525.Az

Bir şəhid ailənin tarixçəsi - Araşdırma


 

Bir şəhid ailənin tarixçəsi - <b style="color:red">Araşdırma </b>

(Əvvəli ötən sayımızda)

... Səhər dan yeri sökülməmiş Lvov hərbi bazasındakı tank korpusu müdafiə mövqeyi tutmaq üçün geri çəkilmişdi. Nəcəf öz vzvodu ilə ön cəbhəyə göndərilməsi haqqında raport vermişdi. Batalyon komandiri, qvardiya mayoru Romanov Nəcəfin şəxsi işində yazmışdı: "Nəcəf Nərimanov "ön mövqeyə göndərilməsi barədə dəfələrlə raport vermişdi. Yalnız özünün təkidli xahişindən və batalyon komandiri kimi mənim şəxsi binagüzarlığımdan sonra ön xəttə göndərilmişdir".

Gülsüm xanım nə edəcəyini bilmirdi. Körpələr evinin Moskvadan Daşkəndə köçürülməsinə ciddi hazırlıq getməsi onun nigaranlığını artırmışdı. İki həftə keçsə də, Nəcəfdən bir xəbər yox idi. Bir gün Gülsüm xanım işdən evə qayıdarkən poçt qutusunda məktub gördü. Bu, Nəcəfin cəbhədən ilk məktubu idi. O, dərhal açıb oxumağa başladı:

"Ana, cəbhədən ikinci məktubumdur ki, yazıram. Bilmirəm alacaqsan, ya yox? Lvovdan necə çıxdığından nigaranam. Səhhətin necədir?.. On səkkiz gün ərzində cəbhədə çox şey görmüşəm. Amma indi bir qədər rahatam. Almanların vəziyyəti ağırlaşır. Biz yaxşı müdafiə təşkil etmişik..."

Gülsüm xanımda daxilən bir toxtaqlıq yarandı, pillələri tələm-tələsik çıxıb, qapını açdı. Mənzildə divanın üstündə əyləşib məktubu həyəcanla oxudu, öpdü, köksünə sıxıb, Nərimanovun portretinə baxdı, şükranlıq etdi. Ona elə gəldi ki, Nərimanov onun sevincinə şərikdi, məmnuniyyətlə gülümsəyir.

Nəcəf məktubunda yazmışdı: "Ümumiyyətlə, sakitlikdir. Biz möhkəm müdafiə təşkil etmişik. Çox şadam ki, alman dilini bilirəm, alman əsirləri ilə anlaşıqlı danışıram. Dünən 5 alman əsiri ilə jurnalistin qəzet üçün müsahibəsini tərcümə etdim. Əsirlər şaddırlar ki, onları güllələmirlər...

Onlarla 3 saata qədər söhbət etdim. Hamısı 21, hətta 19 yaşında gənclərdi. Müharibəyə nə üçün gəldiklərini bilmirlər, iki ildir döyüşürlər, cana gəliblər".

1941-ci ilin son aylarında Cənubi-Qərb istiqamətində alman ordusunun sürətli hücumunun uğursuzluğu Adolf Hitler qərargahında ciddi narazılıq doğurmuşdu. 1942-ci ilin əvvəllərindən, cəbhədə qanlı döyüşlər gedirdi.

Düşmən qoşunları Moskvaya doğru can atırdı. Moskvanın müdafiəsi möhkəmləndirilmişdi. Məlumdur ki, bir çox idarə və təşkilatlar Orta Asiya respublikalarının mərkəzi şəhərlərinə köçürülmüşdü. Moskva uşaq evləri və idarə rəhbərləri də, o cümlədən, Gülsüm xanım Daşkənd şəhərinə köçmüş, burada fəaliyyətini davam etdirirdi. O, Moskvadakı qonşusu və rəfiqəsi Feliks Dzerjinskinin bacısı Yadviqa Edmundovna ilə fəal ictimai işə qoşulmuşdu. Leninqraddan və digər şəhərlərdən Daşkəndə köçürülmüş uşaqların qəbul edilib yerləşdirilməsi komissiyasında çalışırdı. O, xəstəlik ucbatından Moskvadan köçə bilməyən qonşusu Kuybışevin arvadı Olqa Nikolayevnaya göndərdiyi məktubunda yazırdı: "Daşkənd ikinci Moskva olmuşdur. Burada xeyli moskvalı vardır. İşim çoxdur. Nə gecəm var, nə gündüzüm. Uşaqlarla məşğul oluram. Müqəddəs işdir. Adam körpələrə baxanda ürəyi ağrıyır. Bu tifillərin günahı nədir? Nə qədər əziyyət çəkmişlər, əzab görmüşlər. Ölkə bu dəhşəti heç bir vaxt unutmayacaqdır".

Gülsüm xanımın Nəcəflə əlaqəsi beş ay idi ki, kəsilmişdi. Cəbhədən ürəkaçan xoş xəbərlər eşidilmirdi. Gülsüm xanımın SSRİ Xalq Müdafiə Komissarlığına göndərdiyi teleqramlar əsasında Ordu siyasi idarələrinin axtarışları da nəticə verməmişdi. Ana sıxıntı və iztirablar məngənəsində idi.

