, ayrı-ayrı cəmiyyətlərin siyasi-ictimai, mədəni-əxlaqi ovqatı, buradakı mental-estetik tələbləri müəyyən etməklə həmin sənətin inkişafına təkan verib, yaxud onu ləngidib.

Belə ki, Ellin mədəniyyətinin, Afina demokratiyasının teatrı ilə Roma İmperiya Teatrının formalaşması və fəaliyyət həyatı, sonrakı dövrlərdə, daha doğrusu, yeni eranın ilk yüzilliklərindən başlayaraq müxtəlif xalqların ictimai-mədəni tarixində fərqli şəkildə təzahür tapıb. İntibah dövrünün və sonrakı əsrlərin teatr mənzərəsi də yuxarıda qeyd etdiyimiz baxımdan öz dialektik eniş-yoxuşlarında irəliləyib.

Teatr sənətinin mənsub olduğu cəmiyyətin etno-mədəni mühitində mövcudluq və özünüifadə təşəbbüsləri həmin cəmiyyətin ictimai-estetik ehtiyacları ilə birbaşa əlaqəli olduğu üçün mənəvi-əxlaqi özəlliklərin daşıyıcısı kimi xüsusi əhəmiyyət kəsb edib. Amma bu, hər yerdə eyni şəkildə baş verməmiş, nəticələr də təbiidir ki, müxtəlif cür olub.

Tarixi-mədəni ənənələrin buludlarından aşağı enib "biçarə vətənimizin" (C.Məmmədquluzadə) gerçək həyatına nəzər salıb sidqilə deyək ki, Allah Mirzə Fətəliyə, Mirzə Cəlilə, Mirzə Ələkbərə, Cavid əfəndiyə, Cəfər Cabbarlıya, Üzeyir bəyə, İlyas Əfəndiyevə qəni-qəni rəhmət eləsin, çünki o kişilər çox şeyləri bilirdilər. Onu da bilirdilər ki, mərdliyi, vətənsevərliyi, ləyaqəti öyrənmək olmaz. Çünki o, ana südü ilə gəlir, amma onu itirmək mümkündür. Görəsən, bu gün teatr icmasının az qala unutduğu qocaman dağ misallı Cəfər Cəfərov sağ olsaydı, milli teatr sənətimizin hazırkı vəziyyəti barədə nə deyərdi? Ona bir daha "nihilist" damğası vurulmasından qorxmazdı ki? Qətiyyən! Çünki necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz. Hər şeyin göz qabağında olduğu, faktın faktlığında qaldığı bir məqamda C.Cəfərov kimi təəssübkeş və prinsipial ziyalı alim ağa qara deyə bilməzdi axı... Uzun illər boyu səhnə sənəti sahəsində yaradıcılıq aşınmalarına göz yumub yalanın nəinki ayaq açmasına, hətta yürüməsinə də yardım etməklə teatr işinə vurulan zərər haqqında düşünmək, həqiqət anını yaşamaq məslək və əqidə məsələsidir.

Böyük güzəştlə belə hesab etmək olar ki, gerçəyi hərə bir cür görüb, onu müxtəlif şəkildə dəyərləndirə bilər. Amma hər halda gerçək öz gerçəkliyində qalır. Burası var ki, dürüst dəyərləndirilməyəndə perspektiv baxımdan o, bir sürü fəsadlara yol açır. Mövqelərin müxtəlif olmasının mümkünlüyü məntiqini nəzərə almaq olar, amma bütün hallarda obyektivlik və kompetensiya, eləcə də məslək prinsipləri əsas tutulmalıdır.

Müxtəlif səviyyəli yığıncaqlarda və toplantılarda, hesabatlarda və məruzələrdə milli teatr sənətimizin uğurlarının rəqəmlərdə, faizlərdə ifadə edilməsi, kəmiyyət göstəriciləri şəklində təqdimatı təbii qəbul edilir. Əslində isə, bütün bunlar real faktların təhrif edilməsi, məlumatsız auditoriyada kosmetik uğur təəssüratı yaratmaq cəhdləridir. Çünki əsl həqiqət keyfiyyət göstəricilərinin acınacaqlı dərəcədə aşağı səviyyədə olmasında özünü göstərir. Başqa cür olsaydı, yəni milli teatr sənətinin hesabatlarda yer alan, qəzet və sayt səhifələrini dolduran "uğurları" real mənzərəni əks etdirsəydi, Azərbaycan teatrının səsi ən azı "Bitef", "Edinburq", "Avinyon", "Qızıl maska", "Çexov" festivallarından gələrdi.

