525.Az

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


 

Beynəlxalq aləm: <b style="color:red">ziddiyyətlər, münaqişələr, müharibələr</b>

(Əvvəli ötən şənbə saylarımızda)

ABŞ Konstitusiyası qəbul edildikdən sonra insan haqları haqqında 10 maddədən ibarət Billə - əlavələrə məruz qalsa da, ölkədə quldarlığın mövcudluğuna və perspektivinə toxunulmamışdı. Bəlkə də, yeni doğulan dövlət, azacıq da olsa, quldarlığın ləğvini nəzərdə tutsaydı, ən azı, əsasən, bəzi ştatlarının separatizmi və digər problemlərlə üzləşərdi. Lakin quldarlıq respublikanın imicinə mənfi təsir göstərməkdə davam edirdi və sənayeləşmiş Şimal quldarlığın ləğv edilməsini istəyirdi və orada güclü abolitsionistlər hərəkatı meydana gəlmişdi. Sənaye Şimalı ilə aqrar quldarlıq Cənubu arasında iqtisadi mübahisə XIX əsrin ortalarında daha da qızışmışdı. Şimalla Cənub arasındakı iqtisadi rəqabət ingilislərlə almanlar arasında yarım əsr sonra baş verənə bənzəyirdi. Hər iki halda belə qeyri-tarazlıq müharibələrin yaranması ilə nəticələndi. Birləşmiş Ştatların Şimaldakı zavod və fabriklərində qul əməyinə ehtiyac yox idi, çünki sənaye əməyi müəyyən hazırlıq və savadlılıq tələb edirdi, qullar isə bundan məhrum idi. Cənubda isə pambıq və tütün plantasiyalarında işçi qüvvəsi qullar idi və onlar olmasaydı, Cənubun təsərrüfat həyatı iflic olardı. Əslində, Birləşmiş Ştatlar iki hissəyə bölünmüşdü. Cənub Şimalın abolyutsionistlərindən, qaçan qulları onların himayə etməsindən çox narazı idi. Belə dualizm öz həllini müharibədə gördü. Linkolnun prezident seçilməsinə görə Cənub ştatları bir-birinin ardınca mərkəzi hökumətin tərkibindən çıxıb, Konfederat yaratdı. Konfederat öz ərazisində olan hərbi bazaları tutub müsadirə etdikdə Şimalla Cənub arasında 1861-1865-ci illərdə gedən Vətəndaş müharibəsi başlandı. Vətəndaş müharibəsi şimallıların, federalistlərin qələbəsi ilə başa çatdı. Vətəndaş müharibəsinin Amerika üçün ən başlıca nəticəsi ittifaqı qoruyub saxlamaqla yanaşı, quldarlığın ləğv edilməsi idi. Cənubun iqtisadiyyatını qidalandıran quldarlığın yoxa çıxması, ölkənin federal hökumətinə qarşı Cənubun müqavimət qüvvəsini də yoxa çıxardı.

Dünyanın ayrı-ayrı ölkələrində sənayeləşmə inkişaf etdikcə, xammal materiallarına və enerji ehtiyatlarına, onlara tələbat artdığına görə daha çox ehtiyac duyulurdu. Ticarət aparmaq üçün dəniz yolları açıldı və inkişaf etdirildi. Kolumbun, Vasko da Qamanın, Magellanın, Kukun kəşfləri dəniz ticarət yolları üçün bünövrə rolunu oynadı, necə ki qədim romalıların Avropada çəkdiyi yollar əsasında qitənin müasir quru yolları şəbəkəsi meydana gəlmişdi. Sənayedə yeni nəhənglər meydana gəlirdi. Qısa müddət ərzində Almaniya polad istehsalı və kimya məhsulları sənayesində aparıcı rol oynamağa başladı. Lakin təbii sərvətlərə ciddi ehtiyac duyurdu, çünki onun çox sayda müstəmləkələri yox idi, oradan özünə lazım olan təbii sərvətləri çıxara bilsin. Ona görə də qonşuluğundakı yeni əraziləri işğal etmək yollarını axtarırdı. Həm də kayzer II Vilhelm Britaniya hərbi-dəniz qüvvələrinin hegemonluğuna qısqanclıqla yanaşırdı, Almaniyanın bu sahədəki geriliyinə son qoymaq istəyirdi. Alman donanması qarşısında Fransız hərbi-dəniz qüvvələrinin üstünlüyünü ləğv etmək vəzifəsi də dururdu. Britaniya və Fransa da öz növbəsində qitədəki yeni rəqiblərini darmadağın etmək istəyirdi. Birinci Dünya müharibəsinin başlanması dünyanı bölmək, nüfuzun yayıldığı və maliyyə kapitalları areallarını, müstəmləkələri yenidən bölüşdürmək üstündə mübarizənin kulminasiya nöqtəsi idi.