Rəsmi sənədlərdən məlum olur ki, ağır döyüşlərin birində iki ayağından yaralanan Nəcəf çoxlu qan itirmiş, zəifləmişdi. Ona görə Saratov hərbi xəstəxanasında bir müddət müalicə olunur, komissiyadan keçəndən sonra Qorki şəhərində bərpa institutuna göndərilir. 1942-ci ilin baharında Moskvaya, evlərinə qayıdan kimi Daşkənddə yaşayan Gülsüm xanıma 30 mart 1942-ci il tarixli məktubunu göndərir: "Əziz ana! Mən çox şadam ki, səndən xoş xəbər eşitdim. Sən artıq bilirsən ki, mən sentyabrın 20-də (1941-ci ildə) hər iki ayağımdan yaralandım, dekabr ayınadək Saratov xəstəxanasında, sonra Qorkiyə göndərildim. İndi martın 10-dan burada, Moskvada bir ay müalicə olunacam..."

Nəcəf yeni rütbə alması, paqonlarına "3 kubik" vurması barədə anasına xoş xəbər verir: "Məni yeni rütbəmlə təbrik edə bilərsən. Deməli, indi mən "Baş texnik leytenantam, yadında saxla".

Saratov şəhərindən göndərdiyi məktubun bir yerində yazır: "Ana, mən indi yeni döyüşə hazırlaşıram. Tezliklə, yəqin ki, sentyabrın ortalarında cəbhəyə gedəcəm. Sən eşidibsənmi, Qərb cəbhəsində almanlar darmadağın edilib, Cənub-Qərb cəbhəsində də onları vurmaq lazımdır. Almanları Qafqaza buraxmaq olmaz".

1942-ci il avqustun axırlarında hərbi xəstəxanadan buraxılan günün ertəsi Nəcəf Nərimanov ölkənin Cənub-Qərb istiqamətində mövqe tutan general-leytenant K.V.Sviridovun mexanikləşdirilmiş korpusuna göndərildi. Həmin korpusun daxil olduğu Cənub cəbhəsi komandanlığının üçüncü qvardiya diviziyası mühüm tapşırığa hazırlaşırdı: Tufandan qabaq dəryada görünən sakitlik kimi döyüş meydanında da əməliyyat səngimişdi. Lakin Stalinqradda qarşı-qarşıya dayanmış hərbi hissələrdə müharibənin taleyini həll edəcək böyük döyüşə hazırlıq gedirdi. General-leytenant K.V.Sviridovun korpusu Stalinqradın yaxınlığında mövqe tutmuşdu. Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanov öz vzvodu ilə yorulmaq bilmədən korpusda tankların texniki vəziyyətini nəzərdən keçirirdi. Bu dövrdə Nəcəf Kommunist partiyası sıralarına qəbul edildi. Bundan xəbər tutan Gülsüm xanım ümumittifaq radiosu ilə çıxışlarının birində öz sevincini bildirdi. Oğluna ürək sözlərini çatdırdı:

- Mənim əzizim! Kommunist Partiyamızın üzvü olmağın haqqındakı xəbərin məni çox sevindirdi. Oğlum, səni ürəkdən təbrik edirəm! Vaxtın bu qədər tez keçdiyinə inana bilmirəm. Axı, lap bu yaxınlaradək sən pioner idin... İndi komandirsən, partiya üzvüsən. Sənin atan bu partiyanın sıralarında uzun illər boyu xalqımızın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. O, gecə-gündüz işləməyi bacarırdı, dincəlməyi məsləhət görən həkimlərə qulaq asmırdı. Nəcəf, yadında saxla ki, sən Nəriman Nərimanovun oğlusan. Bilirəm ki, bunu bir dəqiqə də olsun unutmursan. Sənin öhdənə şərəfli vəzifə - vətəni faşist quldurlarından müdafiə etmək vəzifəsi düşmüşdür. Faşistlərin törətdikləri cinayətlərdən nə qədər qəzəbləndiyimi ifadə etməyə söz tapmıram. Bu vəhşilər bizim xoşbəxt həyatımıza qəsd etmişlər.

Mən, Şərqin mənim kimi minlərlə qadını yalnız Sovet hakimiyyəti illərində çadramızı atmış, oxumuş, işləmiş, övladlarımızı tərbiyə edə bilmişik. Sən yaşa dolmusan, mən təhsilimi başa vurmuşam. Deməli, biz uzun zaman xoşbəxt yaşaya bilərik. Müharibə başlandı və bizi bir-birimizdən ayırdı. Lakin düşmən xalqımıza heç vaxt diz çökdürə bilməyəcəkdir.

Əzizim, məndən nigaran qalma. Moskvadayam. Hamı qayğı göstərir...

Özünü necə hiss etdiyin barədə, işlərin haqqında mənə tez-tez yaz. Döyüş yoldaşlarına məndən salam yetir...

