525.Az

"Qan içində işıq" romanının janr xüsusiyyətləri və bədii obrazları - Resenziya


 

"Qan içində işıq" romanının janr xüsusiyyətləri və bədii obrazları - <b style="color:red">Resenziya </b>

Yazıçı Güllü Məmmədovanın "Qan içində işıq" romanı Azərbaycanın birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi kimi hadisələrin təsvirinə verilmiş real qiymətlə yanaşı, xilaskar Türk ordusunun və Türk əsgərlərinin şanlı obrazının Azərbaycan ədəbiyyatında yaradılmasının parlaq nümunəsidir.

G.Məmmədova Qafqaz İslam Ordusunun əfsanəvi qəhrəmanlarından biri olan Nuri Paşanın və əsgərlərinin ölümsüz xatirəsinə həsr etdiyi "Qan içində işıq" romanının janrını bir müəllif olaraq "tarixi-sənədli roman" kimi dəyərləndirib. Romanda tarixi şəxsiyyətlərin, onların həyat və fəaliyyətinin təsviri, əsərdə təsvir edilən hadisələrin tarixi hadisələrlə bağlı olması məhz əsərdən tarixi roman kimi danışmağa əsas verir. Azərbaycan ədəbiyyatında M.S. Ordubadinin Cənubi Azərbaycandakı inqilabi hərəkatından bəhs edən "Dumanlı Təbriz", Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin bədii obrazlarını yaratmış olduğu "Qılınc və qələm", Yusif Vəzir Çəmənzəminlinin Molla Pənah Vaqifdən bəhs edən "İki od arasında" (və yaxud "Qan içində"), İsa Hüseynovun İmadəddin Nəsimidən bəhs edən "Məhşər" kimi roman nümunələri mövcuddur.

"Qan içində işıq" romanında biz romanın sənədli janrlarla qarışıqlığını müşahidə edirik. Qeyd etməliyik ki, müasir mərhələdə roman janrı hibrid janr konstruksiyaları yaradaraq, sənədli, publisistik və elmi janrlarla fəal qarşılıqlı əlaqədədir. Nəticədə, növlərarası janr qarışıqlığı əsas yer tutmaqla janr konstruksiyaları formalaşmışdır. Bu konstruksiya formalarından biri də Güllü Məmmədova tərəfindən ictimaiyyətə tarixi sənədli roman kimi təqdim edilən "Qan içində işıq" romanıdır. Sənədli və bədii janrların qarşılıqlı əlaqə formaları müxtəlif ola bilər və ilk növbədə, sənədin (tarixi faktın) bədii mənasının yenidən işlənilməsi, müasir dövrdə "müstəqil estetik məna alması" ilə səciyyələndirilir. Sənədli janrlarla romanın qarışıqlığını səciyyələndirən əsərlər, yəni romanın janr əlamətlərinin transformasiyaya uğramasına və yeni roman tiplərinin yaranmasına gətirən sənədli janrların nüfuz etmə formaları mövcuddur. Bu qrupa aid sənədin və romanın qarşılıqlı əlaqə formalarına aşağıdakı formalarını aid etmək olar. Bəzən romanda əsas hadisələrin sənədə (tarixi faktlara) uyğun qurulması, eyni zamanda, bədii uydurma əsasında əlavə süjet xətləri və səhnələrinin daxil edilməsini nəzərdə tutur. Bəzən isə bədii uydurma fonundan kənara çıxarır. Müəllif sənədi (faktı) mətnə və ya romanın fabulasına daxil edir. Bu baxımdan da, Güllü Məmmədovanın "Qan içində işıq" romanının oxuculara tarixi sənədli roman kimi təqdim edilməsi həqiqətəuyğundur.