Müharibə də öz tələblərini diktə edirdi. Suüstü gəmilərdə Britaniyaya çatmağın mümkün olmadığını görən Almaniya sualtı qayıqlar istehsalına və dəniz döyüşlərində ondan istifadəyə daha ciddi fikir verirdi. Almaniyanın hərbi xadimləri sualtı qayıqlar hesabına müharibədə qalib gələcəklərinə ümid edirdi. Lakin bir silaha arxalanmaqla qələbə mümkün deyildi və sualtı qayıqlar dəniz döyüşündə nə qədər fayda versə də, tam üstünlük qazana bilmədi, quruda isə ABŞ müharibəyə qatıldıqdan sonra Almaniyanın vəziyyəti ağırlaşdı.

Belə idrak səhvləri, vəziyyəti hərtərəfli təhlil edib, düzgün qərara gəlməmək heç də yaxşı nəticələrə gətirib çıxarmır. İmperialist müharibəsi pulemyotun icadını, ondan geniş istifadəni meydana çıxarmışdı və güman edilirdi ki, pulemyot yeni müharibənin başlanmasının qarşısını alacaqdır. Bu, heç də belə olmadı, Birinci Dünya müharibəsində ilk dəfə məhdud səviyyədə tankdan və aviasiyadan istifadə olunmağa başlandı və onlar daha kütləvi qırğın əmələ gətirmək gücünə malik idilər. İkinci Dünya müharibəsi isə əvvəlki bütün müharibələrdən fərqli olaraq motorlar müharibəsinə çevrildi və motorun işləməsi çoxlu yanacaq tələb edirdi. Almaniya müharibənin gedişinin sonrakı illərində yanacağın nisbətən qıtlığı ucbatından hərbi texnikadan səmərəli istifadə edə bilmirdi. SSRİ və Böyük Britaniya ABŞ-ın yanacaqla kömək etməsinə görə bu sahədə ehtiyac hiss etmirdi. SSRİ-də döyüşən ordunun yanacaq tələbatının ödənilməsində Bakı nefti olduqca böyük rol oynayırdı. Almanlar isə yanacağın çatışmaması üzündən SSRİ-yə müdaxilə edərkən 700 min qoşqu atından istifadə etmişdi.

Pulemyota imperialist ölkələrinin bəslədiyi ümidlər tam əks olan bir sahədə özünü doğrultdu - pulemyot imperializmin özünün məhvinə nail olmaq vəzifəsini həyata keçirdi.

Birinci Dünya müharibəsi başa çatdıqda dünya xalqlarının yarısından çoxu başlıca sənaye dövlətlərinin hakimiyyəti altında idi. Daha çox maddi və iqtisadi imkanlara malik olan dövlətlər diqqət mərkəzində olmaqla, digərlərinin taleyinin həllini gündəliyə çıxarırdılar.

