525.Az

İctimai Şuranın üzvləri UNEC-də distant dərsləri izləyiblər


 

İctimai Şuranın üzvləri UNEC-də distant dərsləri izləyiblər<b style="color:red"></b>

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant dərsləri izləyiblər.

Millət vəkili Etibar Əliyev, İctimai Şuranın sədr müavini Nadir İsrafilov, şuranın katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, professor Hikmət Əlizadə və Mayis Əliyevin təmsil olunduğu nümayəndə heyəti öncə UNEC Eksterndə tibbi-profilaktik müayinədən keçiblər.

Sonra UNEC-in rektoru, professor Ədalət Muradov İctimai Şuranın üzvlərini distant dərslərin keçirildiyi auditoriyalarla tanış edib. Qonaqlara UNEC Ekstern barədə ətraflı məlumat verilib. Rektor bildirib ki, mərkəz 14 nəfərlik heyətlə 20 min tələbəyə distant təhsil vermək imkanına malikdir. Martın 12-dən start verilən distant dərslərdə gün ərzində 9200 tələbəyə azərbaycan, rus, ingilis və türk dillərində dərslər tədris olunur. Şura üzvləri dərsləri canlı olaraq izləyiblər. Distant tədrisin beynəlxalq standartların tələblərinə cavab verdiyindən məmnunluqlarını ifadə edən şura üzvləri, tələbə-müəllim arasında interaktiv dərs mühitinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Şura üzvləri inzibati otaqlara baxış keçiriblər. Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, texniki dəstək, eləcə də digər otaqlarla tanış olublar.

Sonda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri universitetdə tətbiq olunan distant tədrisi alqışlayaraq, bunu Azərbaycan ali təhsilində mütərəqqi bir yenilik kimi qiymətləndiriblər.

Qeyd edək ki, Tətbiq edilən distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə istənilən məkandan mobil telefon və internetlə qoşulmaq mümkündür. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edir.  Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alınacaq. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır.

Müəllimin distant formada keçdiyi mühazirə avtomatik olaraq videoarxivləşdiriləcək və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə bilər.  Dərs cədvəli və bununla bağlı ətraflı məlumat tələbələrin şəxsi kabinetlərinə göndərilir. UNEC Eksterndən tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır.

Gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçirilir. Ümumilikdə isə UNEC-də 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur və martın 20-dək davam edəcək.

S.QARAYEVA

 





18.03.2020    çap et  çap et