525.Az

UNEC-də bütün dərslər distant keçiriləcək


 

"TƏTBİQ EDİLƏN MODEL ƏN MÜASİR TEXNOLOGİYALARIN TƏTBİQİ İLƏ ƏYANİ TƏHSİLİN ALTERNATİVİDİR"

UNEC-də bütün dərslər distant keçiriləcək<b style="color:red"></b>

Martın 12-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün dərslər distant tədris olunur. Dünəndən UNEC-də distant dərslərə başlanılıb.

Universitetdən  verilən məlumata görə, UNEC Eksterndən tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır. Gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçiləcək. Ümumilikdə isə UNEC-də 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur və martın 20-dək davam edəcək.

Məlumatda bildirilib ki, koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə UNEC-də bütün dərslər distant formada təşkil edilir. Tətbiq edilən distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə istənilən məkandan mobil telefon və internetlə qoşulmaq mümkündür. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edir.  Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alınacaq. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır.

Müəllimin distant formada keçdiyi mühazirə avtomatik olaraq videoarxivləşdiriləcək və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

Distant təhsil müddətində Qaynar xətt (1846) və Call center (1846-1- 1501; 1846-1-1502) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Yarana biləcək suallar UNEC Distant Facebook (facebook.com/unecdistant) səhifəsi üzərindən və [email protected] e-ünvanından operativ cavablandırılacaq.

Distant tədris müddəti Nazirlər Kabinetinin müəyyən etdiyi dövrü (2020-ci ilin mart ayının 10-dan 20-dək) əhatə edəcək.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, UNEC tələbələrinin bütün dərslərini distant formada və uğurla təşkil edilie: "Tətbiq edilən model ən müasir texnologiyaların tətbiqi ilə əyani təhsilin alternatividir. Əyani təhsildən yeganə fərqi müəllim və tələbələrin müxtəlif məkanlarda olmasıdır. Üstünlükləri çoxdur. Ən böyük üstünlüklərindən biri müəllimin mühazirəsinə tələbələrin dərsdən sonra məhdudiyyətsiz baxmaq imkanının olmasıdır. Tələbələrimizə uğurlar diləyir və müasir, ölkəmiz üçün yeni tədris formasının tətbiqini mümkün edən dəyərli müəllimlərimiz başda olmaqla hər bir şəxsə təşəkkür edirəm".

Xatırladaq ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

S.QARAYEVA

 





13.03.2020    çap et  çap et