Elxan Yurdoğlu-Məmmədov tərəfindən əsərin sənədli faktlara əsaslanması amili vurğulanmışdır. Onun fikrincə, müəllif "bir yazıçı kimi tarixi xidmət göstərərək o dövrün hadisələrini sənədlər əsasında faktları bədii mətn daxilində əridərək axıcı dillə və maraq doğuran sujetlə oxucuya təqdim edib. Əsəri oxuyarkən də bunun şahidi olursan. Müəllif sənədləri quru statistika kimi vermir. Xronoloji rəqəmlər arasında oxucunu yormur. Sıxıcı təhkiyə üslubundan uzaq bir yol seçərək həm tarixi işıqlandırır, həm bədii əsərini ortaya qoyur, həm də oxucusuna mənəvi zövq aşılayır".

Tarixi-sənədli romanın süjet xətti XX əsrin əvvəllərində Nuri paşanın, hərbi nazir Ənvər paşanın tamamilə müsəlmanlardan ibarət Qafqaz İslam Ordusunun Azərbaycanda baş verən, daha doğrusu, Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq məqsədilə həyata keçirdikləri gizli və açıq fəaliyyətləri əsasında qurulur. Roman müəllifi Qafqaz İslam Ordusunun fəaliyyəti ilə yanaşı, Nuri paşa, Ənvər paşa, Xəlil paşa və digər tarixi şəxsiyyətlərin həyat və fəaliyyətləri ilə bağlı arxiv materialları və rəsmi sənədlərdən fəal istifadə etməsi özünü büruzə verir. "Qan içində işıq" romanının tarixi sənədli romana aid edilməsi onun yalnız gizli Qafqaz İslam Ordusunun fəaliyyəti haqqında sənədlərin bədii şəkildə yenidən işlənməsi deyil, həm də tarixi hadisələrin müəllif şərhi ilə bağlıdır ki, Güllü Məmmədova həmin hadisələrin müasiri ola bilməzdi. Təbii ki, söhbət əsərdə təsvir edilən XX əsrin əvvəllərində baş vermiş olay və hadisələrdən gedir.

G.Məmmədova "Qan içində işıq" romanında təsvir etdiyi həyat hadisələrini əlaqələndirərək bir sistemdə qurmağa nail olmuşdur. Müəllifin əsərdə kompozisiyanın ünsürlərindən məharətlə istifadə etməsi diqqətdən yayınmır. O, romanın süjet xəttinə daxil olmayan, lakin əsərin ümumi məzmun və ideyasına diqqəti yönəltməyə nail ola bilən epiqrafa müraciət etmişdir. Məlumdur ki, müəlliflərin istifadə etdiyi epiqraflar ya özlərinə, ya da ki, digər şəxslərə aid ola bilər. Güllü Məmmədovanın müraciət etdiyi epiqraflar tarixi şəxsiyyətlərə aiddir. Onların içərisində diqqəti xüsusi cəlb edən Ümummilli lider Heydər Əliyevə aid olan epiqrafdan istifadə edilməsidir. 1918-ci ilin qanlı hadisələrindən bəhs edən "Qan içində işıq" romanda Ulu öndər Heydər Əliyevin "...1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər Nuri paşanın komandanlıq etdiyi Osmanlı ordusu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də Azərbaycan yox idi" kimi epiqrafının verilməsi artıq o dövrə verilən tarixi, həmçinin də siyasi dəyər kimi qiymətləndirilməlidir.

Romanın "Göylərdən yenmiş" ağ atlı" ikinci fəslində Şah İsmayıl Xətaidən əsərin mövzusu ilə səsləşən hikmətli nümunə olan epiqrafın təqdim edilməsi maraq doğurur. Xətainin "Ey türk oğlu! Dilinin bir kəlməsini dünyanın heç bir dilinə, bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişmə. Onu qoru və gələcək nəsillərə ver" kimi hikmətli sözlərilə məhz Nuri paşanın dilini, torpağını qorumağa gələn bir bahadır kimi təsvir olunmasının ikinci fəsildə əksini tapması intrasemiotik uyğunluq yaratmağa qadir olaraq, romanın mətninin komponenti kimi oxucunu ilkin mətnə istiqamətləndirir, assosiasiya şəbəkəsini proqramlaşdırmağa yardım edir.

