525.Az

"Mənə də nəzər sal, göz ol, ay ölüm..." - Barat Vüsalın şeirləri


 

"Mənə də nəzər sal, göz ol, ay ölüm..." - <b style="color:red">Barat Vüsalın şeirləri </b>

SAĞIMDA DAYAN

Alanda sağımdan işıq alıram,
Solumda dayanma, sağımda dayan.
Sənə yalvarıram , sevgilim, sənə,
Solumda dayanma, sağımda dayan.

Kəbə sağındadır oğul, dünyanın,
İşığı sönməsin göz ol, dünyanın,
Gün sağ tərəfindən doğur dünyanın,
Solumda dayanma, sağımda dayan!

Axı nə axtarsan, Vətəndə deyil,
Eşidib bilirəm, Vətən nə deyir.
Mənə yurd da deyir, Vətən də deyir:
"Solumda dayanma, sağımda dayan!"

Qürurum, ləngərim sağ yanımdadır,
Döyüşçü təpərim sağ yanımdadır
Qələbə səngəri sağ yanımdadır,
Solumda dayanma, sağımda dayan.

İnsan, imtahandan sən üzüağ çıx,
Ey qəvvas, dəryadan sən üzüb sağ çıx!
Gecən aydın olsun, gündüzün açıq,
Solumda dayanma, sağımda dayan.

Necə də nurlusan, necə də parlaq,
Təkcə gündüz deyil, gecə də parlaq,
 Ey günəş, həmişə beləcə parla,
Solumda dayanma, sağımda dayan.
  
Mənə də nəzər sal, göz ol, ay ölüm,
Təki ol olanda gözəl, ay ölüm!
Məni də gəl apar, tez ol, ay ölüm,
Solumda dayanma, sağımda dayan!

KÖHNƏ MAHNI

Nə ola, biz tərəfə yenə yolu düşəydi,
Bircə yola dönəydi-o yollar dəyişəydi.
O qız tonqal çataydı, tüstü başdan aşaydı,
Oxuyaydım, oxuya:
"Tüstü,  çoban oğluna!"
Qoxuyaydım, qoxuya...
"Tüstü,  çoban oğluna!"

Etsəm dava edərdim gözəl qızların üstə,
Göz olardım, göz olar, bu xoş sözlərin üstə
Başımı söykəyəydim gözəl dizləri üstə,
Gedib şirin yuxuya...
"Tüstü, çoban oğluna!"
Oxuyaydım, oxuya: "Tüstü, çoban oğluna!"

Necə gözəldi, Allah, ocaq çatmaq birlikdə,
Özünü hiss eləmək, elə bil ki, güllükdə.
Azmı bir ocaq çatdıq, danışdıq da, güldük də,
Mahnıya bax, mahnıya:  "Tüstü, çoban oğluna!"
Yazıya bax, yazıya...
"Tüstü, çoban oğluna!"

Yaman çatdı dadıma çoban oğlu olmağım,
Bir ocağa, bir oda, külə bağlı olmağım.
Neyləyirdim, neyləyir, axı ağlı olmağı,
O qız hey oxuyurdu:  "Tüstü, çoban oğluna!"
Bu yer-göy oxuyurdu: "Tüstü , çoban oğluna!"

Necə düz eyləmişdi mənə yazan tüstünü,
Qoymurdu külək gəlsin mənə bəzən tütünü,
Özü qovub tuturdu yoldan azan tüstünü,
Tüstü özü deyirdi: "Tüstü, çoban oğluna"!
Kişi sözü deyirdi:  "Tüstü, çoban oğluna"!

Elə ki, uzaq düşür, mən az-az görüşürdüm,
Gah kefim kök olurdu, gah nasaz görüşürdüm.
Guya adın unudur, təzədən soruşurdum,
"Bilmirsən?!" qımışırdı: "Tüstü , çoban oğluna!"
Adım yada düşürdü:  "Tüstü, çoban oğluna!"

Ömür yaman ötüşdü, adam, acığım gəlir,
Özgəyə qismət oldu o da... acığım gəlir,
Tüstü olmayan yerdə oddan acığım gəlir,
Deyən yoxdu, deyən yox, "tüstü, çoban oğluna!"
Qıyan yoxdu, qıyan yox, tüstü... çoban oğluna!

ŞAİR NAMAZI

Allahım, izn ver, bir söz söyləyim,
Əfv eylə, bağışla günahlarımı.
Sənin üzün bilim, yanağın bilim,
O qızın üzünü, yanaqlarını...
Bu gözəl önündə qoy namaz qılım!

Sən deyən paltarı geyinib necə,
Bəs bəndə sayılsın bu gözəl niyə?
Gördüm namaz qılır əyilib necə,
Gözəllik o qıza, o, gözəlliyə,
Bu gözəl önündə qoy namaz qılım!

Qoy ondan öyrənim namazı nəsə,
Ayağı altından keşkə getməyim.
O, sənə nə təhər səcdə edirsə,
Öyrənim, mən ona səcdə etməyi...
Bu gözəl önündə qoy namaz qılım!

