525.Az

Qələmsiz yazmaq düşüncəsi və Rəşad Məcid - Bəxtiyar Aslan Türkiyədən yazır


 

Qələmsiz yazmaq düşüncəsi və Rəşad Məcid - <b style="color:red">Bəxtiyar Aslan Türkiyədən yazır </b>

Qələmsiz yazmaq kimi bir anlayışdan danışmağın mümkünsüz olduğu çağlar arxada qalıb. Mətbəənin və çap maşınının icadından sonra, qələmsiz də yazmağın mümkünlüyü həqiqətə çevrilmiş və qəbul edilmişdi. Ancaq hər şeyə rəğmən, yazmaq dedikdə qələm öz aparıcı mövqeyini qorumaqda idi.

Mövzudan kənara çıxmadan, Anadoluda daş və ağac oymaçılığında istifadə edilən iti uclu alətlərə də qələm deyildiyini xatırlatmaq istərdim. Təbii olaraq, insanlığın qələmlə ünsiyyəti yazının kəşfi qədər qədimdir. Əsrlər boyunca qələm və yazmaq işi bir-biri ilə yanaşı düşünülüb və bəşər mədəniyyətində də bu şəkildə yer alıb. Bir yerdə yazmaq işi varsa, orada mütləq qələm də vardır. Mətbəənin və yazı makinasının kəşfi bu fikri sarsıtsa da, dəyişdirə bilmədi. Lakin günümüzün, yəni "rəqəmsal çağ"ın insanı "Qələmsiz yazılanlar" ifadəsinə heç də yad baxmır. Sanki son dərəcə təbii bir hal kimi qəbul edir, hətta üzərində xüsusi düşünməyə belə ehtiyac duymur.

İlk baxışda bu kitabın adı təəccüblü gəlsə də - bəlkə 50 yaş və daha yuxarısı üçün belədir - xüsusən qələmdən çox, klaviatura və sensorlu ekranlarla yazıb-yaradan, ədəbiyyat və sənət ortaya qoyan gənc nəsil üçün adi bir ifadədir. Bunu müəllifinin ünvanına bir irad kimi demirəm; çünki müəllif gördüyü işin gerçəyindən, hətta fərqlilik naminə də olsa, uzaqlaşmayıb. Beləliklə, bu fikir, etirazdan daha çox, qiymətləndirmə kimi qəbul edilə bilər. Çünki uzun illərdən bəri media və ədəbiyyat dünyasının, hətta rəqəmsal müstəvidəki ədəbiyyatın içində yer alan, yaratdığı və idarə etdiyi "525-ci qəzet"in elektron versiyası ilə də maraqlanan müəllif, şübhəsiz, əsərin adının müasir kitab bazarı baxımından önəmli olduğunun da fərqindədir. Buna baxmayaraq, gördüyü işin gerçəkliyindən qopmamağı üstün tutur. Eyni zamanda, onun əsas mətləbi budur: qələmlə yazmaq düşüncəsini/gerçəyini makina və mətbəə ancaq sarsıda bilmişdi, amma rəqəmsal çağ bu gerçəyi/düşüncəni aradan qaldırmağı bacardı. Ən azından yeni nəsil üçün bu, belədir.

Rəşad Məcidin öz kitabını, sadəcə yazmaq üçün istifadə olunan aləti nəzərdə tutaraq, məhz bu cür adlandırdığını düşünmürəm. Belə düşünmək, zənnimcə, bir az sadəlövhlük olardı. Qələmlə yazmaq ilə qələmsiz yazmaq arasında bir fərq olmalıdır. Hər ikisində də yazmaq həm ortaq əməl, həm də məqsəddirsə, hansısa fərqdən danışıla bilərmi? İlk baxışda bu sual mənasız görünür. Rəşad Məcid bu ikisinin arasında bir fərq olduğuna kitabını bu cür adlandırmaqla işarə vurub əslində. Yoxsa sadəcə "yazılanlar"dan bəhs etməli idi ki, bu da bir kitab adı üçün heç də ağıllı seçim olmazdı. Rəşad Məcid qələmsiz yazmağa bir məna yükləyib və bu məna qələmlə yazmaqla qələmsiz yazmaq arasındakı düşüncə fərqliliyini önə çəkir. "Qələmsiz yazılanlar" adını seçməklə o, bir düşüncə fərqliliyinə, ənənəvi yazı texnikasından qopub uzaqlaşmağa işarə edir. Yazmaq, ədəbi mənada yazmaq və yaratmaq artıq imtiyazlı bir mövzu deyil. Rəqəmsal çağ yazı fəaliyyətini/bədiiliyi adiləşdirmiş və insanları da buna inandırmış kimi görünür. Söhbət həqiqətin bu cür olub-olmadığından getmir. Ancaq yazmağın/ədəbi yaradıcılığın xarakterinin dəyişdiyi bir gerçəkdir.