Romanın "Canavarların yürüşü" adlı üçüncü fəslində istifadə edilmiş epiqraf ifadə etdiyi məna ilə oxucunun diqqətini əsərin məzmununa yönəldərək, bizi əsərin ideyası ilə yaxından tanış edir. Romanda fateh-hökmdar Əmir Teymurdan verilmiş epiqraf bu fəslin məzmunu və ideyasını qavramağa yardımçı ola bilmişdir: "Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da lənətləyəcəklər".

"Qanla möhürlənmiş qardaşlıq" başlıqlı fəsildə ərkani-hərb rəisi olmuş Rüştü bəy Türkərin fikirləri epiqraf kimi verilmişdir: "Eyni soya mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlarla bir qat daha həsrət yaratmışdır. Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda çətin, qanlı döyüşləri və mübarizələri əminəm ki, nəsildən-nəsilə keçən unudulmaz dastanlara çevriləcəkdir".

"Qan içində işıq" romanında Qafqaz islam Ordusunun komandanı Nuri paşanın fikirlərinin də epiqraf kimi verilməsi təqdirəlayiqdir. Nuri Paşanın "qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq" fikirləri Azərbaycan və Türkiyə arasındakı münasibətləri  xarakterizə edən milli konsepsiyanın başlanğıcıdır.

Romanda nəzmə aid nümunələrin verilmə məqamı da diqqəti çəkir. Belə ki, Əhməd Cavadın şeirləri əsərə əlvanlıq gətirir. Bu şeirlərin verilməsi əsəri zənginləşdirməklə bərabər, oxucuya dahi şairlərin qələmə aldıqları türk, türk əsgəri, vətən kimi obrazları ilə yaxından tanış etməyə qadir olur.

Qeyd edək ki, Güllü Məmmədova romanda Bakı şəhərinin iki kilometrliyində yerləşən Qurd qapısının işğalı ilə qazanılan möhtəşəm zəfər zamanı Əhməd Cavadın Məhəmməd Hadi ilə birlikdə orduda olması faktını da qeyd etməsi hər iki şairin fəaliyyətinə işıq salır.

Romanda aşıq yaradıcılığına diqqət edilməsinə də rast gəlirik. Belə ki, Nuri paşaya yardıma gəlmiş əmisi Xəlil paşanın qarşılanma, həmçinin də yola salınması zamanı aşıq tərəfindən şeir söylənilməsi məhz aşıq yaradıcılığına olan dərin sevgidən irəli gəlir.

"Qan içində işıq" romanında yazıçının ideyalarının təzahür forması olan obrazların zənginliyi diqqəti cəlb edir. Müəllif təsvir etdiyi obrazları iki mənada, yəni məhdud və geniş mənada işlədə bilmişdir. G.Məmmədova məhdud mənada işlətdiyi obrazlarda konkret bir şəxsi təsvir etməyə nail olub. İnsan surətlərinin təsviri zamanı müəllifin fərdiləşdirmə və ümumiləşdirməyə müraciət etməsi özünü göstərməkdədir. Müəllif məhz təsvir etdiyi obrazları fərdi xüsusiyyətlərini əks etdirməklə xarakter yaratmağa nail olmuşdur. Romanda bir çox xarakterlər dolğunluğu ilə yadda qalır.

Qafqaz İslam Ordusunun fəal iştirakçıları, həmçinin, Azərbaycan xalqının vətənpərvər oğullarının obrazları kamil surətdə işlənilərək ictimaiyyətə təqdim edilmişdir. Oxucu romanda təsvir edilən vətənpərvər, xilaskar, mətin obrazlarla yanaşı, məkrli, Azərbaycan xalqının milli mənafeyinə ziyan vuran, türk dünyasına xələl gətirmiş obrazlarla da tanış olur.

Romanın başlanğıcında Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlının obrazının verilməsi o dövr hadisələrinə nəzər salmağa vadar edir.

Əsərdə general Əliağa Şıxlınskinin obrazının geniş təsviri ilə tanış oluruq. General Şıxlinskinin "Səhra toplarının cəbhədə işlədilməsi", "Şıxlinski üçbucağı" adlı hərbi əsərlərinin müəllifi olması və həmin əsərlərin hərbi kadr hazırlığında istifadə edilməsi faktı da romanda açıqlanmışdır.