Etiraf etmək lazımdır ki, bu gün milli teatr sənəti yaradıcılıq perspektivi baxımdan taqətsiz haldadır. Ordunun əsas göstəricisi onun döyüş qabiliyyətində olduğu kimi, teatr sənətinin başlıca göstəricisi rəqabət qabiliyyətində özünü göstərir. Təhlillər sübut edir ki, milli teatr sənətinin rəqabət potensialı olduqca aşağıdır. Yəni bu gün o, nəinki böyük Avropa teatrları ilə, heç postsovet məkanındakı Qazaxıstan, Gürcüstan, Belarus, Moldova, Tatarıstan, Başqırdıstan teatrları ilə belə rəqabət aparmaq iqtidarında deyil. Halbuki ötən əsrin 60-cı, 70-ci illərinin teatra partiya rəhbərliyi dövründəki konyuktur basqılara rəğmən, o, indikindən qat-qat güclü yaradıcılıq potensialına malik idi. O zamanın teatrı cəmiyyət həyatının ideoloji-mədəni barometri kimi ictimai-estetik ovqata adekvat fəaliyyət göstərirdi.

Məhz həmin illərdə o zamankı Dövlət İncəsənət İnstitutunda bu sahə üçün mütəxəssis kadrların hazırlığı işi indikindən daha yüksək tədris-metodoloji əsaslarla qurulmuşdu, professor-müəllim heyəti yüksək pedaqoji səriştəsi olan sənətkarlardan ibarət idi. Maraqlıdır ki, o vaxtlar İncəsənət İnstitutunda cəmi dörd professor - Cəfər Cəfərov, Adil İskəndərov, Rza Təhmasib, Mehdi Məmmədov (halbuki hazırda burada əlliyə yaxın professorumuz var) çalışırdı. Və o zamankı Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən bu sahənin təhsil konsepsiyası, tədris-metodoloji işi elə qurulmuşdu ki, rejissor, aktyor, teatrşünas, rəssam kadrlarının hazırlanması Boloniya təhsil sistemi əsasında olmasa da, bu işə ciddi qayğı və nəzarət, həmçinin, ictimai-mədəni tələb var idi. O zaman aktyor, rejissor, teatrşünas sənəti cəmiyyətdə indiki təbirlə desək, prestijli sayılır, bu ixtisaslara yiyələnməyə can atan gənclərin axını ildən-ilə artırdı. Elə isə indi, müstəqillik dövründə niyə bu müşahidə edilmir? Teatr prosesi ətalət məfhumu ilə eyniləşir? Bəli, ətalət məfhumu ilə, çünki ayrı-ayrı teatrların fəaliyyəti dövlətin teatr siyasətinin ifadəçisi olaraq vahid teatr orqanizmi kimi yox, olsa-olsa biri digərindən təcrid şəkildə közərən ocaqlar kimi görünməkdədir. Doğrudur, bəzən bu və ya digər teatr kollektivinin ümumi mədəni mənzərədə epizodik təsir bağışlayan səylərinin bədii nəticələri diqqət çəksə də, bir küll halında götürsək, bütöv bədii-təşkilatı, ideya-estetik nəticələr, effektiv göstəricilər müşahidə edilmir.

Ötənlərin səmərəli təcrübəsindən yararlanmaq, əməldə tətbiqinə nail olmaq niyə maraq oyatmır? O zaman təhsil alan tələbələr ali məktəbi bitirdikdən sonra ixtisasları üzrə müəyyən bir işlə təmin olunacaqlarına əmin idilər. İndi belə bir əminlik yoxdur. Obrazlı desək, bu günün ali məktəbi bətnində yetişdirdiyi, dünyaya gətirdiyi insanı taleyin hökmünə buraxıb, onun aqibətinə cavabdehlik daşımır. Bu isə nə az-nə çox, ictimai, mənəvi, psixoloji zədə təsiri verir. Nəticə isə teatr mədəniyyətinin cari həyatında özünü göstərir. Bu günümüzün teatrını ölgünləşdirən səbəblərdən biri də bu ola bilər. Bəlkə elə buna görədir ki, mövcud vəziyyəti törədən səbəblər biri digərindən qaynaqlanır və bu zaman hansının əsas, hansının ikinci dərəcəli olmasını iddia etmək çətindir. Və əslində, bunun bir o qədər də əhəmiyyəti yoxdur. Bununla belə, fikrimizcə, ölkə miqyasında teatrların fəaliyyətinin perspektivə yönələn strategiyasının yoxluğu, teatr siyasətinin məqsədyönlü həyata keçirilməsi işinin, səhnə sənəti sahəsində çalışan kollektivlərin yaradıcılıq fəaliyyətinin müntəzəm olaraq koordinasiya edilməməsi illər boyu davam edən ətalət halının başlıca səbəbidir. Odur ki, zəngin bədii məzmuna və teatrlarası əlaqəli fəaliyyətə dayaqlanan teatr prosesi mövcud ola bilmir. Məhz bu səbəbdən dialektik inkişafda təzahür etməli olan və ölkənin bütün teatr şəbəkəsinin ideya-estetik səviyyəsinin təzahürü kimi diqqət çəkən teatr prosesi iflic vəziyyətindədir.

