525.Az

Şagirdlər üçün teledərslər


 

Şagirdlər üçün teledərslər<b style="color:red"></b>

Martın 10-dan başlayaraq "Mədəniyyət" kanalında "Dərs vaxtı" adlı teledərslərə start verilib. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

İbtidai siniflərdə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi", "Təsviri incəsənət", "Xarici dil", V-XI siniflərdə isə "Azərbaycan dili", "Riyaziyyat", "Xarici dil", "Tarix", "Coğrafiya", "Kimya", "Fizika", "Biologiya" fənləri üzrə qısa videodərslər təqdim edilir.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Martın 16-da etibarən rus bölməsi üzrə təhsil alan şagirdlər, eləcə də məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün də teledərslərə start verilib.

Qeyd edək ki, tətil zamanı dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az  elektron portallarından istifadə də mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.

Təhsil Nazirliyinin video.edu.az portalına 1621 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı  artırılmaqdadır.  Portalda  3D animasiyalı videolar, "Khan Academy" dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Təhsil Nazirliyinin alternativ vasitələrdən istifadə edərək təlim prosesini elektron tədris resursları və "Mədəniyyət" kanalında gedən teledərslərlə aradan qaldırmaq təşəbbüsünü yüksək qiymətləndirib: "Koronavirus bizə xəbərdarlıq etmir ki, hazırlaşın gəlirəm. Qəfildən gəldiyinə, amansız və unikal olduğuna görə ehtiyyatlı davranmalıyıq. Məktəb bir dəyərdir. Amma ondan da böyük bir dəyər var, o da gənclərin sağlamlıqdır. Biz hansına üstünlük verməliyik, dərslərin keçirilməsinə, ya şagirdlərin sağlamlığına? Ona görə də dövlət təcili qərar qəbul etdi. Hökümət koronavirusu cilovlamaq üçün əlindən gələni edir. Mən Təhsil Nazirliyi tərəfindən start verilən teledərsləri dəstəkləyirəm. Bunun başqa bir alternativi yoxdur. Bu, məcburi addımdır. Dövlət strukturları öz üzərinə düşən vəzifələri yerinə yetiriblər. Artıq sən, mən və valideyn üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik. Amma biz heç nə etmirik. Əsasən də valideynlər uşaqlarına kömək etməlidirlər. Burda günahkar axtarmağa ehtiyac yoxdur"

Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, şagirdlərin sağlamlığının hər şeydən öndədir: "Təhsil Nazirliyinin yaranmış vəziyyətdə ən optimal variantlardan istifadə etdiyini düşünürəm".

Şuranın digər üzvü, Milli Məclisin deputatı Etibar Əliyev də mövcud durumla bağlı öz fikirlərini bildirib. Dünyanı bürüyən bu virusdan qorunmağın ən vacib məsələ olduğunu deyən E.Əliyev şagirdlərin sağlamlığının hər şeydən üstün olduğunu diqqətə çatdırıb. Şagirdlərin elektron dərsliklərdən istifadə etməsinin ən doğru qərar olduğunu, bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən aparılan operativ tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirib: "Bir neçə il bundan öncədən Təhsil Nazirliyi tərəfindən elektron dərslik bazası yaradılıb. Bundan başqa, e-dərslik portalı, videodərslər də mövcuddur ki, burada mövzular çox aydın şəkildə izah olunur. Şagirdlər portaldan istifadə etməklə mövzuları interaktiv üsullarla da öyrənə bilər. Burada şəkilli oyunlarla, digər vasitələrlə dərslər aydın şəkildə izah olunur. "Mədəniyyət" kanalında aparılan teledərslər isə internetə çıxışı olmayan şagirdlər üçün bir pəncərə açır. Məncə, burada şagirdlərin və valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Təhsil Nazirliyinin yaranmış vəziyyətdə ən optimal variantlardan istifadə etdiyini düşünürəm".

Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da məsələ ilə bağlı fikir bildirib və təkliflərini irəli sürüb. O, panika və ajiotaj yaradılmadan mövcud vəziyyətdən çıxış yollarının axtarıldığını, Təhsil Nazirliyinin bu istiqamətdə ciddi addımlar atdığını deyib: "Mən də düşünürəm ki, sağlamlıq hər şeydən vacibdir. Burada xüsusi diqqət yetirməli olduğumuz məsələ abituriyentlərlə bağlıdır. Aşağı siniflərdə dərslərin kompensasiya edilməsi zamanla öz yerini tapacaq. Lakin abituriyentlərlə bağlı  elə qərarlar verilməlidir ki, onlar bu məsələdə zərər görməsin". Təhsil ictimaiyyətinin mövcud durumda daha diqqətli olmasını, rəsmi məlumatlara istinad etmələrinin daha doğru olduğunu da deyən məsul katib hazırkı durumla bağlı bir sıra təkliflər irəli sürüb.

