525.Az

Nargis "Metakədər"ini təqdim etdi - Fotolar


 

Nargis "Metakədər"ini təqdim etdi - <b style="color:red">Fotolar</b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, filoloq Nargis İsmayılovanın "Metakədər" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə AYB katibliyi, tanınmış qələm adamları, yazıçının oxucuları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Nargisin yaradıcılığı haqqında geniş məlumat verib, onun Naxçıvan ədəbi mühitini ümumən Azərbaycan ədəbiyyatında layiqli şəkildə təmsil etdiyini vurğulayıb.

R.Məcid deyib ki, Nargis Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, ölkə Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş fərdi təqaüdünə layiq görülüb:
 
"Nargis xanım həm də elmi fəaliyyətlə məşğuldur. Bu, onun təqdimatında iştirak etdiyim növbəti kitabıdır. Bu münasibətlə Nargis xanımı təbrik edir, ona yaradıcılığında yeni uğurlar arzulayıram".

Sonra R.Məcid tədbirin aparıcılığını AYB-nin katibi İlqar Fəhmiyə həvalə edib. İ.Fəhmi çıxışında deyib ki, Nargis həm akademik, həm də ədəbi yaradıcılıqda seçilən imzalardandır:
 
"Hər adam bu iki istiqaməti özündə birləşdirə bilmir. Nargis xanım isə ədəbiyyatın həm elmi, həm də bədii istiqamətləri ilə eyni anda məşğul olur, onları öz yaradıcılığında böyük uğurla birləşdirə bilir".

Xalq yazıçısı, akademik Kamal Abdulla Nargisin yazılarını mətbuatdan izlədiyini deyib və kitabın adına diqqət yönəldib:
 
"Nargis müəllif olaraq maraqlıdır. Mən onun yazılarını izləyirəm. Kitabın adı da maraqlı və orijinaldır. Bəzən ədəbiyyatda "kədər" sözünə çox rastlasaq da, burdakı kədər başqadır. "Metakədər" kədərdən sonra deməkdir. Bəlkə mən kitabda nikbinlik notları axtaracağam, ya da kədərdən sonra müəllif üçün nə gəlir onu kitabı oxuyandan sonra öyrənəcəyəm. Çünki hər insan kədəri və kədərdən sonrakı halı özünəməxsus şəkildə yaşayır. Nargis imzası bölgələrdə də aktiv ədəbiyyatın olduğunun bir göstəricisidir".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxışında Nargisin hər həftə qəzetə yazdığı esse və məqalələrin rezonansa səbəb olduğunu vurğulayıb:

"Nargis xırda esse və yazılarında elə dərin mətləblərə toxunur ki, bəzən başqasının bir kitabda deyə bilmədiklərini deyir. Bu, ədəbi mühitimizdə Kamal Abdulla məktəbidir və Nargis bu məktəbin ən parlaq nümunəsidir".

İntiqam Yaşar, Varis, Qəşəm Nəcəfzadə, Gülər Abdullabəyova, Zaur Ustac, İbrahim Yusifoğlu, Çalğın Məhəmməd, Sadıq Qarayev, Nuranə Nur, Fəxrəddin Meydanlı, Aləm Kəngərli və başqa qələm adamları da Nargisin yaradıcılığı haqqında fikirlərini bölüşüb, onu yeni kitabı münasibətilə təbrik ediblər.

Sonda çıxış edən müəllif AYB rəhbərliyinə, təqdimatda iştirak edənlərə, çıxışçılara təşəkkürünü bildirib, yeni kitabına adını verdiyi "Metakədər" şeirini səsləndirib və qonaqlar üçün kitablarını imzalayıb.

Şahanə MÜŞFİQ

 





13.03.2020    çap et  çap et