525.Az

Cahil virus - Nuranə Tağıyeva yazır


 

Cahil virus - <b style="color:red">Nuranə Tağıyeva yazır </b>

"Əslində, bəlkə də sevinməliyik. Axı, Çin, Uyğur türklərinə verdikləri amansız işgəncələrlə beyinlərimizə həkk olunub. "Türkün də Tanrısı var axı..." 

Bu sözləri bir şair başqa bir şairlə Çində yayılan və çox sayıda insan ölümlərinə səbəb olan xəstəliyi müzakirəsi zamanı dilə gətirdi. Öz-özümə düşündüm: Allah öz varlığını bundan artıq necə göstərə bilər ki?.. Bu kifayət qədər böyük bir gücün özünü sübutu deyilmi? Elə hər işin altında Amerika axtarmalıyıq? Seytan da Allahın köməkçisidir, deyirlər. Bəlkə elə Amerika Allahın şeytanıdır? Bəlkə, bu şeytanı yaratmaqla və gücləndirməklə öz varlığını isbat etmək istəyir? Təbii ki müəmmalı və gülünc səslənir bu fikirlər. Axı, biz möcüzələrə öyrəncəli deyilik. Biz möcüzə anlayışına sadəcə inanmaqla kifayətlənmişik. Təbiidir, çünki hələ ki əllə tutulacaq bir örnəyinə rast gəlməmişik.

Bu müzakirənin və mənim bu fikirlərə inanmağımın üzərindən çox yox, bircə ay keçmişdi. Virus səngimək bilmədən öz varlığı ilə nəinki Çinə, Amerikaya, bütün dünyaya meydan oxuyurdu. Özünü göstərdiyi ölkələrdə əvvəlcə ciddiyyətsiz bir yanaşma müşahidə olunurdu. İqtidar və insanlar can dərdinə yox, pul dərdinə düşmüşdülər. Sərhədlər bağlanmır, bütün obyektlər işləyir, məktəblər, universitetlər açıq, müxtəlif mövzulu mitinqlər öz işində, alimlər, həkimlər keçir kamera qarşısına əcayib fikirlər səsləndirirdilər. Lakin gedərək virusun rəngi dəyişirdi. Onun rəngi dəyişdikcə, qalan hər şeyin də rəngi dəyişirdi. Ölkə-ölkə dolaşan "canlı bomba" hələ də hədə-qorxu gəlməyə davam edir.

Nəhayət, gec də olsa oyandılar. Ölkələrin idarəçiləri kütləvi qırğınların qarşısını almaq üçün müxtəlif səpkili qərarlar qəbul etməyə vadar oldular. Lakin dediyim kimi, dünya ya gec oyandı, ya da acizdir. Əslində, bu bir az inandırıcı gəlmir mənə. Acizlik dünyanın problemi deyil, fərdin problemidir. Bu yaşa qədər ya dərk etdiklərimiz, inandıqlarımız böyük bir fiyaskodan ibarətdir, ya da özümüz özümüzü gözümüzdə böyütmüşük.

Xəstəlik getdikcə yayılmağa və vahiməli mənzərə yaratmağa başlayıb. Dünya iqtisadiyyatı çöküşdədir. Bizdə də kənarda-köşədə 5-3 manatı olan banklara üz tutur. Dollar sevdalıları deyəsən, qabağa düşmək arzusundadır. Bu nə cahillikdir?! Axı kimin üçün "dollar sevdasına" yoluxublar? Sabah. Ya  birisigün koronavirusa yoluxmaq ehtimalı olan özü, anası, atası, övladı, nəsli-kökü üçünmü? Yəni bu qədərdir insanın ağlının gücü? Uçuşlar dayandırılır, sərhədlər bağlanır, milyardla dollarlıq layihələr asqıya alınır, bütün əlaqələr kəsilir, biz niyə 100 doların arxasına düşmüşük axı? Heyrətlənməmək öz əlimdə deyil!..

"Ə, sən qorxursan ki?"... İki azərbaycanlı kişinin bir-biri ilə olan heyrətamiz dialoquna şahid oldum. Bəli, bu sualı verir biri o birinə: "Ə sən qorxursan ki?". Elə bil, ər meydanında savaşa çıxacaqlar, at belində bir-birinə qılınc çəkəcəklər. Siz gedin qədəhləri vurun bir-birinə! Spirt virusu öldürürümüş. Ər meydanı dövrünün üstündən "əsrlər" su içib. Məlum məsələdir ki, insana qorxusuzluğu, cəsarəti verən onun cahilliyidir. Amma cahillik də qədərində olsa, yaxşıdır.

Düşünürəm ki, biriləri Dünyaya və biz insanlara böyük dərs verilir. Bu işin nəticəsində ölməyib sağ qalsaq, köklü dəyişikliklərə şahidlik edəcəyik. İnanclar, dinlər kökündən sarsılacaq.  İqtisadiyyatın, səhiyyənin, təhsilin yönü dəyişəcək. Düzdür, qorxu ilə yaşamağa başlayacağıq, amma bu qorxu görünməyənə olan qorxuya bənzəməyəcək.

Biraz düşüncəli insan baş verənləri müsbət dəyərləndirməlidir. İnsanların canına qorxu salan bu virus vəzifə tanımır, məşhur tanımır, uşaq, böyük, cavan, yaşlı, dini inancı olan, əli haram tutmayan, qatil olan-olmayan tanımır. Sənət dünyasının ən parlaq ulduzunu, rəssamını, liderini, aktyorunu, aktrisasını, futbolçusunu bir-birindən ayırd edə bilmir. Onlara xüsusi hörmətlə yanaşmağı bacarmır. Biraz cahildir bu virus. Hörmət-sayğı nədir, bilmir. Kostyumunun düyməsini bağlayıb bu böyük qüdrətlərin qarşısında baş əyməyi öyrətməyiblər. Həddini aşır! Heç kimdən, heç nədən qorxmur! Bəlkə ənam təklif edək ona? Həkimlərimizə etdiyimiz kimi.. Başına silahı dayayaq deyək ki, "bu xəstə sağalacaq", yoxsa... Ay qardaş, bu virus həkim də tanımır e! Həkimlər karantinə alınıblar. Yox, gəlin, videosunu çəkək, el-aləmə biabır edək onu. Yox, yox, ən yaxşısı gəlin əlini qolunu qandallayaq zindana ataq, işgəncələr verək, tab gətirə bilməyib özü ölsün. Fikrimi dəyişdim, gəlin onu Mayami adalarına tətilə göndərək. Cahildir axı, onsuz da Günəşin onu öldürəcəyini bilmir. Biz qatil olmayaq, qoy onu Günəş öldürsün!

 





18.03.2020    çap et  çap et