Müsüslü dəstəsinin komandiri, rus ordusunda xidmət etmiş, "Müqəddəs Vladimir" ordeninin dördüncü dərəcəsi ilə təltif edilmiş Həbib bəy Səlimovun obrazının Qafqaz İslam Ordusunun tərkibində bolşevik-daşnak birləşmələrinə qarşı qəhrəmanlıqla vuruşması da romanda əksini tapır.

Romanda tarixi şəxsiyyətlərin təsviri maraq doğurur. Xəlil bəy Xasməmmədli, Nəsib bəy Yusifbəyli kimi tarixi şəxsiyyətlərin obrazları incə məqamlarla oxuculara təqdim edilir.

Əsərdə Kazım Qarabəkirin adının hallanması da diqqətdən yayınmır. Kazım Qarabəkirin adından belə çəkinən Şaumyanın canına vəlvələ salması epizodu azadlıq uğrunda mücadilə aparan şəxsləri tam şəkildə oxucuya təqdim etməyə xidmət edir.

Əsərdə digər obrazlardan biri də Balkan savaşında, Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşmuş, 1917-ci ildə Gəncəyə gəlmiş, Rusiyanın ucqarlarına sürgün edilmiş Hüsaməddin Tuğacın bədii obrazıdır. Sibir sürgünü iki il yarım çəkmiş Hüsaməddin Tuğacın 1917-ci il Rusiyadakı hərc-mərclikdən istifadə edərək sürgündən qaçması, Qırğız Xalq Komitəsinin köməyi sayəsində sənəd düzəldərək Bakıya gəlməsi, Bakıda Məhəmməd Əmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovla görüşməsi, Gəncəyə getməsi kimi tarixi faktlar məlumdur. Hüsaməddin Tuğacın əslən Gəncədən, yəni atasının Gəncə vilayətinin Şəmkir elinin Qaracaəmirli kəndindən, konkret olaraq Gəncədən olması faktının təsviri romanda əks etdirilmişdir.

Nuri paşanın obrazının romanda təqdimi maraqlı məqamları ilə diqqəti cəlb edir.

Nuri paşa ilə Ənvər paşanın əmisi olan Xəlil paşa obrazı da romanda qısa epizodlarda təsvir edilsə də, yaddaqalan obrazlardan birinə çevrilmişdir.

Əsir düşmüş türk əsgərlərinin halının təsviri romanda müəllif tərəfindən canlı olay kimi oxucunun gözü önündə canlandırılmışdır: "Türk əsirləri ilə dolu qatar Gəncədən keçib uzaq Sibirə gedirdi. Əsgərlərin çuxura düşmüş gözlərində, almacıq sümükləri çıxmış yanaqlarında yaşadıqları ağır, məşəqqətli əsirlik həyatının izləri görünməkdəydi". Maraqlı məqamlardan biri də qəhrəman türk əsgərlərinin necə əsir düşmələrinin müəllif tərəfindən açıqlanması epizodudur: "1915-ci ildə ruslarla türklər arasında gedən savaşda ruslar zəfər çaldılar. Savaşın getdiyi Sarıqamışda qışı sərt keçən təbiət sanki düşmənlə dilbir olub türkləri məğlubiyyətə uğratdı. Minlərlə türk əsgəri şaxtada dondu, düşmən gülləsinə tuş gəldi və minlərlə türk əsir düşdü". Türk əsgərlərinin əsir düşmələrinə baxmayaraq, mətin, döyüşkən, qəhrəman olmaları hamıya bəllidir. Belə ki, bu amil Güllü Məmmədova tərəfindən romanın bütün fəsillərində açıqlanmışdır. Lakin türk əsgərinin müsbət keyfiyyətlərinin erməninin dili ilə verilməsi də maraq doğurur: "Bunlar torpaq üçün, vətən üçün canından, qanından keçən türk əsgərləridir" fikirlərinin erməni Vahanın dili ilə verilməsi ermənilərin türklərin məğlubedilməzliyini qəbul etmələrinin göstəricisidir.

 





12.03.2020    çap et  çap et