525.Az

Çağdaş gürcü poeziyasından nümunələr - Şeir


 

İMİR MƏMMƏDLİNİN ORİJİNALDAN TƏRCÜMƏSİNDƏ

Çağdaş gürcü poeziyasından nümunələr - <b style="color:red">Şeir</b>

Müasir gürcü poeziyası böyük ədəbi ənənələrinin məntiqi davamıdır. Sözsüz ki, ənənələrin davamı deyəndə, keçmiş poetik nailiyyətləri və şeir formalarını təkrarlamaq deyil, onları iknişaf etdirmək, yəni kökə əsaslanaraq yeni dövrə uyğun yeni deyim tərzi, yeni intonasiyalar və yeni üslublar nəzərdə tutulur.

Gürcü poeziyası, ümumiyyətlə, gürcü ədəbiyyatı iki poetik axının - Şərq və Qərb - qovşağıdır. Hələ Rustavelidən etibarən o, həm Şərq, həm də Qərbdən gələn impulslardan faydalanaraq formalaşıb, yeni ədəbi fakt kimi dünyanın diqqətini özünə cəlb edib. 

Burada təqdim olunan şairlər - Qalaktion Tabidze, Moris Posxişvili, Cansuğ Çarkviani, Tamaz Çiladze və Zaur Bolqvadze - Sovet dövründə yaşayıb yaratsalar da, şeirdə gürcü ruhunu qoruyub saxlaya bilib, yeni poetik üfüqlər açmağa nail olmuşdular.

Böyük gürcü şairi Qalaktion Tabidze çağdaş gürcü lirikasının banisidir. XIX əsrin sonlarında dünyaya göz açan şair, demək olar ki, XX əsrin birinci yarısını səciyyələndirən bütün ağrıları yaşayıb. Deyilənlərin acı həqiqətini dərk etmək üçün təkcə bu faktı qeyd etmək kifayətdir ki, onun gənc həyat yoldaşı Olqa Okucava repressiya qurbanı olub. Qalaktion Tabidze Stalini şəxsən tanısa da, sevimli arvadını cəllad caynağından qurtara bilməyib. O, misilsiz şöhrətə nail olsa da, Gürcüstanın Xalq şairi fəxri adını qazansa da, acizlik hissi və  tənhalıq sıxıntısı şairi ömrünün sonuna qədər izləyib. Amma ömrünün ahıl çağında, görünür, bu azman sənətkarın dözümü qurtarıb və Tbilisidə müalicə aldığı xəstəxananın pəncərəsindən atılaraq intihar edib.

Moris Posxişvili Qalaktiondan sonrakı ədəbi nəslin nümayəndəsidir. Tbilisidə doğulan və çox da uzun sürməyən ömrünü elə burada başa vuran şair yaddaşlarda romantik şəhər lirikasının mahir ustası kimi qalıb.

Xalq şairi Cansuğ Çarkviani müasir gürcü poeziyasında lirik poema janrının banisi kimi iz qoyub (Gürcüstanda Xalq şairi fəxri adı üzün müddət ərzində ləğv edilmiş olsa da, Cansuğ Çarkvianinin əzəmətinə görə onu XXI əsrin əvvəllərində bərpa etməli oldular). Moris Posxişvili kimi, Cansuğ Çarkvianinin də sözlərinə çoxlu mahnılar yazılıb, gürcülər həmin mahnıları bu gün də sevə-sevə oxuyurlar. Cansuğ Çarkviani çağdaş gürcü ədəbiyyatında altmışıncılar ədəbi nəslinin nümayəndəsi hesab edilsə də, XX əsrlə XXI əsrin keşməkeşli yolayrıcında da bir ədəbi sima kimi seçilib-sayılanlardan olub.

Tamaz Çiladze şair, dramaturq, nasirdir. Şeirləri gənclər arasında hələ də populyar olan T.Çiladzenin dram əsərləri bu gün də gürcü teatr rejissorlarının diqqətini özünə cəlb edir.

