525.Az

Pərvin Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb- Fotolar


 

Pərvin Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb- <b style="color:red">Fotolar</b>

Noyabrın 27-də Azərbaycan Dillər Universitetində gənc yazıçı Pərvin Nurəliyeva Filologiya və Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.  

ADU-nun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüş Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımovanın təşəbbüsü ilə baş tutub. Görüşdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, kafedranın müəllimləri, Filologiya və Jurnalistika fakültəsinin 240(a), 240(b) qrup tələbələri iştirak edib.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının yazarlarla daim silsilə tədbirlər keçirdiyini deyib. O, tədbirdə qonaq olan Pərvin Nurəliyevanın gənc olmasına baxmayaraq, xeyli mükafatlar, uğurlar əldə etdiyini söyləyib.

Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova çıxış edərək bu tədbirin açıq dərs mahiyyətinə malik olduğunu deyib. O, bu kimi tədbirlərin gələcəkdə daha geniş şəkildə, daha çox tələbələri cəlb etməklə keçirilməsini arzulayıb. Gənc yazarın əsərləri ilə maraqlanan dekan Pərvinin  “Balerina” povesti haqqında onu maraqlandıran suallarla müəllifə müraciət edib.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva gənc yazarın fəaliyyət göstərdiyi “525-ci qəzet”dən söz açıb.

Bir çox əsərlərin müəllifi, nasir, publisist Pərvin Nurəliyeva tələbələrə özü haqqında məlumat verib. Qeyd edək ki, Pərvin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin məzunudur, “Milli Kitab”, “Qızıl Kəlmə” və “Beynəlxalq Rəsul Rza” mükafatlarının qalibidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimidir. O çıxışı zamanı “525-ci qəzet”dəki layihələri, öz əsərləri, onların mövzuları, yazarlıq həvəsinin necə yaranması haqda danışıb. Həmçinin “525-ci qəzet”də “Pərvinin həmsöhbəti”, “Dahilərin qadınları”, “Yüz gözəl sevgi şeiri” kimi layihələrindən də söz açıb. Gənc yazar gənclərin zəhmət çəkdikləri, çalışqanlıq göstərdikləri halda hər zaman uğur əldə edəcəklərinə əminliyini dilə gətirib.

Universitetin Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Ülkər Salamovanın “525-ci qəzet”in fəaliyyətindən bəhs edən təqdimatı məclis iştirakçılarının böyük marağına səbəb olub.

Daha sonra Dillər Universitetinin doktorantı Xəyalə Əfəndiyeva Pərvinin fəaliyyətindən, əsərlərindən və ədəbi mühitdəki mövqeyindən geniş söz açıb.

Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

FİRƏNGİZ

 





29.11.2013    çap et  çap et