Biləndə ilahi eşqdi namazgah,
Yola gəlməyənlər yola gələcək.
Necə xoşun gəlib köhnə namazdan,
Təzə namazdan da elə gələcək,
Bu gözəl önündə qoy namaz qılım!

Tapdım o gözəli tapırtək səni ,
Vuruldum, mən sənə vurulmuş kimi.
Gözümü gözünə dikirtək sənin,
Əlimi əlinə vururmuş kimi!
Bu gözəl önündə qoy namaz qılım!

Səni unutdurub, əstəğfurullah,
Sənə qarşı söhbət-lafmı öyrədir?
O, mənə allahlıq öyrətmir vallah,
O, mənə ülvilik,
saflıq öyrədir...
Bu gözəl önündə qoy namaz qılım!

İndi gör neynirsən...indi neynəyim?
Atmışam yayımdan oxumu, Allah!
Bəlkə əvvəl ona səcdə eyləyim,
Sonra Quranını oxuyum, Allah?
Bu gözəl önündə qoy namaz qılım!

Canı yanımdadı... canım yanında,
Qorxma, vallah, işlər qaydasındadı.
Ancaq fikrim-zikrim sənin yanında,
O qızın qıldığı namazındadı...
Bu gözəl önündə qoy namaz qılım!

Var idi bilirsən bir "Namaz" şeirim,
İkinci namazdı, qılıram sənə.
Gün axşama doğru əyilib gedir,
İkindi namazı qılıram sənə!
Bu gözəl önündə qoy namaz qılım!

Eşqinə uyubdu ağlını qoyub,
Bəndə başlayıbdı namaz qılmağa.
Mən də yanılımmı, nağdını qoyub,
Mən də başlayımmı namaz qılmağa!?
Bu gözəl önündə qoy namaz qılım!

İzn ver, başına özüm dolanım,
Başqaları çəksin, qoyma nazını!
Yalandan-palandan namaz qılanlar,
Mənim pozmasınlar qoy namazımı,
Bu gözəl önündə qoy namaz qılım!

Bu işdə küfr var, bəlkə küfr yox,
Nəsə görməyirəm...nəsə görürəm.
Belə bir gözəli - belə aşiqi
Mənim səhvim bu ki, təzə görürəm.
Bu gözəl önündə qoy namaz qılım!

Gərək başa düşüm...başdan etməyim,
Nə imiş o məhşər günü... göstərir.
Necə əyilməyim, səcdə etməyim,
Baxsam Camalına - səni göstərir,
Bu gözəl önündə qoy namaz qılım!

Demə ki, səcdəmi gör bir səcdəsi,
Deyilən namaz da deyil namazı.
Vallah, belə olur şair səcdəsi,
Vallah, belə olur şair namazı,
Bu gözəl önündə qoy namaz qılım!

Xoşmu bu gözələ səcdə etməyim?
Qəbul etməyəcək bilirəm çoxu,
Boşmu bu gözələ səcdə etməyim?
Özün də gözəlsən... gözəlsən axı!
Bu gözəl önündə qoy namaz qılım!

Baxtımmı, baxtınmı çıxıb qarşıma,
Tanıdım baxınca
bircə baxışla
Nağayrım, bir işdi, gəlib başıma,
Məni bağışlama!
Məni bağışla!.
Bu gözəl önündə qoy namaz qılım!

MASA

Vallah, şair ollam...şair olmasam,
Vallah, azarlaram...azarlamasam!
Məni qoymayacaq tamam ölməyə,
Başdaşı - qələmim, məzarım - masam!

Mənim qazancımdı elin qazancı, 
Elin itiyidir mənim itiyim...
Bir görün, o hürən kimin itidir?
Hələ ki, masam var, şeir yazıram!
Hələ ki, qələmim, şükür, itidi!

Vardır mənim hər bir guşədə masam,
Yoxuşda, bələndə şair oluram!
Palıd kötüyüdür meşədə masam,
Ona üz sürtəndə şair oluram.

Üstünə qaçaram qaçanda birbaş,
Fələk, nolar şeir yazana dəymə.
O daşı gəl bilmə balaca bir daş,
Dəymə, mənim o daş masama dəymə!

Bəzən ərk edirəm, dirsəklənirəm,
Bəlkə elə Allah sözü masamdır!
Bəzən dağlar-daşlar stol-stulum,
Bəzən Yer kurəsi özü masamdır!

Sanmayın boynuna sarılammıram,
Qaynayır qaynasa qanım masama!
Elə yapışmışam... ayrılammıram,
Ürəyim masama, canım masama!

Götürün ortadan boş masaları,
Bir az yer eyləyin dolu masama.
(Göz dəyməsin, qurban olum masama!)
Baxıb-baxıb görsün səhv eyləyir, səhv,
Baxıb-baxıb ölsün ölüm masama!

Vallah, gözü doymur şeir yazanın,
Deyir, yenə ola təzə şeir, bir!
Ölüm hökmü deyil, mənim masamın,
Üstəki yenə də təzə şeirdir!

... Kim mənim qəbrimi qəbir sanar ki?
Mən özüm Allahdan məzar ummasam!
Məni qoymayacaq heç vaxt ölməyə,
Başdaşı - qələmim, məzarım - masam!

 





19.03.2020    çap et  çap et