Nə üçün belədir? Teatr sənətinin ildən ilə keçən az qala əlacsız xəstə halında öz mövcudluğunu davam etdirməsinə görməməzlik münasibəti nə ilə bağlıdır? Bu sahəyə cavabdeh olan şəxslərin, lap elə teatr tənqidinin susqunluğu, vəziyyəti dəyişmək üçün görülən tədbirlərin səmərəsizliyinə məhəl qoyulmaması daha nə qədər davam etməlidir? Bu suallar ətrafında düşüncələrimiz yorucu olsa da, onların cavablarını professor Ədalət Vəliyevin yazılarında tapa bildik. Onun qənaətinə görə, "Azərbaycan teatrı sovet dövründə nəinki öz müstəqilliyini, azadlığını imitasiya eləyib, həmçinin, burada cərəyan edən yaradıcılığının özü də imitasiya xarakteri daşıyır". Bəli, nə az, nə çox, imitasiya. Şekspirin məhşur qəhrəmanının dediyi kimi, budur məsələ. "Həmin imitasion problemi" (Ə.Vəliyev) milli teatr sənətini əsl mənada yaradıcılıq ucalığına yox, sadəlövh "auditoriyanı sərt sujetlərə" (İ.Rəhimli) qonaq etməklə, konyukturanın tələblərini ödəmək vəzifəsinə səfərbər etmiş və bu, nəticə etibarilə zərərli missiya uzun onilliklər boyu "uğurla" davam etdirilmişdir.

XX əsrin sonlarındakı milli teatr həyatını nəzərdən keçirib "ağ vərəqinə" toxunan Ə.Vəliyevin fikrincə, "Azərbaycan teatrının müstəqil sayılan estetik həyatı imitasiya xarakterli olub. O, nə fikir, nə düşüncə, nə də ifadə azadlığına malik olub, teatrın dünyaya, cəmiyyətə, hadisələrə reaksiyası imitasion mahiyyət daşıyıb, nəticə etibarilə, nəinki dünya teatr prosesindən, hətta cəmiyyətin özünün inkişafından geri qalıb". Bax belə, bu, professor Ə.Vəliyevin qənaətləridir. Və burada məsələ həmin qənaətlərin maraqlı, eləcə də cəsarətli olmasından daha çox, onların bu günə bəlli olan nəzəri stereotipləri alt-üst etməsindədir. Yəni burada teatrşünaslığın indiyədək görə bilmədiyi, yaxud deməyə və yazmağa cəsarət etmədiyi elmi-estetik həqiqətlər inkaredilməz arqumentlərlə bəyan edilir.

Yuxarıda qeyd etdiyimiz elmi mülahizələr və qənaətlər bir sıra məsələlərin üzərinə işıq salır, üzücü məsələləri nöqtələyir. Belə görünür ki, məhz milli teatr sənətinin bu gün də davam edən fəaliyyətinin imitasion xarakteri canlı və sağlam teatr prosesinin yaranmasına başlıca əngəldir. Əgər bayaq örnəklər göstərdiyimiz müəllifin gəldiyi nəticələrin məntiqinə əsaslansaq, onda başlıca maneə olan imitasiya xarakterli fəaliyyətin təxirəsalınmaz tədbirlərlə aradan qaldırılmasının zəruriliyi aktuallaşır. Və teatrlar, həmçinin, onların fəaliyyətinə indiyədək rəhbərlik edən qurumların həmin istiqamətdə ən təsirli işlər görməsi mütləqləşir. Elə bu məqamda daha bir sual yaranır ki, nə üçün alim Ə.Vəliyevin elmi həqiqət kimi bizə təqdim etdiyi bu mühüm problemin həlli hələ də mümkünsüz görünür və milli teatr sənətimiz hələ də imitasiya tilsimində çabalayır?

İzaha ehtiyac olmayan həqiqətdir ki, hər bir sahədə olduğu kimi, teatr sənətində də əsl yaradıcılığın imitasiyası, təkcə konkret olaraq bu sahənin deyil, bütövlükdə mədəni iqlimin sadəcə zərərinə işləyir. Real zərərin aqressiv həmləsinin müşahidə edilib, ona qarşı illər ərzində təsirli tədbirlərin görülməməsi bu gün teatr sənətini uğursuz aqibətlə üz-üzə qoyur.

