525.Az

Səttar müəllimin "yol xəritəsi" - Firuz Mustafadan 3 qısa hekayə


 

Səttar müəllimin "yol xəritəsi" - <b style="color:red">Firuz Mustafadan 3 qısa hekayə </b>

("Qısa hekayələr" silsiləsindən)

Ağlayan fotoşəkil 

Tapdıq müəllimgilin qonşuluğuna təzəlikcə bir ailə köçmüşdü ki, bu ailə də cəmi iki nəfərdən, yaşlı qadın və ortayaşlı kişidən, sonradan məlum olacağı kimi, ana-baladan ibarət idi. Yaşlı qadının yanındakı kişini ilk dəfə görəndə Tapdıq müəllimi sanki ildırım vurdu. Məsələ burasında idi ki, həmin kişinin şəkli illərdən bəri onların, yəni Tapdıq müəllimgilin mənzilinin divarından asılmışdı. Həmin şəkildəki kişi isə Tapdığın, daha doğrusu, Tapdıq müəllimin, dost-doğmaca dayısı, yəni anasının qardaşı idi. Tapdıq müəllim tanımadığı kişini görərkən az qaldı ki, hələ uşaq vaxtlarından divardan asılmış həmin şəkilin önündə dayanıb gah ağlayan, gah fikrə gedən, gah da dodaqaltı nəsə pıçıldayan və bu anlarda adətən çöhrəsindən zərif bir işıq dalğası keçən anasının yanına qaçıb ona qardaşının sağ-salamat olmasıyla bağlı gözaydınlığı versin. Amma o, anındaca bu sadəlövh fikirdən vaz keçdi. Məsələ burasında idi ki, onun dayısı Şahalı müharibəyə gedib bir daha geri qayıtmamışdı, yəni onun nə həlak olması, nə itkin düşməsi, nə də sağ qalıb-qalmaması barədə ortada səhih-dəqiq bir məlumat yoxdu.

Düzdür, yaşlı qadının, yəni təzə qonşunun  yanındakı kişinin zahiri görünüşünün onların mənzilinin divarından asılmış dayısı ilə tam eyniyyət təşkil etdiyinə heç bir şübhə ola bilməzdi; Tapdıq müəllim illərdən bəri rəsm və rəsmxətt dərsi deyirdi, insan sifətinin cizgilərini çox asanlıqla müəyyən edib yadda saxlayırdı. İndi, necə deyərlər, fakt ortada idi. Di gəl ki, həmin adamların, yəni dayısı ilə təzə qonşunun eyni bir şəxs olması qeyri-mümkün bir məsələydi. Ən azından ona görə ki, müharibənin qurtardığı vaxtdan onillər ötüb keçmişdi. Onların yeni qonşusu isə söz yox ki, müharibədən xeyli sonra dünyaya gəlmiş, təxminən elə Tapdıq müəllimin özüylə yaşıd olan bir adamdı.

Sonrakı günlərdə qonşu kişini həyətdə tez-tez görən Tapdıq müəllim bir rəsm və rəsmxətt mütəxəssisi kimi, şəkildəki və həyatdakı adamın bütün zahiri parametrlərini  bir daha diqqətlə tutuşdurandan sonra öz "sirrini" anası ilə bölüşmək qərarına gəldi. Ayağında "yel" olduğuna görə son vaxtlar evdən bayıra çıxmayan anası onun suallarını yerli-yataqlı cavablandırdı.

