525.Az

Novruz ənənələri musiqidə - Məqalə


 

Novruz ənənələri musiqidə - <b style="color:red">Məqalə </b>

Musiqi bahariyyələri

Orta əsrlərin klassik poeziyasında baharı vəsf edən, Novruzun gəlişinə həsr olunan şeirlər yazılmışdır və tədqiqatçılar bu mövzuda şeirləri "bahariyyə" adlandırırlar. O da məlumdur ki, orta əsrlərdə Novruza həsr olunan şeirlərə, poemalara, fəlsəfi-etik əsərlərə bəzən müəlliflərin özü tərəfindən "Novruznamə" adı verilmişdir. Habelə ədəbiyyatla yanaşı, qədim xalq musiqisi nümunələrində, orta əsrlərin peşəkar musiqi sənətində də Novruz ənənələri, mövzuları və atributları geniş bədii təcəssümünü tapıb. Fikrimizcə, "Novruz və musiqi" məsələsinə iki aspektdə baxılması daha uyğun görünür:

1. Musiqi Novruz bayramında və ənənələrində;

2. Novruz və bahar mövzuları musiqidə.

Bu mövzu ilə əlaqədar məqaləmizdə ilk dəfə "musiqi bahariyyələri", "musiqi novruznamələri", "muğam novruziyələri" anlayışlarını işlədirik.  Bu anlayışlar hər iki aspektə aid olan musiqi nümunələrini ehtiva edirlər.  

Novruz və xalq rəqsləri   

Novruz mərasimləri, oyunları və tamaşaları mütləq çal-çağırlı, yəni alətlərin, instrumental musiqinin, oxumaların və rəqslərin vacib iştirakı ilə həyata keçirilmişdir. Çünki Novruzda nəğmə, oxuma, rəqs olmadan kütləvi bayram əhval-ruhiyyəsi və şənlik ovqatı yarana bilməzdi. Novruzun etnomədəniyyət hadisəsi - bayram və mərasimlər sistemi kimi tarixi yaranışından başlayaraq, bu gün də musiqi və musiqiçilər bu bayramın və onun müxtəlif ənənələrinin ayrılmaz tərkib hissəsi və birbaşa iştirakçısıdırlar.

Odur ki, ənənəvi Novruz musiqisi ilə yanaşı, zaman-zaman bayram ənənələrinin və etnomusiqi yaddaşının təsiri ilə xalq sənətkarları tərəfindən Novruz mövzulu yeni instrumental musiqi nümunələri, o cümlədən, xalq rəqsləri yaradılmış və həmin nümunələr də tədricən bayram şənliklərinə daxil olmuşdur.

İnstrumental rəqs musiqisində "Novruzu", "Novruzgülü", "Baharı", "Bənövşə" ("Bənövşə" oyunu ilə bağlı rəqsdir), "Bağdagülü",  "Dərvişxanı" ("Dərviş oyunu" ilə bağlı rəqsdir), "Ənzəli" ("Ənzəli" oyunu ilə bağlı rəqsdir), "Atqovdu", "Cıdırhəngi" (Cıdır yarışı ilə bağlı rəqsdir), "Qıtqılıda" (gənclərin və yaşlıların oynadığı məzəli rəqsdir), "Uzundərə" (qız-gəlinlərin icra etdiyi mərasimlərdə oynanılıb), "Mirzəyi", "Darçını", "Mixəyi", "Xançobanı", "Xanbəzəmə" (eyni adlı oyuna aiddir), "Mücəssəmə" ("Lal oyunu" ilə bağlı rəqsdir), "Maralı" ("Maraloyunu"na aiddir),  "Küfyallı" (yaşıllıq və ağac tapınışına aid mərasimin rəqsidir), "El yallı", "Çöp-çöpü", eləcə də  "Tulumu", "Köçəri","Ayrımı", "Qaytağı", "Keçiməməsi" (saya və təkə oyunlarının rəqsləridir)və digər rəqs havaları Novruz bayramının musiqili tərənnümü, onun ayrılmaz tərkibidir. Bu kimi oyun havaları həm də qədim bayram ənənələrinə daxil olan meydan tamaşalarını (kəndirbazlar, ayı oynadanlar, pəhləvanlar, cıdır, çövqan) və xalq oyunlarını ("Xan-xan", "Xanbəzəmə", "Kosa və keçəl", "Yazla-qışın deyişməsi", "Küfdibi", "Təkə oyunu", "Ənzəli", "Maral oyunu" və s.) müşayiət etmişlər. Qız-gəlinlər tərəfindən icra olunan ayin və mərasimlərdə isə bayatılar oxunmaqla yanaşı, instrumental rəqs havaları da çalınmış, lirik və oynaq rəqslər, mahnı-rəqslər ifa edilmişdir. Başlıcası, ənənəvi yaz mərasimlərinə və ritullarına, oyun və tamaşalarına daxil olan folklor mətnləri mütləq meloreçitativlə və ritmik çəpiklərin müşayiəti altında avazla hündürdən deyilmiş, bəzən mahnıvari melodiyalarla, yaxud məlum mahnıların melodiyası ilə oxunmuş, bəzən də ənənədən gələn rəqslərlə birgə ifa edilmişlər. 