1942-ci ilin sentyabrında Alman ordusunun böyük zirehli dəstələri, yüzlərlə təyyarəsi həmləyə keçdi. Sovet ittifaqı marşalı V.İ.Çuykov yazır ki, çarpışmanın qızğın vaxtında "Alman faşist komandanlığı şəhərə daha üç təzə diviziya gətirdi, güclü zərbə qruplaşması yaratdı. Düşmən təyyarələrinin sayı əvvəllər də hər gün mindən çox olurdu, 1942-ci il oktyabrın 14-də isə rekord rəqəmə - 2540-a çatdı. Ətrafda hər şey alovlanırdı. Düşmən artilleriyası və aviasiyası neft çənlərini yandırırdı. Alova bürünmüş neft axırdı. Alovun hündürlüyü bəzən 800 metrə çatırdı. Elə bil torpaq da yanırdı, Volqa da...

Adama elə gəlirdi ki, nəinki torpaq, həm də səma bomba, mina, mərmi partlayışından sarsılır... Toz və tüstü dumanları günəşin işığını kəsir, gündüzü gecəyə çevirir. Bu alov dənizinin ortasında, arası kəsilməyən bombardmanlar içərisində sanki bütün canlılar məhv olmalı idi, insan əsəbləri bu cəhənnəm gərginliyinə dözməyə elə bil daha qadir deyildi. Lakin əsgərlərimiz dözə bildilər. Onlar öz mövqelərində sarsılmaz qala kimi dayandılar".

Bütün dünyanın diqqəti ölüm-dirim müharibəsinə dikilmişdi. Gülsüm xanım da, ölkə vətəndaşları kimi Sovet Məlumat Bürosunun radio verilişlərini həyəcanla dinləyirdi. Nəcəfin bu tufanın mərkəzində olmasından xəbərsiz idi.

1943-cü ilin fevralında faşist strategiyasının iflası xəbəri dünya antifaşist müqavimət hərəkatında qələbəyə dərin inam yaratdı. Müharibənin gedişində dönüş yarandı. Əzilən alman ordusunun geriçəkilmə mərhələsi başlandı.

1943-cü ilin baharında Gülsüm xanım beş aydan sonra oğlu Nəcəfdən aldığı məktubdan onun Stalinqrad döyüşlərində olmasından xəbər tutdu. Nəcəf yazırdı:

"Əziz ana, mən də orada idim. Dörd ay orada qaldım. Göndərdiyin bağlamanı qışda, faşistlər bizi lap Volqaya sıxışdıran zaman aldım. Amma axırı yaxşı məlumdur. Biz sarsılmadıq. Stalinqrad alman qoşunlarının böyük bir qrupunun məzarı oldu".

Narahatçılıqla oğlunun intizarını çəkən ananın ağır məqamda bu məktubu oxuduğu anda keçirdiyi hissi təsəvvür etmək çətindir. Gülsüm xanım məktubu oxuyan kimi, Nərimanovun iş otağına keçib Tanrıya böyük şükranlığını bildirdi. Amma qəhərdən özünü saxlaya bilmədi.

Donetskdən sıxışdırılıb çıxarılan alman hərbi hissələri geri çəkilirdi. Onların yeganə çıxış yolu Volnovaxa şəhərindən idi. Mexanikləşdirilmiş tank korpusuna alman hərbi hissələrinə ağır zərbə vurub Volnovaxadan çıxarmaq, düşmənin inadlı müdafiəsinə imkan verməmək əmr olunmuşdu.

Bu əmrin uğurla yerinə yetirilməsində general-leytenant K.V.Sviridovun mexanikləşdirilmiş korpusu misilsiz qəhrəmanlıq göstərdi. Volnovaxa şəhəri alındı. Alman hərbi hissələri darmadağın edildi.

Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanovun vzvodu dəmiryolu magistral qovşağını keçib müdafiə mövqeyi tutmuşdu. Nikolay Sazanov onu görüb maşını saxladı, Nəcəflə səmimi görüşüb tankçıları təbrik etdi. Sonra Nəcəfə dedi:

- Səni axtarırdım. Moskvaya göndərilməyin barədə əmr alınmışdır. Tez qərargaha get, general səni görmək istəyir.

Nəcəf vağzala çatmamış buludlu, tutqun havada 300 alman təyyarəsi göründü, Volnovaxaya çatar-çatmaz mərmi səpələdi. Ölümsaçan dağıdıcı mərmilər yeri-göyü titrətdi: Ərşə qalxan toz-duman çəkildikcə dağılmış dəmiryolu vağzalının, ətraf küçə və həyətlərin, inzibati binaların və evlərin xarabaları görünürdü. Yüzlərlə mübariz döyüşçü həlak olmuşdu.

Volnovaxa şəhəri döyüş meydanında Nəcəfin həlak olması xəbəri Gülsüm Nərimanovanı ildırım kimi vurdu. Böyük ana qəlbinin pünhan acı-ağrısını, zəmanəyə, bəşəri cinayətə, haqsızlığa, zülmə ittiham olan naləsini oxucuya necə təqdim edəsən? Müdrik Mövlana deyir: Şəhidə ağlamazlar!.. Ürək parça-tikə olursa nə etmək lazımdır?!