Böyük yazıçıların, dahilərin necə yazmaqlarına dair - bir az da əfsanələşmiş - söhbətlər var. Dostoyevski, Balzak və Marsel Prust kimi yazıçıların öz əsərlərini böyük bir yaradıcılıq şövqüylə, özünü unutmaq dərəcəsinə, bəzən də xəstəlik həddinə çatacaq qədər qəribə hallarda yazdıqları barədə rəvayətlər yayılıb. Şübhəsiz, bunda yazıçı/yaradıcı romantizminin də böyük payı var. Məsələn, Balzakın yazdığı romanların qəhrəmanlarına ən azından həqiqi həyatdakı insanlar qədər inandığı,  "Yevgeniya Qrande"nin baş qəhrəmanının ölümünə görə matəm saxladığı, yaxud şiddətli qızdırma içində "Kənd həkimi" romanının qəhrəmanının adını sayıqladığı, dostlarından onu tapıb gətirmələrini istədiyi deyilir. Yeri gəlmişkən, Stefan Sveyqin, ona duyduğu heyranlıq üzündən, yazarkən Balzakın başmaqlarını geyinməsinin də - bəlkə beləliklə, onun ruhundan kömək istəyirmiş - bu rəvayətlər arasında olduğunu xatırlatmaq istərdim. Bu yazıçılar, şübhəsiz, yazmaq/yaratmaq fəaliyyətini  təklikdə həyata keçirirdilər. Cəmiyyət onlar üçün bəlkə də sadəcə bir laboratoriyadan ibarət idi. Əsərdən daha vacib bir şey görmürdülər. Yazmağın/yaratmağın təbiəti belədir. Necə ki, Tanrı da dünyanı təkbaşına yaratmışdı. Bu yazarların qərar tutduqları məqam - fil sümüyündən olan qala desək, yeri var - bir az da, hətta bəlkə tamamilə yazmağa/yaratmağa yüklənən məna ilə bağlıdır. Bütün o rəvayətlər bu günün insanı üçün nə ifadə edir? Bu, bir sual olaraq qalsın hələlik.

Rəşad Məcidin əsərinin adı və özü məhz belə bir düşüncəyə söykənir. Müəllif bütün bunların fərqindədir, o, yazmağın təbiətinin dəyişdiyinə inandır. Bəlkə buna heyifsilənir, amma yenə inanır. Çünkü rəqəmsal çağın və elektron vasitələrin yaradıcı insanların mövqeyini necə sarsıtdığını, zamanın necə onların əleyhinə işlədiyini anlayır. Böyük mətnlər kimi, böyük yazarlar da səhnədən çəkilməkdədir. Çünki artıq modern çağın sonu çatıb. İnsanlıq artıq metamətnlərdən üz döndərmiş kimidir (!). Digər tərəfdən, rəqəmsal çağın oxucusu da son dərəcə sərbəstdir. Yazıçının əsərinə az qala hər yerdə müdaxilə etmək, hətta birbaşa təsir göstərmək istəyir. Münasibət internet sürətilə mütənasibdir və əsər yazıldıqdan dərhal sonra, saniyədən də qısa bir zaman içərisində oxucuya çatır. Üstəlik, oxucunun bundan ötrü ciddi cəhd göstərməsinə də lüzum yoxdur. Sadəcə sosial mediada bəyəndiyi, ya da bəyənmədiyi bir yazarı izləməsi kifayətdir. Yazıçı əsərini paylaşaraq bir tərəfdən oxucuya müdaxilə haqqını da verir. Rəqəmsal çağın, elektron dövrün ədəbiyyatının xarakteri belədir. Oxucunun sərbəstliyi bu müdaxilə haqqı ilə təmin olunur. O da artıq ən azı yazıçı qədər mətnə töhfə vermək iqtidarındadır, yəni belə olduğunu düşünür. Onsuz da postmodern ədəbiyyat özü də buna icazə verir. Mətnin hər oxucu tərəfindən yenidən qurulması anlayışı artıq geniş yayılıb. Bu, qəbul estetikası ilə məhdudlaşan, onunla bağlı bir hal deyil, yəqin ki. Oxucu ilə birlikdə yazılan və oxucuların töhfəsini verdiyi mətnlər artıq kitab cildinə bürünərək təqdim edilməyə başlayıb.

