525.Az

Bayram yarmarkaları - Eyni məkana fərqli baxış


 

Bayram yarmarkaları - <b style="color:red">Eyni məkana fərqli baxış</b>

"525-ci qəzet"lə "Şərq" qəzetinin birgə layihəsi olan "Eyni məkana fərqli baxış" rubrikasında növbəti reportajı təqdim edirik.  

Bütün ölkəmiz kimi, paytaxt Bakı da Novruz astanasındadır. Bayram günlərində süfrələr həmişəki kimi paxlava, şəkərbura, plov və başqa ləziz təamlarla bəzənir. Ancaq hər nə qədər göz oxşasa da, bunun bir də maddi yönü var. Məsələnin bu tərəfdən vacibliyini düşünərək bayramdan bir neçə gün əvvəl paytaxtdakı bir neçə alış-veriş yarmarkasına üz tutduq.

...Yolumuzu metronun "Elmlər akademiyası" stansiyası yaxınlığındakı yarmarkadan salırıq. Hələ uzaqdan  satıcıların səsi eşidilir. Kimi "Quru meyvələrdən qalmadı" - deyə müştəri səsləyir. Kimi də sakitcə oturub qismətinə düşəcək alış-verişi gözləyir. Yaxınlaşıb qiymətləri soruşmaq istəyirik, amma müştərilərdən biri bizdən cəld tərpənir:

 - Ay qardaş, bu qozun kilosu neçəyədir?

 - Bax, o yanındakı qabıqlı olanlar 6-9 manat, qabıqsızlar 14-16 manatdır.

Müştəri üzündə narazı və bir o qədər də peşman ifadə ilə uzaqlaşır.

Artıq onların söhbətindən qiymətlər bizə də məlum olur. Düzdür, qabığı təmizlənmiş qoz ilk baxışdan gözə asan başa gələn görünür. Amma gigiyenik qaydalara əməl olunması haqda dəqiq fikir söyləmək çətindir. Ən yaxşısı - həm qiymətin sərfəli olması, həm də gigiyenik baxımdan - qabıqlı qozdur, -  deyə müzakirə edirik. Maraqlı baxışlarımızı görən satıcı növbəti dəfə əlavə edir: "Elə bil, tələbəsiniz, sizə qiymətdə də endirim edərəm. Nə qədər istəyirsiniz?" Çox vaxt alverçilərin belə şirin sözlərinə aldanıram, amma yanımdakı yoldaşım "Yox, daha lazım olmadı",- deyərək məni oradan uzaqlaşdırır. Açığı, bu, yarmarkaya ilk gəlişim də deyil. Bundan əvvəl rayonda olanda bir neçə dəfə bayram yarmarkasına getmişəm. Qiymətlər o qədər yadımda qalmasa da, bir onu bilirəm ki, ləpələnmiş qozun qiyməti ətdən baha olmurdu. Görünür, keçən illər qiymətlərə də xeyli təsir göstərib.

Növbəti məkanımız  metronun "İnşaatçılar" stansiyası yaxınlığında yerləşən yarmarkadır. Hələ yarmarkaya çatmamış yolun kənarında oturub yuxa (lavaş) satan yaşlı bir nənə gözümə dəyir. Gah yuxaları üst-üstə yığır, gah da gözlərini eynəyinin altından aşağı dikib nəyisə dərin-dərin düşünür. Əslində, yaşlı insanlara qarşı xüsusi rəğbətim var və bu, onlarla ünsiyyət zamanı da özünü büruzə verir. Düşünürəm ki, həm əyilib lavaşlardan götürəm, həm də bu vasitə ilə bir-iki kəlmə kəsəm. Amma o yanda bir qadının satıcı ilə əməllicə dava etməsi fikrimi yayındırır:

- Bu bayramlar da lap maaşımıza qənim kəsilib e. Əşi, heç bu qiymətə də meyvə olar?! Həm də çürüklərindən seçirsən, daha istəmirəm, vermə.

- Özün bilərsən, bacı. Vallah, bizə də, az qala, elə bu qiymətə gəlir.

Bilmirsən, məhsulu əlində qalan satıcının, yoxsa kefi pozulub gedən alıcının halına yanasan. Satıcı da yəqin belə hallarla tez-tez qarşılaşdığından əlindəki meyvələri yeşiyə qoyub, bayaqdan buxarlanan çayından bir qurtum alır.

Alverçiləri müşahidə etməyi saxlayıb, piştaxtaların üstündəki plov inqridentlərinə nəzər yetirirəm. Gördüyüm qiymətlər o qədər də ürəkaçan deyil. Ərik qurusunun, alça turşusunun qiyməti 9-13 manat arasında dəyişir. Təbiidir ki, bu qiyməti görən digər adamların da olan-qalan bayram əhval-ruhiyyəsi yox olur. Elə bu düşüncələrlə yarmarkadan uzaqlaşırıq. Yarmarkadan bizimlə birgə ayrılan nənə, baba və oğlan nəvə xüsusilə diqqətimizi çəkir. Balaca oğlan əlində iri, bəzəkli bir səməni ilə qabaqda mahnı oxuya-oxuya gedir:

- Səməni, saxla məni, ildə cücərdərəm səni...

Bayram ərzaqlarını daşıyan baba isə arxadan astaca səslənir:

- Orxan, bala, qaçma, yıxılacaqsan...

Balaca oğlan babasına tərəf dönüb, elə şirin qəhqəhə çəkir ki... Məncə, bu mənzərəni görən hər kəs bizimlə eyni hissləri keçirər. Onların əhvalı adama bundan 5-10 il əvvəlki bayramları xatırladır. Üzlərində bayram sevinci hiss olunur. Yaxınlaşıb qoca kişinin əlindəkiləri daşımağa kömək edirik və bu sayədə onlarla həmsöhbət də oluruq. Öyrəndiyimizə görə bu hazırlığı, nəinki, baharı, hətta ilaxır çərşənbəni qeyd etmək üçün görürlər. Rastlaşdığımız son mənzərə, ən əsası da, Orxanın gülüşü bizə bayram əhvalı aşılamaq üçün bəs edir.

Nəhayət, 2-3 saatlıq müşahidədən sonra xoş təəssüratlarla evə yollanırıq.

Günel ABBAS

 





21.03.2020    çap et  çap et