Ana ürəyi dözmədi, o, yataqda yarımcan oldu. Hər şeyi unutdu. Həkimlərin cidd-cəhdi hədər getmədi. Hər gün səhərdən-axşama şəfqət bacısı çarpayıda halsız uzanan xəstə Gülsüm xanıma xidmət edirdi: dərman içirər, təzyiqini ölçər, yeməyinə nəzarət edərdi.

Nəhayət, bir az yaxşılaşsa da, bütün günü yatağında susqun, halsız uzanan Gülsüm ana axşam çağları tənha qalanda xalatını geyinər, adyalına bürünüb Nəriman Nərimanovun iş otağına çəkilərdi: olub-keçən hadisələri düşünər, sızıldar, iztirab çəkərdi, için-için ağlardı. "Bundan sonra necə yaşaya bilərəm. Axı, necə yaşaya bilərəm..." Əlinə qələmi alıb nə isə yazmaq istəsə də, fikrini cəmləşdirə bilmirdi.

Bir gün için-için ağlaya-ağlaya xatirə dəftərinə taqətdən düşənədək nə isə yazdı: "Həlak olmuşdur... Nə böyük dəhşət. Axı, o, mənim gözümün ağı-qarası yeganə oğlumdur. Cəmi 24 yaşı var. İnsanın həyatının çiçəkləndiyi dövr. Ömründə heç nə görmədi... Qarşımda sual durur: bundan sonra necə yaşamalıyam? Yenidən necə ömür sürə bilərəm? Nəyə doğru can atmalıyam? Həyatımın məqsədi nədən ibarətdir? İndi heç kəsim yoxdur. Mənim üçün heç nə mövcud deyil: nə təbiətin gözəlliyi, nə də adamlar... hər tərəfdə dəhşətli boşluq yaranmışdır, hər şeyi təhrif olunmuş şəkildə görürəm... Məndə nə qədər qüvvə, inam vardı, hər gün nə qədər sevinc gətirirdi. Oğlumu gözləyirdim, səbirsizliklə gözləyirdim.

Lakin dəhşətli an gəlib çatdı. Hər şey yox oldu. Sanki dünya qaranlıqlaşdı, dünya mənə dar oldu. Ürəyim ağrıyır, hər tərəfdə gözümə qan görünür...

Nəcəf, mənim yeganə oğlum, fərəhim, sən haradasan, bu vəhşilər sənə nə etdilər? Axı, üç ildi ki, gözləyirdim. Sən qayıdacağına söz vermişdin. Məgər anaya verilən vədi bu cür yerinə yetirirlər?..

Oğlum həlak olmuşdur. O, mənim üçün hər şey idi, dost idi, ana idi, ata idi. Ömründə bir dəfə də mənə kobud söz demədi. Cəbhədən həmişə yazırdı: "Anacan, özünə fikir ver, mənə bundan başqa heç nə lazım deyil. Mən səni həmişə gümrah, cavan görmək istəyirəm. Qələbə ilə evə qayıtmaq - yeganə arzum budur". Uşaqlıqda, atası öləndə demişdi: "Anacan, ağlama, görürsən ki, mən atama oxşayıram. Böyüyəndən sonra atam kimi olacağam. Yaxşımı? İndi məni öp, yoxsa mən də ağlayaram". Bəs nə oldu, oğlum? Niyə sözünə dönük çıxdın, məni tək qoydun?..

Elə güman edirdim ki, Akademiyanı qurtaracaqsan, evlənəcəksən, mən nəvələrimi bəsləyəcəyəm. Axı, mən öz oğlumla fəxr edirdim, o, adi uşaq olsa da, mənim iftixarım idi. Dəhşətdir..."

Gülsüm xanım başını qaldırıb Nəriman Nərimanovun portretində onun qayğılı, kədərli baxışını gördü: fikrinə gəldi ki, Nəriman Nərimanov sağ olsaydı, ötkəm səslə deyərdi: "Gülsüm, özünü üzmə, ağlama. Nəcəfin ruhu yaşayır, onu incitmə".

Gülsüm ananın vəziyyəti "təlatümlü cəmiyyət "dənizində" qayıqda tək qalan insanı xatırladırdı. Lakin o, müdrik, mübariz, möhkəm iradəli qadın idi. Nəriman Nərimanovun və Nəcəfin ruhu, onu əhatə edən qayğıkeş insanlar Gülsüm ananı sınmağa qoymadılar.

Kreml həkimlərinin ciddi səyi, qayğısı ilə birtəhər özünə gələn Gülsüm ana yataq xəstəsi olsa da, tək balasının faciəsi sorağında oldu. O, ilk məktubunu çox çətinliklə Nəcəfin cəbhə dostu Nikolay Sazanova yazdı: "Doğma oğlumun həlak olduğunu xəbər verdiyiniz məktubu aldım. Bu zərbə məni əzdi. Əgər yaşayıramsa, yalnız ona görə ki, ətrafımda milyonlarla ananın mənim vəziyyətimdə olduğunu görəndə ölməyə haqqım yoxdur".