Bütün bunları dövrün təhlili, yaxud dövrümüzə dair müşahidələr kimi qəbul edə bilərsiniz. Bu, bir az da oxucu olaraq sizin mövqeyinizlə bağlıdır. Hər halda, keçmişdə passiv olan kütlələr rəqəmsal dövrdə artıq aktivləşib. Bu yeni fakt istər-istəməz ədəbi əsərə təsir göstərəcək. Ədəbiyyat artıq bir "media kimi" görünməyə başlanıb. A.Məcit Canatak və Nurtən Buldukun  "Rəqəmsal Çağ Türk Ədəbiyyatı və Medialararası Müzakirələri" kitabında qeyd olunur:  “...1990-cı ildən etibarən ənənəvi media vasitələrini - qəzet, televiziya, radio, jurnal kimi vasitələri yeni media nümunələri - internet, görüntülü telefon, sosial media (bloq, çat, forum, e-mail, sayt) əvəzlədikcə əvvəlki çağda passiv olan kütlələrin aktiv bir şəkildə bu medialara təsir göstərməsi ədəbiyyat sahəsi üçün də önəmli bir dönüş nöqtəsi oldu. Yeni medianın yaratdığı şərait, xüsusən də elektron-sosial mediada izləyicilərə digər oxucular və yazıçılarla dialoq qurmaq imkanı verilməsi ədəbi məhsulların istehsalçılarına və istehlakçılarına müxtəlif aspektlərdən təsir edərək onları dəyişdirir" . Bu dəyişiklik dildən nitqə, formadan üsluba qədər ədəbi əsərə aid hər sahədə bir az həyata keçib. Çünki rəqəmsal çağ və rəqəmsal medianın tədricən özünəməxsus bir dil yaratması mütləqdir. Buna bir örnək kimi emojiləri göstərmək olar. Rəqəmsal media yazarının xüsusən sosial media orqanlarında yazdığı mətnləri emojilərlə zənginləşdirmək, duyğularını emojilərlə ifadə etmək vərdişi geniş yayılıb. Bu ifadələrin mənaya təsir göstərib-göstərmədiyi məsələsi bir tərəfə, oxucuyla dialoq qurmağın təməl şərtlərindən biri halına gəldiyi də şübhəsizdir. Çünki rəqəmsal media oxucusu emojilərlə sıx təmasdadır. Emojilərin standart bir emosional vəziyyəti ifadə etdiyini, emosiyaların subyektivliyini zəiflətdiyini də sətirarası qeyd etmək istərdim.  

Rəqəmsal media yazarlığı oxucunun vəziyyətindən (sosial-psixoloji təmayülündən) xəbərdar olmağı və sosial medianın dili və imkanlarını, onun nə olduğunu müfəssəl bilməyi tələb edir. Ancaq müsbət bir hal olaraq rəqəmsal ədəbiyyatın, ya da başqa cür desək, yeni medianın sənətlər və sənətçilər arasındakı sərhədlərin aşılmasına, yeni mühitlər sayəsində baxış bucağının dəyişməsinə, fərqli ifadə imkanlarının təqdim olunmasına şərait yaratmasından da bəhs etmək istəyirəm .

Rəşad Məcidin əsərinin önəmi məhz burada özünü göstərir. "Qələmsiz yazılanlar" bu müxtəlif imkan və halların fərqində olan bir yazar tərəfindən qələmə alınıb. Müəllif sosial mediada paylaşdığı statusları və sms-lərini yazarkən, qarşısındakıların rəqəmsal media oxucuları olduğunu yaxşı bilir. Odur ki, qarşısında səbirsiz, diqqəti və vaxtı məhdud, səhifədən-səhifəyə "tullanan", elə hey internet mediasında gəzişən, dərhal rəy istəyən bir kütlə olduğunu nəzərə alaraq bu mətnləri yazıb. Dediyim budur ki, Rəşad Məcid həmin mətnləri yazarkən əksərən oxucu kütləsinin/izləyicilərin təsirinə məruz qalıb. Çünki nəticə etibarilə sosial media paylaşımlarının xarakterində bəyənilmək/like almaq vardır. Yazıçının bu gerçəkliyə qarşı nə qədər dirəşdiyini, ya da bu həqiqətlə nə dərəcədə barışdığını bilmirik. Təxmin etmək də mümkün deyil. Eləcə də paylaşımlara yazılan rəylərin sonrakı paylaşıma nə qədər təsir edib, yönləndirmədə nə qədər rol oynadığını da bilmək olmur. Ancaq bu qarşılıqlı təsirin ölçüyəgəlməzbir həqiqət kimi qarşımızda durduğunu söyləməkdən başqa çarəmiz də yoxdur.

