525.Az

Bizə zəqqum yedizdirənlər - Könül Nuriyeva yazır


 

Bizə zəqqum yedizdirənlər - <b style="color:red">Könül Nuriyeva yazır </b>

Düşüncəni yeniləməyin, dəyişdirməyin çətin olduğunu bilirsiniz. Çoxumuz altşüurumuzun dərinliyində dini motivlər güclü şəkildə kök salıb. Rayona getmişəm, yas mərasimindəyəm. Yox, bu, duyğulu, hüznlü  düşüncələrə bənzəmir. Dəhşətli reallıqlarla üzbəüzəm. Elektrik cərəyanı vurmuş adamlar kimiyəm.

Qırx gün Quran oxuyan molla, öldürəsən də, qiymətdə endirim etməz. Yasin oxumağın tası,  cümə axşamlarını yola verənlərin, qəbir yerinin, sidr-kafirin, ölüyuyanın qiymətləri dolların məzənnəsi ilə ölçülür.

Qadın məclisində oturmuşam, molla bacı ona verilən suallara elə cəfəngiyyat cavablar verir ki... Arvadlar başlarını yelləyərək, elə bil, Nitşenin fəlsəfəsini dinləyirlər. İndi  durub bir kəlmə desəm ki,  Quranı  öz dilimizdə beş dəfə oxumuşam, ərəbcə qrammatik qaydalarla, avazla oxumağa illərimi sərf etmişəm, axı, orda siz deyən belə əndərəbadi sözlər yoxdur, bunları hardan tapırsınız? - inanın, məni məhəllə xaini, yolunu azmış hesab edərlər.

Bu donuq gözlü kütləyə baxıram, özünün inkişafına zərrə qədər marağı olmayan, yalnız uşaq doğmaq və ərinin tələblərini ödəmək üçün yaşayan qadın heyətinin çaylarına virus atmaq keçir ağlımdan. Gülürəm, o tərəfdən qoca arvad mənə göz-qaş edir, elmi söhbət gedir, axı.

Kütlənin gözlərindən pula hərislik yağır. Əgər pulu belə əziyyətlə qazanırsınızsa, niyə ölünü yerdən götürən molladan əlavə, kəndin baş mollasına da iki yüz manat verir, hələ üstəlik, bunu beynəlxalq tribunalın qərarı kimi pozmağa bu qədər qorxursunuz?

O baş molla kimdir, deyim sizə. İki arvadı olan, qonşuda əri təzə ölmüş qadını özünə siğə etdirən, beş oğul atası, oğullarından biri kəndin mal-qarasını oğurlayıb satan, o biri dələduz, başqa biri  kimə çatdı sataşan. Yaxşı, deyək ki, ölünü yerdən götürən əziyyət çəkir, fiziki, mənəvi halları olur, sənəti olsa belə.  Bəs, əlləri cibində durub sifətindən zəhrimar yağdıran, məclislərdə hamını acılayan bu baş molla nə etdi ki, ona da iki yüz manat -  bir aylıq təqaüdünüzü verirsiniz?!.

Bunu özlərinə də dedim, hətta qohumlarım tərəfindən təkləndim, haqsız da çıxarıldım.

"Zəqqum" sözü "zəqəm" sözündən alınıb, "udmaq" deməkdir. Pis görünüşlü, acı, pis qoxulu, bəzəksiz  bitkidir. Bədənə dəyən kimi dəri şişir. Quranda deyilir ki, cəhənnəm əhlinin yeməyidir. Bizi avam hesab edib beynimizə savadsızlıq toxumu əkən bu adamlar da cəmiyyətin zəqqum ağaclarıdır. Biz isə o ağacı sulayanlarıq.

1925-ci ildə Abbas Mirzə Şərifzadə "Bismillah" filmini çəkmişdi. Film eyni dərdlərdən bəhs edirdi. Üstündən uzun müddət keçib. Amma biz hələ də dəyişməmişik!..

 





13.03.2020    çap et  çap et