Ana öz məktubunda Nikolay Sazanovdan Nəcəfin başına gələn müsibətin təfsilatını öyrənmək istəyirdi: cəbhə həyatı, döyüş epizodları, düşüncələri, fikri və arzuları, hər şey onu maraqlandırırdı. "Əziz Kolya, ola bilər ki, ayrı yoldaşlar da onun haqqında bir söz desin. Siz başa düşürsünüzmü, oğlum haqqında deyilən hər nə varsa, hamısı mənim üçün necə əzizdir? Nəcəf özü barədə çox az danışırdı... Şəxsi dərdim ağırdı. Ancaq dərk edirəm ki, Vətənin mənafeyi hər şeydən üstündür, gərək bütün qüvvəmizi düşmən üzərində qələbəyə həsr edək. Bildiyimiz kimi, ağır xəstələnmişəm, yaza bilmirəm. Ona görə qısa məktubla Sizə müraciət edirəm. Oğlumu unutmayın, onun ölümü haqqında hər şeyi, nə öyrənə bilərsinizsə, hamısını ətraflı yazıb göndərin: o, harada dəfn olunub, kimlər iştirak edib, onun məktubu və bir sənədi qalıbmı? Nəcəfi son anda görən varsa, soyadını, ünvanını öyrənin. Əgər mümkünsə onlardan xahiş edin, oğlum barəsində gördüklərini mənə yazsınlar..."

Gülsüm xanım baş vermiş hadisənin təfsilatını öyrənmək məqsədilə Tank korpusunun komandanı, general-leytenant K.V.Sviridova da qısa məktubla müraciətində Nəcəfin məzarının qorunması barədə göstəriş verməsini, məzarın şəklini, dəfn olunduğu yerin ünvanını, əşyalarını (qeyd dəftərini, məktubları və s.), oğlunun təltifi barədə məlumatı göndərməsini xahiş edir.

Haşiyə: Tank korpusunun komandanı, general-leytenant K.V.Sviridov xüsusi hərbi poçt kuryeri ilə Gülsüm anaya Nəcəf Nərimanovun "Stalinqrad uğrunda" medalını, "I dərəcəli Böyük Vətən müharibəsi" ordenini və əşyalarını göndərmiş, öz imzası ilə rəsmi məktubunda yazmışdı: "Hörmətli Gülsüm Nərimanova. Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik - almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən-kəndə, şəhərdən-şəhərə qovurduq... Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı... İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün özlərinin həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq".

Böhranlı, ağır günlərdə Gülsüm xanım tək-tənha qalmadı: dost-tanış, qohumlar ona mənəvi dayaq oldular.

Hər gün poçtalyon teleqram və məktublar gətirirdi. Qonaq otağında Nəcəfin hərbi geyimdə qara çərçivəyə alınmış fotoşəkli təzə-tər gül-çiçəyə qərq olmuşdu. Gülsüm xanım orada dəst-dəst yığılmış məktub və teleqramları hər gün gözdən keçirir, qovluqlara yığırdı. Səhhəti yaxşılaşmaqda olan Gülsüm xanımın həyəcanla, göz yaşı ilə oxuduğu təsəlliverici "başsağlıqları" onu həyata səsləyir, mənəvi dayaq olur, möhkəm və mübariz olmağı aşılayırdı. Gülsüm xanıma baş çəkən qohum-qonşu və yaxınlar da onun özünə gəlməsinə, sağlamlaşmasına çalışırdı.

Gülsüm xanım Bakıdakı və Tbilisidəki qohumlarına yazırdı: "Mən özüm başa düşdüm ki, yeganə çıxış yolu canını, qanını Vətənin müdafiəsinə Nəcəf kimi qurban verənlərə qayğı və nəvaziş göstərməkdir. Təəssüf ki, indi xəstəyəm. Amma sağalan kimi bu dəhşətli dərd üz verənədək işlədiyim hərbi xəstəxanaya gedəcəyəm".

Kreml xəstəxanasının həkimləri son müayinədən sonra işə çıxmasına icazə verdilər. Həmin axşam Gülsüm xanım Nəriman Nərimanovun iş otağında Tank korpus komandanı, general-leytenant K.V.Sviridova məktub yazıb oğlu Nəcəfin məzarının səliqə-sahmana salınması, abidə qoyulması barədə müraciət edir.

Gülsüm xanım ertəsi günü hərbi xəstəxanada onu gözləyən rəfiqəsi Asya Kurskaya ilə görüşür. Onlar döyüş meydanından göndərilən, ağır yaralı döyüşçülərin qayğısına qalır, ağrı-acılarını yüngülləşdirmək, dərdlərinə şərik olmaq üçün bacardıqlarını əsirgəmirdilər: yaralılara konsertlər, əbədi-bədii gecələr; komediya tamaşaları, incəsənət xadimləri, tanınmış yazıçılarla görüşlər təşkil edirdilər.

