525.Az

Çat - Romandan parça


 

Çat - <b style="color:red">Romandan parça </b>

Dəyərli şair və nasirimiz Azər Abdullanın bu günlərdə 80 yaşı tamam olur. Çağdaş ədəbiyyatımızda və publisistikamızda Azər Abdullanın özünəməxsus mövqeyi olduğu danılmazdır. O, uzun zamandan bəri öz əsərlərilə Azərbaycan şeir və nəsrinin inkişafına layiqincə xidmət etməkdədir.

80 illik yubileyi ərəfəsində hörmətli ədibimiz Azər Abdullaya təbriklərimizi və xoş arzularımızı ünvanlayır, bu münasibətlə yeni romanından bir parçanı oxuculara təqdim edirik.

... Bədənə dar gələn köynək, palto kimi qatı qaranlıq adamı sıxırdı. Azad buralara yaxşı bələd olan Rabilin hənirinə onun arxasınca addımlayırdı.

- Ehtiyatlı ol, pilləkənlərdən düşürük, - dedi Rabil. Aşağıda qapı açılanda zəif işıq pilləkənləri azacıq işıqlandırdı, o, sözünə davam elədi:

- Respublikaya işıq verən Mingəçevir... Burda ataların "çıraq öz dibinə işıq salmaz" deyimi yada düşür...

Buz kimi soyuq, cansıxıcı vaqona bənzər yeməkxananın balaca pəncərəsindən baxanda uzaqda qaranlığın udduğu sular görünməsə də, qarşı tərəfdə yanan işıqlardan Mingəçevir gölünün böyüklüyünün zəhmi Azadı basdı, pəncərədən düşən işıqda qumlu, torpaqlı qara, bozumtul qatı mazuta bənzər ləpənin ləngərlə yoğrularaq gəlib yeməkxananın altına keçəndə Azad geri çəkilərək kondisionerin pultuyla əlləşən Rabilə baxıb həyəcanla:

- Ə, qağa, bilirsən biz hardayıq, suların üstündə! - dedi. Rabil pultu masanın üstünə atıb etinasız "işləmir"  söylədi.

Öz qabındakı qızardılmış bütöv kütüm balığı yeyib yarısına çatmamış qaranlıq gecənin və Mingəçevir gölünün azmanlığının vahiməsi hələ də canından çıxmamış Azad göy-göyərtiyə iştahla girişən Rabilə baxanda keçən il yayda "Pirşağa" çimərliyində çimərkən nə qədər cəhd eləsə də, heç olmasa suyun qurşağa çatan yerinəcən cürət edib irəliləmədiyi vaxtı xatırladı.

- A qağa, üzəmmədiyini bilirəm, boy vermiyən suyun üzündə nə qədər qala bilərsən?

Rabil başını yeməkdən qaldırmadan dərhal:

- Ştangistlərin qaldırdığı çəki daşı var e, on altı kiloluğu deyirəm, otuz iki kiloluq nə qədər dayanarsa, mən də o qədər, - bunları ciddi desə də, Azadı gülmək tutdu.

- Bəs nə ürəynən, hansı risklə burada oturmusan, heç olmasa gündüz olsaydı, - deyəndə Rabil yenə də başını qaldırmadan:

- Nə olub ki? - soruşdu. Azad əlini yeməkdən çəkib:

- Belinin qrijasından yatırdın e, sizə gəlmişdim, yadındamı? - Azad əlini solfet kağızıyla sildi, Rabil bir an gözünü qaldırıb Azada baxdı, balığın başını götürüb orasını-burasını gözdən keçirərək: 

- Nar gətirmişdin mənə, həyətimizdə çoxlu nar var. Ancaq sənin gətirdiyin o iri, gözəl narlar heç vaxt yadımnan çıxmır, - dedi Azad.

- Hə, onlar Toğrul Nərimanbəyovun narlarındandı. Mən onu demirəm. Televizora baxırdıq, yadındamı?

Rabil yenə də başını yeməkdən qaldırmadan:

- Yox, yadımda deyil, - söylədi.