Yeri gəlmişkən, Novruz bayramında Yallı, Çənginövlü rəqslərin və Halay, Haxışda, Gülüm eynövlü mahnı-rəqslərin həm instrumental, vokal, həm də xoreoqrafik ifası mühüm yer tutmuşdur.  

Novruz və aşıq sənəti 

Novruzun gəlişi, yaz fəsli, onun təbiəti, gözəllik əlamətləri XVI əsrdən etibarən aşıq şeirində də öz poetik tərənnümünü tapmışdır. XVI əsrin aşığı və şairi Aşıq Qurbanidən başlayaraq, XX əsr də daxil olmaqla ustad aşıqların yaradıcılığında bu mövzuya müraciət olunmuşdur. Lakin aşıq sənətindən əvvəl Novruzun ozan-baxşı musiqisində qopuz və oxuma ilə vəsfi də fikrimizcə, baş verə bilərdi.

Bahariyyələrin bir qolu klassik divan ədəbiyyatı, orta əsrlərin klassik şeiridirsə, bir qolu da şübhəsiz xalqa ədəbiyyatına və folklor üslubuna daha yaxın olan yazılı aşıq şeiridir. Aşıq sənətinin musiqişünaslıqda "xalq-professional musiqi" adı ilə təsnifatlaşdırılmasının bir səbəbi də onun üslub baxımından məhz xalqın musiqi dilinə daha yaxın olması, digər tərəfdən ana dili, folklor və xalq ənənələri ilə sıx təmasda yaşamasıdır...

Novruz ənənələrinə saya, təkə oyunları ilə, tərəkəmə mədəniyyəti və musiqisi ilə birbaşa bağlı olan qədim "Çoban-bayatı" adlı aşıq və tütək havası, eləcə də sazın "Bayatı" kökü və pərdəsi, əslində, Novruzun xalqınməişətinə, təsərrüfatına, poetik ruhuna və yaradıcılığına gətirdiyi əmək, artım, təbiət mövzusu ilə, eləcə də etnogenetik yaddaşa köklənən mif-totem-yaradılış təsəvvürü ilə bağlı olan musiqili təsvir, tərənnüm və rəmzlərdir. Artıq variantlaşmış "Baharı", "Bayramı" klassik aşıq havaları da şübhəsiz etnoyaddaşa söykənən bahar və bayram ənənələrinin musiqi dilə ilə bədii-emosional, duyğusal ifadəsidir. 

"Novruz" muğamı və onun növləri 

"Musiqi novruznamələri"ndən bəhs edəndə "Novruz" adı daşıyan muğam nümunələri üzərində dayanmağı vacib bilirik. Çünki Azərbaycan musiqisində Novruz mövzusu, o cümlədən Novruzun bədii tərənnümü və vəsfi musiqi-yaradıcılıq sahəsi, ifaçılıq və üslubbaxımından çoxşaxəli olub, öz təzahürünü  muğam sənətində də tapmışdır. Maraqlıdır ki, orta əsrlərin şeirlərində Novruzdan, Bahar fəslindən bəhs olunursa, bu şeirlərdə "Novruz" adı həm də musiqi termini kimi keçir. Orta əsrlərin klassik poeziyasında Novruzu vəsf edən, bahara həsr olunan "Novruz" adlı musiqinin də adı göstərilir və çox hallarda"Novruz"dan konkret bir muğam kimi bəhs olunur.        

Beləliklə, biz musiqidə "Novruz" anlayışına həm də professional bədii tərənnümdən yaranan musiqi termini və janrı kimi yanaşa bilərik. "Musiqi novruznamələri", "musiqi novruziyələri" və ya "musiqi bahariyyələri" dedikdə, "Novruz" muğam silsiləsini də bu qrupa aid edirik, eyni zamanda həmin nümunələrin özünəməxsus janr, struktur, üslub və ifa əlamətlərini də nəzərə alırıq.

