525.Az

"Sezar"ın müasirliyi


 

"Sezar"ın müasirliyi<b style="color:red"></b>

Elçin Hüseynbəylinin "Sezar" adlı iki hissədən ibarət sintetik dramında təsvir olunan iblis obrazı ilə Cavidin müvafiq əsəri arasında yaxından səsləşmə, uyğunluq təşkil edən cəhətlər vardır. İblisin təhrikedici, təsiredici xüsusiyyətləri, onun ağıla, idraka söykənməklə qarşı tərəfi öz iradəsinə tabe edərək onu  istədiyi kimi hərəkət etməyə məcbur etməsi, fəal şəkildə prosesə müdaxilə göstərməsi s. kimi faktlar hər iki əsərdə təsvir olunmuş iblis obrazını səciyyələndirir. Ənənəvi mövzu obraza çevrilmiş iblisə E. Hüseynbəyli orijinal bir formada yanaşmış, fərqli özünəməxsus bir tərzdə qayəsinə uyğunlaşdırmışdır. Ən əsası İblis obrazını müasir dövrün siyasi gedişatı, son dövrün qarmaqarışıq mürəkkəb proseslərinin incə mahiyyəti ilə bağlaya bilmişdir. Bu iblis özündən əvvəl dini kitablarda təsadüf olunan, sələflərinin bədii əsərlərində təsvir olunanlardan yeni cəhətlərilə seçilən, ən son tarixi olaylarla səsləşən tam müasir bir obrazdır. Əsərin ideyasını açmaq üçün bir vasitə olan onun leytmotivini təşkil edən epiqrafda müqəddəs kitabların birindən aforizm verilmişdir: "Ən böyük cihad insanın öz nəfsilə savaşıdır... Nəfsinə sahib olmayanlara Tanrı dərgahında yer yoxdur..."  Nəfsə məğlub olan insanın faciəsi əsərdə öz əksini tapmışdır. H. Caviddə istəklərinin qulu olan Arif  Rənaya qovuşmaq üçün bir-birinin ardınca Xavəri, Vasifi öldürürsə, burada "hakimiyyətin rəmzi" olan çariçalar çariçası Kleopatraya qovuşmaqla əbədi həyata çatacağını zənn edən Pompeyin, Septimi Lutsinin acınacaqlı aqibəti müasir siyasi proseslər müstəvisində işıqlandırılmışdır.

Pompey dərin düşüncəyə malik olmadığından, icra etdiyi əməllərin sonrakı prosesdə ilə nəticələnəcəyini anlamadığından iblisin tələblərinə asanlıqla uyaraq Kleopatraya qovuşmaq üçün ən ağır cinayət törədir, onun qardaşı Ptolemeyin başını kəsməklə çariçalar çariçasına sahiblənəcəyini, bununla əbədi həyata nail olacağını düşünür. Hakimiyyət ehtirası ilə alışıb-yanan, lakin reallıqda buna layiq olmayan Pompey səriştəsiz siyasətçilərin ümumiləşmiş obrazıdır. Belələrinin gələcəyi olmur, çünki onları şəxsi maraqlar daha çox düşündürür. Məhz bunu anlayan, bölünməz vətənin rəmzi Kleopatra Pompeyin ona sahiblənməsini rədd edir deyir: " Deməli, sən onu [Ptolomeyi- F.M] öz ehtirasın naminə öldürmüsən?".

Kleopatraya sahiblənməklə xoşbəxt gələcəyə nail olacağını zənn edən əmisi oğlu Septimi Lutsi bunun üçün Pompeyi öldürməlidir. Bu işi icra etmək üçün and içir  iblisin şirnikləşdirici təkidi ilə o, qətli həyata keçirir. Etdiyi "xidmət"ləri ilə hörmət qazanacağını düşünən Septimi Lutsi əks münasibətlə qarşılaşır. Kleopatra: "Sən qanunları pozmusan, Lutsi, adam öldürmüsən,  bununla da əlini qana batırmısan, sən tanrıların qəzəbinə gəlmisən, sən cinayətkarsan".

Lakin Kleopatra Septimi Lutsinin ümidlərini tam olaraq qırmır, Pompeyin başını Sezara aparmağı məsləhət bilir. Sezar müdrik, uzaqgörən siyasətçi olduğundan Septimi Lutsinin bu "xidmətini" qəbul etmir, baxmayaraq ki, Pompey onun əsas  rəqiblərindən biridir onun qətli az da olsa, qarşıda duran maneələrin aradan götürülməsinə kömək edə bilər. Dramaturq Lutsinin daxili aləmini onun Sezarla dialoqunda məharətlə əks etdirmişdir:                  

Lutsi. Mən Kleopatradan sənə ənam gətirmişəm.

Sezar. (təəccüblə) Ənam?!

Lutsi. Pompeyin başını!

Sezar. Kleopatra buna cürət etməz.

Lutsi. Elədir Sezar, onun başını mən vurmuşam. Kleopatra qisas istəyir.

Sezar. Niyə?

Lutsi. Çünki o, mənim... daha doğrusu sənin rəqibiniydi.

Sezar. Belə çıxır ki, sən mənim    başımı  asanlıqla vura bilərdin? Çünki Pompeyin rəqibiyəm .