Məxsus olduğu ədəbi nəslin içində ilıq duyğuları ilə seçilən Zaur Bolkvadzenin yaradıcılığı altmışıncıların ədəbi mozaikasına danılmaz bir çalar əlavə edib.

Omar Turmanauli söz meydanına səksəninci illərdə gələn ədəbi nəslin ən parlaq nümayəndəsidir. O, eyni zamanda, gürcü dilindən fransız dilinə etdiyi poetik tərcümələri ilə də tanınır. Ömrünün son illərini Gürcüstandan kənarda, Fransada yaşadı. Şair öz qısa ömrünü elə qürbətdə - Strasburqda başa vurub.

Dalila Bedianidze XX əsrin sonlarında ədəbiyyata gələn, gəlişiylə də oxucunun diqqətini özünə cəlb edən xanım şairələrdəndir. Dalilanın şeirləri qadın poeziyasının bariz nümunəsidir. Onun şeirlərinin altında müəllifin imzasını oxumasan belə, hiss edirsən ki, onlar incə xanım ruhundan süzülüb gələn misralardır.

Nino Darbaiseli gürcü poeziyasında öz qısa, lakonik şeirləri ilə seçilir. O, hazırda xaricdə (İngiltərədə) yaşasa da, demək olar ki, gürcü şeirini də qürbətdə yaşada bilir.

Qalaktion TABİDZE

(05.11.1891 - 17.03.1959)

YEL ƏSİR

Yel əsir... yel əsir... yel əsir...
Yarpaqlar küləkdə tələsir...
Hardasan? Hardasan? Hardasan?
Bəlkə sən hardasa dardasan?...
Qara bax, qarışıb yağışa,
Mən sənin uğrunda düşmüşəm
Zirvəsi dumanlı yoxuşa...
Gül çöhrən canlanır önümdə
Hər zaman, hər yerdə, həmişə!...
Arzuma göy əsir, yer əsir...
Yel əsir... yel əsir... yel əsir!..

SAAT NEÇƏDİR?

Kədər mürgü döyür qəlbimdə hələ,
Hələ səhərə var, hələ gecədir.
İçimdə bir sual çəkir ah-nalə:
Saat neçədir?
Qapını kəsdirib sonsuz qaranlıq,
Yəqin ki, əqrəbin yönü üçədir.
Zülmət də suala dönür bir anlıq:

Saat neçədir?

Gedib son faytonçu, eşikdə qalan
Dumana bürünən xoflu küçədir.
Bu nədir? Nə səsdir? Zəngdirmi çalan:
Saat neçədir?

Allah, yağış kəsmir, banlamır xoruz,
Banlaya bilmir o, hələ beçədir...
Cavab yox, ha çığır, ha qışqır, soruş:
Saat neçədir?

"Dəmlənmək dəmidir, boşlayın dərdi,
Həyat müvəqqəti, ömür keçəndir!.." -
Yəqin ki, Şarl Bodler belə deyərdi
Ondan soruşsalar:
Saat neçədir?

MƏN VƏ GECƏ

Bu şeiri yazan zaman ötüb keçir gecəyarı,
Xəyalımda biyabanın mehlə qələn nağılları...

Ay nurundan gümüş yorğan
əvəz edib duman-çəni,
Həyətimdə həzin külək yırğalayır yasəməni.
Nihal zərif nuru ilə bəzəyibdir asimanı,
Onun da bu şeir kimi duyğuludur hər bir yanı.

Çöl sehrli boyalarla, Allah, elə cilvələnib,
Elə bil ki, ürəyimdən soraq tutub, sirr öyrənib.

Mən könlümdə öz sirimi gizlədi rəm
çoxdan bəri,
Heç kəs bilməz, toxunammaz
ona çölün küləkləri.

Dostlar belə bilmir hələ
ürək necə dözür dərdə,
Onun dərin qatlarında
nələr yatıb bu illərdə.

Ən xoş dəmlər bilə bilməz
qəmli qəlbim nədən şişir,
Çala bilməz saf sirimi qadın eşqi, nəvazişi.