Gülsüm xanım və Asya Kurskaya hamilik xidmətinə görə Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi xəstəxana komandanlığının təşəkkür və fərmanlarına layiq görülmüşdülər.

Gülsüm xanım Nərimanova Moskva Şəhər Qırmızı Xaç Komitəsi hamilik komissiyasının üzvü idi. Eyni zamanda, Moskva Uşaq Evi Qəyyumluq Şurasının sədri vəzifəsində çalışırdı.

İkinci Dünya müharibəsini qələbə ilə başa çatdıran ölkədə qıtlıq və çətinliklər hökm sürürdü. Bu dövrdə uşaq bağçaları, uşaq evləri, internat məktəblər bərbad vəziyyətdə idi. Gülsüm xanım qəyyumluq etdiyi bütün yerlərdə qayda-qanun yaratmaq üçün səhərdən-axşama dövlət idarə rəhbərləri ilə əlbəyaxa idi. O, tabeliyində olan uşaq evlərini, yetimxanaları təmir etmək üçün inşaat materialları, ərzaq, geyim əşyaları, yeməkxana üçün qab-qacaq və binaları qızdırmaq üçün yanacaqla təmin edirdi. Gülsüm xanım ömrünü bu xeyirxah işə həsr etmişdi. O, böyük hörmət və nüfuz sahibi idi. Səlahiyyəti çərçivəsində çox iş görürdü.

Gülsüm xanım həmsöhbəti, yaxın rəfiqəsi, Daşkənddən ardı-arası kəsilmədən ona məktub göndərən Yadviqa Edmundovna Dzerjinskayaya yazırdı:

"Bu hərb günlərində Moskva bir qədər sərt, işgüzar görünür. Ancaq Moskva xüsusi cazibədarlığını və əzəmətini saxlayır. Ədəbi və ictimai işə girişmişəm. Oçerklər, məqalələr yazıram. Sovet qadınları antifaşist təşkilatının daimi üzvlərindən biri olmuşam.

Bu hadisə çox qəribədir. Uşaq evinə və məşhur Rusakov xəstəxanasına getmişdim. Uşaqların hitlerçilərdən müdafiə olunmasına həsr edilmiş antifaşist mitinqdə həmin xəstəxana haqqında danışıldı. Məndən orada gördüklərim barədə yazmağı xahiş etdilər. Uşaqların vəziyyəti və onlara göstərilən qayğı mənə o qədər böyük təsir etmişdir ki, bu haqda ətraflı yazdım. "Rusakov xəstəxanasında" məqaləsini və İngiltərənin qadınlarına müraciəti xarici dillərə tərcümə edib radio ilə verdilər. Bütün bunlar həyatımı zənginləşdirir. Gördüyüm işdən razıyam".

Bu qayğılar içərisində yaşasa da, Gülsüm xanımı bir an tərk etməyən, həmişə düşündürən Nəcəfin tək məzarı, onun vəziyyəti idi. Bu barədə müəyyən məlumatı olsa da, ana xəyalı pərvanə kimi Nəcəfin məzarı üstündə dolanırdı.

Gülsüm Nərimanovanı Volnovaxa Rayon İcraiyyə Komitəsinin işçiləri hörmətlə qarşıladılar. Onu rayon mərkəzindəki parka - Qardaşlıq məzarlığına apardılar. Ukrayna torpağının alman-faşist işğalından azad edilməsi uğrunda şəhid olan Sovetlər Birliyi xalqlarının döyüşçüləri burada dəfn olunmuşdular.

Gülsüm xanım "Qardaşlıq qəbiristanlığı"nda - məzarların üzərində təzə-tər gül-çiçək, hər tərəfdə səliqə-sahman, qayğı nişanəsi gördü. Məzarlığa baş əydi, göz yaşı yanaqlarını islatdı.

Nəcəf Nərimanovun məzarı qarşısında bir an dayandı, diz çökdü, sinə daşını qucaqlayıb hönkür-hönkür ağladı. Ana hıçqırıqla ürəyindən qopan sözlərlə oğlunu oxşayırdı. Onu müşayiət edən Volnovaxa Rayon İcraiyyə Komitəsinin məsul işçisi Yevdokiya İliniçna ona yaxınlaşıb ayağa qaldırdı, qucaqladı, xoş sözlərlə təsəlli verdi, pərişan saçlarını səliqəyə saldı, öpdü.

Gülsüm xanım Volnovaxa yaxınlığındakı Staro-İqnatevka kəndindəki Uşaq Evinə də baş çəkdi. Burada müharibədə valideynlərini itirmiş uşaqlar yaşayırdılar. Yetimxanada binanın təmirə, uşaqların geyimə, ayaqqabıya ehtiyacı vardı, dəftərxana ləvazimatı, mütaliə üçün bədii ədəbiyyat, dərslik çatışmırdı. Bu acınacaqlı vəziyyət Gülsüm xanımı narahat etdi.

