525.Az

ADMİU-da Məmməd Arazın 80 illik yubileyi keçirildi


 

ADMİU-da Məmməd Arazın 80 illik yubileyi keçirildi<b style="color:red"></b>

Azərbaycan Mədəniyyət İncəsənət Universitetində (ADMİU) Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun  rektor, professor Timuçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Məmməd Araza verdiyi yüksək qiyməti vurğulayaraq, tədbir iştirakçılarına dövlət sərəncamından bəzi məqamları xatırladıb: "Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü Vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən milli ədəbi fikrin tükənməz xəzinəsindən alıb. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir".

Professor Timuçin Əfəndiyev Məmməd Araz poeziyasının yüksək poetik xüsusiyyətlərindən bəhs edərək şairin milliliklə yoğrulmuş, bir tərəfdən xalq yaradıcılığı, klassik Azərbaycan poeziyası, digər tərəfdən aşıq şeiri çağdaş poeziyamızın sütunları üzərində qurulmuş, onun məziyyətlərini canına hopdurmuş şeir nümunələrindən danışdı. Natiq şeirlərini bir haray, bir çağırış birləşdirən "Ayağa dur, Azərbaycan" hayqıran şairin, xalqı sarsılmazlığa, əyilməzliyə, milli qürura, insanlığa haqq-ədalət, bütövlüyə, birliyə səslədiyini qeyd etdi.

Daha sonra filologiya elmləri doktoru, professor Gülşən Əliyeva "Ağrı yaddaşının harayı" adlı məruzə ilə çıxış etdi: "Məmməd Araz hələ gənc yaşlarından "Araz" təxəllüsünü ona görə qəbul etdi ki, bütün varlığı ilə Azərbaycana qovuşsun, Vətən daşına dönsün, qürbətdə inləyən Vətən dərdini, vətəndaş ömrü şair taleyi kimi yaşasın. Bu dərdi yaşamaq yaşatmaq üçün ulu əcdadların, kamil ustadların, dahi Nizaminin fəlsəfəsindən cövhəri, Füzuli poeziyasından kədəri, Sabir satirasından zəhəri öz poeziyasının enerjisinə çevirə bildi. Bu fikirdəyəm ki, Məmməd Arazdan bizə ağrı yaddaşının poetik harayı - onun bənzərsiz poeziyası yadigar qaldı. Məmməd Araz hər şeydən öncə poeziyamızın Vətən daşı idi, bu gün isə biz ondan ədəbiyyatımızın vətəndaşı kimi bəhs edirik. O, hər kəsin heç kimin olmayan dünyanın şairi idi. Fəqət bununla belə, Allahın ona bəxş etdiyi istedad şəxsiyyətinin gücü ilə heç kimin heç kəsin olmamış əbədi bir dünya yaratdı: öz günəşi, ayı, ulduzları olan Məmməd Araz dünyası. Onun sözündə günəşin işığı, ayın, ulduzun parlaq şəfəqi var idi. Məmməd Araz min illik şeirimizin vətəndaşlıq andı idi. Orduya gedən əsgərlərin hər yeni nəsli hərbi and içdiyi kimi, poeziyaya gələn gənclər şairin kitabına əl basıb şairlik andı, - "Məmməd Araz andı" içməlidirlər".

"Unudulmaz Məmməd Araz" adlı məruzə ilə çıxış edən professor Aqşin Babayev şairin ilk şeirləri ilə oxucuların qəlbinə yola tapa bilməsini önə çəkdi: "Bir yazıçı illərlə çalışır, onlarla kitab çap edir, yalnız bundan sonra oxucular onu ya qəbul edir, ya da qəbul etmir. Amma elə sənətkarlar da var ki, ilk şeirindən, ilk əsərindən ürəklərə yol tapır böyük ədəbiyyatın astanasında ona səmimiyyətlə "xoş gəldin!" deyirlər, eynən Məmməd Araz kimi. Məmməd Araza milli şair, xalqın qəlbindən qopan sənətkar deyirlər. Onun əsərləri dillər əzbəridi heç kəs məxsusi olaraq oturub onun şeirlərini əzbərləmir, onun şeirləri özü insanların ürəyinə yol tapır. Məmməd Arazı oxuculara sevdirən başlıca cəhət onun vətənpərvərlik duyğusudur. O, qeyrətli bir oğul kimi bütün həyatını xalqına qurban verdi. Onun "Ayağa dur, Azərbaycan", "Bizi Vətən çağırır", "Vətən mənə oğul desə" bu ruhlu başqa şeirlərini oxuyanda idealı naminə ölümə hazır olan bir azərbaycanlının ürək çırpıntılarını duyursan. Vətəni sevməyi, xalqa sədaqətlə xidmət etməyi Məmməd Arazdan öyrənmək lazımdı".