Nə şərabla dolu badə,
nə yatarkən həzin ahlar
Aparammaz o hissi ki,
ürəyimdə gizlin çağlar.

Yalnız mənə həmdəm olan
zülmət gecə bilir mənim
Ürəyimin o sirrini, bilir nədən yanır tənim.

Bilir, necə yetim qaldım, əzab çəkdim,
yandım necə,
İki dostuq bu dünyada:
Gecə və mən... Mən və gecə...

Moris POSXİŞVİLİ

(11.06.1930 - 1997)

MƏNİM MƏHƏBBƏTİM

Mənim məhəbbətim irmaq ha deyil,
Üzüb keçəsən, gülüm.
Mənim məhəbbətim nağıl da deyil,
Sonluq seçəsən, gülüm.

Mənim məhəbbətim yuxu ha deyil,
Min cür yozasan, gülüm.
Mənim məhəbbətim qanun da deyil,
əmrlə yazasan, gülüm.

Gah sönür, gah yanır, gah nəğmə deyir,
Olmaz bu nurun sonu...
Mənim məhəbbətim gümüş pul deyil,
Xırdalayasan onu.

O, nə cinayətdir, nə şər, nə xeyir,
Ancaq dünyaya yetər...
Mənim məhəbbətim orkestr də deyil,
Dirijor tabe edə...

Yadların əlində soyuqdu, keyd i
Sevgimin odu, külü.
Çünki onlar üçün gərəksiz şeydi,
O, tək sənindir, gülüm...

OSETİN QIZI KƏND YOLUNDA

Güllü donda gəlib keçdi,
Nə bir kəlmə, nə salam.
Gözlərini gözlərimə
Zillədi o...
Vəssalam.

Bəlkə məni xatırlamaz
Uca dağlar cüyürü.
Yəqin indi əri də var,
Balası da yüyürür...

İncəbelli, qaratelli
Keçdi... nə söz, nə salam.
Gözlərini gözlərimə
Zillədi o...
Vəssalam.

ŞƏRQ BALLADASI

Dedim: ümmanda adamsan!..
Dedi: qəribə adamsan!

Dedim: mən seləm, batarsan!
Dedi: qürurlu adamsan!

Dedim: sən məni atarsan?
Dedi: gülməli adamsan!

Dedim: satılsam, satarsan?
Dedi: sən nə pis adamsan!

Dedim: köksümdə yatarsan?
Dedi: utanmaz adamsan!

Dedim: hələ kal badamsan...
Dedi: sadəlövh adamsan!

Dedim: mən itsəm, taparsan?
Dedi: nə əziz adamsan!..

İKİ MƏHƏBBƏT

İki gözəl qız sevirdim,
Quluydum iki fələyin...
Biri - o toyun pərisi,
Biri - bu toyun mələyi.

Bir gün mehlərə uyanda,
Bir gün dostuydum küləyin...
O iki oda yanırdı
Şam kimi yanan ürəyim.

Kimsə onlara yetirdi,
Sirrimi çaldı sözümdən,
İkisini də itirdim,
İki üz döndü üzümdən.

Birini gündüz axtardım,
Digərinisə gecələr...
Məndən küsmüşdü iki qız,
Məni qovurdu küçələr...

İndi tək-tənha gəzirəm,
Göylərə qalxır hər ahım...
İki gözəl qız sevirdim,
Axı, mənim nə günahım!..

GÖRÜŞ

Körpü də dar, yol da dardı,
Eni - (bir yox), yarım addım...
Mən tanıdım o gözəli,
Gözəl məni tanımadı.

Xatırladım, xatırlatdım,
Südüm kəsdi, şora döndü,
Məni yada salammadı,
Xatirələr tora döndü...

Körpü də dar, yol da dardı,
Bu darlıqdan necə çıxım?..
Mən tanıdım onu... fəqət
O deyilmiş tanıdığım...

Cansuğ ÇARKVİANİ

(30.09.1930 - 06.11.2017)

ŞƏFƏQ

Mən çöldə tulladım yüngül nisgili,
Yapıncı sayağı tullayıb gəldim.
Səni mağarada tapdım, sevgilim,
Tapıb işıq kimi üstümə sərdim.