Gülsüm xanım Volnovaxa rayon mərkəzindən uzaqda yerləşən Staro-İqnatevka kəndində meşəlikdə mənzərəli bir yerdə tikilmiş ikimərtəbəli Uşaq evinin rəsmi himayəçiliyini öz öhdəsinə götürdü. Moskvaya qayıdan Gülsüm xanım uşaq evinin təmiri, maddi təminat problemi (ərzaq, yanacaq, paltar, ayaqqabı), maşın alınması ilə ciddi məşğul oldu. İlk növbədə Uşaq evinə "Nəcəf Nərimanovun kitabxanası"nı hədiyyə göndərdi. Bu hadisə böyük sevinclə qarşılandı. Kitabxanada kitab rəflərinin girişində vurulmuş lövhədə Gülsüm Nərimanovanın uşaqlara müraciəti yazılmışdı:

"Nəcəf Nərimanovun sizin kitabxananıza göndərdiyim kitablarına görə sevindiyinizi eşidəndə mən də fərəhləndim. Kitab bilik mənbəyidir, insanın ən böyük və ən sadiq dostudur. Həyatınızda baş verən bütün hadisələr zamanı kitabdan istifadə etməyi öyrənin. Siz kitabdan bilik, müdriklik qazanacaq, həmişə vətənə sədaqətlə xidmət edəcəksiniz".

Uşaq Evi kitabxanasının genişləndirilməsi təkcə Volnovaxa rayonunda deyil, bütün vilayətdə əks-səda doğurmuşdu. Uşaq evində yaşayan uşaqlar Gülsüm xanıma cavab məktubunda yazırdılar:

"... Əziz hədiyyəni - oğlunuz Nəcəf Nərimanovun kitabxanasından göndərdiyiniz kitabları aldıq. Diqqətinizə görə çox sağ olun. Hədiyyənizə cavab olaraq dərslərdən həmişə "dörd" və "beş" alacağımıza söz veririk. Bir nəfər də dərsdən geri qalmayacaqdır. Kitabxanamız daha da zəginləşdi. Fəxr edirik ki, orada oğlunuzun oxuduğu kitablar da vardır. Söz veririk ki, Nəcəf kimi olacağıq, Vətəni onun kimi sevəcəyik, bir-birimizə hörmət edəcək, namuslu, igid adamlar kimi böyüyəcəyik".

Staro-İqnatevka Uşaq Evi Gülsüm xanımın qayğısı sayəsində vilayətdə ən nümunəvi tərbiyə ocağına çevrilmişdi. Uşaq Evinin məktəbliləri Volnovaxadakı "Qardaş qəbiristanlığı"nda iməciliyi ənənəyə çevirmişdilər. Nəcəf Nərimanovun məzarı üstündə həmişə təzə-tər gül-çiçək olurdu.

Volnovaxa İcraiyyə Komitəsindən Yevdokiya İliniçna Gülsüm xanıma göndərdiyi məktubunda Nəcəf Nərimanovun məzarının qaydaya salındığını, əklillər qoyulduğunu xəbər verir, sonda yazır: "Nəcəf Nərimanov qəlbimizdə yaşayır, onun qəhrəmanlığı unudulmayacaqdır. Volnovaxanın ən yaraşıqlı, geniş küçələrindən biri Nəcəf Nərimanovun adını daşıyır".

Haşiyə: On il ötmüşdü... 1953-cü ildə Ukraynanın sərt dekabrında çovğunlu bir gündə Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanovun məzarı önündə 23 yaşlı, ucaboylu, başı açıq, əynində plaş bir gənc əlində tutduğu vərəqi təngnəfəs oxuyurdu... Bu, Nəriman Nərimanovun 1925-ci ildə 6 yaşlı oğlu Nəcəfə yazdığı vəsiyyətin əlyazması idi. Qadağalar dövründə gənc tədqiqatçı aspirant Vəli Məmmədov Bakı şəhərindən Volnovaxaya gəlib "Qardaşlıq qəbiristanlığı"nda şəhid həmyerlisini ziyarət edirdi".

***

Taleyin dönüklüyü, həyatın sərtliyi və amansızlığı Gülsüm xanımı sındıra bilməmişdi. O, müqəddəs ideallar: vətənin və xalqın azadlığı, müstəqilliyi uğrunda mübarizədə şəhid olan ərinin və oğlu Nəcəfin ruhunu öz qəlbində iftixarla yaşadırdı.

Gülsüm xanım Nəriman Nərimanovun şəxsi arxivini sahmana salır, Nəcəfin məktublarını və şəkillərini, rəsmi məktubları ayrıca qovluqlara yığırdı. Gülsüm xanım N.Nərimanovun şəxsi arxivindən bir neçə qovluğu Azərbaycan Dövlət Muzeyinin ədəbiyyat və incəsənət arxivinə göndərmişdi.

Gülsüm xanım Moskva şəhərində qəyyumluq etdiyi uşaq evlərində müharibə dövründə ata-anasını itirmiş, sahibsiz qalmış yetimlərin maddi-rifah halının yaxşılaşdırılması, sağlamlığı, təlim-tərbiyəsi məsələlərinə nəzarət edir, çatışmayan hər nə varsa, onun gətirilməsini təşkil edirdi.