SSRİ-nin süqutundan sonra yeganə fövqəldövlət kimi qalmış ABŞ öz artan iqtisadi iştahasını ödəmək üçün ərazisindən çox-çox uzaq ölkələrdə təhlükəsizliyinə qorxu yaranması bəhanəsi altında onlara müdaxilə etməkdən də çəkinmirdi. Liviya prezidenti Müəmmər Qəddafi diktatorluğu ilə yanaşı, ekssentrik xarakterinə görə qeyri-adi hərəkətlərə yol verir, terror törətməkdən də çəkinmirdi. Britaniya hava səmasında böyük insan tələfatına səbəb olan sərnişin təyyarəsinin partladılmasını da çox müddət keçdikdən sonra etiraf etmiş və həlak olanların ailələrinə cərimə pulunu ödəməyə razılıq vermişdi. ABŞ artıq hərəkətini qabaqcadan müəyyən etməyin mümkün olmadığı bu dövlət rəhbərini özünə hədəf seçmişdi. Düzdür, onun öz xalqına qarşı amansız olması da dilə gətirilsə də, əsl səbəb Qəddafinin ölkədəki neft istehsalına görə həddən çox varlanması, böyük maddi imkanlara malik olması idi. Güman edilirdi ki, Qəddafinin qızıl və gümüş ehtiyatlarının hər biri 143 ton miqdarındadır, onların ümumi dəyəri 7 milyard ABŞ dolları edirdi. Belə bir fikir də dolaşırdı ki, Qəddafi nefti ABŞ dolları ilə deyil, başlıca olaraq öz valyutası vasitəsilə satmaq istəyir. Vaşinqton bunun baş tutmasına imkan verə bilməzdi, başqaları da ona qoşulsa, dollar ağır zərbə alardı. Axı ABŞ-ın bütün beynəlxalq əlaqələri dollarla gedirdi. Müasir dünyada ingilis dili "linqua franca" olduğu, yəni hər yerdə işlədildiyi kimi, ABŞ dolları da beynəlxalq valyuta aləmində eyni rolu oynayır. Qəddafi nə qədər var-dövlətə malik olsa da, zəif iqtisadi və hərbi gücə malik olan dövlətin rəhbəri idi və fövqəldövlətə meydan oxuya bilməzdi. Bu ağılsızlığı ona çox baha başa gəldi, özü öldürüldü, paytaxtı dağıdıldı, iki onilliyə yaxın müddətdə ölkədə vətəndaş müharibəsi kiçik fasilələrlə getməklə, hələ də zəifləmək bilmir.

Şimali Koreya beynəlxalq aləm tərəfindən izqoya çevrilmişdir, nüvə silahına sahib olması bəhanəsi altında ona çox sayda təzyiqlər edilir. Ölkədə əhali böyük ehtiyac içərisində yaşayır, quraqlıq illərdə isə az qala aclıqla üzləşir. Koreyalılar tarixi təcrübəsinə, hətta yaponların əsarəti altında olanda namusunu da qoruyub saxlaya bilmədiyinə görə özünümüdafiə üçün hər şeyə əl atır, nüvə silahını düşməndən qorumaq qalxanı hesab edir. Qədim Epir çarı görkəmli sərkərdə Epaminond yatanda da qalxanından ayrılmırdı, başının altına qoyurdu. Bir dəfə yuxudan oyandıqda qalxanını yanında görməyəndə böyük təlaş keçirmişdi. Şimali Koreya da müasir kütləvi qırğın silahı olan atom bombasına belə münasibət bəsləyir. Lakin Şimali Koreyaya edilən təzyiqlərin, öz qapısını açmaq tələbinin daha əsaslı səbəbləri də vardır. Müəyyən edilmişdir ki, dünyanın nadir minerallarının üçdə ikisinə Şimali Koreya sahib ola bilər, burada onların miqdarı hətta Çində olduğundan da 6 dəfə çoxdur. Bu isə Şimali Koreya tərəfindən fövqəldövlətə qarşı bir çağırış rolunu oynayır, bu çağırışa cavab kimi isə həmin xalqı iqtisadi asılılıqda, ehtiyac içərisində saxlamaq yolu seçilmişdir.

