525.Az

Ömrün 75-ci baharına yaradıcılıq hesabatı


 

Ömrün 75-ci baharına yaradıcılıq hesabatı <b style="color:red"></b>

Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynovun nəfis şəkildə çap olunmuş "Ömrümün ötən illəri" adlı kitabı bu günlərdə oxuculara təqdim edilib. Naxçıvan teatrının inkişafına özünəməxsus töhfələr vermiş aktyor enişli-yoxuşlu sənət yolunun zirvəsində dayanaraq çoxşaxəli yaradıcılıq yoluna nəzər salıb.

Kitabın son bölməsində isə aktyorun həyat yolunun ən mənalı anlarını əks etdirən foto albom yer alır. Naxçıvan Muxtar Respublikasının 90 illiyində çəkilən şəkil isə aktyor ömrünün ən xoş anlarından bir xatirədir.

"Xatirələrim" bölməsində uşaqlıq illərindən bəhs edən müəllif doğma yurd yerlərinin saf, təmiz bədii obrazını yaradıb. Bu elə mühitdir ki, orada hər şey bulaq suları kimi dumduru, saf və təmizdir. Məktəb illərində əhatəsində olduğu dostları, müəllimləri müəllifin yaddaşında əziz xatirə kimi yaşayır.

Müəllif 75 baharlı ömrünün teatr və televiziyada keçən dövrünə da işıq salıb. Bildirib ki, teatr fəaliyyətinə Bakıda neftçilərin mədəniyyət evinin nəzdindəki Xalq teatrının səhnəsindən başlayıb. 1967-ci ilin noyabrından Naxçıvan teatrında çalışıb. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının qüdrətli aktyorları ilə tərəf müqabil olub."Vaqif"də Əli bəy,"Yaşar"da Toğrul, "Solğun çiçəklər"də Qurban, "Nadir şah"da Mirzə Mehdi xan, "İblis"də İxtiyar, "Topal Teymur"da Divanbəyi, "Atabəylər"də Əcəmi, "Əlincə qalası"nda Bəbir və başqa tamaşalarda bir-birindən fərqli insan xarakterləri yaradıb.

Kitabda ulu öndər Heydər Əliyevin sənət adamları ilə görüşlərini əks etdirən  epizodlar öz səmimiliyi ilə diqqət çəkir. Həmin  epizodlarda ulu öndərin Naxçıvan teatrına qayğısı, teatrın yaradıcı heyəti ilə görüşləri, tamaşalara baxdıqdan sonra verdiyi tövsiyələr öz əksini tapır.

Kitabın ideya müəllifi və redaktoru, Naxçıvan televiziyasının keçmiş əməkdaşı Əşrəf Hümmətov X.Hüseynovun 1973-1989-cu illərdə Naxçıvan televiziyasında diktor kimi də fəaliyyətindən bəhs edərək yazır ki, X.Hüseynov dinləyicyə və tamaşaçıya çatdıracağı hər hansı bir mətni əvvəl özü üçün təkrar-təkrar oxuyar, mətnin məzmununu, onun ideyasını, məqsədini aydınlıqla dərk edər, sonra efirə çıxardı. Onun nitqində orfoepiya qaydaları həmişə gözlənilir, məntiqi vurğu yerli-yerində işlədilirdi. Aydın və səlis diksiya aktyoru səciyyələndirən əsas xüsüsiyyətdir.

"İstedadın, zəhmətin bəhrəsi" bölməsində görkəmli sənət adamlarının, teatr mütəxəssislərinin, həmkarlarının, ziyalıların X.Hüseynov barədə xoş sözləri yer alır. Mərhum teatrşünas Cəlil Vəzirov yazır ki, Xəlil bir ampluaya sığan aktyor deyil. Dramatik, lirik səpgili rollarla yanaşı komik rolları da çox olub.

Azərbaycan Respublikasının Xalq artistləri Kamran Quliyevin, Yasəmən Ramazanovanın, Xalq rəssamı Hüseynqulu Əliyevin, Əməkdar artist Yusif Allahverdiyevin, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Muxtaroğlunun, şair-dramaturq Həsənalı Eyvazlının rəylərdə də aktyorun çoxşaxəli yaradıcılığına belə qiymət verilir: "Xəlil əsl mənada xarakter ustasıdır. Yaratdığı hər bir obrazın spesifik aləmini-yerişini, danışığını, qrimini, geyimini tutarlı vasitələrlə sənətsevərlərə təqdim etməyi bacarır. Diksiya bu aktyorun nəzakətidir".

Kitabda "Moskva səfəri", "Təbriz əhvalatı", "Papaq məsələsi", "Vaqonda hadisə" və digər bölmələrdə cəmləşən yazılar öz təhkiyyə üsulu, maraqlı maneraları ilə diqqət çəkir.

Əminik ki, yeni kitab hər bir oxucunun diqqətini çəkəcək, maraqla oxunacaq.

 





16.03.2020    çap et  çap et