525.Az

Rəbbim, Cabir Savalanı qəbul eylə...


 

Rəbbim, Cabir Savalanı qəbul eylə...<b style="color:red"></b>

Noyabrin 24-ü təxminən saat 2 radələrində yaxın qohumum uşaqlıq yoldaşım Elşən Mirzəyev mənə zəng etdi. Səsinin ahəngində bir titrəyiş hiss etdim. Boğunuq səslə, qırıq-qırıq sözlərlə "Xəbərin var, Şəmsi, Cabir rəhmətə gedib" söylədi. Bir anlıq elə hesab etdim ki, hər yana qaranlıq çökdü. Cabirin bir müddət əvvəl İrana-Təbrizə ürək əməliyyatı keçirmək üçün getdiyini bilirdim. Amma fələyin Cabirə qarşı bu qədər amansız olacağını ağlıma gətirməzdim.

Onunla söhbət etməkdən doymaq mümkün deyildi. Ömründə bir qarışqanı belə əzməyən Cabirin ölümünə heç inanmaq olmur. Cabirin torpağa tapşırıldığı gün heç vaxt yadımdan çıxmayacaq. Onun nəşini atası böyük iman əhli Kərbəlayi Zeyqəm kişinin İmişlinin Mirli kəndindəki el sayağı çiy kərpicdən hörülmüş evindən qəbristanlığa yola salarkən 400-dən çox insan dəfn mərasiminə qatılmışdı. Qocalı-cavanlı, qadınlı-kişili hamı ağlayırdı. Hamı onu göz yaşları ilə yola salırdı. Həyat yoldaşı Səadət xanımın "Cabir, get, amma darıxma mən gələcəm, özüdə tez gələcəm" deməsi bütün adamları kövrəltmişdi. Oğlu Xətainin isə yana-yana ağlaması atasını oxşayırmış kimi "Təbriz deyə-deyə yanırdı, axırda da Təbrizdə dünyadan köçdü" deməsi sonda Cabirin hələ sovet dönəmində yazdığı şeirlərdən birindən bu bəndini əzbər söyləməsi hələ uzun müddət xatirimdən silinməyəcək.

Haray Təbriz məhəbbətim,

Sona yetməz bu xiffətim,

Bakı-Şəhriyar həsrətim,

Dünya, səndən gileyliyəm.

 

Cabir müxtəlif rayon prokurorluqlarında prokuror köməkçisi, baş müstəntiq, xüsüsilə mühüm işlər üzrə müstəntiq vəzifələrində çalışmışdır. Rəhmətə gedənə qədər Qazax rayon pokurorunun müavini idi.

Bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlayan Cabir şeirlərini Cabir Savalan imzası ilə nəşr etdirirdi. Hələ sovet dönəmində " Dünyamız- göyərçin" almanaxında 35 şeiri, sonralar isə "Ömrümün gülü-gülşəni", "Araz-Təbriz nağılı", "Bülbülün fəğanı", "Dilim aşıqlər dilidi", "Aşıqlər karvanı" şeirlər kitabları müxtəlif nəşriyyatlarda çap olunmuşdur.

Filologiya üzrə fəlsəfə doktoru Şöhrət Qaraoğlunun dediyi kimi, Cabir Savalan poeziyasının aşıqlik mündəricəsi bütün irfan kainatının son həddi olan tovhid anlayışlarından nəşət taparaq bədiləşib, ümumi bir çalarda aydın təsəvvür əxlaqını ifadə ilə misradan-misraya, bəndən-bəndə keçid alaraq əsl sənət nümunəsinə çevirə bilib.  

Cabir Savalan müqəddəs Həcc, Kərbəla Məşhəd ziyarətlərində olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Yazdığı şeirlərə görə müxtəlif mükafatların laureatı idi. Allah rəhmət eləsin.

Şəmsi Vəfadar

"Yazıçı" nəşriyyatının direktoru

 

Rəbbim, məni qəbul eylə!

 

Bu çiçək dənizinlə,

Bu bəm-bəyaz bənizinlə,

Üz-gözümdəki tozunla,

Məkkəm, xoş gördük, xoş gördük!

 

Məkkə, həsrətimin yolu,

Rəbbim, məni qəbul eylə!

Eşqi könlümdə dop-dolu,

Rəbbim, məni qəbul eylə!

 

Mən elə bir öyə gəldim,

Mövlam öyə-öyə gəldim,

"Ləbbeyk" deyə-deyə gəldim,

Rəbbim, məni qəbul eylə!

 

Uçdum Mövlamın şəhrinə,

Düşdüm hikmətlər nəhrinə,

Gümanım haqqın rəhminə,

Rəbbim, məni qəbul eylə!

 

"Yeddi" - "yeddi" dolanaram,

Yorulub kamım alaram,

"Zəm-zəm" sirab olaram,

Rəbbim, məni qəbul eylə!

 

Həm kiçik bir qiyamətdi,

Həm mehrü-məhəbbətdi,

Rəsulundan əmanətdi,

Rəbbim, məni qəbul eylə!

 

Açıb qoynun Kəbətullah,

Doğulubdu Vəliyullah,

O, məqami Xəlilullah,

Rəbbim, məni qəbul eylə!

Uçar əbabil quşları,

Mələklərdir yoldaşları,

Silahları gil daşları,

Rəbbim, məni qəbul eylə!