- Nə əcəb yadında deyil? İsrail kimi ölkədə... Toyuydu, adamlar oynadığı yerdə döşəmə çökdü... Altımız dərin göldü, iki dəmir dirəyin üstündəyik, bəlkə bunlar çürüyüb, bir himə bənddi...- Azad sözünü tamamlamamış Rabil əlini solfet kağızına uzadıb dik ayağa qalxdı.

- Qadan alım, ağzını xeyrə aç, getdik, - deyib ofisiantı çağırdı.

Maşının faralarının işıqlandırdığı dar asfalt yoldan başqa hər yan zülmət içindəydi. Sükutu Azad pozdu:

- Sən bilən, gecə niyə qorxulu olur? Həmin yol, həmin daş-torpaq, ağaclar, dağlar, sular... Gündüz qorxmursan, ancaq gecə... Azad Rabilin cavab vermədiyini görüb:

- Yazıçı Xanəmir var... - Rabil onun sözünü kəsərək:

- Nə bilim qağa, dünya sirlə doludu. Xan... necə oldu? - soruşdu.

- Sən tanımırsan, cavan şair, yazıçıdı. Romanı var, bir yerində yazır, "yatmış, qaçıb gizlənmiş şər qüvvələr qaranlıq düşəndə fəallaşırlar. Gözlə görünməsə də, adamın ağlına-şüuruna təsir edirlər...

Xeyli sükutdan sonra Rabil:

- Azad müəllim, - dedi, səsini alçaldaraq sözünə davam elədi:

- Biz tərəflərdə Seyid Mir Haşım olub, onun dədəsi yolnan gedirmiş, qabağına çıxan iki cavan oğlan ona sataşır. Rəhmətlik bunlara baş qoşmur. Cavanlar əl çəkmir, hırıldaşıb kişini dolamaq istəyirlər. Uçan göyərçinləri göstərib:

- Kəramətin varsa, onların birini endir aşağı, tutub kabab eliyək, sənin cəddinin sağlığına da yüz-yüz vuraq...

Seyid incimiş halda, onların üzünə baxmadan ağır-ağır:

- A bala, Allah günahınızdan keçsin, - söyləyir. Bir an susduqdan sonra sözünə davam edir:

- Cavanlığınıza bağışlayıram, - deyib azca aralıda tarlanın qırağındakı iri qayanı göstərib:

- Gedin onun üstündə oturun, göyərçinlər dövrə vurub qayıdanda mənimlə belə şit zarafat edəcəyinizə peşman olacaqsınız. Gənclər itələşə-itələşə qaçıb qayanın üstündə oturmağıyla uzaqda görünən tək çinarın başından dövrə vurub qayıdan göyərçinlərə baxan cavanların biri:

- Seyid, elə elə, ikisi düşsün, - deyir, o biri cavansa:

- Yox, yox üçü düşsün, hərəmizə bir... Göyərçinlər ucadan, oğlanların başı üstündən uçanda o boyda qaya ortadan necə çatlayıb aralanırsa, oğlanların hərəsi bir tərəfdə qalır,  heyrətdən, qorxudan uşaqlar uzun müdədt yerlərindən tərpənə bilmir...