Azərbaycan-Şərq ənənəvi peşəkar musiqisində Novruzu tərənnüm edən musiqi nümunələrindən biri də VI-VII əsrlərə aiddir. Erkən orta əsrlərdə Şərqdə çox məşhur olan ifaçı və bəstəçi Fələhbad Mərvli tarixdə həm də Barbəd (bəzən Bərbət) təxəllüsü ilə tanınmışdır. O, VI əsrdə Sasanilər hökmdarı II Xosrov Pərvizin saray musiqiçisi olmuşdur. Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında Şərq musiqi tarixinin bu real şəxsiyyətindən geniş bəhs etmişdir. Poemadan bəlli olur ki,  Barbəd hökmdar Şirinin saray musiqiçisi Nəkisə ilə yarışanda "Novruz" muğamını oxumuşdur. Bu qaynaq bizə "Novruz" adlı muğamın artıq VI əsrdən (bəlkə də daha əvvəldən) məlum olduğunu deməyə əsas verir. Maraqlı bir fakt da budur ki, N.Gəncəvi Barbədin bəstələdiyi melodiyaları (ləhnləri) sadalayanda ustadın "Nazi-Novruz" ləhninin də adını çəkir. Bu fakt isə bizə imkan verir ki, Novruzun (Baharın) musiqili vəsfinin erkən orta əsrlərdə peşəkar musiqi yaradıcılığında və ifaçılığında artıq bir ənənə və mövzu kimi mövcudluğunu  təsdiqləyək.

Nizami Gəncəvidən başlayaraq, XX əsrə qədər müsəlman Şərq ölkələrində şairlərin heca və əruz vəznli şeirlərində "Novruz" muğamının adı dəfələrlə çəkilmişdir.

Orta əsrlərin musiqi risalələri, bəzi qaynaqlar da ayrıca bir "Novruz" muğamı haqqında məlumat verirlər. Bu yöndə araşdırmalarımız göstərir ki, "Novruz" muğamı və onun növləri X əsrdən başlayaraq, XX əsrdə qədər yazılan musiqi risalələrində qeyd olunmuşdur. Belə ki, bu yazılı mənbələrdə muğam-məqam-makam-makom sistemini təşkil edən 6 avaz, 12 muğam və 24 şöbə silsiləsində üç növ "Novruz" göstərilmişdir: "Novruz", "Novruzi-Əcəm", "Novruzi-Səba".  Bu muğam-makam nümunələri risalələrdə "şöbə" janrına (şöbeyyat), bəzən "muğam" janrına (muğamat) aid olunmuşdur.

Maraqlıdır ki, orta əsrlərdə və bu gün də muğamların səs sırasını əmələ gətirən və quruluş etibarilə "tetraxord" (dörd səs, dördlü) adlandırılan özək məqam sturkurlarından biri də məhz "Novruz" dördlüsüdür. Onun quruluşu "Üşşaq" muğamına yaxın olsa da, ifa qaydası və ayaq tonu fərqli idi. Məhz bu dördlü "Novruz" muğamının səs sırasını əmələ gətirmişdir. "Novruz" dördlüsünün digər muğamların səs sırasında əvvələ və ya axıra birləşdirilməsi ilə nəzəriyyədə və ifaçılıq sənətində bu adla bağlanan muğam növləri meydana gəlmişdir. Məsələn, "Novruzi-Rast", "Rast-Novruz" , "Novruz-Bayatı," "Hicaz-Novruz", "Novruz-Hüseyni"...

Bütün bunlar Novruz və ya baharın professional musiqi yaradıcılığında necə yüksək sosial, ictimai və bədii səviyyədə qarşılandığını, yaradıcı insanlar üçün həyat, işgüzarlıq, uğur mənbəyi, məhsuldar mövsüm, mənəvi-ruhsal qida, ilham və gözəllik mənbəyi olduğunu deməyə əsas verir.     

Novruz mövzusu bəstəkar yaradıcılığında  

XX əsrdə Azərbaycan musiqisinə Novruz mövzusunu daxil edən ilk bəstəkar dahi Üzeyir Hacıbəyli olmuşdur. O, sözləri və musiqisi özünə aid olan "Bahar nəğməsi" adlı mahnının müəllifidir. Sonrakı nəsil bəstəkarlar bu gözəl ənənəni yaşadaraq baharın gəlişini və bayramı tərənnüm edən müxtəlif janrlı əsərlər  yazmışlar. Məsələn, F.Əmirov, Ə.Abbasov, C.Cahangirov, T.Quliyev, R.Hacıyev, S.Ələsgərov, R.Mirişli, R.Mustafayev, N.Məmmədov, O. Kazımi, C.Quliyev, E.Mansurov, A.Dadaşov, E.Dadaşova, R.Şəfəq, S.Fərəcov, E.Rüstəmov, M.Əhmədova, S.Fərziyeva və başqaları Novruza, baharın gəlişinə ürəyəyatımlı gözəl mahnılar bəstələmişlər. T.Quliyevin yallı ritmli "Bahar bayramı" və R.Mirişlinin "Bayramı axşamlarında" mahnıları isə xalq arasında sevilərək artıq çoxdan folklorlaşmışlar.