Yemişan yeyirdim qayğısız, rahat,
Yemişanla birgə şəfəq yemişəm.
Səni o tapdırdı, o şəfəq daha
Məhəbbət verəcək bizə həmişə.

QARAYAZILI QIZ

Səni göydə gördüm,
Sən göylərin yazı...
O göylərə bənzər
Yurdun Qarayazı.

Enli ətək donun
Çitdən, qızıldandı;
Sənin tellərinsə
Gülün özündəndi.

Pul-pul yanır sinən,
Qoyma, sinən yandı!
O gözlərin, xanım,
Günəş nurundandı.

De, hayana belə?
Hara çəkir yazı?
Tutur gözlərimə
Əlin qarayazı...

BALACA İRİNAYA

(İrina şairin qız nəvəsidir - İ.M.)

Bir gün evə dönəndə,
Babanı görməyəndə,
Gəzmə məni şəhərdə
Axtar öz ürəyində.

Sən yekə qız olanda,
Bir gün evə dönəndə,
Yəni baban öləndə,
Yəni daşa dönəndə,
Elə yox olmaram ki,
Səhər kimi açmayım,
Ordan sənin üzünə
Tez-tez işıq saçmayam.
Sonra bir ceyran kimi,
Nəvəmə heyran kimi
Sənə tərəf qaçmayım.
Sənə olan sevgimi
Mən boynumdan asacam.
Sənin ceyranın kimi
O dağlarda dolaşıb
Zirvələri aşacam.
                                          
ANANIN NÖVBƏSİ

Çay süzülür, köhnə çaydan
Nəğmə deyir, yatmır.
Mənə,
Sənə,
Ona,
Buna...
Anayasa çatmır.

Asimandan sevinc yağır,
Kimlər ondan dadmır...
Mənə,
Sənə,
Ona,
Buna...
Anayasa çatmır.

Xeyir-dua verir ana,
Sözə haram qatmır.
Mənə,
Sənə,
Ona,
Buna....
Anayasa çatmır.

Eh, elə ki ölüm gəlir,
Ümidləri udur.
Ana gərir sinəsini,
Növbə onunkudur.

QAR

Qar yağıbdır,
Qar yağıbdır,
Sinən kimi ağdı bu qar.
Kəsib mənim yollarımı,
Sanki uca dağdı bu qar.

Həmin dağın zirvələri,
Elə qalxıb, göyə dəyir.
Bu sükutda sənin səsin
Qarın üstdə rəqs eləyir.

Salamat qal şirin yuxum,
Əzəlimə çatdı sonum.
Ömrüm boyu istəmişəm,
Pəncərənə güntək qonum.

Qar yağıbdır,
Qar yağıbdır
Sinən kimi ağdı bu qar.
Kəsib mənim yollarımı,
Sanki uca dağdı bu qar.

Tamaz ÇİLADZE

(05.03.1931 - 28.09.2018)

KÜR GEDİR

Gözlərimə kor kimi,
Sözlərimə kar kimi,
Dinşimisən,
Kür gedir
At belində çar kimi.
Açılıbdır ətəyin,
Baldırların qar kimi,
Titrəyirlər dizlərin
Qorxaq dovşanlar kimi.
Dolanıram başına
Tülkü dolanar kimi,
Düşəmmirəm qəlbinə
Köhnə bir açar kimi.

Gözlərimə kor kimi,
Sözlərimə kar kimi
Dinşimisən,
Kür gedir
At belində çar kimi.

YAĞIŞ

Bulud xeyli içdi dəniz suyundan,
Sonra dağa qalxdı sərxoş sayağı.
Büdrəyə-büdrəyə gedən buludun
Zirvədə sürüşdü birdən ayağı.

Birdən yağış olub yağdı o ki var,
Elə bil dənizdə batırdı dağı.
Yağmursuz havaydı, yağmazdı, ancaq
Zirvədə sürüşdü onun ayağı.