- Rabil bəy, bilmirəm, bu, həqiqətdi, şişirtmə, uydurmadı?.. Biz tərəflərdə Zəngəzur zonasında, qabaqlar Zəngilan da Zəngəzurun ərazisində olub. Rəhmətlik Seyid Həsənağa olub. Yeri gəlmişkən, mənim beş-altı yaşım olanda bizim yaylaq yerinə gəlmişdi. İndiki kimi gözümün qabağındadı, çal buxara papaqlı, yaraşıqlı kəhər atın belindəydi, bilmirəm, seyid nəslindən olduğumuza,  yoxsa atam kolxoz sədri olduğuna görəmi, bizim qapıda atdan düşdü. Xəbər tutan kənd adamı tökülüşüb gəlmişdi. Atam o qədər yox, anam çox inanclı, imanlıydı. Anamın təkidiylə ağzımı açdım, Seyid Həsənağa ağzıma tüpürdü. Elə bilirdim onun tüpürcəyi nəsə şirin, dadlı olmalıdı. Üz-gözümü bürüşdürüb yerə tüpürmək istəyəndə anam həyəcanla: "Olmaz! Olmaz! Qadan alım" deyib tez evimizə aparıb qonşu aran kəndindən bizə səvərədə-səbətcikdə pay gəlmiş və biz tərəfdə təbərrik sayılan dəymiş, şip-şirin alagöy incirdən birin mənə verdi. Fürsətdən istifadə edib üzümü turşudaraq birin də alıb yedim. Nə demək istiyirəm... O vaxtlar danışırdılar, Seyid Həsənağanı müharibəyə aparmaq istəyəndə, nə qədər eləsələr də, mindiyi qatar yerindən tərpənməyib. Bilirsən, belə rəvayətlərə niyə şübhələnirəm? İllər ötdü, gəlib Bakıda universitetdə oxuyanda Ətağanı - Mir Möhsün ağanı da istənilməyən, arzu edilməyən harasa aparmaq istəyəndə, mindiyi maşının yerindən tərpənmədiyini eşitdim... Ancaq bir məsələ var... Belə şeylərə şəxsən mən şübhə ilə baxıram, nə inanıram, nə də inkar edirəm, elə əstağfürullah, Allahın özünə də. Bilirsən də, mənim kimilərə aqnostik deyirlər. Rabil bəy, sən Allaha inanırsanmı?

- Azad müəllim, o nə sözdü, Allaha qurban olum!

- İncimə, sənin kimi adamlara, axı necə deyim, xətrinə dəyməsin...

- Necə istəyirsiniz deyin, incimərəm. 

- Qurana inanırsan? Onun Allah kəlamı olduğuna inanırsanmı?

Xeyli sükutdan sonra Rabil:

- Əlbəttə inanıram...

- Mən istəyirdim belə cavab verəsən. Mənim balaca oğlum, bir dəfə məni necə  susdurdu. Adi məntiqlə. Dedi ata, namaz qılıb Həccə gedən, nə bilim, zəkat verib özünü müsəlman sayan yüzlərlə adam nə müsəlmandı, nə də Allaha inanandı. Deyir adicə icra başçısının, yaxud şirkət prezidentinin qabağında ştık kimi dayanan, bir sözünü iki eləməyən... lap elə Respublika Prezidentinin qarşısında müticəsinə dayanıb, hər sözünə baş üstə deyən məmurlar Allahın, Quranın dediklərini yerinə yetirmirlər. Bax, deyirsən Allaha inanıram, ancaq nə namaz qılırsan, nə Həccə gedirsən... zina eliyirsən, araq içirsən, bir meşok pul arzulayırsan, televizorda veriliş aparan o gözəl xanıma villa tikdirmək ürəyindən keçir...

Azad danışa-danışa Rabilgilin kənd qəbiristanlığındakı sığallı üzlüklü, fiqurlu daşlardan olan mühəccəri xatırladan, hasarın içərisində su qırağında bir-birinin həvəsinə pərvazlanıb ucalan qələmə ağaclarını xatırladan qara mərmərdən olan üç başdaşı və sinə daşını, bir tərəfdə oturmaq üçün parlaq xınayı boyaya çəkilmiş sığallı "reykalar"dan düzəldilmiş skamya, divarboyu əkilmiş calaq qızılgül kolları gəlib gözünün qabağında durdu. "Bax, dəbdəbə nəyə lazımdı, İslama görə bunlar qəbul olunmazdı, onları halal zəhmətlə başa gəlməsinə inanmıram, demək istədi. Arvadının dediyi "qocalmısan, yenə də harda nəyi deyərlər, nəyi deməzləri bacarmırsan" sözlər, bir də Rabilin təkcə öz gorgahları üçün deyil, məzarlığa gələn bütün insanların istifadəsi üçün düzətdirdiyi iyirmi tonluq su çənini, məzarlıqdan azca aralıda tikdirdiyi tualeti xatırlayıb bir an susdu. Rabil ağzın açıb danışmaq istəyəndə:

- Qoy fikrimi tamamlayım, - dedi Azad.

