525.Az

Vaqif Mustafazadənin məzarı ziyarət olunub


 

Vaqif Mustafazadənin məzarı ziyarət olunub<b style="color:red"></b>

Martın 16-da əfsanəvi musiqiçi, bəstəkar, pianoçu, caz muğamının banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin 80 illiyi çərçivəsində unudulmaz sənətkarın məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və sənətkarın ev-muzeyinin əməkdaşları tərəfindən onun məzarı üstünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Sonra sənətkarın həyat və yaradıcılığı haqqında danışılıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanıb.

Bildirilib ki, Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

Qeyd edilib ki, fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

 





18.03.2020    çap et  çap et