525.Az

Qənirə Paşayeva erməni soyqırımından danışdı


 

Qənirə Paşayeva erməni soyqırımından danışdı<b style="color:red"></b> Millət vəkili Qənirə Paşayeva Türkiyənin Karabük vilayətində keçirilən "Erməni soyqırımı  iddiaları və  XXI  yüzildə Qafqazlar" adlı konfransda əsas məruzəçi kimi çıxış edib. 

525.az-ın məlumatına görə, millət vəkili Q.Paşayeva çıxışında Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə tədbir iştirakçılarına geniş məlumatlar verib.

O, eyni zamanda ermənilərin tarixi Azərbaycan torpaqlarına 19-cu əsrdən başlayaraq Rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi, bunun arxasında dayanan maraqlar və buna etiraz edən azərbaycanlılara qarşı edilən təzyiq və təqiblərdən də danışıb. Millət vəkili bildirib ki, bugünkü Ermənistan dövlətinin yerləşdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır və ermənilərin bu torpaqlara köçürülməsi ilə yanaşı azərbaycanlıların zorla öz torpaqlarından çıxarılması, deportasiya olunması prosesi də aparılıb və bu bədnam siyasət həm Rus imperiyası, həm də SSRİ rəhbərliyi tərəfindən məqsədli şəkildə həyata keçirilib. Q.Paşayeva erməni silahlılarının, erməni terror təşkilatlarının 1905-07, 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının bugünkü Ermənistan ərazisindən – öz ata-baba yurdlarından zorla deportasiya edilmələri, 1988-ci ildə Ermənistan dövlətinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də ətraflı məlumat verib.

O deyib ki, Ermənistanın Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar:

“Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir, bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır” deyib.

“Xocalı Soyqırımını unutmayacağıq  və  unutdurmayacağıq” şüarının vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva  bu soyqırımın dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk  gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb. Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu konfransın əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirib:

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır”. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi İsmayıl Bəy Qaspirallının “Dildə, fikirdə, işdə birlik” və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. 
 
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumatlar verib. O deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarisə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.

Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva “inşallah növbəti tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz  Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik”- deyə qeyd edib.

Millət vəkili Qənirə Paşayeva konfrans iştirakçılarını maraqlandıran sualları da cavablandırıb. 

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı: Tanıkların dilinden” kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabının təqdimatı da keçirilib. 

Qeyd edək ki, konfransın  əsas məqsədi  qondarma erməni soyqırımı iddialarına qarşı aparılan mübarizə, bu istiqamətdə görülən işlər, 21-ci yüzildə Cənubi Qafqazda vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri, habelə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələrin aparılmasıdır.

Konfrans  Türk  Ocaqları,  Türkiyə  Kamu  Çalışanları Birliyi və BRTV tərəfindən təşkil edilib.
 





13.10.2012    çap et  çap et