- Sən, sənin kimi milyonlarla Allaha inandığını deyən adamlar Allahın buyurduqlarına niyə əməl eləmir? Bir nəfər deyir on yeddi dəfə Həccə getmişəm. Deməli, bu  adam hər il günahlar içində üzür, öz aləmində ziyarət vaxtı gedib "təmizlənib" qayıdır. Allahla gizlinqaç oynamaqmı olar?.. Bilmədiyi, dərk etmədiyi Varlğın həm olduğunu, həm də olmadığını sübut eləməyə çalışanlara həm gülməyim tutur, həm də yazığım gəlir...

- Azad müəllim, Siz Allaha inanmırsınız?

- Allaha inananlar da xoşbəxtdi, sənin çox istədiyin bir söz var e "bir cür çıxmasın", inanmayanlar da xoşbəxtdi. Ona görə mən bədbəxtəm ki, ortalıqda qalmışam, əzab içində, nə onlardanam, nə bunlardan. İnanmamağım bilirsən nədəndi? Milyonlarla insan müsəlman, milyonlarla insan xristian, buddist, iduist, atəşpərəst, nəbilim, qriqoryan... Kim hansı mühitdə doğulur, tərbiyə alır, o dinə inanır, yaxud meyl edir. İnsanın quruluşunda, strukturunda, bəlkə ağlında, xasiyyətində desəm daha dəqiq olar, binədən nəyəsə inanmaq mexanizmi var, adamı təlqinlə, psixoloji söhbətlərlə inandırıb kamikadze, manqurt edirlər, yaxud yaponlardakı xarakiri məsələsi. Lap adi bir misal, orta məktəb şagirdlərinin peşə, sənət seçmə məsələsi, uşaqların beyninə-ağlına fikrin, ideyanın toxum kimi səpiləmsi, yaxud hər hansı əqidəyə inam, onun uğrunda ölümə getməsi...

