525.Az

"Ürəyinin üstünə qoy əllərimi..." - Nofəl Ümidin şeirləri


 

"Ürəyinin üstünə qoy əllərimi..." - <b style="color:red">Nofəl Ümidin şeirləri </b>

Çəkmişəm

Kədər doğub yanaqlarda,
Əritmişəm dodaqlarda,
Şeh qoxuyan varaqlarda
Cilvələnən söz çəkmişəm.

Həyat məndən üz döndərib,
Qisməti bağlı göndərib,
Eşq didərgin, sevda qərib,
Dərdə, qəmə naz çəkmişəm.

Qozbelini əyə-əyə,
Keşik çəkir qəm ürəyə,
Gözlərini yumar deyə
Yarasına duz çəkmişəm.

Kəm arzusu, kəm sevdası,
Həsrətin bitməz qovğası,
Silinmir ki eşq damğası,
Sinəm üstə köz çəkmişəm.

Yaxşı üzümə şans "gülüb",
Qumarda bəxtim gətirib,
Sevinci min-min itirib,
Kədəri yüz-yüz çəkmişəm.

Hardasan...

Adını içimə çəkib,
Ovuc-ovuc dərd qururam.
Sənə əsən, sənə çatan
Küləklərə qışqırıram-
                 Hardasan...

Həsrətimi yağış yuyur,
Boş qalan əlim üşüyür,
Xəyal da sənə yüyürür,
Diz əsir, ürək tövşüyür,
            Hardasan...

Eşqimi sərim yoluna,
Bəxtimi taxım qoluna,
Dünyanın hüzur yerini
Gəzək dolana-dolana,
            Hardasan...

Adımı yaz qismətinə,
Çıraq olum zülmətinə,
Yerini de, qaçım gəlim,
Yolumu salma çətinə,
        Hardasan...

Yoxluğun kədər toxuyur,
Baxışlarım nəm qoxuyur,
Sən gələn yolda bükülüb
Bir qərib nəğmə oxuyur:
           Hardasan....
                                
Şair ruhu

Fırlanır başımda söz mirvarisi,
Necə düzməliyəm sapa, bilmirəm.
Bir şair ruhu var içimdə sanki,
Gəzib dolanıram, tapa bilmirəm.

Şairin taleyi qəmlə yoğrulub,
Kağızdır, qələmdir bir tək pənahı.
Mənə ağız dolu şair deyən qız,
Mən şeir yazmağı bilmirəm axı.

Sınıq taleyini, nakam bəxtini,
Qələmin ucunda əzdirir şair,
Doğru deyiblər ki, bütün bəşərin
Dərdini qəlbində gəzdirir şair.

Məni səslə

Darıxanda
Mənim ürəyimlə sev həyatı;
Yaşamağı sev,
Mənsizliyi sev,
Ruhunu üşüdən həsrətimi sev,
Məni sev.

Üzüləndə
Mənim gözlərimlə bax dünyaya;
Aynaya bax,
Xatirələrimə bax,
Rəsmlərinə bax,
Məni gör.

Üşüyəndə
Mənim əllərimlə yapış əllərindən,
Taqətin tükənəndə
Həyatdan yapış,
Ürəyinin üstünə qoy əllərimi,
Mənə sarıl.

Tək qalanda
Səsimi nəfəsinə qat,
Sözlərim dilinə dağılsın,
Dodaqlarından mən eşidilim,
Məni səslə.                         

Darıxıram...

Sənsizliyə şəfəq saçıb,
Həsrətinə qucaq açıb,
Hər arzuda sənə qaçıb,
Darıxıram...

Sızlayıram həzin-həzin,
Dodağımda dodaq izin.
Qarış-qarış, dizin-dizin
Darıxıram...

Titrəyirəm külək kimi,
Əlçatmazsan mələk kimi,
Çırpınıram ürək kimi,
Darıxıram...

Səsin gəlir, gülür üzüm,
Hardan gəldin ruh əkizim?!
Keşik çəkir yola gözüm,
Darıxıram...

Tanrının dümağ qarısan,
Sevincimin memarısan,
Bəzən müşkül, bəzən asan
Darıxıram...
İstəklərim qucaq-qucaq,
Sən qoxuyur hər künc, bucaq,
Hamı xoşbəxtdir, mən ancaq,
Darıxıram...
         
Dərdimə göz dəyməsin...

Deyəsən, Tanrının yadından çıxıb,
Qəm-kədər düyməsi basılı qalıb,
Ömrün xoş anları dadından çıxıb,
Ümidim səbrimdən asılı qalıb.

Nə yeyir, nə içir bu dərd, ay Allah,
Gəl ki günü gündən artır, çoxalır.
Bir az da sevgi qat ömrə pay, Allah,
Sevinc gen düşdükcə ürək yuxalır.

Arzular nəm tutur, qəlbdə çürüyür,
Ömrün baharını həsrət, qəm yeyir,
Hər kəsin ruhunu matəm bürüyür,
Günəş də əyninə qara don geyir.

Bir az da səbrimi dər çuxasından,
İradəm nəfsimə boyun əyməsin.
Üzərlik asmışam zər yaxasından,
Dərdimə heç kimin gözü dəyməsin!

Bir səhər açıla, bir günəş doğa...

Ayrılıq sevgimə xətt çəkə bilməz,
Mən quran sevgini dərd sökə bilməz,
Başqası kənardan göz dikə bilməz,
Sənin gözlərinin çəkdiyi yola.

Qərarla işləməz, hökmlə getməz,
Yazısı silinməz, naxışı itməz,
 Şeytan hiyləsiylə nə atsa bitməz
Bu sevgi gül-çiçək əkdiyi yola.

Getmisən, dönmüsən əlçatmaz dağa,
Keçilməz sədlər var sən gəzən bağa,
Bir səhər açıla, bir günəş doğa
Qapqara buludlar çökdüyü yola.

Tanrıya əl açam sorağın düşə,
Bir cənnət istəyəm qucağın düşə,
Kaş ki, bircə dəfə ayağın düşə,
Həsrətim boynunu bükdüyü yola.

 





11.03.2020    çap et  çap et