Zaur BOLKVADZE

(02.04.1933 - 23.12.2010)

BABAM

Babam qocaldıqca döndü uşağa,
Dümappaq qar oldu başındakı saç.
Çəliyini döyüb bərkə, yumşağa,
Deyirdi, ey torpaq, aç qapını, aç!

Uzanıb bir müddət tavana baxdı,
Baxışı çözəldi, çevrildi sapa...
Sonra özü kimi dumaq qar yağdı,
O qarla birlikdə əridi babam...

DAĞLAR

Çən-çiskin olanda çeşmələr ağlar,
Çətin bu qəm-qüssə zirvəni yenə...
Üsyankar, barışmaz məkandı dağlar,
Göylərdən azadlıq diləyir yenə!

Omar TURMANAULİ

(25.05.1959 - 23.03.2019)
         
İKİ ARZU

Əlində tabaşır şıltaq bir uşaq
Asfaltın üstünə ağ günəş çəkir.

Dilənçinin papağındakı
Sikkələrin üzərində də
Parlayır günəş.

Nə qədər yol var
Asfaltın üstdəki o ağ günəşdən
Papaqdakı günəşə qədər?
Asfaltda da, dilənçinin papağında da
Parlayır günəş...

Körpə qığıldanır,
Zümzümə edir küçədə əyyaş.
Nə qədər yol var
Bu qığıltıdan o zümzüməyə?

Bakirə qızın ilk öpüşündən
Fahişə qadının öpüşünədək
Nə qədər yol var?

Günəş yavaş-yavaş əyilir, batır.
Neçə-neçə adam iki arzuyla baxır günəşə;
"Ay günəş, batma!"
"Tez bat, ay günəş!"
Hardasa ömrün son axşamıdı,
Hardasa sevginin ilk gecəsi döyür qapını.
"Ay günəş, batma!"
"Tez bat, ay günəş!"
Günəş sürətini tənzimləyir
Bu iki arzu, iki niyyətlə...

Dalila BEDİANİDZE

(1957)

DOSTUMA BAŞ ÇƏKƏRKƏN

Axşamlar dostuma baş çəkəndə mən
Yuxarı baxmıram,
Pəncərələrdə
İşığın yanıb-yanmadığını görməyim deyə.

Mürgülü şəhərin tozlu küləyi
Üzümə çəkdikcə qara bığını
Başımı aşağı salıb gedirəm,
istəyirəm,
Bir az gec bilim,
Dostumun evdə olmadığını.

***

Kitabxana və əczaxana
Durub yan-yana
İki könüllü şəfqət bacısı...

NEYLƏSİN

Dalila, evinə qonaq gəldilər,
Nə yaxşı, sənə də baş çəkən oldu.
Odan adamlarla, qəlbin sevinclə,
Gözlərin buludlu sözlərlə doldu.

De, indi neyləsin sənin gözlərin,
De, indi nə desin səssiz sözlərin?
Belə məqamlarda nə deyir adam,
De, üzün neyləsin? Gülür üzləri.

Neynəsin əllərin, neyləsin dilin,
Neynəsin əndamın, o incə belin,
Tərpənə bilmirsən, çaşıb qalmısan,
Necədi davranış qaydası elin?

Dalila, səni də yada saldılar,
Canına nə şirin qada saldılar,
Neynəsin, neyləsin, canın neynəsin?
Yağışdan qurtarıb oda saldılar.

Nino DARBAİSELİ

(1959)

TALE

... Srağagün eyvanda göyərçin tutdum.
Özümə öyrətdim onu birtəhər...
Mürgülü yaddaşı oyandı quşun,
Sahibinə sarı uçdu bu səhər.

... Ah, sabun suluğu qondu əlimə,
Hiss etdim ürəyim ona da coşar...
Suluqlar zərifdi, gözəldi, amma
sevinib sevəndə dağıldı o şar.

SONSUZ SEVGİ

Yağış damcıları
Axan çaylarda 
Dərin dənizlərdə,
Göm-göy göllərdə
Göyün şəklini öpür yenə də.

 





23.03.2020    çap et  çap et