525.Az

AMEA-da koronavirusa qarşı vaksinlərin hazırlanması barədə müzakirələr aparılıb


 

AMEA-da koronavirusa qarşı vaksinlərin hazırlanması barədə müzakirələr aparılıb<b style="color:red"></b>

Martın 17-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, əvvəlcə AMEA-nın vitse-prezidenti, bölmənin sədri, akademik İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamına uyğun olaraq, bölməyə daxil olan elmi müəssisələrdə dezinfeksiya işlərinin aparıldığını bildirib. O, həmçinin koronavirus pandemiyasına qarşı AMEA-nın institutlarında maarifləndirici tədbir və seminarların təşkil olunduğunu diqqətə çatdırıb.

İclasda koronavirus pandemiyasının quruluşu, mənşəyi, biotəhlükəsizliyi və ona qarşı vaksinlərin hazırlanması barədə müzakirələr aparılıb. Həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün istifadə olunan vaksinlər, onların növləri və hazırlanması prosedurları istiqamətində tədqiqatların aparıldığı qeyd edilib. 

Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 24 fevral 2020-ci il tarixli Sərəncamından da danışılıb. Sərəncamın AMEA-ya aid edilmiş məsələlər üzrə müvafiq bəndlərinin yerinə yetirilməsilə əlaqədar fikir mübadiləsi aparılıb. Bildirilib ki, sözügedən sərəncamdan irəli gələn məsələlər Humanitar və İctimai Elmlər Bölməsi ilə birgə işlənib hazırlanacaq. 

Sonda biologiya və tibb elmləri bölmələri üzrə bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub. 

 





17.03.2020    çap et  çap et