Şuranın digər üzvü Ülviyyə Mikayılova ali təhsil müəssisələrində mövcud durumla bağlı fikirlərini bildirib. O, ali təhsil müəssisəsində çalışan bir şəxs kimi hazırda tələbələrə elektron poçt vasitəsilə mühazirələrin mətnlərinin göndərildiyini, beləliklə də tələbələri istiqamətləndirdiklərini vurğulayıb: "Tədris proqramlarının mənimsənilməsi, tələbələrin geridə qalmaması üçün ən optimal variant mühazirələri və mövzuları tələbələrə elektron poçt vasitəsilə göndərməkdir. Düşünürəm ki, bu vasitələrlə mövcud vəziyyəti idarə etmək mümkündür".

Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli müvafiq qərarına əsasən təhsil müəssisələrində yaranmış vəziyyətlə bağlı tədbirlər həyata keçirilir, dezinfeksiya işləri aparılır. Məsələ ilə bağlı Təhsil Nazirliyinin özündə də operativ qərargah yaradılıb. Hazırda verilən qərarlara görə, 12 tədris günü müddətində dərslərin təxirə salındığını deyən nazir müşaviri  şagirdlərin tədris proqramlarından geri qalmaması məqsədilə bir sıra tədbirlər görüldüyünü, "Mədəniyyət" kanalı vasitəsilə teledərslərə start verildiyini diqqətə çatdırıb. Elnur Məmmədov onu da qeyd edib ki, nazirlik məsələni ciddi şəkildə nəzarətdə saxlayır. Təhsil ictimaiyyətinə dezinformasiyalara inanmamağı və yalnız nazirlik tərəfindən verilən rəsmi informasiyalara  istinad olunması tövsiyə edilib.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun dediyinə görə, Təhsil Nazirliyinin elektron tədris resursları məhz bu kimi hallarda öz əhəmiyyətini daha da artırır. Vüsal Xanlarov onu da qeyd edib ki, bir neçə il ərzində nazirlik İT sistemlərinin təhsil sahəsində tətbiqi baxımında müxtəlif istiqamətlərdə işlər görüb: "Bura məzmunla bağlı iki əsas resurslar da daxildir. Bunlardan biri elektron dərslik portalıdır. Hazırda portalda 232 dərslik elektronlaşdırılıb və həmin portalda yerləşdirilib. Digər ən böyük resurs isə video.edu.az portalıdır. Biz son bir il ərzində həmin portalı kifayət qədər zənginləşdirmişik. Hazırda həmin portalda 1621 dərs mövcuddur. Onu da qeyd edim ki, şagirdlər bu vasitələrdən istifadə etməklə yanaşı, həmçinin, öz biliklərini də yoxlaya bilərlər. Portal buna da imkan yaradır".

Ş.Əsgərov qeyd edib ki, Təhsil Nazirliyi yanında İctimai Şurası ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı təhsil prosesi iştirakçılarına müraciət edib. Müraciətdə deyilir ki, ölkəmizdə COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarla bağlı KİV-lərdə, sosial mediada heç bir obyektiv əsasa söykənməyən və insanlar arasında çaşqınlıq yaradan dezinformasiya xarakterli məlumatların yayılması hallarına yol verilir. Yaranmış vəziyyətlə əlaqədar olaraq İctimai Şura məsələni müzakirə etmiş və bununla bağlı bəzi məqamları vətəndaşların diqqətinə çatdırmağı zəruri hesab etmişdir: "İctimai Şura təhsil prosesi iştirakçılarının sağlamlıqlarının daha önəmli olduğunu əsas götürərək təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar təlim-tədris prosesində yaranmış fasilənin cari ilin mart ayının 27-dək təxirə salınmasını mövcud duruma adekvat qərar kimi qiymətləndirir. İctimai Şura təhsil ictimaiyyətini hazırkı vəziyyətdə çaşqınlıq yaratmağa, əhalini gərgin psixoloji duruma gətirib çıxaran qeyri-peşəkar yanaşmalara və qeyri-rəsmi məlumatlara inanmamağa, onları yaymamağa, yalnız Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırır. Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi olaraq martın 10-dan başlayaraq "Mədəniyyət" kanalında tele-dərslərə start verilib.  Nazirlər Kabineti yanında operativ qərargahdan verilən son məlumata görə, ölkəmizdə vəziyyət ciddi nəzarətdədir və aidiyyətı qurumlar virus təhlükəsinin genişlənməməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Buna baxmayara, İctimai Şura valideynləri yaranmış vəziyyətlə bağlı daha məsuliyyətli olmağa, uşaqlarına daha çox zaman ayırmağa, onları insanların çox olduğu kütləvi yerlərə buraxmamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələrinə çağırır".

S.QARAYEVA

 





18.03.2020    çap et  çap et