525.Az

"Arzularım yuxularda olur çin..." - Nəcməddin Mürvətovun şeirləri


 

"Arzularım yuxularda olur çin..." - <b style="color:red">Nəcməddin Mürvətovun şeirləri </b>

Arzularım yuxularda olur çin, 
Sevincimdən ayılıram həmin an.
Ağrısını yaşatdıqca bir heçin
Peşmanlığım qəlbə salır həyəcan.

Onda səbr diləyirəm özümə,
Başqa çarəm yoxdu onsuz belə də.
Ürəyimsə qulaq asmır sözümə,
Dedikləri hərdən gəlir dilə də.

Sustalıram, əlim-qolum yanıma
Sınıb düşür, hey-taqətsiz qalıram.
Qayıdıram ötən bir xoş anıma,
Göz yol çəkir, xəyallara dalıram.

Yuxu - gerçək, arasında fərqə bax,
Yada düşür ac toyuğun yuxusu.
Dönə-dönə söz verirlər, çıxır "lax",
Bu nə sirdir, mat qalıram doğrusu.

Arzulardan məzarlıq var içində,
Neçələri ümidsizdir, verir can.
İnsan oğlu bircə su içimində
Kama çatar, fürsət düşsə bircə an.

***

Öyüb deyim, yoxdur, yox bərabərin, əvəzin,
Tərifləri yamayım hay-harayla adına?
Xoşun gəlir? Demək bu, ağır, ciddi mərəzin
Şəfasını tapammaz loğman yetsə dadına.

Tanrı nə veribdisə, ona şükür eylə, dur,
Başqasında artıqsa, demək, onun qisməti!
Uyma ucuz şöhrətə, bu təşəxxüs, boş qürur
Yaşadar olanı da itirmək müsibəti.

Aqil, müdrik söyləyər qiymətini dəqiq, düz,
Kimliyini anladar belədə şəkk-şübhəsiz.
Necə aydın fərqlənir, görürsən, gecə-gündüz,
Bax, eləcə bilərsən, olmasan düşüncəsiz.

Üstünsənsə məndən, ol, sevinərəm, çox gözəl!
Geridəsən, köməyə çağır, durum yanında.
Sən əl uzat, uzadım məqamında sənə əl,
Tək paxıllıq olmasın dost-tanışa canında.

Yox, öymərəm kimsəni gəlmək üçün xoşuna,
Həqiqəti deyərəm, dəqiq kimdə hər nə var.
Demərəm hədyan söz də, danışmaram boşuna,
Anlayanlar var axı, var haqq bilən insanlar.

***

Haracan gedərsən xəbisliyinlə,
Qurtulmaq çətindir bu pis mərəzdən.
İçin doluymuş ki, nifrətlə, kinlə,
Ruhun qidalanır şərdən, qərəzdən.

Məclis-mərəkədə qeyri kimsəni
Görmürsən elə bil, keçirsən başa.
Öyürsən özünü, ya da dədəni,
Alınır ortada gülünc tamaşa.

Sənin əvəzinə xəcalətimdən
Alnımdan süzülür puçur-puçur tər,
Xəbərin yoxdur ki, haqqında gendən
Biri nadan deyir, birisi kəmsər.

"Məşhursan" bu qədər ucuzluğunla,
Tökür zəhləmizi bu şit reklamın.
Tutulub ad-şöhrət quduzluğuna,
Dadırsan tənənin-töhmətin tamın.

***

Çıxdığın qapını çırpıb getmə, yox,
Olar ki, döyməkçün dönərsən geri.
Hirsinlə, hikkənlə həddi aşma çox,
Barı qayıtmağa saxla üz yeri.

Kimsə acı sözlə incidib, demək,
Ya da əməliylə bezdirib səni...
Belədə "şeytana lənət" söyləmək,
Səbrinə sığınmaq çətinmi yəni?!

Səbrinlə sonrakı peşmançılıqdan,
İnan, qurtulmaqçün bir an yetərdi.
"Gərək səbr edəydin" - bax bu qınaqdan
Pay almaq dözməkdən qat-qat betərdi.

Çıxdığın qapını çırpıb getmə, yox,
Gedirsən, asta get, çox coşma qəti.
Yersiz hirslənməyin sonrasından qorx,
Nə təmkini itir, nə ləyaqəti.

***

Həsrətinin od-atəşi yandırır çox,
Düşünürəm, yalvarmaqda bir məna yox.
İtirərsən bir gün məni, bax bundan qorx,
Yetişmərəm bil ki, onda artıq dada,
Unutmusan, mən də varam bu dünyada.

Saysız olub gətirdiyin bəhanələr,
Hər birisi can göynədər, ürək dələr.
Nələr çəkdim bu sevdadan, gör mən nələr,
Öz-özümü necə saldım yanar oda...
Unutmusan, mən də varam bu dünyada.

Dolanıram dəlilərtək dağı-daşı,
Məramım bu: xəyallarla qatam başı.
İxtiyarsız axır gözdən hicran yaşı,
Ömrüm gedir ağrılarla hər gün bada,
Unutmusan, mən də varam bu dünyada.

Doğmalığı hiss etmirəm əvvəlkitək,
Baxışında nə şəfqət var, nə də istək,
Mən beləyəm, sən bir başqa, de, neyləyək,
"Əl çəkmərəm" deyib düşüm kor inada?
Unutmusan, mən də varam bu dünyada.

Varlığımdan usanırsan indi yaman,
Ötən çağın dönməsinə yoxdur güman.
Niyə belə ucuzlaşdım, aman, aman,
Niyə döndüm sevdiyimçün belə yada?
Unutmusan, mən də varam bu dünyada.

 





13.03.2020    çap et  çap et