525.Az

"Təhsil Nazirliyi istənilən gözlənilməz hadisələrə qarşı immunitet yarada bilib"


 

"Təhsil Nazirliyi istənilən gözlənilməz hadisələrə qarşı immunitet yarada bilib"<b style="color:red"></b>

"Koronavirusla mübarizə üçün Azərbaycanda dövlət səviyyəli tədbirlər həyata keçirilir. O cümlədən Təhsil Nazirliyi də istənilən gözlənilməz hadisələrə, şoklara qarşı akademik immunitet yarada bilib".

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm sektorunun müdiri Əfqan Abdullayev deyib.

Onun sözlərinə görə, ali məktəblərdə tədris ilinin müddəti həftələrlə ölçülür: “Hər semestr 20 həftə olur, 15 həftə auditoriya saatlarına verilən həftələrdir, 5 həftə isə imtahan həftələri olur. İki semestr üçün 40 həftə nəzərdə tutulur. Əvvəlki illərdə dərslər adətən mayın sonunda başa çatırdı. İyunun əvvəlində isə imtahan sessiyası başlayırdı və iyulun 5-nə qədər davam edirdi. Builki vəziyyətlə əlaqədar olaraq Nazirlik hesab edir ki, ümumtəhsil pilləsindən fərqli olaraq ali təhsil müəssisələrində tədris ilinin irəli çəkilməsi heç bir tədris prosesinin pozulması hallarına gətirib çıxarmayacaq. Çünki bildiyiniz kimi, Nazirlər Kabinetinin 2013-cü ilin 4 dekabr tarixli 348 nömrəli qərarında da göstərilir ki, tədris ili 40 həftə müəyyən olunsun. Ona görə fikirləşdik ki, dərslər iyulun 13-nə qədər davam etdirilsin. Bura buraxılış kursları, yəni IV kurs tələbələri müstəsna olmaqla I, II və III kurs tələbələrinin auditoriya dərsləri aiddir. IV kurs tələbələri isə bütün ali təhsil müəssisələrində axırıncı, yəni VIII semestri istehsalat və ya pedoqoji təcrübədə keçirirlər”.

Sektor müdiri deyib ki, ali təhsil müəssisələrində tədris ilinin artırılması barədə heç bir əmr olmayıb, sadəcə ali təhsil müəssisələrinə bildiriş göndərilib: “Bu bildiriş göndərilməmişdən əvvəl isə ali təhsil müəssisələrinin prorektorları Təhsil Nazirliyinə dəvət olunub və onlarla müvafiq məsləhətləşmələr aparılıb. İyulun 15-dən başlayaraq isə 6 həftə müddətində yay sessiyası təşkil olunacaq. Qaydalara görə, yay sessiyası məcburi xarakter daşımır. Amma istəyən olarsa, yay sessiyası müvafiq universitetlərdə təşkil olunacaq. Yay sessiyası avqustun axırlarına qədər davam edir. Qaydalara əsasən, tələbələrə növbəti tədris ili başlayana qədər istirahət verməliyik, bu müddətə də əməl edilir. Boloniya sisteminə əsasən, tələbələrin 4 il müddətində 8 semestr ərzində 240 kredit toplamaları məcburidir ki, proqramı yerinə yetirib ixtisaslar üzrə öz diplomlarını ala bilsinlər. Bu da 4 ildə 160 həftə edir, bu zaman tələbənin həftəlik yükü 1,5 kredit hesablanır”.

 





13.03.2020    çap et  çap et