S. Xəlilovun "İblis"in fəlsəfi şərhi ilə bağlı söylədikləri fikirləri E. Hüseynbəylinin "Sezar" əsərinin ideyasının izah olunması, buradakı qaranlıq qalan mətləblərin işıqlandırılması üçün əsas götürmək olar: "... insan öz daxili aləmini dərk etmədən mühiti dərk edə bilməz ona qarşı dayana bilməz. Kamil mənəviyyata malik olmadan mühitin təzyiqinə tab gətirə bilməz. Fərdi hisslərin məhdud dövrəsini keçib, onları ümumbəşəri hisslərlə tamamlaya bilməzsə, fəlsəfi baxımından mənalandırmaq səviyyəsinə yüksələ bilməsə, çirkli mühitdə saf qala bilməz".

Filosofun yuxarıda göstərdiyi müsbət əlamətlər Pompeydə, Septimi Lutsidə olmadığından, şəxsi istəklər ortaq, ümumi maraqları üstələdiyindən onlar bədbəxt olurlar, məqsədlərini reallaşdırmağa gücləri çatmır. İradəsini iblisə təslim edənlərin fəlakətə uğraması əsərdə bu obrazların timsalında öz əksini tapmışdır. Ən tragik məqam isə Lutsi kimi sadəlövh, bəsit düşüncəyə malik birinin dünyanın altını-üstünü bilən, öz siyasi iradəsi, problemə çox geniş rakursdan baxma qabiliyyəti ilə ümummilli lider səviyyəsinə yüksələn Sezarı iblisə uyaraq öldürmək, bununla Kleopatraya sahib olmaq istəməsidir. Bu isə həqiqətdə mümkün olan deyildir.

Sezar digərlərindən fərqli olaraq kəskin ağıla iradəyə malik, iblisin fəal şəkildə müdaxilə etdiyi naqis ictimai mühitin fövqündə dayanmağı bacaran, "mən qərarı tanrının iradəsi, xalqımın istəyilə verirəm",- deyən obrazdır. Onu nəinki xalqının indisi, cari həyatı düşündürür, eyni zamanda, onun gələcəyinin parlaq olması narahat edir bundan ötrü mürəkkəb düşünülmüş siyasi strategiyasını hazırlayır. Hər işi vaxtı gələndə, məqamı çatanda icra edən Sezar paytaxta qayıdır, qiyamçıları zərərsizləşdirir, Kleopatranı (bu obraz əsərdə vətənin simvoludur) isə "etibalı əllərə tapşırmağın" son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

Kleopatra yalnız Sezar tərəfindən mükəmməl müdafiə olunacağını bildirəndə müdrik Sezar vaxtının çatmasını, gələcəyin liderini- atlı oğlanın onu lazımi səviyyədə qoruyacağını əminliklə bəyan edir. atlı oğlan parlaq gələcəyin simvolu olub, Sezarın gördüyü siyasi-fəlsəfi mahiyyətə malik mürəkkəb şərəfli işin əvəzolunmaz davamçısıdır. Sezarın Kleopatraya dediyi son sözlər əsərin ruhunun, ideyasının özülünü təşkil etməklə bərabər, həm onun müasirliyinin, son dövrdə ölkəmizin siyasi həyatında baş verən nikbin əhvali-ruhiyyənin ifadəsidir: "O, [ atlı oğlan-F.M] mənim başa çatdırmadığım işləri görəcək. Məmləkətimizi birləşdirəcək. İnsanlara hürriyyət, azadlıq rifah gətirəcək. Mən elə bir ağac əkdim ki, onun barını xalq hələ çox görəcək. Mən ona özüm kimi inanıram. İndi isə getməliyəm". Kleopatranın gözünə atlı oğlanın görünməsi əsərə nikbinlik gətirir, dramın finalının haqqın qələbəsi kimi qavranılmasını şərtləndirir.

"Sezar" dramı ilə H. Cavidin "İblis" faciəsi arasında digər bir paralellik nəzərə çarpır; Hər iki əsərdə iblisin fəallığı, hadisələrə obrazlara çevik şəkildə müdaxilə etdiyini görürük. Lakin bu aktivlik "İblis" Elxanın ortaya çıxması ilə, "Sezar"da isə Sezarın əməli fəaliyyətə keçməsi ilə zəifləyir. Haqq-ədalətin qalib gəldiyi yerdə, güclü iradənin estafeti ələ keçiməsi ilə nəinki iblis zəifləyir, hətta o qaçmaqla canını qurtarmaq istəyir. İblis Pompeyə, Lutsiyə təsir etmək gücündə olduğu halda, Sezar qarşısında çox acizdir, sönük fəaliyyətsizdir.  S. Xəlilov: "İblis zəiflərin qismətidir. İblis öz fərdi hisslərini mütləqləşdirən, öz fərdi faciələrini ictimai faciə fonunda görə bilməyənlərin qismətidir. İblis naqis mühitə sığınanların qismətidir".

İblis göstərilən əsərlərdə bir müddət meydan oxusa da, istədiklərini asanlıqla həyata keçirməyə müvəffəq olsa da, sonda Elxan Sezarın timsalında ağılın, düşüncənin, ədalətin qarşısında məğlub olur.

Famil MƏDƏTOV
Azərbaycan Jurnalistlər Birliyinin Gənc Ədiblər Məktəbinin üzvü

 





03.12.2013    çap et  çap et