İqtisadi faktorlar müasir dünyada elə böyük əhəmiyyətə yiyələnir ki, geosiyasətdə hətta hərbi qüdrət də onun kölgəsində qalır. SSRİ hərbi cəhətdən heç də ABŞ-dan geri qalmırdı, lakin iqtisadi cəhətdən zəif olduğundan adi həmlələrə də davam gətirməyib dağıldı, öyündüyü hərbi qüdrət də əhəmiyyətini itirdi. Ona görə də inkişaf etmiş dövlətlər üçün iqtisadi irəliləyiş axtarışları ən mühüm strategiyaya çevrilə bilər.

Müasir dövrdə bəzən müharibə aparmaq üçün silaha əl atmağa da ehtiyac qalmır. Maliyyə silahlarından istifadə daha sərfəli olur, çünki burada insan tələfatına yol verilmir, hədəf seçilən ölkəni viran qoymaq lüzumu yaranmır. İqtisadi amillərlə təsir göstərilməsinə borclar vermək, sanksiyalar tətbiq etmək, kredit dərəcəsinin azaldılması ilə onu şirnikləndirmənin güclənməsi daxildir. Kiberhücumlar isə hədəf seçilən ölkəni iqtisadi cəhətdən tam iflic etməyə qadirdir. Son vaxtlarda Venesuela kiberhücuma məruz qalmaqla, orada elektrik enerjisi ilə təchizat pozuldu, ölkə ərazisi qaranlıqda qatıldı. İqtisadi silah rolunu oynayan alətlərlə qarşıdurma başlıca məqsədlərə çatmaq üçün istifadə olunur. Zəif ölkə onunla təsəlli tapır ki, iqtisadi müharibə qan tökülmədən gedir,  guya hətta ona həm də öz sifətini saxlamağa imkan verir. 

İqtisadi gerilik qüdrətli dövlətlərə sığınmaq ehtiyacı yaradır və vaxtilə fövqəldövlətin varisi özünü ianə xahiş edən dilənçi kimi aparırdı. Onu qınamaq da çətindir. 1990-cı illərin birinci yarısında Rusiyanın illik büdcəsi vur-tut 20 milyard dollar olanda Nyu-York şəhərinin büdcəsi 27 milyard dollara bərabər idi. Belə bir vəziyyətdə Rusiya Birləşmiş Ştatların köməyindən, onun verdiyi borclardan asılı idi. Rusiyanın o vaxtkı Xarici İşlər naziri Andrey Kozırev ABŞ-ın göstərişi ilə oturub-dururdu, ona "Mister hə" deyirdilər. SSRİ Xarici İşlər naziri işləmiş Eduard Şevardnadze də Amerikaya xidmət göstərmək üçün vətəninin mənafelərinə xəyanət etməyə hazır idi.

Vaxtilə SSRİ-ni nüvə silahına sahib olan Yuxarı Volta adlandırırdılar, Rusiya isə, heyvandarlıqla məşğul olub, öz minimum ehtiyacını bu yolla ödəyən masayilər tayfasını yada salırdı. Sərxoşluğa qurşanmış prezident Boris Yeltsin ölkənin iqtisadi dirçəlişinə cəhd göstərmirdi, ölkədə inflyasiya görünməmiş səviyyədə artmışdı, çıxış yolunu isə Birləşmiş Ştatların nökəri rolunu oynamaqla, ondan kömək diləməkdə görürdü. Əhalinin ətə olan tələbatının "Buş budları" adlanan aşağı keyfiyyətli toyuq əti hesabına ödənilməsinə bel bağlanırdı. SSRİ-dən miras qalmış iri müəssisələr ayrı-ayrı fırıldaqçılara su qiymətinə satıldı və bu, ölkədə oliqarxlar silkinin yaranmasına səbəb oldu. "Vauçerlər" fırıldağı ilə müəssisələrin özəlləşməsindən xalq kütləsi heç nə əldə edə bilmədi. Bu vaxt həm də Rusiya dövlətçiliyinin dağılması prosesi gedirdi.

(Ardı var)

 





17.03.2020    çap et  çap et