525.Az

Dərbənd və Dərbənd yazarları "Yazıçı"nın təqdimatında


 

Dərbənd və Dərbənd yazarları "Yazıçı"nın təqdimatında<b style="color:red"></b>

Azərbaycan ədəbi-mənəvi mühitində "Oğuz eli" qəzetinin "Yazıçı" əlavəsi çoxdan bəri xüsusi buraxılışları ilə şöhrət qazanıb.

Ədəbi düşüncəmizdə "Yazıçı" əlavəsinin ayrıca mətbuat orqanı kimi yeri var. "Yazıçı"nı  araya-ərsəyə gətirən şair, nasir, publisist Azər Abdulla böyük cəfakeşliklə ədəbi hadisələrə, ədəbiyyatımızın tarixi və müasir ədəbi simalarına xüsusi buraxılışlar həsr edir. Bu xüsusi buraxılışlarla həm müraciət etdiyi böyük ədəbi simanı öz üslubu və dəst-xəttilə ədəbi düşüncənin mərkəzinə gətirir, həm də bu görkəmli ədəbi simalara dövrün - çağdaş ədəbi mühitin aparıcı  simalarının münasibətini tarixləşdirir.

Bu dəfə Azər Abdulla 2020-ci ilin ilk buraxılışında bir qədər fərqli mövqe tutub. Bu buraxılışın əsas mövzusu Dərbənd  və Dərbənd yazarlarıdır. Amma bu günümüzün, çağdaş ədəbi mühitimizin yazarlarına da xüsusi sevgi ilə yer verib. Xüsusi buraxılış şair-publisist  Ramiz  Qusarçaylının  "Dərbəndim, ər Dərbəndim" publisistik  essesi ilə açılır. Dərbəndin möhtəşəm mənzərəsi - Dəmir qapı Dərbənd qalasının əzəmətli fonunda yazı  sanki  günümüzün tarixi Dərbəndlə dilləşməsi təsiri bağışlayır. Burada R.Qusarçaylı və A.Abdullanı Dərbənd şair  və aydınlarının arasında əbədiləşmiş fotoda görürük. Fəxrəddin Oruc Qəribsəsin, Təhmiraz İmanovun, Nəcməddin Hüseynovun, Təvəkkül Seyidovun, Şıx İbrahim Manafovun, Aşıq Sakit Köçərinin, Safiyyat Salğanskayanın, Zeynəb Dərbəndlinin, Tahir Salehin şeirləri sıralanır, yaradıcılıqlarından örnəklər Azərbaycan oxucusuna çatdırılır.

Ünlü şair Tofiq Nurəlinin "Dərbənd" şeirini xüsusi ağrı ilə oxudum: "Dərbənd ki, bu yurdun tən ortasıydı, Yoxuydu bu yurdun ucu, bucağı... Xainlər söndürdü gecə yarısı Dağların başında yanan ocağı..."

Sənətşünas Ramil Quliyevin VIII əsrin əvvəllərində inşa olunmuş tarixi abidə - Dərbənd haqqında qeydlər Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının Dərbənd aşıq mühiti haqqındakı qeydləri dəyərli bir tədqiqatdır. Xüsusi buraxılışda çair və publisist Əli Rza Xələflinin "Dəmir qapı Dərbəndin tərifi (əslində, "Dərbəndin bəxt kitabı") şeiri də dərc olunub.

"Yazıçı"da dərbəndli klassiklərə də yer ayrılıb. Diləfruz Pərinin, Məsum Dərbəndlinin, Bayat Abbasın, Məsum Əfəndinin, Fətəli Vəlikəndlinin, Aşıq Əhməd Himeydilinin, Zövqinin, Katruxlu İsgəndərin, Kilas Vəlikəndlinin, Camal Dəliçobanlının, Xalid Qaradağlının, Aşıq Soltan Seyidovun, Məhəmməd Kəsir Əsgərovun, Rəna Dərbəndlinin şeirlərilə oxucuların duyğularını dilləndirir. Hüseyn Dərdli, Həmid Şəmsəddin, Aşıq Əfəndi Yersili, Zəkulla Kimsiz, Minətulla Səfərov, Aşıq Qəndab, Məhəmmədhəsən Bayatlı, Kilas Kilasov, Salavat Amanatoğlu, Şıxheydər Şıxheydərov, Cəmilə Araklı və digərlərinin şeirləri, publisist yazıları Dərbəndin mənəvi xəritəsini tamamlayır.

Xüsusi buraxılış baş redaktor Azər Abdullanın "Qırxlar məzarında dolaşan ruhlar" lirik poeması ilə sona çatır.

 





13.03.2020    çap et  çap et