Rabil Azadı kəndlərinə dəvət edəndə Azad şəhərin, daha doğrusu, özünün yeknəsəq həyatından (tezdən işə get, axşam qayıt) heç olmasa ikicə gün xilas olacağına, ayağı torpağa dəyəcəyinə, payızın gözəlliyinə baxıb hissiz-passız, tər-təmiz havanı bal kimi udacağına, əlini cibinə salıb bir manat xərcləməsinə Rabilin imkan verməyəcəyini, maşınla aparıb, maşınla gətirəcəyini, səhərlər təbii süd, qaymaq, bal, yumurta yeyəcəyini, bunlardan da çox, hələ sovetlər dövrü Daxili İşlər nazirini və onun müavinini güllələyib elə oradaca özünü də öldürən milis mayorunun məzarına baş çəkəcəyini (o vaxtlar cəmiyyətdə bomba kimi partlayan bu olayı yazmaq həvəsinə düşsə də, çap olunacağına ümidi olmadığından fikrindən daşınmışdı), bunlardan da vacibi Bakının Botanika bağında Rabilin anasıyla bağlı danışdığı mifə, nağıla, rəvayətə bənzər o söhbəti yenidən söylətdirməsi idi. Dörd il öncə yay axşamlarının birində Botanika bağında yanlarından ötən, qarşı-qarşıya gələn bir-birinə bənzəməyən su sonası kimi gözəllər, skameykalarda sarmaşaraq bir-birini çiçək kimi qoxulayan yeniyetmə oğlanlarla qızlar... yiyəsinin əlindən qayışını dartaraq özünü ağacın dibinə verib qıçını qaldıraraq tələsik işini görən erdelteryer, buldok, ofçarka cins itlər, budağa qonub bəzən hansısa həyəcandan, bəzən də yarışırmışlar kimi  cəh-cəh vurub ötən torağaylar, bildirçinlər, bülbüllər Azadın diqqətini yayındırdığından o nağıla bənzər söhbəti yenidən bütün təfsilatı ilə eşitməkdə məqsədi Rabilin başına gələn əhvalatın həqiqətmi, yoxsa özünün şişirdib uydurması olduğunu dəqiqləşdirmək idi. Tanışlıqlarının on doqquz ili ərzində istər görüşdükləri vaxt, istərsə telefonla uzun-uzadı söhbət edəndə, mübaliğə olmasın, elə vaxt olmamışdı Rabil heç olmasa bir dəfə anasının adını çəkməsin. Onun yeddi yaşı olanda hər dəfə məktəbdən qayıdanda yeməkdən qabaq anasını əmdiyini, bəlkə də beş qardaş, üç bacının son beşiyi olan Rabil buna görə uşaqların içində ən canlısı, yaraşıqlısı, diribaşı idi. Oynaq, zarafatcıl, yeyib-içən, kefqom, Araz aşığından, Kür topuğundan olan dəllək atasından çox, uşaq üstündə on səkkiz yaşında rəhmətə getmiş, qızından sonra ürək xəstəliyinə tutulmuş, nəinki güldüyünü, dodağının qaçıb gülümsədiyini görmədiyi, qaraqabaq ibtidai sinif müəllimi, böyüyüb cibi qalınlaşandan sonra hər il anasını özüylə götürüb Soçi, Yalta, Minvod, bəzən eyni ildə ikinci dəfə Bilgəh, Mərdəkan sanatoriyalarına aparan, anasının xəstəliyi ağırlaşdığı vaxtlar nəinki öz arvadını, hətta doğma bacılarını yaxına qoymayıb stulun üstündə oturtduğu anasını ayağından başınacan belini, qarnını, məmələrini ustufca, səliqəylə yuyaraq özü çimizdirdiyini... ömrünün son vaxtları metri otuz rubl olan tünd göy rəngli ingilis bastonundan yubka-kostyum sifariş verərkən anasının belə bahalı materiala görə oğlunu xərcə salmasına razı olmayacağını bildiyindən, anası soruşarsa, dərzi ilə qabaqcadan sözləşib on beş manatlıq olduğunu dedirtməsi, kostyum hazır olanda anasına çox yaraşdığını, ürəyincə olduğunu, evlərinə qayıdanda kostyumunu yenidən geyinib güzgü önündə arxayınca baxanda, qaraqabaq sifətinin işıqlandığını görəndə, Rabil anasının kədərli gözlərinin düz içinə baxıb birdən "Zəriş, sən bir həftədən sonra öləssən"  deməsini, qəfil çevrilib qapıdan həyətlərinə çıxmasını, götürülərək alaqapılarından çıxıb aralıdan axan arxın qırağındakı daşın üstündə oturaraq hönkürüb ağlamasını, altı gündən sonra bayram axşamı martın iyirmi birində anasının dünyadan köçməsini... başqa bir vaxtsa "səninlə dünyanın o başına gedərəm, hər şəraitə dözərəm" deyib şəhərdən gəlin gəlmış, doqquz aydan sonra oğlan uşağı doğmuş bakılı qızının günlər ötdükcə dəyişməsi, ayağının yer alması... günlərin birində on yeddi yaşlı mələk simalı qızının ölümündən sonra qəlbi qırıq, küskün anasıyla balkonda dilləşməsini, söz qaytarmasını görəndə, otaqdan çıxıb kimin haqlı, kimin haqsız olmasının fərqinə varmadan qucağındakı yaşyarımlıq oğlunu alıb xalçanın üstünə qoyan, soyuqqanlıqla yaxınlaşıb arvadının hörüklərini əlinə dolayaraq uzun balkonlarının yarısınacan sürüyüb aparanda ata-anasını, yeddi arxasından belə kişi söyüşləri ilə yağlayan, bu acı mənzərəyə dözməyən qaynana gəlib "ədə, öldürdün xalxın qızını, burax görüm, ə gədənin balası" deyib yalvaran, anasını da eşitməyib gözü qızdığından nər-nər nərildəyən Rabil "demişdin səniynən dünyanın o başına gedəcəm, mən də səni dünyanın o başına beləcə, sürüyə-sürüyə aparacam"  söyləyib iki-üç addım da sürüyəndən sonra anası özünü gəlinin üstünə atıb qucaqlayanda buraxmış, o gündən sonra gəlin muma dönmüşdü.