- Deyirsən o gördüyün adam dayına oxşayır, hə? Yanında da yaşlı bir qadın var? Nə bilim, vallah... Sənin dayın Şahalı evlənəndən cəmi yarım ay sonra müharibə başladı. Mən onda yeniyetmə bir qız idim. Amma hər şeyi indiki kimi xatırlayıram. O qadınla, yəni Əminə ilə qardaşım texnikumda bir oxumuşdular, orada sevişib ailə qurmuşdular. Əminə çox ağıllı, savadlı qız idi. Yadımdadır, təzə evlənənlər tez-tez məktublaşırdılar. Mən hələ uşaq olsam da belə, o vaxtlar hiss edirdim ki, bəzən qardaşım bir zərfdə iki məktub göndərir - birini anamıza, o birisini də gəlinimizə, yəni hamımızın gözünün işığı olan Əminəyə... Əminənin gizlicə kənara çəkilib o məktubları oxuduğunu, bəzən gülümsədiyini, bəzənsə ağladığını da görmüşdüm. Sonra məktubların arası xırp kəsildi. Hamımızın gözü poçt yoluna dikilmişdi. Ondan sonra qapımıza bir daha poçtalyonun ayağı dəymədi. Beşillik müharibə başa çatdı. Şahalıdan yenə bir xəbər çıxmadı. Yazıq anam elə "Şahalı" deyə-deyə köçdü bu dünyadan. Əminə yazıq müharibədən sonra beş il də gözlədi. O, artıq mənim ən yaxın rəfiqəmə çevrilmişdi. Sonra hər ikimiz öz doğma evimizi tərk edəsi olduq. Əvvəlcə mən sənin atanla ailə qurdum. O vaxt Əminə hələ bizimlə yaşayırdı. Mən ondan ayrılmaq istəmirdim. Amma dünyanın öz gərdişi var. Bəzən insanın tale yazısını başqa əllər yazır. Qonşu qəsəbədə dul bir kişi vardı, sənin atanın tanışı idi. Bir gün atan mənə həmin kişinin Əminə ilə ailə qurmaq istədiyini bildirdi. Mən uzun müddət götür-qoy etdim, aranı dağa-dağı arana daşıdım, nəhayət, canımı dişimə tutub edilən evlilik təklifini gəlinimizə bildirdim. Əminə hönkürüb ağladı. Mən hər şeyi gözəl anlayırdım. O, bir vaxtlar sənin dayınla, yəni mənim qardaşım Şahalı ilə əsl Leyli-Məcnun sevgisi yaşamışdı. Bunu biz tərəflərdə bilməyən yox idi. Bu eşq dillərdə dastana çevrilmişdi. Eh, Əminə, Əminə... Biz bir-birimizdən ağlaya-ağlaya ayrıldıq. Evdə qardaşımın bir neçə fotoşəkli vardı. Əminə evdən çıxanda öz bədbəxt istəklisinin şəkillərindən birini köksünə sıxıb göz yaşları tökdü. Dayının şəklinin üstündən yağış damcıları kimi axıb gedən o göz yaşları hələ də mənim gözlərim önündədir. O, göz yaşlarıyla islanmış şəkli özüylə apardı. Beləliklə, biz ayrıldıq. Sonralar eşitdim ki, onun bir oğlu olub... Amma indi qonşuluğumuza köçən qadının kimliyi haqda bir söz deyə bilmərəm. Eh, Əminə, Əminə... Ayağım da sözümə baxmır ki, bir həyətə düşüb maraqlanam, öyrənib-biləm kimdir o təzə gələn adamlar...

İki gündən sonra Tapdıq evə gələrkən anasını muştuluqlayırmış kimi sevincək halda dedi:

- Ana, öyrəndim o qonşu qadının adını... Əminə... Əminə xanımdır o...

Neçə müddətdən bəri ayaqları tutulmuş,  "yel" xəstəliyindən əziyyət çəkən ana qəfildən ayağa durub hönkürdü:

- Hə, elə ürəyimə dammışdı ki, bu, Əminə olacaq. Mən hələ neçə il əvvəl eşitmişdim ki, Əminənin bir oğlu olub, özü də deyilənə görə, o uşaq Şahalı ilə bir almanın iki parası kimi bir-birlərinə oxşayır. O vaxt elə bilirdim ki, bu sözləri mənə təskinlik üçün deyirlər. Sən demə, bu, həqiqətən belə imiş. İndi inandım ki, övlad təkcə öz doğma ata-anasından deyil, həm də gözəgörünməz bir sevgidən yaranır, Tapdıq. Belə çıxır ki, sənin gördüyün o adam, təkcə Əminə ilə onun ərinin övladı deyil... O, həm də Əminənin gözünün ilk ovu Şahalıya olan sevgidən doğulub. Yazıq Əminə, canım Şahalı...

Tapdıq müəllim qasırğaya düşmüş ağac kimi titrəyən anasını bağrına basdı.

Sonra onlar keçib divanda əyləşdilər.

Tapdıq müəllimə elə gəldi ki, qəfildən dayısının üzbəüz divardan asılmış ağ-qara şəklinin üstündən üzüaşağı şəffaf damcılar  diyirlənməyə başladı.

Ana-bala eyni vaxtda əvvəlcə tavana, sonrasa bir-birlərinin üzünə təəccüblə baxıb uzun müddət dinib-danışmadılar.