Sonra söz alan filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə Məmməd Araz şeirində Azərbaycançılıq ideyalarından danışdı: "Bir neçə gün öncə möhtərəm Prezidentimiz İlham Əliyev Məmməd Əmin Rəsulzadənin yubileyini keçirmək üçün sərəncam imzaladı. Vaxtilə Azərbaycan milli mənəviyyatını oyatmaq istəyən şairlər, ədiblər Məmməd Əmin Rəzulzadənin, Əli bəy Hüseynzadənin ideallarını tərənnüm etdikləri üçün həbs olunublar. Məmməd Araz bütün poeziyasında Azərbaycan xalqının milli mənəvi varlığından doğulmuş böyük şəxsiyyətlərin ideyalarını tərənnüm edib o, özü xalqın milli mənəvi varlığından doğulmuş bir şair idi.  Məmməd Arazın poeziyası bizim milli mənəvi yaddaşımıza yad olan ideologiya ilə mübarizədən başlayır. Mən qürur duyuram ki, poeziyamızda Məmməd Araz həqiqəti, Məmməd Araz dünyası var. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Əli Kərimin yaradıcılığında ayrı-ayrılıqda təzahür edən cəhətləri Məmməd Araz öz poeziyasında vahid poeziya külçəsi kimi birləşdirdi".

Daha sonra millət vəkili, yazıçı Aqil Abbas tədbirin təşkili üçün ADMİU-nun rektoru Timuçin Əfəndiyevə təşəkkürünü bildirdi Məmməd Arazla bağlı fikirlərini bölüşdü: " Bir dəfə Mərkəzi Komitədən zəng gələndə telefonu mən götürdüm. Məmməd Arazı telefona çağırırdılar. Gördüm ki, onun əhvalı dəyişdi. Səhər tezdən mənə bir şeir verib dedi ki, apar bu şeiri  qəzetdə çap elətdir. Bundan sonra bildim ki, telefonda mükafat almaq üçün ondan Leninə, partiyaya şeir yazmağını istəyiblər. Səhərisi qəzetdə çap olunan şeirində isə bu misralar vardı: "Ürəyimsiz kəlmə yazan deyiləm, qədər ki, öz əlimdi yazanım". O, heç bir mükafat arzulayan adam deyildi. Dünyada mən onun kimi qəribə adam görməmişəm. O, dünyaya tamam başqa gözlə baxırdı. O vaxt mən tələbə olanda "Məndən ötdü, qardaşıma dəydi" şeirini hamı əzbərdən bilirdi. Onun şeirləri insanlara vətəndaş olmağı öyrədən bir poeziya idi. Mənim sevdiyim filosof Nitşe xəstə olanda onun yolunda bacısının necə fədakarlıq etdiyini oxumuşdum. mən Gülxanım ananın timsalında gördüm ki, bir qadın həyat yoldaşı üçün nələr edə bilərmiş, bir qadın həyat yoldaşını qədər sevə bilərmiş. Son vaxtlar Məmməd Arazın dediyini o tərcümə edirdi. Ondan başqa heç kim onun əlyazmalarını, xəttini oxuya bilməzdi. Məmməd Arazı yaşadan  xalqının alqışı bir onun xanımı oldu".

Tədbirdə həmçinin ADMİU-nin dosenti, bədii qiraətçi Nadir Hüseynov Ağalar Bayramov Məmməd Arazın şeirlərini səsləndirdilər.

Tədbirin sonunda rektor Timuçin Əfəndiyev universitetdə hər il Məmməd Araz gününün keçirilməsi təklifi ilə çıxış etdi. Təklif tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılandı qərara alındı ki, hər il belə bir tədbir keçirilsin.

Ramil Əhməd

 





30.11.2013    çap et  çap et