Hər fikrə, hər məsələyə həmişə münasibətini bildirən Rabilin indi susmasına Azad təəccübləndi,

- Rabil bəy, üşüdüm, - deyib əlini bir-birinə sürtərək sözünə davam elədi:

- Mümkünsə peçi yandıraydın, - söylədi. Rabili kökləyib hala gətirmək, anasıyla bağlı əfsanəyə bənzər həmin mövzunu yenidən ona həvəslə, bütün xırdalığıyla söylətmək üçün:

- Bilirsən, demirəm rəhmətlik Seyid Mir Haşımın dədəsinin o gücü, o qüdrəti ola bilməz. Dünya, dünyanın özündən də qat-qat böyük, sonu görünməyən, sirri açılmamış, sonsuz zaman qədər uzun kələfdi, insanlıq onu aça-aça gedir. Elmin, tarixin dediyinə görə, insanlar min illər, milyon illər keçəndən sonra odu kəşf edib. Min illər ötəndən sonra dairəvi təkəri... sonralar kompüteri, əl telefonunu kəşf edib. Bir azdan sonra bərk gedən oğlanlar, şəxsi peyklərə yiyələnib başqa planetlərə səyahətə çıxacaqlar, bəlkə də adamlar min kilometr aralıdakı tanışı, doğmalarıyla Mobil telefonsuz danışacaqlar... Universitetdə oxuyanda bir müəllimimizin dediyi fikri heç vaxt unuda bilmirəm. Deyirdi nağıllar, mifoloji mətnlər, əfsanələrə qeyri-ciddi baxmaq olmaz. Bunların kökündə bir həqiqət, gerçəklik olub. Sadəcə, onlar bizdən o qədər uzaqda qalıb, ağızdan-ağıza ötürüləndə nəsə artırılıb, şişirdilib, nəsə qısaldılıb özlüyündən, kökündən uzaqlaşıb, izi zamanın qatı dumanına, tozuna-torpağına, çirkinə, xaosuna qarışdığından kodlar şəklində bizlərə çatdırıldığından heç cür aça bilmirik... Bir neçə il qabaq Türkiyədə nəşr olunmuş bir kitab əlimə keçmişdi. Orda kəramətli insanlardan, təsəvvüfdən bəhs olunurdu. Adlarını unutmuşam, deyək ki, Şam şəhərində birisi qəlyanını yandıranda çaxmağını tapa bilmədiyindən əndişələnir, bu vaxt oradan uzaqda olan deyək ki, Herat şəhərindən bir tanışı, dostu onun qəlyanını alışdırır... Biz bugünkü adi insanlar milyon illər öncədən indiyəcən insanların ağlı hesabına əldə olunmuş bir çox şeyləri gözüyumulu, hazır şəkildə mənimsəyir, onun mahiyyəti, məğzi, cövhərindən xəbərimiz olmur. Son vaxtlar bir məsələ məni dinc buraxmır. Axı, bu ağıl deyilən nə olan şeydir? Hardasa oxudum, bir ingilis alimi neçə-neçə başın, kəllənin üstündə əməliyyat aparır, o məqsədlə ki, bəlkə ağıl deyilən şeyin izinə, əlamətinə rast gələ, ancaq ətdən, damardan, sinirdən, qandan başqa heç nə tapa bilmir. Rabil bəy, heç bu barədə fikirləşmisənmi?.. Məsələn, birdən ağlına gəlir durum Azada zəng eliyim, yaxud birdən fikirləşirsən "Mersedes"imi satım “Cip” alım. Axı bu fikirlər hardan gəlir, kim tərəfindən bizə ötürülür. Şairlər niyə hər saat, hər dəqiqə şeir yaza bilmir, bəstəçilər də eləcə. Dilənçinin yanından ötəndə niyə bəzən nəzir verir, bəzənsə verim-verməyim, verim-verməyim, - deyə fikirləşirsən, sənə mane olan öz içindədimi, qıraqdanmı səni idarə edirlər. Burda adamın yadına şairin... "içimdə bir mən var, məndən dərində" dedikləri yada düşür...