 

Deyirəm, açıla gözüm,

Bal kimi süzülə sözüm,

Qara Daş ağarda üzüm,

Rəbbim, məni qəbul eylə!

 

Gəldim şeytanı daşlayam,

Ömrü yenidən başlayam,

Fəna işləri boşlayam,

Rəbbim, məni qəbul eylə!

 

Ərəfatdı, gözüm, ağla,

Bir fürsətdi, gözüm, ağla,

Qiyamətdi, gözüm, ağla,

Rəbbim, məni qəbul eylə!

 

Hacılar qurbanlıq alar,

Axirət qeydinə qalar,

Qurban İsmail tək olar,

Rəbbim, məni qəbul eylə!

 

Cabirəm, atsız gəlmişəm,

Rütbəsiz, adsız gəlmişəm,

Qolsuz, qanadsız gəlmişəm,

Rəbbim, məni qəbul eylə!

 

Varmı elə kimsə ki...

 

Varmı elə kimsə ki,

Tutsun halımdan xəbər?

Baxıb insafa gəlsin,

Halım eyləsin əsər.

 

Kəsib nəfsimin başın,

Daha azad olmuşam,

Azadların azadı,

Fəqət Hürrü-Dilavər.

 

Susuz dodaqlarıyla

Göyərtdi öz dinini,

Hüseyn üsyan eylədi,

Oldu dillərdə əzbər.

 

Mən aşiqəm deyib,

Qoy kimsə laf etməsin,

Aşiqlər aşiqidir,

Peyğəmbərlərə sərvər.

 

Kiçik zərrədə belə,

Görünür Rəbim mənim,

Bu zülmkar insanın

Gözü açılmaz məgər?!

 

Dünya dolu ibrətdir,

Götürməz ki, götürməz,

Qul olub öz nəfsinə,

Ömrünü eylər hədər.

 

Sən ha söylə, ha göstər,

eşidər, görər,

Sanki lal-kar doğulub,

Zəhmətin verməz səmər.

 

Nola sevək, sevilək,

Bu yol sevgi yoludu,

Bu sevginin nurundan

Aləm olsun münəvvər!

 

Sevgi ucaltsın bizi,

Qoşulaq aşiqlərə!

O məşuqun eşqində

Cabir Məcnundan betər.

 

Mövlam, yol göstər, yol göstər!

 

Qarşıda qarlı dağlar var,

Mövlam, yol göstər, yol göstər!

Yaxınlar var, uzaqlar var,

Mövlam, yol göstər, yol göstər!

 

Çiyinlərə qonar-qonmaz,

"Ağac at"1ım enər-enməz,

Nitqim batar, dilim dönməz,

Mövlam, yol göstər, yol göstər!

 

Üzüm qara, əllərim boş,

Fəryad olar mənə yoldaş,

Tanımaz qardaşı qardaş,

Mövlam, yol göstər, yol göstər!

 

Uçar göyün dirəkləri,

Əsər isti küləkləri,

Gələr əzab mələkləri,

Mövlam, yol göstər, yol göstər!

 

Günahları tökmək gərək,

Beş-üç toxum əkmək gərək,

Bir kölgəlik tikmək gərək,

Mövlam, yol göstər, yol göstər!

 

Arif olan yuxu yatmaz,

Nəfsiylə ixtilat qatmaz,

Nemətinə şükür çatmaz,

Mövlam, yol göstər, yol göstər!

 

Dözümüm yox daha Cabir,

Bu qüssəyə, aha, Cabir,

Yalvar bir Allaha, Cabir,

Mövlam, yol göstər, yol göstər!

1.tabut

 

Eyləmişəm

 

Əzəldən olmuşam Haqqın aşiqi,

Zülümlə, zalımla qall eyləmişəm.

Keçmişəm dünyadan, keçmişəm candan,

Mən indi özgə bir hal eyləmişəm.

 

Üzüm gülümsədi, qəlbim ağladı,

Ahımın atəşi sinə dağladı,

Dərdlər ürəyimdə düyün bağladı,

Könlümü qəmlərə yol eyləmişəm.

 

Şükür, Yaradanım eylədi agah,

"Mim"ə taqətim, etmişəm günah,

Hələ ilk sualın zəhmindən, Allah,

Əymişəm qəddimi, "dal" eyləmişəm.

 

Mövlam gözlərimi açdığı gündən,

Çoxu yazıq deyib dolanar gendən,

Haramdan, qeybətdən, həsəddən, kindən

Yumuşam qəlbimi, gül eyləmişəm.

 

Dünya parıltıya, bəzəyə dəyməz,

Köhnə bəs eylər, təzəyə dəyməz,

Aləm gözlərimdə təzəyə dəyməz,

Nəfsimi yandırıb, kül eyləmişəm.

 

Yenə başımda var eşqin əsəri,

Alimin arifdən olmaz xəbəri,

Sözə Haqq sevgisin qatandan bəri,

Şeirimi, sözümü bal eyləmişəm.

 

Şahın şah yükü var, nökərin nökər,

Kotan bilsin ki, qayış çəkər?!

Özümü bir dilsiz quzudan betər,

Ay Cabir, o Şaha qul eyləmişəm.

 

 

 

 





30.11.2013    çap et  çap et