Gülsüm xanım səlahiyyəti və nüfuzu çərçivəsində gördüyü xeyirxahlıq işləri onu məmnun edirdi. Uşaq evlərində ona ülfət bağlamış körpələr öz tədbirlərində Gülsüm xanımın iştirak etməsinə çalışırdılar. Gülsüm xanımın şəxsi arxivində saxlanılan yüzlərlə dəvətnamə də fikrimizi təsdiq edir.

Gülsüm xanımın hərdənbir xəstələnməsi işin ahəngdar ritmini pozmuşdu, ona elə gəlirdi ki, fiziki gücü tükənir. Jurnalistik fəaliyyəti ilə məşğul olmurdu: Ümumittifaq radiosunda çıxışını dayandırmışdı. Mərkəzi mətbuatda ədəbi-publisist yazılarla çıxış etmirdi. Amma hərdənbir uşaq evlərinin vəziyyəti, işin təşkili və görüləcək işlər haqqında məqalələri dərc olunurdu. Böhranlı vəziyyətdən çıxmağın bir yolu vardı: müalicə və pəhriz.

Maddi cəhətdən çətinlik çəkən Gülsüm xanım Mərkəzi İcraiyyə İdarəsinə müraciət etməyə məcbur olur: O, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Şvernikə müraciətində 1919-cu ildən V.İ.Leninin sərəncamı ilə N.Nərimanovun ailəsinə Xalq Komissarları Sovetinin yeməkxanasından və poliklinikasından istifadə üçün verilmiş imkanın bərpasını xahiş edir.

Arxiv sənədlərindən məlum olur ki, N.Nərimanovun vəfatından sonra 1925-ci ilin yayında Gülsüm xanım və altı yaşlı oğlu Xalq Komissarları Sovetinin yeməkxanası və poliklinikası uçotundan çıxarılmışlar. SSRİ Mərkəzi İcraiyyə Komitəsi dörd il ötəndən sonra - 1928-ci il oktyabrın 28-də N.Nərimanovun himayəsiz qalmış ailəsinə təqaüd verilməsi barədə qərar çıxarmışdı.

Gülsüm xanım 1943-cü ildən sonra qıtlıq illəri oğlunun köməyindən də məhrum olmuşdu. Hipertoniya, əsəb pozğunluğu, mədə-ürək xəstəliklərinə düçar olan Gülsüm xanım "çox ağır maddi çətinlik şəraitində" yaşayırdı. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Şvernikə müraciətinin axırında yazırdı: “İlk dəfə olaraq köməklik məqsədilə Sizə müraciət edirəm.

Əgər mümkünsə, mənə maddi yardım göstərin və Kremlin yeməkxanasından 19-cu ildən aldığım yardımı bərpa edin. Həkimlər mənim şəhərdənkənar yerdə yaşamağımı məsləhət görürlər. Heç olmasa Moskva ətrafında pulu dövlət hesabına ödənilən 6 kvadratmetrlik bir otaq verin ki, yayda orada olum... Mənə belə yüksək təzyiqlə yayda şəhərdə yaşamaq çox çətindir...

Mən ərimin ölümündən sonra onun bütün qiymətli şeylərini muzeyə bağışlamışam. Oğlumun da bütün şeylərini və kitablarını uşaq evinə vermişəm.

Mənə belə bir sualla sizə müraciət etmək ayıbdır. Məni bağışlayın, Sizə dərin hörmətlə Nərimanova".

Gülsüm ərinin vəfatından sonra 18 il oğlu Nəcəfə, həm də ata əvəzi olmuşdu: ağıllı-kamallı bir igid böyütmüşdü.

Ömrünü oğlu Nəcəfin boya-başa çatmasına qurban verən Gülsüm ana tək qalmışdı: ümidi, pənahı Nəcəf Nəcəfov 24 yaşında müharibədə şəhid olmuşdu. Qəriblikdə əbədiyyətə qovuşan oğlu Nəcəfin xiffətini çəkirdi, onun ayrılığına ana ürəyi dözmürdü. Gözünün işığı, ümid çırağı sönmüşdü. On il mübarizə apardı, Nəcəfin qəbirüstünün düzəldilməsinin nigarançılığını çəkdi. 1952-ci il mayın 1-də Volnovaxa rayon soveti qəbrin düzəldilməsi xəbərini verdi.

1953-cü ildə Gülsüm ana əbədiyyətə qovuşdu. Moskvada Voqankova qəbiristanlığında dəfn olundu.

Vətəndən çox-çox uzaqlarda, qəriblikdə Odlar Yurdunun üç müqəddəs şəhidi torpağa tapşırılsa da, qədirbilən xalqımız onları unutmur, əziz xatirələrini ürəklərində yaşadır. Allah onlara qəni-qəni rəhmət eləsin!

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub.

 





13.03.2020    çap et  çap et