525.Az

Hakimiyyət siyasi palitranın yeni konfiqurasiyasının formalaşdırılmasında maraqlıdır


 

Hakimiyyət siyasi palitranın yeni konfiqurasiyasının formalaşdırılmasında maraqlıdır<b style="color:red"></b>

Məlum olduğu kimi, son günlər ölkədəki siyasi partiyaların nümayəndələri Prezident Administrasiyasına dəvət olunurlar və onlarla görüşlər keçirilir.

Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti siyasi palitranın yeni konfiqurasiyasının formalaşdırılmasında, siyasi mühitin konstruktivləşdirilməsində maraqlıdır və bu istiqamətdə səylər göstərir. Müxalifətin radikal kəsimi isə görüşlərdən yayındı. Mövzunu şərh edən politoloqlar, ekspertlər bununla bağlı öz  yanaşmalarını bölüşüblər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun sözlərinə görə, bu addımlar siyasi palitranın yeni konfiqurasiyası ilə yanaşı, eyni zamanda daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına gətirib çıxaracaq: "Bütün bunlar siyasi partiyaların cəmiyyətdəki yerinin və rolunun daha da möhkəmlənməsinə, daha da güclənməsinə gətirib çıxaracaq. Siyasi partiyaların funksionallığı daha da artacaq. Buna baxmayaraq çox təəssüf ki, özlərini radikal müxalifət adlandıran bəzi siyasi partiyalar bu görüşlərdən qaçırlar. Onlar bununla arxalarında dayanan xarici qruplara "stavka" etmiş olurlar. Təbii ki, həmin partiyalar radikallıqdan imtina edərlərsə, öz siyasi istiqamətlərini konstruktiv məcraya yönəldərlərsə, bu zaman onlar öz maliyyə donorlarını itirəcəklər. Bütün bunları nəzərə alaraq onlar fevralın 9-da keçirilən parlament seçkilərinə etinasız yanaşdılar, indi isə Prezident Administrasiyasında dəvət olunduqları görüşlərdən qaçırlar".

Zaur Məmmədov deyib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin iclasında etdiyi çıxışında verdiyi ismarışlar istər siyasi partiyalar, istərsə də hakimiyyətin ayrı-ayrı institutları üçün çox vacib idi:

"Burada söhbət təbii ki, dövlətin dayanıqlığının möhkəmləndirilməsinin vacibliyindən, qarşıdakı dövrdə həyata keçiriləcək siyasətdən gedir. Hər halda siyasətlə məşğul olan hər bir kəs müxalifətdə və iqtidarda olmasından asılı olmayaraq başa düşməlidir ki, bu gün planetar çərçivədə də yeni beynəlxalq siyasi konfiqurasiya formalaşmaqdadır. Azərbaycan tarixən olduğu kimi indi də bir sıra çağırışlarla üz-üzədir. Ölkəmizin Dağlıq Qarabağ kimi bir problemi var. Bizimlə həmsərhəd olan qonşu ölkələrin də hansı ölkələr olduğunu yaddan çıxarmamalıyıq. Belə olan təqdirdə bu dialoq formatı, qarşılıqlı müzakirələr alqışlanmalıdır. Çox sevindirici haldır ki, Prezident Administrasiyası əvvəllər olduğu kimi indi də bu siyasəti davam etdirir. Siyasi partiyaların böyük əksəriyyəti, vətəndaş cəmiyyətinin ayrı-ayrı institutları da bu kimi məsələləri alqışlayırlar. Keçirilən bu görüşlər cəmiyyət tərəfindən də çox müsbət qarşılanır. Çünki bu dialoq doğrudan da cəmiyyətin və dövlətin gələcəyi baxımından da çox vacibdir".

Siyasi şərhçi Azər Həsrət vurğulayıb ki, bu gün Azərbaycanda siyasi palitra rəngarəngdir. Onun sözlərinə görə, dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərən 50-dən çox siyasi partiya var: "Amma təəssüflər olsun ki, bu partiyaların böyük əksəriyyəti sadəcə olaraq dərbədərdir. Yəni normal təşkilatları, idarəetmələri yoxdur. Hətta onların bir çoxlarının bir rəhbəri var və qoltuğunda da bir qovluğu var. Onların partiya strukturlarından heç xəbər belə yoxdur. Ona görə də düşünürəm ki, siyasi partiyalarla bağlı məsələni yoluna qoymaq lazımdır. Son vaxtlar Prezident Administrasiyasının müvafiq şöbəsinin rəhbəri Ədalət Vəliyev siyasi partiya rəhbərlərini görüşə dəvət edir və onlarla məsləhətləşmələr aparır. Bunu təqdir edirəm. Əslində bu çoxdan edilməli idi. Həqiqətən də partiyalarla bağlı müəyyən araşdırmalar və təhlillər aparılmalıdır. Daha sonra normal siyasi partiyaların fəaliyyət göstərməsi üçün yollar göstərilməlidir.

Burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, artıq mən də bir partiya sədriyəm və mənim də bir partiyam var deyib də kim gəldi ortaya düşməməlidir. Bunlara bir çəki, düzən verilməlidir. Yəni normal rəhbərliyi, partiya strukturları olan təşkilatlar siyasi partiya kimi fəaliyyətini davam etdirməlidir. Yerdə qalanlar isə dərnək səviyyəsindən yuxarı qalxa bilmirlər. Bu baxımdan düşünürəm k, indiki zamanda Azərbaycanda siyasi partiyalarla bağlı çox ciddi işlərin görülməsinə ehtiyac var. Bu gün iqtidar partiyası Yeni Azərbaycan Partiyasıdır. Onun öz strukturları var, Baş Qərargahı var, maaş alan gündəlik işləyən kadrları var. Amma müxalifət partiyaları haqqında bunu deyə bilmirik. Eləcə də müəyyən parlamentdə təmsil olunan müxalif partiyalar var ki, onların da bəzi strukturları, yerli təşkilatları var və normal da fəaliyyət göstərirlər. Amma böyük əksəriyyət partiyalar haqqında biz bu sözləri deyə bilmirik".

Yurddaş Partiyasının sədri Mais Səfərli isə vurğulayıb ki, Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir ki, bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir. "Yurddaş Partiyası 1993-cü ildə yaranıb və o zamandan fəaliyyət göstərir. Bizim əsas fəaliyyət istiqamətimiz adından da göründüyü kimi Azərbaycandan kənarda yaşayan azərbaycanlıların Azərbaycanla əlaqələrinin təmin olunmasında fəal iştirak etmək, onların hüquq və azadlıqlarını qorumaq, onların xarici ölkələrdə yadlaşmaması üçün hər cür dəstək verməkdir. Biz bu istiqamətdə çox ciddi fəaliyyət göstərmişik. Bu gün Azərbaycanda məhz bu məsələnin dövlət səviyyəsinə qaldırılmasında bizim böyük rolumuz olub. Diaspora işi ilə bağlı qəbul olunan qanunvericilikdə yaxından iştirak etmişik. O qanunların hazırlanmasında birbaşa iştirak etmişik. Bizim partiya II çağırış Milli Məclisdə təmsil olunanda da bu istiqamətdə ciddi fəaliyyət göstərmişik. Təbii ki, biz siyasi partiya olaraq Azərbaycandakı bütün siyasi proseslərdə də çox ciddi iştirak etmişik. Bizim partiyanın yerli strukturları var. Yerli strukturlarımız demək olar ki, Azərbaycanın bütün rayonlarını əhatə edir. Onların vasitəsilə birbaşa biz bu siyasi proseslərdə iştirak edirik, baş verən hadisələrə birbaşa münasibətimizi bildiririk. Bizim mətbuat xidmətimiz vardır. Həmin mətbuat xidməti vasitəsilə biz partiyanın fəaliyyəti haqqında mətbuatla, ictimaiyyətlə əlaqə saxlayırıq. Partiyalararası münasibətləri qurmaq üçün digər partiyalarla ünsiyyət oluruq. Xüsusilə bu gün sözün həqiqi mənasında Azərbaycanı sevən, ölkəmizin inkişafında fəal iştirak edən, Azərbaycanda gedən abadlıq, quruculuq işlərini dəstəkləyən partiyalarla əməkdaşlıq edirik. Belə hesab edirik ki, Azərbaycanda partiyaların rolu daha da gücləndirilməlidir. Partiyalar dövlət həyatının əsas atributlarından və dövlətin ümumi mənzərəsinin əsas elementlərindən biridir".

PƏRVANƏ

 





18.03.2020    çap et  çap et