525.Az

Korona günlərində eşq... - Türkan Turan yazır


 

Korona günlərində eşq... - <b style="color:red"> Türkan Turan yazır </b>

Gecənin qaranlığında pəncərəni açdı, buz kimi hava içəri doldu.

Birdən ağlına nə gəldisə tez əynindəkiləri soyundu və çılpaq halda soyuğun önündə dayandı. Getdikcə bədəni keyiyir, hərarəti azalır, tir-tir titrəyir, dişi-dişinə dəyirdi. Amma özü bunun fərqində deyildi. Bayaqdan bəri əlində bərk-bərk tutduğu şərab bardağını dodağına yaxınlaşdıra bilmirdi. Nə etmək istəyirdi? İntihar? Yox, bu heç inandırıcı görünmürdü. Həm də intiharı düşünən kəs niyə bunu çılpaq halda etsin?

Əvvəlcə yanına getmək istədim. Sonra on üçüncü mərtəbədə olduğumuzu xatırlayıb bu fikirdən daşındım. Qəflətən yaxınlaşsam, niyyəti olmasa belə, özünü ata biləcəyindən ehtiyatlandım. İki il idi birlikdəydik, amma onu ilk dəfə belə xəstəhal, dağınıq görürdüm. Son günlər onsuz da yaxşı deyildi. Bir az gözlədim, yerindən tərpənmədiyini və bu gedişlə donacağını düşündüyüm üçün qalın bir şal götürdüm, arxadan yavaşca yaxınlaşıb çiyinlərinə atdım. Kürəyinə söykənib qucaqlamaq istəyəndə tez kənara çəkildi, sərt şəkildə "bir də mənə yaxınlaşma!" dedi.

Niyə belə etdiyini anlaya bilmirdim. Səbəbini dəfələrlə soruşmuşdum, amma eynən indiki kimi anormal reaksiyalar vermişdi. Şalı özünə möhkəm sıxaraq yataq otağına doğru getdi. Açıq qalmış pəncərənin qarşısında dayandım. Birdən gözlərim tənha şəhərin nəhəng boşluğuna ilişib qaldı. Arada sükutu təcili yardım və polis maşınlarının qulaq deşən siqnal səsləri pozurdu. Bu dəm küləyin uğultusu gəlib hamısını yığıb aparır, geriyə yenə boşluq qalırdı. Bütün bunların qarşısında ayaqlarımı yerə möhkəm basıb, özümü itirməməyə - yıxılmamağa çalışırdım.

Bir müddətdir, xəstəlik bütün şəhəri cənginə almışdı. Qara, boz günlər bir-birini əvəz edirdi. Gündüzlər küçələr polis işçiləri ilə dolu olurdu. Otellərin, alış-veriş mərkəzlərinin, hava limanlarının, xəstəxanaların girişinə xüsusi cihazlar qoyulmuşdu. Varlı və kasıb təbəqə mənsubları ilk dəfə bərabərləşmişdi. Hamısı içəri keçmək üçün uzun növbələrdə gözləmək məcburiyyətində qalırdılar. Üstəlik, bir neçə addım öndə dedektordan da keçmək lazım gəlirdi. Hər iki cihaza müsbət cavab verənlər dərhal yoxlanılırdı. Şübhəlilər məcburi şəkildə təcili yardımla xüsusi təyin edilmiş yerlərə aparılırdı. Qarşı çıxan olanda polis müdaxilə edirdi...

Şəhər gerçək üzünü göstərməyə başlamışdı. İnsanlar özlərini mücərrəd hiss edirdilər, amma bu dəfə harınlıqdan, qudurğanlıdan yox, kökü məlum olmayan yanlışın ucbatından. Getdikcə hər şey mənasızlaşırdı, dünənə qədər həyəcanla çatmaq istədikləri hər şey artıq hamı üçün adidən də adiyə çevrilirdi. Bir müddət sonra bəlkə də, hər şey sonlanacaqdı. Əvvəlki ab-havanı qaytarmaq üçün çarxı yenidən geri çevirməyə çalışacaqdılar, amma əllərindən heç nə gəlməyəcəkdi...

...Yaxşı, bəs, onun dərdi nə idi? Daha bir neçə gün əvvələ qədər məni qollarından yerə qoymurdu, amma indi cin-şeytan görmüş kimi gen qaçırdı. Bəlkə ayrılmaq istəyirdi, amma bunu dilə gətirməyə cəsarəti çatmırdı. Nə olur-olsun, elə indi bu işin vacehinə yetəcəkdim. Artıq bu qeyri-müəyyənlik bitməli idi. Yataq otağına üz tutdum. Qapını açanda əlində ülgüclə çarpayının ortasında oturduğunu görüb dəhşətə gəldim. Bircə, "yalvarıram, bunu mənə yaşatma" deməyə gücüm çatdı. Gözlərimdən yaş leysan kimi süzülürdü. Sanki yuxudan ayıldı, ülgücü var gücü ilə küncdəki dolaba tərəf atdı. Əlini alnına vura-vura "bacarmıram, cəsarətim çatmır" dedi. Sual verməyə qorxurdum. O an hansı cümlənin yanlış və ya doğru olduğunu müəyyən edə bilmirdim. Beynim heç nəyi qavramırdı. Cəsədə dönmüş üzümün halını görüb danışmağa başladı: "Özümü pəncərədən atmaq istədim, amma bacarmadım. Fikirləşdim ki, bu sənə böyük zərbə olar. Ölüm şokundan çıxmamış birdə tikə-tikə olmuş vücuduma şahid olmağını istəmədim. Damarlarımı kəsə bilmədim. Gəlib cansız bədənimi qan içində görsən, bu səndə silinməyəcək izlər qoyacaqdı. Ölümümə gec-tez alışacaqdın, amma parçalanmış və doğranmış damarlarımı heç vaxt yaddan çıxarmayacaqdın".
Qorxa-qorxa o dəhşətli sualı axır ki, dodaqlarımın arasından çıxarda bildim: "Axı, səni özünü öldürməyə vadar edən nədir?"

"Dünyanın gedişatında yanlışlıqlar var. Mənimsə bunu düzəldəcək gücüm yoxdur" - dedi çarəsiz halda.
Onu anlamadığımı söylədim.
"Mən də dəhşətli virusun daşıyıcısıyam və ömrümə cəmi 11 gün qalıb" cümləsini eşitməyimlə, sanki beynimin içində canavarların ağız-ağıza verib ulaması bir oldu. Deməli, məndən qaçmağının səbəbi bütün dünyanı cənginə alan virusa yoluxmağı imiş. Mən isə buna min don geyindirmişdim. Bütün bədənim boşaldı, yatağın ortasında asqıran, arada burnunu çəkən ölümün qarşısında əllərini qaldıraraq təslim olduğunu göstərən adama baxdım. İtirmək qorxusu güc gəldi. Onu nə qədər çox sevdiyimi anlayaraq yaxınlaşıb bağrıma basdım. Bu dəfə elə möhkəm qucaqladım ki, itələyib özündən uzaqlaşdırmağa gücü catmadı. Qızdırma içində olan bədəni od kimi yanırdı. Qulağına pıçıltı ilə "artıq tək deyilsən, qorxma" - dedim.

 





16.03.2020    çap et  çap et