525.Az

Tanıyaq və tanıdaq: Leyli Kəhali


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Leyli Kəhali </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
 
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!


Esmira Fuad
Filologiya elmləri doktoru

Leyli KƏHALİ

1977-ci ildə Zəngan şəhərində anadan olub. İbtidai və orta məktəbi Tehranda bitirib, daha sonra təhsilini Fəlsəfə institutunda davam etdirib. Rəssamlıq və tərcümə sənəti ilə də məşğuldur.
İlk kitabı 2013-cü ildə Tehranda işıq üzü görüb.

Təkliyimdə xəyal aparır məni,
sən varsan, mən varam,
sevgimiz də var.
Gülər xatirələr, ağladır məni,
özümə gəlirəm
sən varsan, mən varam
sevgimiz isə!..

***

Qar yağır
qar üstünə...
İzlərimiz itir
adlarımız qalır ayaq altında
səslərimiz...
Və qar adamları nə ağlayır, nə gülür!
Qar yağır
yuxularımızda donur göyərçin yuvası...
Dilimizdə donur sevirəm sözcüyü
və qarğalar dəstə uçur
mor köynəyindən küçənin...
Sonra vitrin kimi gözlərində
mavi satır ürəyimi bazar
qanlı alır...
Və qar yağır həsrət ustünə
və qar yağır ...

***

Ay doğurdun pəncərəmdə
divarları ucaltdılar...
Səni çox gördülər,
gül açırdın bağçamda
payızı çağırdılar...
Səni çox gördülər,
qan dolurdun ürəyimdə
qurşun oldular
məni vurdular...

***

Tor atırsan!
Qanım maviləşir
saçlarım bulud olur havada
qırmızı balıqlar dəstəsidir ürəyim.
Dalğalanıram...
Kim məni belə
dənizləndirir?!

***

Sən alma atmadın,
Ona görə mən də gəlin çıxmadım!
Küçənizdən qayıtdım.
Axı demişdin
bir məktub yazıbsan mənə.
Hər yeri axtardım,
mağara günlərimizdən
ta bu şəhərlərə qədər.
Nə göyərçinlər gətirdi onu,
nə postaçılar.
Nə imeylimə düşdü,
nə cib telefonuma...
Ona görə mən də cavablamadım!
Sonra
uşaq olub
nağıllara qoşdum özümü,
sel apardı Saranı...
Anam çırağı söndürdü mən də yatmadım
Adımı Leylidən Saraya verdim!
Sonralar
anan səni döydü
adını Araz qoydu...
Anam məni tanırdı!
Ona görə and içdi
məni doğmadı...

***

Əllərin göyərir,
açdığım hər kitabın arasından
gözlərin baxır!
Mümkündürsə vücud,
mümkündürsə ədəm,
nəysə "SƏNizm"ə
düçar edir
bu fəlsəfələr məni!
Yoxsa,
kitabları atıb,
mədrəsədən qaçacağdım.
Heçdən boşalıb,
heçə dolacaqdım.
Şuhuduma keçməsəydin.
Qarşımda durub mənə baxmasaydın.
Yaxmasaydın ürəyimi.
Əllərimlə yaxacağdım düşüncələrimi.
İndi varlığıma görə,
vacibdirsə vücud.
Sən axı,
Ədəmdən doğursan məni.
"Nehilizm"ə qarşı,
sevirəm
səni!

***

Özümdən çıxıram
uca divarlar!
Özümə dönürəm
bağlı qapılar!
Necə çıxmaq olur bu laməkandan?
Hansı taksi gedir,
hansı otobus?
Nə qatar yollanır,
nə uçaq uçur...
Doğulduğum qışdan hələ qar yağır,
anam ağrı çəkir,
dünya fırlanır,
baxıram bu zindan
öz boyumcadır
uzaydan-uzaya!
Addım-baaddım.
Bir addım əzəldir
bir addım əbəd!
Bilsəm ki, sən varsan
divarlar qapı,
qaranlıq,
işığın qaçaq yoludur...
Nə taksilər gəlsin,
nə başqaları
kim tanır
Tanrının evi hardadır?

 





13.03.2020    çap et  çap et