Uzun illərdir ki, teatr kamil dramaturgiya, müasir gerçəkliyin aktual məsələlərinə toxunan, çağdaş dövrün ictimai-mədəni və mənəvi-psixoloji gerçəkliyini əks etdirən dramaturgiya həsrətində hər dəfə öz mövsümlərini başlayıb-bitirsə də, kəmiyyət uğurları belə əldə edə bilmir. Ara-sıra yaranan dəyərli pyeslər isə təbii ki, repertuar boşluğu problemini həll etmək üçün kifayət etmir. Digər tərəfdən, teatrı işğal edən mövzuca aktual, amma bədii mündəricə baxımdan aşağı əyarlı pyeslərin ucbatından aktyor yaradıcılığı o qədər cılızlaşıb, səviyyə etibarilə o qədər dayazlaşıb ki, nəinki əcnəbi müəllifləri, heç milli klassikanı belə yüksək peşəkarlıq səviyyəsində oynamaq iqtidarında deyil.

Yol gedən itkisinin fərqində olarsa, o, geriyə qayıdıb, keçdiyi həmin yola ikiqat diqqətlə göz gəzdirir, yalnız itirdiyini tapandan sonra yenidən yoluna davam edir. Bizim nəslin sözügedən estetik dəyərlərin nədən ibarət olduğunu, nə zaman və harada itirdiyimiz üzərində düşünməsi olduqca vacibdir. Odur ki, ötən əsrin 60-70-ci illərində milli teatr olaraq qazandıqlarımızın keçdiyimiz asan olmayan yollarda, elə həmin əsrin 90-cı illərindən başlayaraq sayğısızcasına itirməyimizin peşmanlığını yaşamaq ağırdır. Amma indiyədək verilən hesabatların və faizlərin arxasından boy verən əsl gerçəyi görmək lazımdır. Gerçək olan isə budur ki, uzun onilliklər boyu ideoloji, iqtisadi, konyuktur basqılar altında təşəkkül tapıb müəyyənləşən teatr mədəniyyəti prinsipcə yeni baxış, yeni meyarlarla qurulmalı və tənzimlənməlidir. Çünki bir zamanlar qəbul edilmiş səhnə yozumu qəlibləri işə yaramır, səhnədəki oyun tərzini, onun fərdi özünüifadəsini məhdud çərçivəyə salır, bütövlükdə aktyor yaradıcılığını təkrarçılığa sövq edir. Bundan başqa, əvvəlki sxemlər, idarəetmə mexanizmləri çarəsiz şəkildə köhnəldiyindən, hətta dövlət başçısının məlum Sərəncamla təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının nəzərdə tutulan proqnoz nəticələri əldə edilmədi. Və milli teatr öz yerində saymaqda davam etdi. Çünki sözügedən Dövlət Proqramının həyata keçirilməsi üçün tələb olunan yaradıcı iradə, dünya təcrübəsindən bəhrələnib proqressiv əməli fəaliyyət göstərilmədi.

Dünyanın dörd bir tərəfində bu sahədə görülən işlərə, mədəni inteqrasiya proseslərinə diqqət yetirsək, səhnə üçün ədəbiyyatın qıtlığının, rejissorluğun yaradıcılıq iqtidarsızlığının aktyor sənətini ön plana çıxardığının, aktyorların "axmaq qısqancın hikkələrini", "Danimarka prinsinin fəlsəfi sayıqlamalarını", yaxud "murdar xəsisi" əvvəlki dövrlərdə olduğu kimi oynamaqdan imtina etməklə ən tanınmış quruluş ustalarını belə divara sıxmasının şahidi oluruq.

150 ilə yaxın tarixi olan milli teatr sənətimizin imitasiya fəaliyyəti, görəsən, nə vaxt bitəcək? Qarşımızda əsl klassik rus sualı dayanır. Nə etməli? Nədən başlamalı?

Bəzən hər şeydən bezib öz-özümə asi olub düşünürəm ki, bəlkə başqaları kimi olmaq, "yaxşı adam", "əsl ziyalı" kimi yaşamaq, dəyirmanın "çax-çax"ı kimi camaatın başını ağrıtmaq lazım deyil. Bəlkə hər şeyin elə bu cür qalması məsləhətdir?

P.S. Bu yazını ötən ilin oktyabr ayında yazsam da, Milli Teatr Günü ərəfəsində dərc etdirməyi daha uyğun hesab etdim.

 





09.03.2020    çap et  çap et