525.Az

Yenə gəldi yaz ayları... - Esse


 

Yenə gəldi yaz ayları... - <b style="color:red">Esse</b>

Maşallah, bayramlardan boluq. Adət-ənənələrimizə, dini ayinlərimizə, hətta qonum-qonşunun ənənələrinə dayanan günləri həvəslə qeyd edirik.

Qurban bayramı, Yeni il bayramı, 8 Mart bayramı, Novruz bayramı və sair və ilaxır. Bayramların çoxluğunun eybi yox eee. Amma bu bayramlar ərəfəsində adam əlinə telefon almaq istəmir. Sosial şəbəkələrdə qırmızı lentli qoyun-quzu, Şaxta baba, gül-çiçək, səməni, paxlava, şəkərbura, şorqoğalı şəkilləri ilə göndərilən şablon sözlər, bayram təbrikləri, videolar adamın canını boğaza yığır. Mənim kimi telefonun "dilini" yaxşı bilməyənlərin telefonunda isə foto və videoqalereya xirtdəyəcən dolur. Cihaz donur, zarıyır, iməkləyir, beyninə yığılmış bu "fermadan", səmənidən, ot-ələfdən, standart cümlələrdən xilas olmaq üçün sahibindən imdad diləyir. Cansız bir cihazın dözüm gətirmədiyi süniliyə şüurlu insan necə dözsün? Dəfələrlə statuslarda yalvarırıq, "təbrik edən"lərin başına dönürük, ayaqlarının altına döşənirik ki, etməyin, eləməyin,  göndərməyin bu cür təbrikləri. Amma kimə deyirsən? Elə ki bayram günü gəldi, səhərin gözü açılmamış ardıcıl  göndərilən mesajların quqqultusu artıq sənin günə necə başlayacağından xəbər verir. Hər dəfə kiçik bir ümidlə  mesajlara baxmağa başlayırsan. Bircə səmimi söz ümidi ilə, göndərənin özünəməxsus təbriki ümidi ilə, sırf sənin özünə yazılmış kəlmə ümidi ilə...  Amma və lakin, ya heç bir məntiqə sığmayan, "gəlinlik paltarı" geyindirilmiş, qadın kimi bəzədilmiş  qoç  şəkilləri, ya  Şaxta babanın "he-he-heeeey" -  deyə hörüldədiyi yeni il videoları, ya da səməni, paxlava şəkillərinin üzərinə yazılmış ümumi, quru  təbriklər göz çıxarır. Və bu təbriklər səni xoşbəxt etmir, əksinə, qəlbini qırır, əhvalını korlayır, telefonunu yükləyir.

Anlayıram sizi (əslində anlamıram). Kimsəni yaddan çıxarmaq istəmirsiniz, diqqət göstərmək, təbrik etmək və təbrikə qarşılıq almaq, bir sözlə bayramlaşmaq istəyirsiniz. Amma bir dəqiqəlik musiqi fonunda şirniyyat şəkilləri göndərməkdənsə, bir-iki kəlmə ilə içinizdən gələn təbrik yazsanız daha xoş olmazmı?  Şəxsən mən o şəkil təbriklərə cavab yazmıram. Bəzən çox yaxın kimsə olanda da sonrakı giley-güzara qulaq asmamaq üçün bir çəhrayı "ürək işarəsi" göndərirəm. O təbrikin özü kimi süni, ürəkdən xəbəri olmayan bir işarə...

Bəli, hamı gözəl səslənən  cümlələr qurmağı, xüsusi şəkildə təbrik sözləri yazmağı bacarmır. Amma buna məcbur da deyillər axı. Balanı öpüb əzizləməyi, ananı yoxlamağı, bacına zəng vurub hal-əhval tutmağı qəlbinin istəyi ilə etdiyin kimi, təbrikləri də çöldən-çölə, qonşudan dala qalmamaq üçün yox, bu istəklə etmək lazımdır. Əgər istək yoxdursa, özünüzü də, təbrik göndərdiyiniz insanı da əziyyətə salmayın. Bax elə qarşıdan gələn Novruz bayramında əgər içinizdə hamını elliklə təbrik etmək arzusu aşıb-daşırsa, o üstü "bantikli", zə(hə)rli  şəkərbura fotosunu bircə statusda paylaşıb dost-tanışın, qohum-əqrəbanın hamısını orada təbrik edin. Daha eyni təbriki ünvanlara bircə-bircə göndərməklə insanlara zülm etməyin. Zatən əsəbi, narahat, gərgin olan bu günün insanına əlavə stress lazım deyil vallah...

Novruzunuz mübarək!..

 





19.03.2020    çap et  çap et