Səttar müəllimin "yol xəritəsi" 

Səttar müəllim nəvəsi Elmarı qəbula gətirmişdi. Uşaq Allahın köməkliyiynən istədiyi universitetə daxil oldu, özü də məhz istədiyi fakültəyə. Onlar qəbul başa çatanacan qohumlardan birinin evində qaldılar. Amma elə ki, Elmarın imtahanlarının nəticələri məlum oldu, Səttar müəllim kirayə ev axtarmağa başladı. Sən demə, şəhərdə kirayə evlər od bahasına imiş. Vaxtilə, tələbə olarkən Səttar müəllim özü də bu şəhərdə kirayə evdə yaşamışdı. Onda evlərin kirayə haqqı indikilərlə müqayisədə su qiymətinə idi. Ortabab evlərin bir aylıq haqqı Səttar müəllimin aldığı düz bir aylıq təqaüdə bərabər idi.

O, kirayə evi Elmarla bir axtarırdı. Baba evdüzəldən adamın (nədənsə həmin adama "makler" deyirdilər) dilindən əlçatmaz qiymətləri eşidən nəvəsinin necə sıxıldığını hiss edirdi. Amma nə edə bilərdi? Bazarın bazar qanunları olur.

Kişi bir dəfə də özünü saxlaya bilməyib "makler"ə dedi:

- Ay oğul, ay makler, mənə elə ev tap ki, pensiyamın yarısını verim. O biri qalan yarısını isə bu uşağın əyin-başı, yemək-içməyi üçün saxlamalıyam. Özüm cəhənnəmə, kənddə yaşayıram, bir təhər həyət-bacaynan dolanaram, amma bu uşaq şəhər yerində acından ölər axı... Gör bir insaflı qiymət deyən varmı?

Nəhayət, belə bir ev tapdılar. Bu ev şəhərdən xeyli aralı idi. "Makler", baba ilə nəvəni ucqar bir qəsəbənin dolanbac küçələrindən keçirib kiçik bir həyətə gətirdi. Həyətdəki yaşlı qarı onları gülər üzlə qarşıladı. Evin üç otağı vardı. Otaqlar səliqəli idi. Yaşlı xanım dedi ki, burada tək yaşayır, Səttar isə hansı otaqda istəsə orada qala bilər. Qiymətlər də sərfəli idi.

Səttar müəllim ev sahibəsi ilə ümumi razılığa gəldi. Sonra "makler"ə düşəcək pulu verib daxilən bir az rahatlandı. Qərara aldılar ki, kiçik "köçü" sabah gətirsinlər. Qarı ilə xudahafizləşib ayrıldılar. Bu ucqar qəsəbədəki evə gələn yol çox qarmaqarışıq, əyri-üyrü idi. Bu yolu, daha doğrusu, bu kirayə evi sabah nəvə-babanın tapması müşkül ola bilərdi. Səttar müəllim bu barədə narahatlığını yolda "makler"ə də dedi. "Makler" dedi ki, narahat olmayın, soruşa-soruşa lap Məkkəyə gedib çıxmaq olar. Səttar müəllim soruşdu ki, yaxşı, heç bayaq soruşmadıq ev sahibinin adı nə idi? "Makler" duruxdu. Sən demə, "xala" deyə müraciət etdiyi xanımın adını heç o da bilmirmiş.

Səttar müəllim dedi:

- Madam ki, belədir, onda belə bir iş edək. Bu yolu təzədən geri qayıdaq. Əgər indi bayaqkı ünvanı təzədən tapa bilsək, deməli, sabah bir problem olmayacaq. Amma ay oğul, ay "makler", sən bizə yol göstərmə,  yanımızca sakitcə get, təkcə yolu səhv salsaq, "düzəliş" verərsən...

"Makler" də razılaşdı. Onlar təzədən gəldikləri yolu geri dönməli oldular. Baba ilə nəvə yolu tez-tez çaşır, başqa yola keçirdilər. Az qala hər tinbaşı "makler" onların yol marşurutuna "düzəliş" verməli olurdu.

Hamısının qanı qaralmışdı. Xüsusən də, "makler"in. Birdən bu kənd müəllimi evdən imtina etsə, qanqaralığı yaranacaqdı.

Nəhayət, gəlib gözaltı etdikləri evə çatdılar.

Səttar müəllim üzünü "makler"ə sarı tutub dedi:

- O qadını narahat etməyək. Sən də narahat olma. Sabah biz bu evi çox rahatca  tapacağıq. Gəlin yenə bu yolu geri ölçək...

Nəvəsi Elmarla "makler" təəccüblə bu qocaman kənd müəlliminin üzünə baxdılar.