Maraqlıdır ki, hələ 1950-cı illərdən başlayaraq, yaz-bayram mövzusunda çoxlu uşaq mahnıları yazılmışdır. Bu fakt sovet dövründə Novruz mövzulu musiqi əsərlərinə siyasi qadağaların qoyulmadığını təsdiqləyir. Həmin onillikdə və sonrakı illərdə nəşr olunan mahnı toplularını araşdırmaq kifayətdir ki, bahar mövzulu uşaq mahnılarının orta məktəblərdə, uşaq bağçalarında, uşaq musiqi kollektivlərində proqrama və repertuara daxil edilməsi, məktəblərdə keçilməsi, nəğmə dərslərində və bayram şənliklərində oxunması aydınlaşsın. Məsələn, Fikrət Əmirovun "Ay uşaqlar, şən bahar gəlir", Soltan Hacıbəyovun "Bənövşə", Səid Rüstəmovun "Yaz günləri", "Uşaq və buz", "Uçan quşlar", "Qərənfil", "Qaranquşum", "Gün çıx", C.Cahangirovun "Yaz günləri", Qənbər Hüseynlinin "A yaz günləri", "Yaz", "Yaz gəlir", Ağabacı Rzayevanın "Qaranquş", həmçinin O.Zülfüqarovun "Gəl bahar", R.Şəfəqin "Novruz bayrmı", "Yaz", A.Dadaşovun "Bahar tonqalı", E.Dadaşovanın "İlk bahar", "Bahar şərqisi", G.Abdullazadənin "Bahar nəğməsi", M.Əhmədovanın "Qaranquşlar gələndə", xalq bəstəkarlarından Ə.Tağıyevin "Mən baharın qızıyam", M.Bağırzadənin "Novruz" və digər bəstəkar mahnıları uşaqlarda bahara, onun gözəl əlamətlərinə maraq və sevgi oyatmışdır. Uşaqlar üçün Novruz töhfəsi musiqili səhnə əsərlərində də  tərənnümünü tapır. R.Həsənovanın "Kosa-Kosa" balet-pantomimini, C.Abbasovun "Şən bahar" və Ə.Yusifovanın "Yaz nağılı" uşaq operalarını nümunə göstərə bilərik.

Bəstəkarların Novruz mövzularına müraciətini instrumental pyeslərdə də izləyirik:  A.Zeynallı piano üçün "Uşaq və buz", F.Əmirov piano üçün "Yaz nəğməsi", Ə.Abbasov fleyta ilə fortepiano üçün "Yaz nəğməsi",  A.Əlizadə piano üçün "Qədim oyunlar" və s. 

Novruz və onun mərasimləri, oyunları, folkloru, təntənə və şənlik ruhu orkestr və ansaml əsərləri üçün də mövzu kimi seçilmişdir. Məsələn, M.Mirzəyev "Bayram poeması", V.Adıgözəlov "Bayram üverturası" simfonik poemalarını, N.Mirişli "Mərasimlər" simfoniyasını, S.Fərəcov simli kvartet üçün beş hissəli "Xalq şənliyindən səhnələr" silsiləsini, M.Quliyev xalq çalğı alətləri orkestri üçün "Bayram yallısı ",  A.Dadaşov "Qaravəllilər" suitasını bəstələmişdir.

V.Adıgözəlovun dörd hissəli "Novruzum", C.Abbasovun on hissəli "Bayram mərasimləri" kantataları monumental janrda olub mövzunun teatrlaşdırılması, ənənəyə uyğun şəkildə zurnanın və zərb alətinin tətbiqi ilə seçilir. Bu əsərlərin hissələrində bayram sinkretizmini təşkil edən Novruz oyunları (Kosa-Kosa,), Yallı rəqsi, Səməni, Haxışda, folklor örnəkləri, oynaq bayram ritmikası, təntənəli və səmimi xalq birliyi, nikbin bayram ovqatı ifadə olunur.

Bahar təravətli sevgi və arzuların lirik-romantik təsvirini Vaqif Mustafazadə məşhur "Mart" əsərində, bayramın çoşqulu və ritmik enejisini isə tanınmış istedadlı cazmen İfsar Sarabski sevilən "Novruzum" kompozisiyasında çox həssas duyğularla, ənənəyə və təbiətə səmimi sevgilərlə,  novatorcasına ifadə ediblər.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub.

 





19.03.2020    çap et  çap et