Rəşad Məcidin rəqəmsal medianın gerçəkliyi çərçivəsində yazdığı bu mətnlərin bəzilərinin vizual vasitələrlə bəsləndiyi aydındır. Kitabda bu vizuallara yer verilməyib. Bunu bir çatışmazlıq kimi qeyd etmirəm. Bəlkə də müəllif bununla, bir vaxtlar "Sərvəti-fünun"çulara xas olan, şəkilaltı şeir/mətn ənənəsini davam etdirmiş olur. Ancaq həqiqət budur ki, yaşadığımız dövr insan vərdişləri və davranışları üzərində ciddi dəyişikliyə yol açıb. Modern - bəlkə də postmodern deməliydim - insan "fastfood" mədəniyyətilə tanış olub. Daha çox yeməklərə aid olan bu ifadənin həyatın başqa sahələrinə də sirayət etdiyi danılmazdır. Ədəbiyyat baxımından bunun mənası və qarşılığı oxucunun "fastfood" tipli yazılar, hekayələr tələb etməsidir. Əsərin girişində Rəşad Məcidin Orxan Pamukun status paylaşımlarını "fastfood" yeməklərə bənzətməsinə işarə vurması əbəs deyil. Çünki Rəşad Məcid ədəbi əsərin artıq başqa bir yerə və şəkilə yönəldiyindən xəbərdardır. Bu yazıda məqsəd Rəşad Məcidin kitabını məzmun və mahiyyətcə təhlil etmək deyil. Ancaq onun yazılarında tamamən "fastfood" mədəniyyətinə təslim olduğunu demək haqsızlıq olar. Çünki o, bir yazıçı kimi bəzən kiçik hekayə/"short story" kimi oxuna biləcək mətnlərində lirizmin zirvəsində dolaşır, bəzən də sosial media oxucusunun xarakterinə zidd bəzi dərin məsələləri gündəmə gətirir. Digər tərəfdən, sosial medianın yazıda rəyi əsas tutmaq tələbi bəzən müəllifi hansısa mətləbləri yığcam şəkildə verməyə vadar edir. Bir hökmü faktlarla dəstəkləmək əvəzinə, tək bir cümləylə ifadə etməkdir bu.

Rəşad Məcidin kitabında ilk baxışda gerçəklikdən uzaq kimi görünən fikirlərlə tez-tez rast gəlinir. Odur ki, oxucu, əgər istəyərsə, bu fikirlərin mahiyyətini bir növ ümumiləşdirmə yolu ilə axtarıb tapmalıdır. Hər halda, mən Rəşad Məcidin buradakı yazılarının belə bir yönü olduğunu da vurğulamaq istədim.

"Qələmsiz yazılanlar" gündəlik qeydi, kiçik hekayə, aforizm kimi bir çox fərqli janrı özündə birləşdirir. Daha doğrusu, ayrı-ayrı mətnlərin bu janrlardan birinə aid edilməsi mümkündür. Yazılma/yaradılma şərtlərini nəzərə alaraq, bunlara yeni bir janr demək üçün hələlik tez olduğunu düşünürəm. Amma hamısının üstündə "sosial media ədəbiyyatı" deyəcəyimiz bir çətirin varlığını da qəbul etməliyik. Bunlar "sosial media ədəbiyyatı"na aid ediləcək mətnlərdir. Bütün bu faktları əhatə edən bir başlıca həqiqət var ki, o da Rəşad Məcidin nəyi niyə etdiyinin fərqində olmasıdır. O, rəqəmsal çağın gerçəkliyini çox tez qavramış, bu yola erkəndən çıxmış bir yazıçı və şairdir.

(Yazı Türk Ədəbiyyatı Vəqfinin nəşri olan "Türk ədəbiyyatı" dərgisinin 2020-ci il mart sayında dərc edilib)

Çevirən: Şahanə MÜŞFİQ

 





11.03.2020    çap et  çap et