525.Az

Ömər Seyfəddin yaradıcılığı türk dünyasının ədəbi gündəmində


 

Ömər Seyfəddin yaradıcılığı türk dünyasının ədəbi gündəmində <b style="color:red"></b>

Türk ədəbiyyatının tanınmış hekayə ustadı Ömər Seyfəddinin vəfatının 100-cü ilinə xatirə olaraq Türk Ədəbiyyatı Vəqfi onun "Kızılelma neresi?" kitabını çap edib.

Kitabın özəlliyi ondan ibarətdir ki, yazıçının iki hekayəsi bütün türk dillərinə çevrilərək burada toplanıb. Nəşri yazıçı və tərcüməçi İmdat Avşar hazırlayıb, redaktor isə Bəxtiyar Aslandır.

Hekayələrdən öncə "Təqdim" yazısında İmdat Avşar Ömər Seyfəddin yaradıcılığından və onun türk hekayəçiliyində tutduğu yerdən, Türk Ədəbiyyatı Vəqfinin oxşar layihələrindən bəhs edir: "Qısa ömrünə rəğmən özündən sonra möhtəşəm əsərlər qoyub gedən Ömər Seyfəddinin "Türkçülük" düşüncəsinin sərhədləri Anadolu və Balkanlarla məhdudlaşmayıb. 1911-ci ildən sonra Ziya Gökalp, İsmayıl Qaspiralı kimi Turan ideyasını müdafiə edən ziyalılarla eyni fikri təməllər üzərində əsərlər yazmağa başlayan Ömər Seyfəddinin bu əsərləri, təəssüf ki, Turan yurdlarının ruslar tərəfindən işğal edilməsi səbəbindən əsl hədəflərdən olan Turan ellərindəki türklərə gedib çatmayıb. 70 illik Sovet hakimiyyəti Orta Asiyadakı türklər ilə Anadolu türkləri arasında dəmirdən bir pərdə çəkmiş və rejimin uyğun görmədiyi heç bir əsər SSRİ sərhədlərindən içəri girə bilməmişdir. Sovet hakimiyyətinin çöküşünün başladığı 1990-cı illərdən etibarən Ömər Seyfəddinin bəzi əsərləri fərqli türk ləhcələrinə çevrilərək Azərbaycan, Özbəkistan kimi ölkələrdə yayımlansa da, Türk dünyasının böyük hissəsi onun türklük şüurunu inşa etməyə yönəlmiş möhtəşəm hekayələrindən xəbərdar olmayıb. Əlinizdəki bu kitab belə bir ehtiyacdan vəfatının 100-cü il dönümündə Ömər Seyfəddini türk dünyası ədəbiyyatının gündəminə daşımaq məqsədilə hazırlanıb".

Kitabda müəllifin "Kürəkçi" ("Forsa") və "Qızılalma haradır?" hekayələri Türkiyə, qazax, Azərbaycan, qaraçay-malkar, Kırım-Tatar, qaqauz, Kazan-Tatar, türkmən, başqırd, qırğız və özbək türkcələrində yayımlanıb.

Hekayələri Azərbaycan dilinə İbrahim İlyaslı çevirib.

Şahanə MÜŞFİQ

 





11.03.2020    çap et  çap et