525.Az

Xalq artisti Baba Mahmudoğlunun mahnı yaradıcılığına bir nəzər


 

Xalq artisti Baba Mahmudoğlunun mahnı yaradıcılığına bir nəzər<b style="color:red"></b>

XIII əsrdə ömür sürmüş Səfiəddin Urməvi, XIV əsrdə yaşamış Əbdülqadir Marağai dövrünün hərtərəfli bacarığa malik musiqi xadimi, ustad udçalanı olmaqla bərabər, həm də mahir müğənni kimi fəaliyyət göstəriblər. Hər iki sənətkarın bəstələdikləri mahnı, təsnif, muğam dəramədləri və rəngləri olub.

Azərbaycan xanəndələrindən Cəmil Əmirov (1875-1928), Cabbar Qaryağdıoğlu (1861-1944), Xan Şuşinski (1901-1979), Qulu Əsgərov (1928-1987), Hacıbaba Hüseynov (1919-1993), Əlibaba Məmmədov, Niyaməddin Musayev, Məmmədbağır Bağırzadə (1950-2005) təsniflər və mahnılar bəstələmişlər. Bu ənənəni davam etdirənlər olmuşdur və hazırda da var. Xanəndə, Xalq artisti Ağaxan Abdullayevin (1950-2016) Nəsiminin qəzəlinə qoşduğu təsnif indi də ifa olunur.

Azərbaycan milli radiosunun fondunda Baba Mahmudoğlunun (1940-2006) 500-ə yaxın ifası qorunur. Bunlar arasında xalq, bəstəkar və aşıq mahnıları, opera tamaşaları var. O, 1979-cu ildə özünə "Dastan" folklor ansambl yaradaraq fəaliyyətini davam etdirərkən, əsasən aşıq sənəti nümunələrini və özünün bəstələdiyi mahnıları oxuyurdu. B.Mahmudoğlu da Cabbar Qaryağdıoğlu kimi bəstələdiyi mahnılarda özünün yazdığı sözlərdən də istifadə edirdi. Əlbəttə, Baba bununla kifayətlənmir, başqa müəlliflərin sözlərinə də mahnılar yazırdı.  O, xalqın yaratdığı və özünün yazdığı bayatılara mahnılar bəstələyib.

Baba Mahmudoğlunun yaradıcılığının tədqiqatçısı olaraq qəzet və jurnallarda məqalələrlə və həm də bir neçə televiziya verilişində çıxış etmişəm. Yazdığım "Səhnəmizin Məcnunu Baba Mahmudoğlu" adlı kitab 2012-ci ildə "Araz" nəşriyyatında çap olunaraq yayılıb. Bununla bildirmək istəyirik ki, araşdırma apararaq bu xanəndənin çoxşaxəli yaradıcılığı ilə bağlı bilgiləri geniş oxucu kütləsinə, cəmiyyətə çatdırmışıq. Bu məqalədə isə yalnız onun mahnı bəstələmə bacarığından söz açmaq istədim. 

Bu sətirlərin müəllifi 1989-1992-ci illərdə "Dastan"ın musiqi rəhbəri, qarmon ifaçısı, oranjemançısı və inzibatçısı kimi çalışarkən B.Mahmudoğlu ilə sıx yaradıcılıq ilişgilərində olaraq müğənninin bəstəkarlıq bacarığının şahidi olub. Məqalə müəllifi həmin müğənninin yaradıb rəhbərlik etdiyi "Misri" xalq çalğı alətləri ansamblının 2003-2006-cı illərdə musiqi rəhbəri və qarmon ifaçısı olaraq onunla yaradıcılıq əlaqələrini davam etdirərkən, onun bəstələdiyi mahnıların hazırlanıb yazılmasında işitirak etmişdi. Onu da deyim ki, B.Mahmudoğlunun bəstələdiyi mahnılar var idi ki, məşqlərini edib hazırlasaq da, onun "insult" keçirməsi bunların meydana çıxarılmasına imkan vermədi.

Qeyd olunmalıdır ki, Sovet dönəmində mahnılar, muğam rəngləri, dəramədləri, təsniflər, rəqs havaları, instrumental melodiyalar bəstələyənlərimiz çox olsa da, onlara müəlliflik hüququ verilmədiyindən, yaratdıqları onların adına çıxılmırdı. Odur ki, Baba Mahmudoğlu da bəstələdiklərini radio fondu və ya AzTV üçün oxuyanda onları xalq mahnısı kimi təqdim edirdi. Mənim "Dastan"a gəldiyim zaman o, ansamblın əvvəlki heyəti ilə öz bəstəsi olan xeyli mahnıları radio fonduna yazdırmış və televiziya çəkilişlərində oxumuşdu. Bu iş bizm heyətlə də davam etdirildi. Fonda qəbul edilən bu ifaların heç birində onun müəllifliyi bildirilməyib. Biz xanəndənin, "Misri" ansamblı ilə çalışdığı dövrdəki mahnıları üzərində işlədik. Onlardan disklərə yazılanlar da oldu, olmayanlar da. Lakin həmin mahnılardan neçəsini dəvət olunduğu televiziyaların verilişlərində onun ifasında müşayiət etmişik.  Bir iki duet də bəstələmişdi, məhəbbət mövzulu həmin mahnıları "Misri"nin müşayiətilə AzTV-də xanım müğənni ilə oxudu.

Xatırlayıram ki, 2003-cü il dekabr ayında məşqə gələndə mənə dedi: "Təzə bir mahnı yazıb gətirmişəm. Bu, İstanbulu yunanlardan azad etmiş tarixi şəxsiyyət, böyük türk hökmdarı Fateh Sultan Məhəmmədə həsr olunub. Sözləri Munisindir". Oxudu, bu marş xarakterli, "Mahur-hindi" muğamına əsaslanan mahnı üzərində işləməyə başladım, cümlələr, bəndlərarası boşluqlar üçün tələb olunan musiqini işlədim. Baba müəllim mənə tapşırdı ki, növbəti məşqə qədər bu marş üçün çalğı yerini, instrumental ifaya aid hissə (vstupleniye, əvvəldə və bəndlərdən əvvəl çalınan) bəstələyib hazır vəziyyətdə gətirim (Yeri gəlmişkən qeyd edim ki, Baba müəllim mahnılarında mənim bu bacarığımdan istifadə edir və məmnun qalırdı). Növbəti məşqdə "Fateh Sultan Məhəmməd" adlı mahnı-marş hazır oldu, ora zurna, saz və davul ifası əlavə etdik. Beləliklə, möhtəşəm bir əsər ortaya qoyuldu. Təklif edərdim ki, radio fondunda qorunan və Baba Mahmudoğlunun öz ruhundan süzülüb gələn mahnılar dinləyicilərə onun öz müəllifliyi ilə təqdim olunsun. Əlbəttə, bu yaradıcı bir sənətkarın xatirəsinə və ruhuna dərin hörmət olar. Onun doğmalarına müracət edərək deyirik ki, sənətkarın yazdığı mahnılara görə milli radio fondunun əməkdaşları ilə birlikdə Müəllif Hüquqları Agentliyinə müraciət etsinlər. Bundan əlavə həmin mahnıların disklər şəklində buraxılıb yayılmasına nail olsunlar. Belə olduqda onun mahnılarına müraciət edən müğənnilər də çox olacaq və onların repertuarı daha zənginləşərək əzəməti ilə seçiləcək.  

Əhsən RƏHMANLI
sənətşünaslıq üzrə fəlsəfə doktoru

 





17.03.2020    çap et  çap et