525.Az

Ay olmasaydı...


 

Ay olmasaydı...<b style="color:red"></b>

Kainatda trilyonlarla qalaktika, hər qalaktikada milyardlarla ulduz, hər ulduzda milyonlarla günəş, hər günəş sistemində yüzlərlə planet, hər planetin ətrafında isə onlarla peyk var.

Bizim olduğumuz Günəş sistemi kiçik ölçülüdür və həyat mənbəyimiz hesab olunan Günəş cırtdan ulduz hesab olunur. Günəşin ətrafında hərəkət edən 3-cü planet Yerdir. Və hələ ki, həyat olan yeganə planetdir. Yerin bir peyki var. Ay adı verilən bu peyk Günəşlə bərabər gecə və gündüzü təşkil edirlər. Günəş bizə işıq verir, istilik verir. Bəs, Ay nə verir? Ayın yaydığı işıq yerdən daha azdır, istiliyini isə deməyə ehtiyac yoxdur. Son illərdə elm adamları Ayda suyun olma ehtimalını irəlini sürürlər. Lakin Ayda su olsa belə, hazırda ondan istifadə edəcək imkana sahib deyilik. O zaman hər gecə səmaya baxarkən bəzən yarım, bəzən də tam şəkildə bərq vuran Ay nəyə lazımdır?

Ola bilər, kimlərsə Ayın lazımsız olduğunu düşünsünlər. Ammabu, heç də belə deyil. Ayın var olma məqsədi Yer kürəsində həyatın mövcudluğu şərtləndirən əsas səbəblərdəndir desəm, inanarsınızmı? İnanmalısınız. Bugünkü mövcudluğumuzu Günəş qədər Aya da borcluyuq. Gəlin keçmişə səyahət edək. Yaxın keçmişi nəzərdə tutmuram. 13,7 milyard il əvvəl indiki Günəş sistemimiz yarandı. Təxminən 4.5 milyard il əvvəl isə Yer planeti ilkin formasını aldı. Dünyamızdan bir qədər kiçik olan bir kosmik daş sürətlə Yerlə çırpılır və planetimizin böyük bir hissəsi kosmosa səpələnir. Lakin Nyutonun bizi agah etdiyi cazibə qanunu nəticəsində planetimiz həmin parçaların müəyyən hissəsini öz ətrafında birləşdirə bilir. Qalan hissələri isə Yerlə toqquşan kosmik daşın ətrafında birləşir. Və beləcə Ay yaranır. Toqquşma nəticəsində həm Yer, həm də Ay sürətlə Günəşin ətrafında hərəkət edir. Ancaq Yerin cazibəsi Ayı uzaqlaşmağa qoymur. Görəsən, bu, təsadüfdürmü? Elmdə təsadüf olmur. Hər şey zərurətdən baş verir. Ayın uzaqlaşmaması zərurət idi. Çünki onun cazibəsi Yerin fırlanma sürətini azaltdı. Və Dünyamız öz oxu ətrafında 24 saat ərzində dövrə vurmağa başladı.

Yer sürətlə fırlansa nə olardı? Qısaca deyim ki, Yerdə ümumiyyətlə, həyat və canlı deyilən şey olmazdı. Çünki Yer orbiti üzrə 67 min mil sürətlə, öz oxu ətrafında isə 1675 km sürətlə hərəkət edir. Bu, bilirsiz nə deməkdir? Ömrümüzdən gedən hər bir saniyə ərzində planetimiz 29,8 km yol gedir. Və biz bunu hiss etmirik. Möhtəşəmdir, elə deyilmi? Ay olmasaydı, bu sürət daha çox olardı və Yerdə atmosfer yaranmazdı. Atmosferin yoxluğu isə Günəş istiliyinin birbaşa Yerin səthinə düşməsinə səbəb olardı. Sadə dillə desək, Yer də Merkuri və Venera kimi gündüzlər çox isti, gecələr çox soyuq havaya malik olardı. Hələ Yerə dəyən radiasiyanı demirəm... Deməyəcəm də... Çünki planetimizin necə yox olacağını təsəvvür etmənizi istəməzdim.

Ayın qəhrəmanlıqları bununla bitmir. Ay Yer səthindəki suları da idarə edir. Yəni Ayın cazibə gücü okean sularında qabarma və çəkilmələr yaradır. Əgər Ay daha yaxın və ya daha uzaqda qərarlaşsa idi, yenə də Dünyada həyat olmazdı. Böyük ehtimalla, planeti su basardı. Həmçinin, Ay dünyanın 23 dərəcəlik əyriliklə hərəkət etməsini təmin edir. Qəribədir... Ancaq qəribə olduğu qədər də ideal tarazlıqdır. O soyuq, donuq baxışlarını daim bizə zilləyən Ay olmasa idi, Yerdə yaşayan tək bir ağac belə olmazdı.

Yəqin bundan sonra hər dəfə Aya baxanda onun önəmi barədə şübhəyə düşməzsiniz.

Bəxtiyar MƏCİDLİ

 





13.03.2020    çap et  çap et