Səttar müəllim əlini pencəyinin iri cibinə atıb oradan pencəyin özü kimi dümağ bir təbaşir çıxararaq dedi:

- Haydı, arxamca gəlin...

Onlar təzədən baş yola sarı çıxdılar.

Səttar müəllim yolboyu sıralanan elektrik dirəklərinin, uzanan qaz borularının, darvaza taxtalarının üstünə əlindəki təbaşirlə xətlər çəkməyə başladı.

- Hə bax, bu da bizim yol xəritəmiz. Sabah bu işarələr bizi bu evə rahat gətirib çıxaracaq... 

Qəmli mahnı 

Onun "öz" mahnısı vardı. Deyəsən, həmin mahnının təkcə sözlərini deyil, elə də onun özü quraşdırmışdı. Bu, qəmli bir mahnı idi...

Hərdən yataqxananın "Qırmızı guşəsi"nə çəkilib həmin mahnını dodaqaltı zümzümə edərdi: 

Mən öləndə ağlamayın,
Heç qara da bağlamayın...
Siz mənə yas saxlamayın,
Aman-aman... Anam-anam... 

Onun "aman"ı vardı, amma anası yox idi. Heç atası da yox idi. Əlbəttə, onlar nə vaxtsa olmuşdu. Nə vaxtsa... Amma o, valideynlərinin üzünü görməmişdi. Bəlkə də görmüşdü, amma xatırlamırdı. Uşaqlıqda onu yetimxanaya atmışdılar...

Əsl adı Məcnun olsa da, çoxdan bəri yaşadığı yataqxanada hamı onu "Məzlum" deyə çağırırdı. Yox, o, bu qondarma addan inciyib-eləmirdi.

Evlənmək yaşı ötüb-keçməkdə olsa da, ailə qurmaq barədə düşünmürdü... Ev-eşikdən söhbət düşəndə həmişə eyni sözləri təkrarlayırdı:

- Özüm yetim böyümüşəm. Təzədən bu dünyaya yetim-yesir gətirməyə nə ehtiyac? Bilirəm ki, bugün-sabahlığam... Mən öləndən sonra o uşaqlara kim baxacaq?

Bəli, Məzlumun həyat və ölüm barədə öz qənaətləri vardı.

Zahirən sağlam adam təsiri bağışlayırdı. Amma yəqin ki, öz canında olan xəstəlikdənmi, ağrılardanmı, xülasə hər nədənsə hiss etmişdi ki, tez öləcək.

Hə, elə bu cür də oldu... Günlərin bir günü Məzlum dünyasını sakitcə dəyişdi. Yataqxana əhli onun cənazəsini götürüb yaxınlıqdakı qəbiristanlığa apardı.

Ağlayan, göz yaşı tökən olmadı.

Kiminsə tapıb gətirdiyi cavan molla mərhumun cənazəsi üstə gümrah səslə fatəhə verdi.

Otaq qonşularından biri Məzlumun qəbrinin üstünə bellə nəm torpaq ata-ata mızıldandı:

- Rəhmətliyin özü düz deyirmiş: "Mən öləndə ağlamayın..." İndi hər ölənə ağlayan da qismət olmur...

Azərbaycanlı tələbələr Moskvada "Çar Edip"i göstərəcəklər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti MDB ölkələrinin "QİTİS-master-klass" adlı üçüncü teatr festivalında Azərbaycanı təmsil edəcək.

Martın 14-dən 19-dək Rusiya Teatr Sənəti İnstitutunda (QİTİS) MDB ölkələrinin "QİTİS-master-klass" adlı üçüncü teatr festivalı keçiriləcək. Festival məkanında MDB ölkələrinin teatr məktəbləri çıxış edəcəklər. Bakıdan olan tələbələr Sofoklun "Çar Edip" faciəsini nümayiş etdirəcəklər. Tamaşa martın 15-də QİTİS-in tədris teatrında göstəriləcək.

Bu festivalın məqsədi MDB ölkələri arasında mədəni əməkdaşlığı möhkəmlətmək və teatr təhsili sahəsində yeni əlaqələr yaratmaqdır. Birgə iş və tamaşaların göstərilməsi nəticəsində tələbələr təmsil etdikləri ölkələrin teatr məktəblərinin xüsusiyyətlərini təqdim edəcək, pedaqoqlar isə gələcək artist və rejissorların yetişdirilməsi üzrə təcrübə və ideya mübadiləsi aparacaqlar.

 





12.03.2020    çap et  çap et