Bayaqdan susub qulaq asan Rabil nəhayət:

- Doğrudan da, Azad müəllim, biz dərk olunmayan sirlər aləmində yaşayırıq, - dilləndi. Azad yenə əlini-əlinə sürtüb:

- Bax sənin özün ananın bir həftədən sonra rəhmətə gedəcəyini, hardan bilirdin? Bunu qəddarcasına onun özünə necə və niyə dedin?

- Hə, dedim Zəriş, bir həftədən sonra öləssən...

- Nədən bildin?

- Bilmirəm... Sonra da getdim eşikdə cəviz ağacı var e, onun dibində daşın  üstündə oturub hönkür-hönkür ağladım, - deyib Azada sarı çevrildi. 

- İnanırsınız, Azad müəlllim, düz bir həftədən sonra martın iyirmi birində rəhmətə getdi...

- Allah rəhmət eləsin! Mən onu deyirəm də, sən heç sonradan fikirləşmədin,  mən bu sözü anamın üzünə niyə dedim? Bəlkə onu sənə dedirdən olub. Şeytan, şeytan deyirik, çoxumuz onun varlığına inanmırıq, bəlkə doğrudan da o sözü sənə Şeytan dedirdib. Məncə, insan nə düşünürsə, ağlına nə gəlirsə, yəni fantast, xülya kimi görünən, təsəvvür edilən bütün şeylərin hardasa reallığı, gerçəkliyi var. Axı, bu havanı, elmi dillə desək oksigeni, suyu, torpağı, günəşi - canlıların yaşaması üçün bu mühiti, bu şəraiti kim yaradıb? Yemək-içmək bir yana, hər çəkdiyimiz nəfəsdə nələri qəbul etdiyimizdən kimin xəbəri var? Cin-şeytanın əməlləriylə bağlı hələ uşaqlıqdan başlayaraq bəzən bir-birinə bənzər, bəzənsə yeni eşitdiyim onlarla, yüzlərlə rəvayət olub. Yenə deyirəm, bunların hamısı bilinməz, naməlum mənbələrdən, ağızdan-ağıza ötürülə-ötürülə gəldiyindən bəzən inanır, bəzən də şübhələnməli olursan. Ancaq sən...

Söhbətin bu yerində Azad "sənin başına gəlmiş o əhvalatı danışanda əstağfurulla, Allahdan da çox istədiyin ananın ruhuna and içdiyindən mən inandım" demək istədi, bir anın içində fikrini dəyişib:

- Rabil, on minlərin yox e, on milyonlardan, deyərdim bəlkə daha çox adamdan birinin başına gələ bilən o möcüzə sənin başına gəlib, bu, artıq danılmaz faktdır. Deyirdin Hacıqabula çatanda... gəl həm yolumuza nərdivan salaq, həm də bax, o yeri tələsmədən, bütün incəliyiylə, pis çıxmasın, artırıb əskiltmədən dəqiqliyi ilə bir də danışa bilərsənmi?..

 Xeyli vaxt susan Rabil sanki yuxudan ayıldı, ayağını bir anlığa qaz pedalından çəkdi, maşının sürətinin azaldığı hiss olundu, yan pəncərədən çölə baxdı, bir şey görə bilmədiyindən maşının saatına baxdı, sonra çevrilib bir an Azada baxıb gur səslə:

- Gör e, Azad müəllim, bu Əli yolu haqqı, söz vaxtına çəkər deyiblər, elə bu vaxtlar olardı, Hacıqabula yaxınlaşanacan mən hirsimdən partlayır, maşını necə sürdüyümü bilmirdim, məni qəzalardan Allah qurtardı, pulu harda itirdiyimi, kimin oğurladığını heç cür ağlıma gətirmirdim. Bir il qabaq da avtokalonda kassirin otağından yeddi min yoxa çıxmışdı. İki ay sonra maşın aldığıma görə oğurluqda mənim də adım hallanmışdı. Bundan sonra mən kimi inandıra bilərdim ki, on mini itirmişəm. Turist gedənlərin içində elə tərs, təkcə adımı eşidəndə od götürən elə adamlar vardı, adamı diri-diri yeyərdi. Hər yerdən əlim üzülmüşdü, hirsimdən hönkürüb ağlamaq istiyirdim, partiyaya keçmək məsələm də bir yannan, o dəqiqələrdə bu dünyada olmasa da, mənə ən doğma, ən əziz olan anamı xatırlayır, "Zəriş, mən neyniyim, başıma nə çarə qılım, dərdimi kimə  söyləyim" deyirdim. Deyirdim deyəndə, ürəyimdə anamla danışırdım, bəlkə də pıçıldayırdım. Bir də gördüm lap uzaqdan ulduz boyda bir işıq sürətlə düz üstümə gəlir. Ağlım başımda olmadığından o işığın maşınmı, yoxsa təyyarəmi işığı olduğunu seçə bilmədim. Mayak kimi, ancaq daha tez-tez yanıb sönən o işıq yaxınlaşdıqca məni qorxu bürüdü, artıq pul məsələsi yadımdan çıxmışdı, maşına yüz, yüz əlli metr qalmış həmin işığın azca yuxarı qalxdığını hiss elədim, "maşınla toqquşacağını bildiyindən o işıq yuxarı qalxdı", düşündüm, bir az məndə arxayınlıq yarandı, getdikcə yaxınlaşan, yaxınlaşdıqca böyüyən o işığın arınınkına bənzər şəffaf, ancaq uzun, titrək qanadlarını gördüm, vertalyota oxşayır e, gözləri lampışqa kimi iri... bizlərdə cırcırama deyirlər. Məndə bir dinclik, rahatlıq, arxayınlıq yaranmışdı. Azca qəlbidən uçan həmin varlıq qar kimi yüngüllüklə padpresin üstünə qondu. Onun şəffaf, uzun qanadları sürətlə hərlənən ventilyatorun pərləri kimi tərpənirdi, arxası sanki min bir rəngə çalan, açılıb enlənmiş tovuz quşunun quyruğuydu. Azad müəllim, şəkilçəkənlər, nə deyirlər ona, plyonkanı - o kağızı suya salıb, bizim dildə necə deyirlər - proyavit eləyirlər e, xətlər, cizgilər, sifət yavaş-yavaş aydınlaşır, bax o sayaq həmin işığın baş hissəsi tədricən aydınlaşıb Zəriş oldu. Üzündə bir mülayimlik vardı, mən sizə danışmışdım, ona bahalı, gözəl bir kostyum tikdirmişdim, güzgüdə gördüyüm o mülayim, xoş sifət anam idi. Mehribanlıqla soruşdu: "Niyə qanın qaradı, a gədənin oğlu?" Başıma gələni danışdım. Danışdım deyəndə səsimiz çıxmırdı, ancaq bir-birimizi başa düşürdük. Dedi paçkanın biri yanındakı oğlanın şalvarının arxa cibində, biri də pencəyinin döş cibindədi. Sakitcə əlini atıb çıxararsan, ancaq dalaşıb eləmə...

Bu an gözlərini yumub diqqətlə dinləyən Azad qulaqlarının  uğuldadığını, sifət dərisinin yuxarı dartıldığını, başındakı tüklərin iynə kimi, kirpi tikanlarıtəkin qabarıb qalxdığını hiss etdi. Rabil sözünə davam elədi:

- Gözümü yumub açanda heç nə görmədim. Ürəyim yerinə gəldi, bütün həyəcanım, gərginliyim yox olmuşdu. Özümü yüpyüngül hiss edirdim. Qoydum üstünə yüz, yüz iyirmiynən Ləkəcən sürdüm... Azadın susduğunu görəndə:

- Azad müəllim, bir şair var, Sərxan... familiyası necəydi, yadıma salammıram...

- Səyavuş Sərxan... rəhmətə gedib... 

- Analarla bağlı qızıl kimi bir söz deyib... "İnsan ömrü boyu Allahnan bircə dəfə görüşə bilər. Anasının ruhu vasitəsiylə". Çağrılan, arzu edilən hər övlada da ananın ruhu gəlməz. - deyib qürurla Azada sarı çevrildi.

Ehtirasla, qışqıra-qışqıra danışdıqca hər bir söz elə bir od parçasıtək Rabilin boğazını dağlayıb çıxırdı...

 





19.03.2020    çap et  çap et