525.Az

Aşıq Alının "Nə qaldı" kitabının təqdimatı oldu


 

Aşıq Alının "Nə qaldı" kitabının təqdimatı oldu<b style="color:red"></b>

Azərbaycan Atatürk Mərkəzində Aşıq Alının şair, el ədəbiyyatı araşdırıcısı İlham Qəhrəman tərəfindən tərtib olunmuş "Nə qaldı" toplusunun təqdimatı keçirildi.

Mərasimin aparıcısı, tənqidçi Əsəd Cahangir İlham Qəhrəmanı öz üslub və mövzuları olan şair, klassik aşıq sənətimizin bilicisi və novator tədqiqatçısı kimi səciyyələndirdi. O bildirdi ki, İ.Qəhrəman milli ənənələrə bağlı şair olsa da, yaradıcılığı özünəməxsusdur: "Şair bununla göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq,  orijinal ruhlu şeirlər yazmaq mümkündür. Onun bədii obrazları bəzən ağlagəlməz dərəcədə yenidir, həyatidir və buna görə də yaddaqalandır. İlham poetik dilinin xəlqiliyi ilə də seçilən şairdir. Bu, artıq İlhamın stixiyasıdır - fəlsəfi ümumiləşdirmələrlə incə müşahidə qabiliyyətindən xəbər verən detalçılığın, heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin başlıca məzmun və forma özəlliyidir".

Ə.Cahangir söylədi ki, Zəngəzur-Göyçə mühitinin xalq yaradıcılığını dərindən mənimsəyən İlham Qəhrəmanın toplayıb-tərtib etdiyi "Laçın folkloru", "Laçın lətifələri" və Sarı Aşığın "Gül dəftəri" kitabları onun həm də səriştəli bir tədqiqatçı olduğunu təsdiqləyir: "İlhamın uzun illərdən bəri  Aşıq Alı yaradıcılığının sorağı ilə axtarış aparması, bu əzmlə ustad aşığın "sənət kodu"nu aça bilməsi və əldə olan nümunələri bu ülgüdən keçirməsi, nəhayət, bu ulu irsi əhatə edən samballı bir toplunun yaranmasına gətirib çıxardı. "Aşıq Alı. Nə qaldı" adlı yeni kitab el aşığının nadir irsinin ən kamil təqdimidir".

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı isə bildirdi: "Aşıq Alı irsinin yeni  toplusunun ilk oxucularından biri və elmi məsləhətçisi kimi məsuliyyətlə deyirəm ki, bu kitab ustad aşığın yaradıcılığını indiyədək mövcud olmuş yanlışlıqlardan, təhriflərdən, lüzumsuz əlavələrdən arayıb-təmizləyən və kəm-kəsirdən xilas edən, öz doğma yuvasına qaytaran yetik-bitik bir nəşrdir. Ədəbiyyatşünaslıqda belə kitablara "akademik nəşr" deyilir. İlham Qəhrəmanın aşıq şeiri poetikasına dərindən bələdliyi Aşıq Alı irsinin pozulmuş məqamlarını bərpa etməyə imkan vermişdir. Tərtibçi kimi onun  kitaba yazdığı ön söz, verdiyi şərhlər, göstərdiyi qeydlər və əlavə etdiyi lüğət yüksək elmi tələblər səviyyəsindədir".

Mərasimdə çıxış edən ədəbiyyatşünas, professor Buludxan Xəlilov, tənqidçi Məti Osmanoğlu, folklorşünas Qiymət Məhərrəmli, şair Əli Rza Xələfli, tədqiqatçı jurnalistlər Tahir Talıblı və Tahir Aydınoğlu yeni nəşri Aşıq Alı irsini çağdaş tələblər baxımından araşdırıb sistemləşdirən dəyərli mənbə kimi qiymətləndirdilər. Natiqlər "Aşıq Alı. Nə qaldı" toplusunun zəngin xalq yaradıcılığının dərindən öyrənilməsi və yeni nəsilə çatdırılması işinə töhfə olduğunu vurğuladılar.

Qiraət ustaları Əməkdar artist Azad Şükürov və Zülfiyyə Eldarqızı ustad aşığın yeni işıq üzü görmüş şeirlərindən nümunələri səsləndirməklə məclisə sənət ovqatı, Alı nəfəsi gətirdilər.

Sonda kitabın tərtibçisi İlham Qəhrəman Toplu üzərində apardığı elmi-müqayisəli və bədii-intuitiv yaradıcılıq işindən, təqdim edilən yeniliklərdən danışdı. O, poetik yaradıcılığı və araşdırmaçılıq fəaliyyəti barədə söylənən xoş sözlərə görə dərin razılığını bildirdi.

T.Turan

 





13.03.2020    çap et  çap et